Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2521/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək kitabçasının işçiyə təqdim edilməsinin cavabdehə həvalə edilməsi, ödənilməmiş əmək haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək kitabçasının işçiyə təqdim edilməsinin cavabdehə həvalə edilməsi, ödənilməmiş əmək haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasının rəsmi olaraq ona təqdim edilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2025-ci ilin yanvar, fevral ayları üzrə ödənilməmiş 4.018,26 manat, əmək haqqının, 6 ay gecikdirilmiş 181 gün üçün 1.210,89 manat ödəncin, cəmi 5.229,15 manat pulun Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayının 23-dən Cavabdeh MMC-nin Gəncə nümayəndəliyi satış təmsilçisi vəzifəsi üzrə işə qəbul edilmişdir. 2024-cü ilin iyunun 7-dən hal-hazıradək MMC bütün ərazilərdə satış fəaliyyətini dayandırmış olsa da, lakin onu Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etməmiş və eyni zamanda ona əmək haqqı ödənişi etmədən qanunsuz olaraq MMC-nin işçisi kimi onu qeydiyyatda saxlamışdır. MMC-nin hazırki vaxtadək harada fəaliyyət göstərməsi yeri ona məlum olmadığından o, işə gedə bilməmişdir. Hətta MMC-nin Gəncə şəhərində və Bakı şəhərində ona məlum olan fəaliyyət göstərdiyi yerdən çıxıb başqa yerə köçmüş olsa da, lakin fəaliyyət göstərdiyi iş yeri barədə ona hər hansı bir məlumat verilməmişdir. Qeyd edir ki, MMC-də çalışan şəxslərə bu müddət ərzində zəng edib məlumat əldə etmək istəsə də, bu mümkün olmamışdır. 2025-ci lin yanvar ayından şirkətin kadrlar şöbəsinin rəisi işləyən Şəhla adlı xanım ona dəfələrlə zəng edərək onun şirkətə 8.700 manat borcunun qaldığını, borcu ödəmədiyi halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi və ya borcun alınması üçün hüquq mühafizə orqanlarına müraciət edib pulu ondan alacağı ilə ona hədə-qorxu gəlmişdir. O, sonunculara MMC-yə bir manat belə olsun borcunun qalmadığının keçirilən audit rəyi ilə təsdiq olunduğunu demişdir. Gəncə fililalı bağlanarkən təhvil-təslim zamanı MMC-yə borcunun qalmadığının tərtib edilən aktlarla təsdiq edildiyini demişdir, amma buna baxmayaraq heç bir nəticəsi olmamışdır. Elektron vergi portalında cavabdeh MMC-nin fəaliyyəti davam etmiş olsa da, onlar Bakı şəhərində yerləşən anbarlarının da fəaliyyətini dayandırmışdır. 2024-cü ilin sentyabr ayından hesablamaqla bu günədək onun adı şirkətin işçisi kimi qeydiyyatda olmasına baxmayaraq ona bir manat belə olsun əmək haqqı ödənilməmişdir və nəticədə o, işləyə bilmədiyi üçün MMC tərəfindən ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Dəfələrlə cəhd etmişdir ki, onu işdən azad etsinlər ki, o, başqa yerdə özünə iş yeri tapıb ailəsiniuşağını saxlasın. Hətta MMC-nin bütün məsul şəxslərinə də məlum idi ki, azyaşlı uşağı kəskin qaraciyər xərçəngindən əziyyət çəkir. Anası böyrək çatışmamazlığından əziyyət çəkir, onların bütün maddi ehtiyaclarını o, tək qarşılayır. Amma MMC bunların heç birinə məhəl qoymayaraq onun qanunla qorunan əmək hüquqlarını kobud şəkildə pozmağa davam etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-yə rəsmi olaraq ərizə yazaraq 2024-cü ilin iyun ayından Gəncə şəhərində MMC-nin fililalının fəaliyyətinin dayandığını, yaşamaq üçün Bakı şəhərinə köçdüyünü, Bakı şəhərində özünə yeni iş yeri tapdığını, artıq 5 aydır ki, ona əmək haqqı ödəmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyini, işsiz qaldığı üçün maddi cəhətdən çox ağır durumda olduğunu, bu səbəblərdən onunla bağlanmış əmək müqaviləsinə xitam verərək ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsini əmək kitabçasının ona təqdim olunmasını xahiş etmişdir. Onun müraciətindən sonra xx.xx.2025-ci il tarixdə cavabdeh MMC-nin kadrlar şöbəsinin rəisi Şəhla adlı xanım MMC-yə məxsus ********** nömrəli mobil telefonla onunla telefon əlaqəsi yaradaraq sabah MMC-nin yerləşdiyi yer barədə ona məlumat verəcəyini və onu MMC-nin ofisinə dəvət edib mübahisəni öz aralarında həll etmələrini demişdir. Amma buna baxmayaraq xx.xx.2025-ci il tarixdə ona heç bir məlumat vermədən guya onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam vermişlər. Sonra o, Şəhla xanımın onun mobil telefonuna zəng etdiyi həmin telefon nömrəsi ilə əlaqə saxlayıb əmək kitabçasını götürmək istəmiş, amma buna baxmayaraq həmin telefon nömrəsinə zəng çatmadığından əlaqə saxlamaq mümkün olmamışdır. Mübahisənin öz aralarında həll edilməsi üçün ilk öncə mediasiya şurasına müraciət etmişdir. Cavabdeh tərəf mediasiya təklifini qəbul etdikdən sonra mübahisənin həll edilməsi üçün ilkin mediasiya sessiyasında iştirak edəcəkləri vədini vermişlər, amma buna baxmayaraq onlar mediasiya sesiyasında iştirak etməkdən də imtina etmişlər və nəticədə mediator tərəfindən imtina məktubu verilmişdir. İddia ərizəsinə əlavə olunmuş əmək müqaviləsindən göründüyü kimi onun əmək haqqı 669,71 manat təşkil edir. Cavabdeh MMC-nin təqsirli hərəkətləri səbəbindən 2024-cü ilin sentyabr ayından əmək müqaviləsinin xitam verildiyi xx.xx.2025-ci il tarixədək hesablamaqla 6 ay müddətdir ki, hər ay ödəniləcək 669,71 x 6 = 4.018,26 manat ümumi əmək haqqını ona ödəniş etməmişdir. Bundan əlavə onu da qeyd edir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən azı bir faiz məbləğində ödənc verməlidir. Ona görə də hesab edir ki, ödənilməyən 4.018,26 manat əmək haqqı ilə bərabər 6 ay gecikdirilmiş 181 gün üçün 1.210 manat 89 qəpik (6 ay = 181 gün x 6,69 manat) təşkil etdiyindən qeyd olunan məbləğdə ona ödənc verilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam vermiş olsa da, lakin əmək kitabçasını ona təqdim etməmişdir. Əmək kitabçasının ona təqdim olunması üçün cavabdehlə əlaqə saxlamağa cəhd etmiş olsa da, lakin MMC ilə heç cür əlaqə saxlaya bilməmişdir. Hesab edir ki, əmək kitabçasının ona təqdim edilməsinin cavabdehə həvalə edilməsi, ödənilməmiş əmək haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi təmin olunmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, sentyabr ayından etibarən şirkət işçiləri işə çıxarmamışdır, bildirmişlər ki, şirkət bağlanıb, lakin nə əmək müqaviləsinə xitam verilməmişdir, nə də ki onun əmək kitabçası ona geri qaytarılmamışdır. Hazırda cavabdehin təqdim etdiyi ərizələrlə bağlı bildirir ki, ona həmin ərizələrin formal olduğunu bildirmişlər və tələb etmişlər ki, həmin ərizəni yazıb imzalasın, əlbəttə ki, onun heç vaxt bu qədər uzun müddət əsassız olaraq əmək məzuniyyətinə çıxmaq fikri ola bilməzdi. O həmin müddətdə işə gedə bilməmişdir, çünki şirkət fəaliyyət göstərməmişdir. Həmçinin onun həmin dövrlərdə övladının vəziyyəti ağır olduğundan o işə gedə də bilməzdi. Təqdim edilən məzuniyyət barədə ərizələr onun iradəsini əks etdirmir.İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiaçının övladının səhhəti ilə bağlı şirkətə müraciət edərək öz hesabına məzuniyyət götürmüşdür və buna dair ərizələr vardır. Yeni ildən sonra isə işçi uzun müddət işə gəlməmişdir, bununla əlaqədar olaraq işçinin müvafiq elektron kabinetinə bildirişlər yerləşdirilmişdir, lakin işəgötürən işçinin ailə vəziyyətini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə yalnız müqavilə müddətinin bitməsi ilə xitam vermişdir. İş materialları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən 5 günlük iş rejimi ilə 669,71 manat əmək haqqı ilə əsas iş yeri kimi Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmə əsası müddətli əmək müqaviləsinin müddətinin qurtarması olmuşdur. İddiaçının işəgötürənə yazdığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən ona xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixli ərizə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixli ərizə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmasını işəgötürəndən xahiş etmiş və işəgötürənin eyni tarixli əmrlərindən görünür ki, iddiaçının ərizələri təmin edilmişdir. 13 yanvar 2025-ci il tarixli 01/25 saylı məktubdan və Xidmət üçün müraciətlə bağlı xx.xx.2025-ci il tarixli elektron bildirişdən görünür ki, İddiaçı işə gəlməməsi barəsində xəbərdarlıq məktubu göndərilmiş, bununla bağlı Cavabdeh MMC-yə ən qısa zamanda məlumat verilməsi xahiş olunmuşdur. İddiaçının işəgötürənə yazdığı 31 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh MMC-yə pretenziya qaydasına riayət olunmaqla müraciət etmişdir. Bildirilmişdir ki, 2024-cü ilin fevral ayının 23-dən Cavabdeh MMC-nin Gəncə nümayəndəliyi üzrə satış təmsilçisi kimi işə qəbul edilmişdir. 7 iyun 2024-cü il tarixdən hal-hazıradək MMC satış fəaliyyətini dayandırmış olsa da, lakin onu Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etməmiş və bu günədək ona əmək haqqı ödəmədən qanunsuz olaraq MMCnin işçisi kimi qeydiyyatda saxlamışdır. MMC-nin hazırki vaxtadək harada fəaliyyət göstərməsi yeri ona məlum olmadığından işə gələ bilməmişdir. Hətta MMC-nin Gəncə şəhərində və Bakı şəhərində onlara məlum olan fəaliyyət göstərdiyi yerdən çıxıb başqa yerə köçmüş olasa da, lakin fəlaiyyət göstərdiyi iş yeri barədə onlara hər hansı bir məlumat verilməmişdir. Qeyd etmişdir ki, MMC-də çalışan şəxslərə bu müddət ərzində zəng edib məlumat əldə etmək istəsə də, bu mümkün olmamışdır. 2025-ci ilin yanvar ayından şirkətin kadrlar şöbəsinin rəisi işləyən Şəhla adlı xanım ona hər gün zəng edərək onun şirkətə 8.700 manat borcunun qaldığını, borcu ödəmədiyi halda Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriləcəyi, borcun alınması üçün hüquqmühafizə orqanlarına müraciət edib pulu ondan alacağı ilə ona hədə-qorxu gəlir. Halbuki, onun şirkətə bir manat belə olsun borcu qalmamışdır. Bununla bağlı hətta MMC tərəfindən təyin edilmiş audit tərəfindən təftiş aparılmış, müvafiq aktlar tərtib olunaraq şirkətə təqdim olunmuşdur ki, onun şirkətə borcu yoxdur. Əksinə 2024-cü ilin sentyabr ayından hesablamaqla bu günədək onun adı şirkətin işçisi kimi qeydiyyatda olmasına baxmayaraq ona bir manat belə olsun əmək haqqı ödənilməmişdir və nəticədə o, işləyə bilmədiyi üçün MMC tərəfindən ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Dəfələrlə cəhd etmişdir ki, onu işdən azad etsinlər ki, o, başqa yerdə özünə iş yeri tapıb ailəsini-uşağını saxlasın. Hətta onu da qeyd etmişdir ki, azyaşlı uşağı kəskin qaraciyər xəstəliyindən əziyyət çəkir. Anası böyrək çatımamazlığından əziyyət çəkir, onların bütün maddi ehtiyaclarını o, tək qarşılayır. Yuxarıda qeyd olunanlara əsasən onunla MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi üçün qanunla müəvyən olunmuş qaydada heç bir hüquqi əsas yoxdur. Onun bu gün işə gəlməməsini əsas götürürlərsə, MMC-nin Gəncə şəhərində və Bakı şəhərində olan nümayəndəliyinin bağlanması və hal-hazırda hüquqi ünvanının ona yaxın zamanda bəlli olsa da, faktiki olaraq harada fəaliyyət göstərməsi ona məlum olmadığı üçün o, işə gələ bilməmişdir və MMC fəaliyyət göstərdiyi yer barədə ona məlumat verməməklə yanaşı onu işçi kimi qeydiyyata alıb heç bir əmək haqqı ödəmədən onun hüquqlarını kobud şəkildə pozmuşdur. Özü hal-hazırda yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Artıq Gəncə şəhərində yaşamır. Bakı şəhərində özünə yeni iş yeri tapmışdır. Lakin onu işdən azad edib müvafiq sənədlərini ona təqdim etmədikləri üçun o, yeni işə düzələ bilmir və nəticədə MMC-nin təqsirli hərəkətləri və hərəkətsizliyi səbəbindən o, xeyli miqdarda maddi ziyana düşməkdə davam edir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və va elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilənlərə əsasən, iddiaçı cavabdehdən tələblərinin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayacaq, müddətli əmək müqaviləsinə 24 fevral 2025-ci il tarixdə xitam veriləcək. İddiaçıya gələcək karyerasında uğurlar arzu edilmişdir. xx.xx.2025-ci il tarixli KX-02-25 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu satış təmsilçisi vəzifəsindən azad edilmiş və həmin gündən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 1 saylı məktubundan görünür ki, İddiaçı onunla bağlanmış xx.xx.2024-cü il tarixli 340 nömrəli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən 24 fevral 2025-ci il tarixdə Cavabdeh MMC-nin eyni tarixli KX-02/25 saylı əmri ilə ləğv edildiyi, ondan şifahi şəkildə gələrək əmək kitabçasını götürməsinin xahiş edildiyi bildirilmişdir. Cavabdeh MMC iddiaçıdan təkrarən işdən azad olunmuş işçi kimi xidməti istifadəsində olan avadanlıqların təhvil verilməsi (mövcud olduğu təqdirdə) və əmək kitabçasının götürülməsi xahiş olunmuşdur. "xxxx" ASC tərəfindən təqdim olunmuş əmək haqqı üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2024-cü ilin sentyabr ayı üçün 600 manat məbləğində əmək haqqı ödənilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş əmək haqqı üzrə çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 322,42 manat son haqq-hesab ödənilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/6-00266 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 11:30-a təyin edilmiş mediasiya sessiyasına gəlsə də, Cavabdeh MMC-nin nümayəndəsi gəlməmiş, bu səbəbdən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsini 9-cü hissəsinə əsasən əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 83-cü maddəsinin 3-cü hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 2-ci hissəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, Əmək Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının tələbləri onun əmək kitabçasının ona təqdim edilməsindən, habelə onun ödənilməmiş əmək haqqının və gecikdirilmiş müddət üçün ona faiz hesablanaraq ödənilməsindən ibarətdir. İddia tələbinin əmək kitabçasının ona təqdim edilməsi hissəsində iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı işdən azad edilsə də, əmək kitabçası faktiki olaraq ona təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə, işçi işdən azad edildikdə, ona son haqq-hesabla birlikdə əmək kitabçası da müvafiq qeydlər aparılmaqla təqdim olunmalıdır. İddiaçıya isə son haqq-hesab ödənilsə də, əmək kitabçası təqdim edilməmişdir. Əmək kitabçası işçiyə məxsus sənədddir. Hər nə qədər də hazırda işçinin əmək fəaliyyətinin qeydiyyatının elektronlaşdırılması həyata keçirilsə də, əmək kitabçasının işəgötürəndə saxlanması əsassız hesab edilməlidir. İddia tələbinin 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə gəlincə qeyd edilməlidir ki, işçiyə sentyabr ayı üçün əmək haqqı ödənilməsi öz təsdiqini tapmışdır. 2024-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün isə işçi ərizələr yazaraq ona öz hesabına ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. Həmçinin yanvar və fevral aylarında da işçi faktiki olaraq iş yerində olmamış, əmək funksiyalarını icra etməmişdir. İşin faktiki hallarından aydın olur ki, işçi hər nə qədər də ona öz hesabına məzuniyyət barədə ərizələrinin işəgötürənin təsiri altında yazılmasına istinad etsə də, işçi bu ərizələri yazdıqdan sonra faktiki olaraq iş yerində olmamış və əmək funksiyalarını icra etməmişdir. İşçi özü də ona həmin dövr üçün əmək haqqı verilməsinə əsas olan əmək funksiyalarını icra etməməklə əmək haqqı ödənişinin verilməməsi ilə razılaşmışdır. Bundan sonrakı dövr üçün də işçi bir növ arxayınlıq keçirirək, növbəti dəfə isə işəgötürənin öz hüquqlarından istifadə etməsinə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsinə əsas vermişdir. Beləliklə, iddiaçı 2024-cü ilin oktyabr, noyabr, dekabr ayları üçün nəzərdə tutduğu əmək haqqını məhz həmin dövr üçün ödənişsiz əmək məzuniyyətinə görə və 2025-ci ilin yanvar və fevral ayları üçün həmçinin faktiki olaraq əmək funksiyalarını icra etməməsinə görə almamışdır. Odur ki, iddiaçının faktkiki olaraq əmək funksiyalarını icra etmədiyi müddət üçün əmək haqqı tələbi əsaslı hesab edilə bilməz. Həmçinin iddia tələbi əmək haqqı ödənişi hissəsində əsaslı olmadığı üçün həmin əmək haqqının ödənilməməsinə görə faizlərin hesablanması hissəsində də əsaslı hesab edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus əmək kitabçasının ona təqdim edilməsi Cavabdeh MMC-yə həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus əmək kitabçasının ona təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2521/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2521/2025
05.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver