Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2545/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızına qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ECK552604 saylı müqavilə üzrə 2.806 manat əsas borc, 840 manat faiz və ödənilmiş 57 manat dövlət rüsumu olmaqla, cəmi 3.703 manat pul vəsaitinin cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən «Soliton» mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Qazıyeva (Bayramova) İradə Məmməd qızı arasında 20 sentyabr 2018-ci il tarixində «Alğı-satqı» müqaviləsi bağlanmışdır. Cavabdeh 20 sentyabr 2018-ci il tarixli ECK552604 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3.264 manat olan 1 ədəd «Beko» markalı soyuducu və 1 ədəd «Grundig» markalı televizor almış, ilkin ödəniş etməmiş, nəticədə 3.264 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 20 sentyabr 2018ci il tarixli ECK552604 saylı müqavilə üzrə sonuncu dəfə 09.07.2019-cu il tarixdə 50 manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilmiş yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alğı-satqı qiyməti ümumi 3.264 manat olan 1 ədəd «Beko» markalı soyuducu və 1 ədəd «Grundig» markalı televizor üçün ümumilikdə 2.806 manat ödənilməmiş hissə, 840 manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, «Alıcı» tərəfindən və ya «Alıcı»nın müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə «Müqavilə»nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; 2.4. «Alıcı», ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 % həcmində «Satıcı»nın xeyrinə gecikmə faizi ödəyir. 3.1. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. 4.1. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, iş həcminin çoxluğu ilə əlaqədar üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Qazıyeva (Bayramova) İradə Məmməd qızı 20 sentyabr 2018-ci il tarixli 552604 saylı müqaviləyə əsasən İddiaçı dəyərini müqavilənin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə satış qiyməti ümumi dəyəri 3.264 manat olan 1 ədəd «Beko» markalı soyuducu və 1 ədəd «Grundig» markalı televizor almışdır. Müqavilənin şərtlərinə görə Qazıyeva (Bayramova) İradə Məmməd qızı alınmış əşyaya görə ilkin ödəniş etməmişdir, 24 ay ərzində hər ay 136 manat ödəniş etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızı İddiaçı 20.09.2018-ci il tarixli müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə 1 ədəd «Beko» markalı soyuducu və 1 ədəd «Grundig» markalı televizor almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə məhkəməyə təqdim edilmiş maliyyə və ödəniş cədvəlinə əsasən 2.806 manat əsas borc yaranmış, iddiaçı tərəfindən həmin məbləğə 840 manat dəbbə pulu hesablanmışdır. İddiaçı tərəfindən 840 manat faiz kimi qeyd edilsə də, mahiyyət etibarı ilə həmin məbləğ hesablanmış dəbbə puludur. Xəbərdarlıqdan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızından borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 20 sentyabr 2018-ci il tarixli 552604 saylı müqavilə üzrə 2.806 manat əsas borc, 840 manat dəbbə pulu və ödənilmiş 57 manat dövlət rüsumu olmaqla, cəmi 3.703 manat pul vəsaiti cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızından İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20 sentyabr 2018-ci il tarixli 552604 saylı müqavilə üzrə 2.806 manat əsas borc, 840 manat dəbbə pulu və ödənilmiş 57 manat dövlət rüsumu olmaqla, cəmi 3.703 manat pul vəsaiti cavabdeh Qazıyeva (Bayramova) İradə Məmməd qızından İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2545/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2545/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver