Məhkəmə qərarları › İş №e-2(006)-2550/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2550/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2550/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 2319 saylı evin (bina) 39 saylı mənzilinə (abunə kodu **********90039) elektrik enerjisi verilməsinə görə hesablanmış 143 manat 66 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 2319 saylı evin 39 saylı mənzilini 14 noyabr 2006-cı il tarixli müqavilə əsasında əldə etmişdir. Maddi imkanı olmadığına görə, həmin mənzili təmir etdirə bilməmiş və alındığı vəziyyətdə indiyə kimi təmirsiz, boş qalmışdır. Bu səbəbdən də mənzildə yaşayış olmamış, 2022-ci ilin yanvar ayına kimi qapısı bağlı olmuşdur. 2022-ci ilin yanvar ayında oğlunun ailə qurması ilə bağlı mənzildə təmir işləri aparmağa başlamışdır. Təmir vaxtı təmir işləri aparan usta ona məlumat vermişdir ki, mənzilə elektrik enerjisinin verilişi dayandırılmışdır. Məsələni aydınlaşdırmaq üçün cavabdehin Xətai rayonunda yerləşən idarəsinə getmişdir. İdarədə ona bildirmişlər ki, guya onun mənzilinə elektrik enerjisi verilməsinə görə 143 manat 66 qəpik borcu yaranmışdır. İdarədən abonent saldosu barədə arayışı tələb edərək əldə etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin borc məbləği 2014 və 2015-ci illərdə yaranmışdır. O, idarədə bildirmişdir ki, mənzil alınandan 2022-ci ilin yanvar ayına kimi mənzildə hər hansı yaşayış olmamışdır, hətta mənzildə elektrik naqilləri də mövcud olmamışdır. Bu vəziyyətdə mənzilə görə necə borc yarana bilər? Üstəlik mənzil üçün quraşdırılan sayğacdan da onun xəbəri olmamışdır. Mənzilə quraşdırılmış sayğacdan da 2022-ci ilin yanvar ayında, təmir işləri aparılanda xəbər tutmuşdur. Qeyd olunan borc əsassız və qanunsuzdur. Odur ki, qeyd olunan borc məbləği silinməlidir. Bildirir ki, bununla bağlı yuxarıda qeyd olunan idarəyə rəsmi ərizə təqdim etmişdir. Lakin bu günə kimi ərizəsinə cavab verilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X2 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin tələbini nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, iddiaçının yaşadığı mənzil (abonent kodu) üzrə 2015-ci ildə 1738 kvt. saat olmaqla 104 manat 28 qəpik borc, 2018-ci ildə 23 kvt. saat olmaqla 1 manat 61 qəpik borc, 2019-cu ildə 1 kvt. saat olmaqla 7 qəpik borc, 2021-ci ildə 2 kvt. saat olmaqla 14 qəpik borc olmaqla, cəmi 143 manat 66 qəpik borc hesablanmışdır. Abonentin saldosundan göründüyü kimi, qeyd olunan mənzildə doğrudan da yaşayış olmamışdır. Elektrik enerjisi borcunun necə yarandığı məlum deyil. Cavabdeh tərəf həmin borcun (sərfiyyatın) mənzildə yaşayış və elektrik naqilləri olmadığı nəzərə alınmaqla necə yarandığını izah edə və əsaslandıra bilmədi. Bundan başqa, tərəflər arasında elektrik enerjisinin alğı-satqısı barədə müqavilə bağlanmamışdır. Cavabdeh müqavilənin təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia tələbinin əsaslı olmasını göstərən digər əhəmiyyətli məqam, 2014- 2015-ci illər ərzində yaranması qeyd olunan borcun məhz mənzildə təmir işləri başlanan 2022-ci ilin yanvar ayında tələb edilməsi və elektrik enerjisi verilişinin dayandırılması halıdır. Belə ki, mənzildə öncələr yaşayış olsa, yaxud təmir işləri aparılsa idi, cavabdeh iddiaçıdan yaranması qeyd olunan borcun ödənilməsini həmin vaxtlar tələb edər, elektrik enerjisi verilişini məhz həmin vaxt dayandırardı. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, borc əsassız hesablanmışdır, elektrik enerjisindən real olaraq istifadə edilməmiş, iddiaçı mənzildə sayğac vasitəsi ilə, yaxud sayğacdan kənar şəkildə elekrik enerjisindən istifadə etməmiş, bununla bağlı hər hansı akt tərtib olunmamışdır. Abonentin saldosunda olan məlumatlardan görünür ki, iddia ərizəsində qeyd olunan mənzilə xidmət göstərilməsi üçün sayğac 10 fevral 2011-ci il tarixdə quraşdırılmış, 12 iyun 2018-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Həmin sayğacların quraşdırılması və dəyişdirilməsindən iddiaçının mənzildə yaşamaması səbəbi ilə xəbəri olmamışdır. Bu, bir daha iddiaçının iddia tələbinin əsaslı olmasını təsdiq edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, 2006-cı ildən 2022-ci ilin yanvar ayına qədər mənzildə yaşayış olmamışdır, mənzildə ümumiyyətlə elektrik naqilləri mövcud olmamışdır. Mənzildə 2022-ci ilin yanvar ayında təmir işləri aparılmağa başlanmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı adına olan **********90039 saylı abonent koduna hesablanmış 143 manat 66 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********90039 saylı abunə koduna hesablanmış 143 manat 66 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********90039 saylı abunə koduna hesablanmış 143 manat 66 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar