Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2550/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx xxxxxx 1993-cü il təvəllüdlü Cavabdeh 11 noyabr 2019-cu il tarixli, 8MKK5797698 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 684 (altı yüz səksən dörd) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 914 (doqquz yüz on dörd) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti12 ay olmaqla 11 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 734 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 684 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 8413 (səkkiz min dörd yüz on üç) manat faiz borcu yaranmışdır (684 manat x 1230 gün x 1%=8413 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 11 noyabr 2019-cu il tarixli, 8MKK5797698 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 684 (altı yüz səksən dörd) manat əsas borc, müqavilə üzrə hesablanmış 200 (iki yüz) manat faiz borcu 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 914 (doqquz yüz on dörd) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2550/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "pul tələbinə dair" 2(006)-2550/2024 saylı mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı "xxxx" MMC-nin namayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, işin materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2019-cu il tarixli, 8MKK5797698 saylı müqavilədən görünür ki, İddiaçı MMC məişət avadanlığını Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 50 manat ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 57 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədən görünür ki, borcalan borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. - İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində bağlanmış 8MKK5797698 saylı müqavilə üzrə ödənilməmiş 684 manat əsas borcu vardır. - Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış 11 noyabr 2019-cu il tarixli, 8MKK5797698 saylı müqaviləyə əsasən satıcı tərəfindən cavabdehə məişət avadanlıqları verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği satıcıya ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun İddiaçınə 684 AZN məbləğində əsas borcu yaranmışdır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının müqavilələr üzrə tələb etdiyi 200 manat məbləğində faiz borcu tərəflər arasında bağlanmış müqaviləyə əsasən cərimə borcudur. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla 11 noyabr 2019-cu il tarixli, 8MKK5797698 saylı müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəf olduğu 11 noyabr 2019-cu il tarixli, 8MKK5797698 saylı müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 684 manat, cərimə borcu üzrə 50 manat, ümumilikdə 734 (yeddi yüz səksən dörd manat) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəf olduğu 11 noyabr 2019-cu il tarixli, 8MKK5797698 saylı müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 684 manat, cərimə borcu üzrə 50 manat, ümumilikdə 734 (yeddi yüz səksən dörd manat) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2550/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2550/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver