Məhkəmə qərarları › İş №e-2(006)-2579/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2579/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2579/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il və 24.03.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********63035 «X1» markalı telefon, «Electrolux» markalı paltaryuyan almış və nəticədə 498 (dörd yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 12.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (12 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********63035 «X1» markalı telefon üçün ümumilikdə 112 (yüz on iki) manat olmaqla ondan, 102 (yüz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 700,8 (yeddi yüz manat, səkkiz qəpik) manat (12 ay x 58,4 manat + 0 manat ilkin ödəniş) olan «Electrolux» markalı paltaryuyan üçün ümumilikdə 386 (üç yüz səksən altı) manat olmaqla ondan, 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35 (otuz beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 655,8 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 12.09.2019-cu il və 24.03.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərilən 19.02.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 12.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63035 «X1» markalı telefon üçün 102 (yüz iki) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən, «Electrolux» markalı paltaryuyan üçün 351 (üç yüz əlli bir) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 498 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 294 manat Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli, 00906568 saylı müqavilədən görünür ki, "xxxx" MMC İMEİ kodu **********63035 «X1» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.03.2020-ci il tarixli, 20199794 saylı müqavilədən görünür ki, "xxxx" «Electrolux» markalı paltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən təqdim edilən təhvil-təslim aktlarından görünür ki, İMEİ kodu **********63035 «X1» markalı telefon və «Electrolux» markalı paltaryuyan "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11.04.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 12.09.2019-cu il tarixli 00906568 saylı müqavilə üzrə 102 manat ödənilməmiş məbləğ, 10 manat cərimə borcu olmaqla, cəmi 112 manat; 24.03.2020-ci il tarixli 20199794 saylı müqavilə üzrə 351 manat ödənilməmiş hissə, 35 manat cərimə, cəmi 386 manat; ümumilikdə 498 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 19.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 12.04.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli 00906568 saylı və 24.03.2020-ci il tarixli 20199794 saylı müqavilələrə əsasən "xxxx" MMC İMEİ kodu **********63035 «X1» markalı telefonu və «Electrolux» markalı paltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə 12.09.2019-cu il tarixli 00906568 saylı müqavilə üzrə 102 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 112 manat; 24.03.2020-ci il tarixli 20199794 saylı müqavilə üzrə 351 manat ödənilməmiş hissə, 35 manat cərimə, cəmi 386 manat; ümumilikdə 498 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 12.09.2019cu il tarixli 00906568 saylı müqavilə üzrə 10 manat və 24.03.2020-ci il tarixli 20199794 saylı müqavilə üzrə 35 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 5 manat və 17 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh: - 12.09.2019-cu il tarixli, 00906568 saylı müqavilə üzrə 102 manat ödənilməmiş məbləğ, 5 manat cərimə borcu; - 24.03.2020-ci il tarixli, 20199794 saylı müqavilə üzrə 351 manat ödənilməmiş məbləğ, 17 manat cərimə borcu olmaqla, cəmi 475 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 28,50 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 1,50 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12.09.2019-cu il tarixli, 00906568 saylı müqavilə üzrə 102 manat ödənilməmiş məbləğ, 5 manat cərimə borcu; 24.03.2020-ci il tarixli, 20199794 saylı müqavilə üzrə 351 manat ödənilməmiş məbləğ, 17 manat cərimə borcu olmaqla, cəmi 475 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,50 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 1,50 manat hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar