Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2598/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçıya məxsus “Hyundai Elantra” markalı, 77FQ157 dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 1 017,16 (bir min on yeddi manat on altı qəpik) manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəhid Əmrahov Vüqarın qardaşı olaraq, ədalətin təmin olunacağına inanaraq məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan hallar tam həqiqətə uyğun olub, iddiaçının qanuni hüquqlarının müdafiəsi üçün vacibdir. İddiaçı ilə "xxxx" ASC arasında “Hyundai Elantra” markalı, 77FQ157 dövlət qeydiyyat nişanlı avtomobilin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” (KASKO) növü üzrə sığortalanması üçün xx.xx.2024-ci il tarixində İ-MİC-3586/24 saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində Bakı şəhərində yağan leysan yağışları nəticəsində Koroğlu cərimə meydançasına yaxın ərazidə sel suları əmələ gəlmişdir. Həmin sel sularının yaratdığı maneə nəticəsində həmin yoldan keçmək qeyri-mümkün vəziyyətə çevrilmişdir. Həmçinin yolda sel sularının səviyyəsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçı avtomobilin texniki göstəricilərinə bərabər və daha aşağı səviyyəli avtomobillər həmin yoldan keçə bilmişdir. Həmçinin yoldan keçmək üçün başqa alternativ yol olmadığından və işə getmək zərurəti olduğundan iddiaçı da öz avtomobili ilə həmin yoldan keçmək məcburiyyətində qalmışdır. Nəticədə yolda yaranmış sel suları onun avtomobilinə ciddi zərər yetirmişdir. Baş vermiş hadisə avtomobilində quraşdırılmış videoqeydiyyat funksiyasına malik kamera vasitəsilə qeydiyyata alınmışdır. İddiaçı avtomobilinə dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı "xxxx" ASC-yə müraciət etsə də, cavabdeh sığorta şirkəti onun yağışın əmələ gətirdiyi su gölməçəsinə daxil olaraq hərəkətini davam etdirməyini və avtomobilinə dəymiş zərərin əmələ gəlməsində onun qəsdən edilmiş hərəkətinin olduğunu əsas gətirərək ona sığorta ödənişi verməkdən imtina etmişdir. Qeyd edilən əsaslardan da göründüyü kimi həmin ərazidə su gölməçəsi yox, sel suları əmələ gəlmişdir. Bundan əlavə iddiaçı öz avtomobili ilə qəsdən ziyan vurmaqla bağlı sığorta şirkətinin əsası tam absurddur. Avtomobil yenidir və təbii olaraq iddiaçı da öz avtomobilinə ziyan vurmaq niyyətində olmamışdır. Baş vermiş vəziyyət təbiət hadisəsi ilə bağlıdır və sığorta müqaviləsində sığorta təminatı kimi sel, daşqın və s. hallar nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin sığorta ödənişini verməkdən imtinası tam əsassız və qanunsuz hesab olunmalı və avtomobilə dəymiş maddi zərər cavabdeh tərəfindən ona ödənilməlidir. Avtomobilə 1 017,16 (bir min on yeddi manat on altı qəpik) manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək əsassız olaraq sığorta ödənişini verməkdən imtina edir. Odur ki, cavabdehin imtinası əsassız hesab edilməli və avtomobilə dəymiş maddi zərər ödənilməlidir.
3. Cavabdeh "xxxx" ASC nümayəndəsi vasitəsi ilə məhkəməyə elektron formada mülahizə göndərərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Mülahizədə qeyd edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış İ-MİC-3586/24 saylı sığorta müqaviləsinə əsasən 77FQ157 dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtonəqliyyat vasitəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" ASC-yə müraciət edərək sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəyməsi barədə məlumat vermişdir. Müraciət daxil olan kimi araşdırmaya başlanılmış, iddiaçının yazılı izahatı alınmışdır. Məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə sığortalı yağışın əmələ gətirdiyi su gölməçəsinə daxil olaraq onu keçməyə cəhd etmişdir. Suyun mühərrik hissəsinə dolması ilə avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə sığorta təminatına daxil olmadığına görə iddiaçıya xx.xx.2024-cü il tarixli 8745/C nömrəli sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş göndərilmişdir. Cavabdeh hesab edir ki, iddia əsassızdır. Çünki, iddiaçı yağışın əmələ gətirdiyi su gölməçəsini görmüş, lakin buna baxmayaraq su gölməçəsinə daxil olmuşdur. Su gölməçəsinə daxil olmayaraq avtomobilə dəyə biləcək zərərin qarşısını almaq iqtidarında olduğu halda bunu etməmişdir. Hadisədə təsadüfilik olmamış, iddiaçı gölməçəni əvvəlcədən görmüş və onu keçməyə cəhd etmişdir. Avtomobil bir qayıq deyil və gölməçələrdən keçmək üçün nəzərdə tutulmamışdır.
5. İddiaçı cavabdehin mülahizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, bağlanan müqaviləyə əsasən sel, daşqın, leysan və təbii fəlakət nəticəsində baş verən zərər sığorta təminatına daxildir. Avtomobilə dəymiş zərər leysan yağışlar nəticəsində yaranmış sel suları səbəbilə baş vermişdir. Bu sel sularının səviyyəsi və təhlükəsini əvvəlcədən dəqiq müəyyən etmək mümkün olmamışdır. Alternativ marşrut olmamış və iddiaçı məcburiyyət qarşısında avtomobili idarə etmişdir. Bu hallar sübut edir ki, hadisə sığorta təminatına daxil olan təbii amil nəticəsində baş vermişdir. Cavabdehin “qəsd” arqumenti hüquqi və məntiqi baxımdan əsassızdır. Təsadüfi və gözlənilməz təbiət hadisəsi hərəkət zamanı alınan qərarlar qəsdən deyil, təhlükənin qiymətləndirilməsindəki fərqlər nəticəsində baş verir. İddiaçı həmin ərazidn keçən digər aşağı avtomobilləri müşahidə edərək təhlükənin real olduğunu düşünməmişdir. Videogörüntülər və izahat sübut edir ki, iddiaçı hərəkət zamanı ehtiyatlı olmuş və qəsdən zərər vurmaq niyyəti olmamışdır. Leysan nəticəsində qəfil yaranan və səviyyəsi müəyyən olunmayan su kütləsi ilə qarşılaşmaq məhz təsadüfi hadisədir. İddiaçı hadisənin baş verəcəyi nəticəni nə qabaqcadan görə bilərdi, nə də məqsədli şəkildə o nəticəyə səbəb olmuşdur. Cavabdeh iddia edir ki, guya avtomobil qayıq deyil və su gölməçəsindən keçmək onun texniki təyinatına uyğun deyil. Bu arqument məzəmmətli ifadədir və hüquqi əsas daşımır. Hərəkət yolunun açıq olması və həmin yolun digər avtomobillər tərəfindən də istifadə edilməsi göstərir ki, iddiaçı yolun texniki istifadə imkanlarını aşmadan adi şəhər şəraitində istifadə olunmasını şərt qoymur. Əks halda bu, müqavilənin məqsədinə yəni sığortalını real həyatdakı risklərdən qoruma funksiyasına zidd olar. Mübahisəli yol şəraitində iddiaçının hərəkət etməsi avtomobilin texniki təyinatının pozulması deyil, zəruri ehtiyatla istifadə edilməsidir. Belə halda zərərin yaranması “təqsir” və ya “qəsd” deyil, sığorta riski olaraq qiymətləndirilməlidir.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və rədd edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı İddiaçı məxsus “Hyundai Elantra” markalı, 2018-ci il buraxılışlı, qara metallik rəngli, 77FQ157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sığortalamışdır. Sığorta predmetinin dəyəri və sığorta məbləği 25.000 manat, sığorta haqqı isə 966.00 manat müəyyən edilmişdir.
10. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 8745/C nömrəli məktubdan görünür ki, sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir.
11. "xxxx" ASC tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Hyundai Elantra” markalı, 2018-ci il buraxılışlı, 77FQ157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ehtiyat hissələri 462 manat, zəhmət haqqı 400 manat olmaqla, ümumilikdə 862 manat təşkil edir və ƏDV-li məbləğ 1017.16 manatdır.
12. İddia ərizəsinin dövlət rüsumunun ödənilməsi barədə məlumat bölməsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
13. İş materiallarına iddiaçının izahatları, sığortalanma haqqında ərizə və audio-video qeyd də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı cavabdeh müəssisəyə özünə məxsus olan “Hyundai Elantra” markalı, 2018-ci il buraxılışlı, qara metallik rəngli, 77FQ157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək tam sığorta şəhadətnaməsinə əsasən sığortalamışdır. xx.xx.2024-cü il tarixdə sığorta hadisəsi baş vermiş və iddiaçı tərəfindən cavabdehə məlumat verilmiş, cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair hesabat tərtib etmişdir. Həmin hesabata görə avtomobilə dəymiş zərərin ümumi məbləği ədv daxil 1017.16 manat təşkil edir. Aparılmış araşdırma nəticəsində cavabdeh hesab etmişdir ki, iddiaçı avtomobilə dəyə biləcək zərərin qarşısını almaq iqtidarında olmasına baxmayaraq avtomobili qəsdən su gölməçəsinin içinə sürmüş və avtomobilə ziyan dəymişdir. Buna görə də iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
15. Məhkəməyə təqdim edilmiş video görüntülərdən görünür ki, yağışlı havada digər avtonəqliyyat vasitələrinin də hərəkət etdiyi yolda iddiaçı avtomobil ilə yolun su gölməçəsi yaranmış hissəsindən keçərkən avtomobildə nasazlıq yaranmış və avtomobilə ziyan dəymişdir.
16. Hazırda iddiaçı məhkəməyə müraciət edərək avtomobilə dəymiş 1017.16 manat ziyan məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, avtomobildə nasazlıq yaranan zaman yolun video görüntüsü qeydə alınmışdır. Həmin video görüntülərdən görünür ki, yolu leysan yağışlar nəticəsində su basmışdır. Suyun səviyyəsi avtomobilin həmin suda hərəkət edə bilməyəcəyini qabaqcadan güman etməyə əsas verəcək qədər hündür deyil. Cavabdehin sığorta ödənişini həyata keçirməyə imtina verməsinin səbəbi iddiaçının baş verə biləcək zərərin qarşısını almaq iqtidarının olmasına baxmayaraq bunu etməməsi, su gölməçəsini gördüyü halda qəsdən oradan keçməyə cəhd etməsi olmuşdur. Cavabdeh məhz “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortası” Qaydalarının 23.1.4-cü maddəsinə əsasən iddiaçıya imtina vermişdir.
18. Məhkəmə qeyd edir ki, iddiaçının yolun su yığılan hissəsindən keçməsi onun avtomobilə qəsdən ziyan vurmaq istəyinin olduğunu sübut etmir. Videolardan göründüyü kimi eyni yolda digər avtomobillər də hərəkət edir və iddiaçı yolun həmin hissəsində daha aşağı surətlə hərəkət edir. Həmçinin, yolun quru olan hissəsi də yoxdur ki, iddiaçı həmin hissədən keçsin. Yəni, iddiaçı avtomobilin təyinatına uyğun olmayacaq formada qayıqla hərəkət edilməli yola gölə və s. girməmiş, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş avtomobil yolunda hərəkət etmişdir. Suyun səviyyəsi avtomobilin oradan keçmək iqtidarında olduğunu deməyə əsas verir. Çünki, həmin avtomobilin ban növü “sedan”dır və oradan keçən avtomobillərdən ciddi olaraq fərqlənmir. Cavabdehin mülahizəsində qeyd etdiyi avtomobilin texniki təyinatına uyğun istifadə edilməməsi arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortası” Qaydalarının 17.2-ci maddəsinə əsasən 17.1.1.1-ci yarımbəndində “avtomobilin texniki təyinatı üzrə istifadəsi” dedikdə, onun sərnişin daşınması və ya yük daşınması, yaxud da adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə olunması başa düşülür. Yəni həmin normada avtomobilin təyinatı üzrə istifadəsi edilməməsi deyil, məhz texniki təyinatı üzrə istifadə edilməməsi nəzərdə tutulur.
19. Qeyd olunmalıdır ki, həmin yolda “avtomobillərin hərəkəti qadağandır, yol təhlükəlidir” yol nişanları olmamışdır. Adi qaydada digər avtomobillər də hərəkət etmiş və yolda nasazlığa görə dayanan hər hansı digər avtomobil də olmamışdır. Yəni, cavabdeh o vaxt haqlı olardı ki, avtomobilin oradan keçə bilməyəcəyinə dair iddiaçıda kifayət qədər məlumat olsun, lakin buna baxmayaraq yenə də iddiaçı həmin yoldan keçməyə cəhd etsin. Lakin, cavabdeh iddia edir ki, iddiaçı digər avtomobillərin orada normal hərəkət etdiyini gördüyü halda və yolun quru hissəsi olmadığı halda yerdə su olduğu üçün avtomobili dayandırıb geri qayıtmalı idi. Qeyd olunan dəlillər kifayət qədər absurd olmaqla yanaşı, dolayısı ilə mülki münasibətlərin əsas məqsədi olan mülki dövriyyənin davamlı inkişafına zərər yetirən dəlillərdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçının subroqasiya hüququnun yaranmaması sığorta ödənişini həyata keçirməməsi üçün əsas deyil.
20. Nəzərə alınmalıdır ki, hazırkı sığorta hadisəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortası” Qaydalarında nəzərdə tutulmuş sığorta təminatına məhdudiyyətlər və ya əlavə məhdudiyyətlər kateqoriyasına aid deyil. İşin faktiki halları araşdırıldıqda iddiaçının hərəkətlərində qəsd və ya kobud formada ehtiyatsızlığın olmadığı, hadisənin təsadüfən baş verdiyi və ehitmal edilməsi mümkün olan, lakin hadisənin baş verə biləcəyinə əsas olan kifayət qədər əsasın olmadığı aşkar olunur. Leysan yağışlar – təbiət hadisəsi nəticəsində yola su yığıldığı və iddiaçının alternativ yolu olmadığını, digər avtomobillərin də oradan keçdiyini, bununla yanaşı suyun səviyyəsinin çox yuxarı olmamasını nəzərə almaqla, məhkəmə iddiaçının tələbini haqlı, cavabdehin imtinasını əsassız hesab edir.
21. Beləliklə, sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi faktı hazırkı iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapan, işin mübahisəsiz halıdır. Zərərin məbləği isə cavabdeh tərəfindən qabaqcadan müəyyən edilərək hesabat tərtib edilmişdir ki, həmin hesabatların birində ədv daxil məbləğ göstərildiyi halda, digər hesabatda ədv məbləği göstərilmədən 862 manat qeyd edilmişdir. Məhkəmə iclasında araşdırılmış və müəyyən edilmişdir ki, sığortalıya sığorta məbləği ödənildikdə ədv daxil məbləğ ödənilir. Həmçinin, həmin pul vəsaiti ilə iddiaçı avtomobili təmir etdirdikdə ödənişi ədv daxil ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan məbləğ tam formada ədv daxil olmaqla 1017.16 manat məbləğində təmin edilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
22. Azərbaycan Respubkikası Mülki Məcəlləsi: Maddə 21.1-21.3. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 935.1, 935.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: - Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
24. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
25. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1.017,16 (bir min on yeddi manat on altı qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1.017,16 (bir min on yeddi manat on altı qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova