Məhkəmə qərarları › İş №e-2(006)-2669/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2669/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2669/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2022-ci il tarixli, BY000703 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcıİddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 942 manat olan “İndesit/Refrigerator İTİ 5181 W” markalı məhsulun satılması, cavabdeh tərəfindən həmin məbləğin müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 03 aprel 2022-ci il tarixli, BY000703 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh xx.xx.2022-cü il tarixdə 1 ədəd “İndesit/Refrigerator İTİ 5181 W” markalıməhsulu təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, cəmi 632 manat məbləğində ödəniş etmiş, 03 aprel 2022- ci il tarixli, BY000703 nömrəli müqavilə üzrə 05 aprel 2024-cü il tarixinə 310 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2022-ci il tarixli, BY000753 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ümumi dəyəri 429 manat olan 1 ədəd “Samsung A135 Galaxy A13 Dual Sim 4GB Ram 64GB” markalı mobil telefonun satılması, cavabdeh tərəfindən həmin məbləğin müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 14 aprel 2022-ci il tarixli, BY000753 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdə 1 ədəd “Samsung A135 Galaxy A13 Dual Sim 4GB Ram 64GB” markalı mobil telefonu təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, cəmi 255 manat məbləğində ödəniş etmiş, 14 aprel 2022- ci il tarixli, BY000753 nömrəli müqavilə üzrə 05 aprel 2024-cü il tarixinə 174 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə qalıq borcların ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli nisyə satış müqavilələrinin 2.1.4-cü maddəsinə əsasən, “Alıcı” bu müqavilə üzrə ona verilmiş mal(lar)ın dəyərini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyiniən azı iki dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Satıcı” bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq borcun vaxtından əvvəl qaytarılmasını“Alıcı”dan tələb edə bilər. Göstərilənlərə əsasən Cavabdeh 03 aprel 2022-ci il tarixli, BY000703 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 310 (üç yüz on) manat məbləğində, 14 aprel 2022-ci il tarixli, BY000753 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində olmaqla,cəmi 484 (dörd yüz səksən dörd) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, BY000703 saylı müqavilədən görünür ki, İddiaçı MMC “İndesit/Refrigerator İTİ 5181 W” adlı məhsulu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödənişlə hissə-hissə 12 ay müddətində hər ay 79 AZN (yetmiş doqquz manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, BY000753 saylı müqavilədən görünür ki, İddiaçı MMC “Samsung A135 Galaxy A13 Dual Sim 4 GB Ram 64 GB” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 0 manat ilkin ödənişlə hissə-hissə 12 ay müddətində hər ay 35 AZN (otuz beş manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli, BY000703 saylı müqaviləyə əsasən “İndesit/Refrigerator İTİ 5181 W” adlı məhsul, xx.xx.2022-ci il tarixli, BY000753 saylı müqaviləyə əsasən “Samsung A135 Galaxy A13 Dual Sim 4 GB Ram 64 GB” markalı telefonu almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə müqavilələr üzrə 310 AZN (üç yüz on manat) və 174 AZN (yüz yetmiş dörd manat) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, BY000703 saylı müqavilə və xx.xx.2022-ci il tarixli, BY000753 saylı müqavilə üzrə 310 AZN (üç yüz on manat) və 174 AZN (yüz yetmiş dörd manat) məbləğində borc tutularaq İddiaçı MMC-yə verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BY000703 saylı müqavilə və xx.xx.2022-ci il tarixli, BY000753 saylı müqavilə üzrə 310 AZN (üç yüz on manat) və 174 AZN (yüz yetmiş dörd manat), ümumilikdə 484 AZN (dörd yüz səksən dörd manat) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar