Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-267/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə maddi zərərə görə 384 (üç yüz səksən dörd) manatın, mənəvi zərərə görə 1000 (bir min) manatın, hüquqi yardıma görə 600 (altı yüz) manatın və 40 (qırx) manat məhkəmə rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı "xxxx" QSC-dən sərnişin elektron bileti əldə edərək xx.xx.2021-ci il tarixdə J2111 saylı Bakı-Dubay reysi ilə X1 Dubay şəhərinə uçmuşdur. Dubay beynəlxalq aeroportunda J2743221 saylı birka ilə nömrələnmiş baqajını aeroportda təhvil alanda boz rəngli çamadanının qulpunun sınmasını aşkar etmişdir. Bununla bağlı baqaj xidmətinə müraciət etmişdir, ona vurulmuş zərəri rəsmiləşdirmişdir: tərtib olunmuş xx.xx.2021-ci il tarixli zərər hesabatından məlum olur ki, sərnişin İddiaçı məxsus J2743221 barkodlu baqajın üst tutacağı zədələnmişdir. Həmin vaxt çamadanın şəkillərini də çəkmişdir. Bakıya qayıdanda cavabdehin əməkdaşları çamadanın təmiri üçün aeroportun servisinə müraciət etməyini məsləhət gördülər. “Servis Baku”-nun işçisi Əsədzadə Kənanın tərtib etdiyi sənəddə-aktda göstərilmişdir ki, çamadanın qulpu təmirə yararsızdır. Yadına gəlir ki, çamadanı 3-4 il əvvəl Dubayda təxminən 800 AED-yə almışdır. Zərərin əvəzinin ödənilməsi üçün xx.xx.2021-ci il tarixli pretenziya ilə cavabdehə müraciət etmişdir. Əmlakı zərər nəticəsində yararsız hala döşdüyündən ona vurulmuş zərərin əvəzi kimi təxmini olaraq 230 manatın ödənilməsini cavabdehdən tələb etmişdir. Pretenziyaya cavab olaraq "xxxx" QSC-nin 2 aydan sonra ona göndərdiyi xx.xx.2021-ci il tarixli X-1485 saylı məktubunda göstərilmişdir ki, baqajının zədələnməsi barədə iddianın çəkilmiş xərcləri sübut edən sənədlər olmadığından əsassız sayılmışdır. Bu sənədlərin əldə olunması üçün çamadanı aldığı X2 yerləşən şirkətə müraciət etmişdir: şirkətin ona göndərdiyi xx.xx.2022-ci il tarixli Təklifdən görünür ki, gümüşü rəngli çamadanın hal-hazırkı qiyməti 830 AED-dir-Azərbaycan manatı ilə 384 manat təşkil edir. Mübahisənin danışıqlar vasitəsi ilə həll olunması üçün ona cavabdehə çamadanın original qulpunun istehsalçı şirkətdən özünün əldə etməyini və bunun üçün qarşı tərəfin ona 100 manat ödəməsini təklif etmişdir. İnternet vasitəsi ilə yazışmalarınının sonunda ons bildirilmişdir ki, şikayəti pretenziyalar üzrə komissiya tərəfindən baxılmışdır, buna dair protokol qəbul edilmiş və bu sənəd dəyişdirilməyəcəkdir. 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 17-ci maddəsinin 2-cə bəndinə əsasən məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. "xxxx" QSC-nin əl yükü daşına xidmətinin işçilərinin xidməti vəzifələrini səhlənkarcasına yerinə yetirməsi nəticəsində çamadanın qulpu qırılmış, bunun nəticəsində əmlakı yararsız vəziyyətə düşmüş və bu səbəbdən ona vurulmuş zərər tam ödənilməlidir. Bundan başqa, cavabdehin pretenziya komissiyasının üzvlərinin bir xidmət göstərən hüquqi şəxsin əməkdaşları kimi iddiaçı ilə diqqətsiz və kəskin davranması, sonuncunun mübahisənin danışıqları yolu ilə həll etmək səylərini qiymətləndirməməsi, onların məsələnin həllini uzatması, süründürməçiliyə yol verməsi, son nəticədə iddiaçıya vurulmuş zərərin ödənilməməsi nəticəsində iddiaçı çox narahat olmuş, həyəcan keçirmiş, mənəvi sarsıntıya məruz qalmış, iztirab keçirmiş, bir neçə ay əsəb sistemi və sağlamlığı pozulmuşdur. İddiaçıya vurulmuş maddi zərərə görə 384 manatın, mənəvi zərərə görə 1000 manatın, hüquqi yardıma görə 600 manatın, məhkəmə rüsumu kimi ödənilmiş 40 manatın cavabdehdən tutulması zəruridir. İş üzrə fakt və halları təsdiq edən sübutların siyahısı: sərnişin elektron biletinin qəbzi; baqaj qəbzi; xx.xx.2021-ci il tarixli Zərər hesabatı; xx.xx.2021-ci il tarixli akt; xx.xx.2021-ci il tarixli pretenziya; xx.xx.2021-ci il tarixli X-1485 saylı pretenziyaya cavab məktubu; xx.xx.2022-ci il tarixli Təklif; internet yazışmaları; fotoşəkil; hüquqi yardımın göstərilməsi haqqında müqavilə; hüquqi yardıma görə ödəniş qəbzi; məhkəmə rüsumu qəbzi. Cavabdehin etirazı: Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, baqajın daşıma zamanı zədələndiyi iddia edilən J2111 nömrəli reys xx.xx.2021-ci il tarixdə Bakı-Dubay marşrutu üzrə həyata keçirilmişdir. Qeyd edilən reys iki dövlət - Azərbaycan Respublikası və X3 arasında yerinə yetirildiyindən beynəlxalq daşımadır və bu zaman yaranmış hər hansı bir mübahisəyə "1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış "Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya” tətbiq edilməlidir. Azərbaycan Respublikası Konvensiyaya 30 sentyabr 2014-cü il tarixli 1022-İVQ №-li Qanunla qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinin 2-ci bəndi Konvensiyanın məqsədləri üçün "beynəlxalq daşıma” daşımada fasilənin, yaxud bir nəqliyyat vasitəsindən digərinə yükləmənin olub-olmamasından asılı olmayaraq, yoladüşmə və təyinat yeri hər iki iştirakçı dövlətin ərazisində və ya razılaşdırılmış dayanacaq digər dövlətin ərazisində nəzərdə tutulmuşdursa, hətta bu dövlət iştirakçı dövlət olmadıqda belə, eyni iştirakçı dövlətin ərazisində yerləşdiyi istənilən daşımanı bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (sonradan - MM) 3.1 -ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. MM-in 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, o zaman beynəlxalq müqavilənin normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (sonradan - MPM:) 13.1 ci maddəsinə uyğun olaraq Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. MPM-in 13.2-ci maddəsinə uyğun olaraq Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. MPM-in 13.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. Konvensiyanın 35-ci maddəsinə (İddia müddəti) görə məsuliyyət haqqında iddia, iddia hüququnun itirilməsi riskinə uyğun olaraq, hava gəmisinin təyinat yerinə çatdığı andan və ya hava gəmisinin çatmalı olduğu gündən və ya daşımanın dayandırıldığı andan etibarən 2 (iki) il müddətində qaldırılmalıdır. Həmin müddətin hesablanması qaydası iddianın irəli sürüldüyü məhkəmənin qanunu ilə müəyyən edilir. İddiaçının pretenziyasına cavab xx.xx.2021-ci ildə (çıxış №-1485) təqdim edilmiş və müvafiq olaraq xx.xx.2021-ci il tarixdən etibarən iddia müddətinin axımı başlamış və Konvensiyayanın 35-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü ildə başa çatmışdır. İddia müddətinin axımının kəsilməsini və ya dayandırılmasını göstərən halların mövcudluğunu sübut etmək yükü iddia qaldıran şəxsin üzərinə düşür və bununla bağlı iddia ərizəsində hər hansı bir səbəb qeyd edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsinə dair sənəd məhkəməyə təqdim edilməmişdir. MM-in 375.2.-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, məhkəmədən İddiaçı tələbinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Hava Yollarının xx.xx.2021-ci il tarixli elektron biletin qəbzindən görünür ki, İddiaçı "xxxx" QSC-dən sərnişin elektron bileti əldə edərək xx.xx.2021-ci il tarixdə J2111 saylı Bakı-Dubay reysi ilə X1 Dubay şəhərinə uçmuşdur. Azərbaycan Hava Yollarının xx.xx.2021-ci il tarixli elektron baqaj qəbzindən görünür ki, İddiaçı Dubay şəhərindən Azərbaycan Respublikasına 2 ədəd 23 kq və 32 kq çəkidə çamadan gətirmişdir. xx.xx.2021-ci il tarixli zərər hesabatından görünür ki, İddiaçı məxsus dəyəri 700 AED olan CAT markalı çamadanın üst tutacağının zədələnməsi müəyyən edilmişdir. Servis Baku tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli akta əsasən çamadanın qulpu təmirə yararsızdır. İddiaçı tərəfindən “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitseprezidentinə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən 230 AZN məbləğində dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli X-1485 saylı məktubunda bildirmişdir ki, “Beynəlxalq hava daşımaların bəzi qaydalarının unifikasiyası üçün Konvensiyasının (Monreal Konvensiya)” 20-ci maddəsi, Azərbaycan Respublikasının “Aviasiya haqqında” Qanununun 50.9-cu maddəsi, "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 120 saylı Əmri ilə təsdiq olunmuş "xxxx" QSC-nin “Sərnişinlərin, baqaj və yükün daşınması qaydalarının 23-cü maddəsinin 23,1,3cü, 23.1.4-cü bəndləri rəhbər tutulmaqla, Sizin bir yer baqajınızın zədələnməsi barədə iddianız əsassız sayılır (çəkilmiş xərcləri sübut edən sənədlər olmadığından). Hüquqi yardımın Göstərilməsi haqqında 324 saylı xx.xx.2024-cü il tarixli müqavilədən və mpay terminalda ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün 600 manat ödəniş etmişdir. "xxxx" MMC (Dubay, X3) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, CAT markalı gümüşü rəngli çamadanın dəyəri 830 AED (dilhəm) təşkil edir. Tətbiq edilən hüquq: 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış "Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”sının: 35-ci maddəsinə əsasən məsuliyyət haqqında iddia, iddia hüququnun itirilməsi riskinə uyğun olaraq, hava gəmisinin təyinat yerinə çatdığı andan və ya hava gəmisinin çatmalı olduğu gündən və ya daşımanın dayandırıldığı andan etibarən iki il müddətində qaldırılmalıdır. Həmin müddətin hesablanması qaydası iddianın irəli sürüldüyü məhkəmənin qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. 3.2-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 842.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 11 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın: 4.1.1-ci bəndinə əsasən Aviaşirkət (daşıyıcı) nəqliyyat əməliyyatlarını yerinə yetirərkən sərnişinlər, yükgöndərənlər və yükalanlar ilə hüquq münasibətlərini yaradır və Azərbaycan Respublikasının qanunvericiliyinə, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və hava daşımalarının təşkilinə dair sənədlərin tərtib edilməsi və müqavilələrin rəsmiləşdirilməsi Qaydasına, habelə “Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üçün” Konvensiyaya (1929-cu ildə imzalanmış Varşava Konvensiyası), “Beynəlxalq daşımalara aid olan bəzi qaydaların unifikasiyası üçün Konvensiyaya düzəlişlər haqqında Protokol”a (1955-ci ildə imzalanmış Haaqa protokolu), qeyd edilən Konvensiyaya aid olan digər protokol və əlavələrə uyğun olaraq əmlak məsuliyyəti daşıyır. 4.3.2-ci bəndinə əsasən, dəyəri bəyan edilərək daşınma üçün qəbul edilmiş baqaj itdikdə və ya tam çatdırılmadıqda, daşıyıcı baqaj üçün bəyan edilmiş dəyər həcmində məsuliyyət daşıyır. Əgər daşıyıcı bəyan edilmiş dəyərin həqiqi dəyərdən artıq olduğunu sübut edərsə, o, baqajın həqiqi dəyəri həcmində məsuliyyət daşayacaq. 4.3.7-ci bəndinə əsasən, daşıyıcı qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan hallarda, xüsusilə aşağıdakı hallarda baqajın itdiyini, tam çatdırılmadığını və ya zədələndiyini sübut edərsə, məsuliyyətdən azad olunur: baqajı təhvil verən və ya alan şəxsin günahı olduqda; daşınan əşyaların təbii xassələri ilə əlaqədar; qəbul edilən baqaja zahiri baxış zamanı bağlamada nəzərə çarpmayan nöqsanlar olduqda; baqajda olan, daşınması və saxlanması zamanı xüsusi şərtlər və ehtiyat tədbirləri tələb edilən əşya və ya maddələrin xüsusi xassələrinə görə. 4.3.8-ci bəndinə əsasən, daşıyıcı aşağıdakılara görə məsuliyyət daşımır: iddia irəli sürən şəxs və ya şikayətçi baqajın daşıyıcının günahı üzündən tam çatdırılmadığını sübut etməzsə, daşınan baqajın nöqsansız bağlamada, içində olan əşyalara toxunulmadan və zədələnmə izləri olmadan gətirildiyi və sərnişinə təhvil verildiyi halda onun çəkisinin çatışmamasına görə; daşıyıcıdan asılı olmayan səbəblərə görə, xüsusilə əlverişsiz meteoroloji şərait nəticəsində baqajın gec çatdırılmasına görə; baqaja qoyulmuş pul və qiymətli kağızların, sənədlərin, qiymətli daşların və daşınma zamanı xüsusi saxlanma tədbirləri tələb edən digər oxşar əşyaların itməsinə görə. 4.4.1-ci bəndinə əsasən daşıyıcı zərərin qarşısının alınması üçün bütün zəruri tədbirləri gördüyünü və ya belə tədbirlərin görülməsinin mümkün olmadığını sübut etməzsə, yükün daşınma üçün qəbul edildiyi andan yükalana və ya digər təşkilata təhvil verilənə qədər itməsi, çatışmaması və ya zədələnməsinə görə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyət daşıyır. Daşıyıcı digər halı sübut edənə qədər yükün daşınma zamanı itdiyi, çatışmadığı və ya zədələndiyi güman edilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2013-cü il tarixli 120 saylı əmri ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Sərnişinlərin, baqajın və yüklərin daşınması” qaydalarının: 15.4.2-ci bəndinə əsasən, sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq Aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və Sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir. 15.4.6-cı bəndinə əsasən, aviaşirkət aşağıdakı əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür: tezsınan, kövrək əşyalar və tezkorlanan əşyalar; pullar, açarlar; zinət əşyaları, qiymətli metallardan və gümüşdən hazırlanan məmulatlar; təbii xəz; elektron avadanlıq; kompyuter avadanlığı, kompyuter üçün komplektləşdirici hissələr, əlavələr, proqramlar; audio və video texnika, foto və kino aparatları, yardımçı əşyalar; eynəklər, binokllar və digər optik cihazlar; texniki, tibbi və digər sənədlər; işgüzar və şəxsi sənədlər; qiymətli kağızlar və əşyalar; istehsal avadanlığı və nümunələr/ şablonlar;video/audio kassetlər, disklər, disketlər və digər məlumat daşıyıcıları; tibb preparatları, avadanlıqlar; fotoşəkillər, əntiq mallar; əvəz edilməsi mümkün olmayan əşyalar; mayelər, ətriyyat, alkoqollu içkilər; alətlər. Sərnişin bu tövsiyələri yerinə yetirmədiyi təqdirdə Aviaşirkət, həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanılması üçün məsuliyyət daşımır. 15.6.1-ci bəndinə əsasən, sərnişin qeydiyyata alınmış baqajının dəyərini elan etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC-dən sərnişin elektron bileti əldə edərək xx.xx.2021-ci il tarixdə J2111 saylı Bakı-Dubay reysi ilə X1 Dubay şəhərinə uçmuşdur. Dubay beynəlxalq aeroportunda J2743221 saylı birka ilə nömrələnmiş baqajını aeroportda təhvil alanda boz rəngli çamadanının qulpunun sınmasını aşkar etmiş, bununla bağlı daşıyıcı şirkətə müraciət etmişdir. Təqdim edilmiş elektron poçt ünvanı vasitəsilə aparılmış yazışmalardan müəyyən edilir ki, zədələnmiş çamadan təmir edilməsi üçün şirkətin təmir xidmətinə təqdim edilmiş və çamadanın qulpu təmir edilmişdir. Lakin iddiaçı edilmiş təmirin keyfiyyətindən razı qalmayaraq cavabdeh şirkətə zərərin əvəzi kimi 100 manat ödənilməsini təklif etmiş, lakin müsbət cavab almamışdır. İddiaçının pretenziya məktubuna cavab olaraq "xxxx" QSC çəkilmiş xərcləri sübut edən sənədlər təqdim olunmadığına görə iddiaçının baqajınını zədələnməsinə dair iddiasını əsassız saymış, baş vermiş narahatçılığa görə üzr istənilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" QSC-dən onun xeyrinə maddi zərərə görə 384 (üç yüz səksən dörd) manatın, mənəvi zərərə görə 1000 (bir min) manatın, hüquqi yardıma görə 600 (altı yüz) manatın və 40 (qırx) manat məhkəmə rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı zədələnmiş CAT firmasına aid, boz rəngli çamadanın qiymətinin, habelə çamadana dəymiş zərərin məbləğini müəyyənləşdirmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, CAT firmasına məxsus boz rəngli çemodanın respublikada yerləşən ticarət şəbəkələrində, yerli internet saytlarında satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirilmənin aparılmasının mümkün olmaması əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, istinad olunan qanunvericilik normalarına əsasən hazırkı halda baqajın qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət daşıdığından, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürməkdə haqlı olsa da, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən və belə ərizənin verilməsi iddiadan imtina üçün əsas olduğundan məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunaraq iddia tələbi rədd edilməlidir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, İddiaçı çamadanının qulpunun sınmasını xx.xx.2021-ci il tarixdə aşkar etmiş və "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixdə pretenziya ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə pretenziyaya cavab almışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2 il 7 ay keçdikdən sonra - xx.xx.2024cü il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti ötürülməklə verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-267/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-267/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver