Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2683/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona əsassız hesablanmış 927.03 manat borcun silinməsi, "xxxx" ASC-nə abonent kimi onunla elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin qoyulması, vəkil üçün ödədiyi 200 manat və dövlət rüsumu olaraq ödədiyi 32 manat pulun cavabdeh tərəfdən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonunun Qaraqaya kəndində onun mülkiyyətində fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evində elektrik enerjisindən istifadə edir. Sənəddə abunə kodu **********700017 yazılmışdır. Fərdi yaşayış evinə sayğac qoyulan zaman onun iştirakı olmamış, sayğac qoyulan zaman akt tərtib olunmasından xəbəri olmamışdır. O, yalnız sayğacda göstərilən enerji sərfiyyatına görə pulu vaxtlı-vaxtında ödəmişdir. O, eşitmişdir ki, 27 fevral 2024-cü il tarixdə özləri qoyduqları sayğacı dəyişiblər. Hansı sayğacın dəyişilməsi və hansı sayğacın qoyulmasından xəbəri olmamışdır. Qoyulmuş sayğaclara o və başqa şəxs tərəfindən heç vaxt müdaxilə oluna bilməz. Çünki o, belə bir müdaxiləni özünə təhqir hesab edər. Cavabdeh tərəfin əməkdaşları tərəfindən 27 fevral 2024-cü il tarixdə akt tərtib ediblər ki, guya sayğaca xüsusi maqnitlə müdaxilə olunub. O, xüsusi maqnitin nə olduğunu belə bilmir. Cavabdeh həmin aktı yazan zaman onun iştirakı olmamışdır. Cavabdeh tərəf öz işinə laqeyd münasibət bəsləyir, səndləşməni formal aparır ki, istədikləri zaman qanunsuz akt tərtib etsinlər. Fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, onlar aktda istehlakçı kimi X1 qeyd etmişlər. Onun soyadı Şahverənov, adı Həsən, ata adı isə Savalandır. İsmayıllı rayonu Qaraqaya kəndində olan fərdi yaşayış evi də onun mülkiyyətindədir. Nəsimi onun oğludur. Onun soyadı Şahverdiyev deyil, Şahverənovdur. İstehlakçı kimi X3 yazılması cavabdeh tərəfin vəzifələrinə olan münasibətidir. Əməkdaşların işə bu cür münasibəti onu göstərir ki, onlar istədikləri sənədi tərtib edə bilərlər. O, bir neçə dəfə "xxxx" ASC-nin əməkdaşlarına müraciət etmişdir ki, onunla müqavilə bağlasınlar. Lakin onlar müqavilə bağlamaqdan imtina etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 1.3-cü maddəsinə görə, Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin müqavilə də tərəflərin hüquqları və vəzifələri öz əksini tapır. Onunla müqavilə bağlamadıqları üçün dəfələrlə elektrik enerjisi xəbərdarlıq edilmədən kəsilir. Tez-tez yandırıb söndürürlər. Onların təqsiri üzündən istifadə etdikləri elektrik avadanlıqları yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfdən onlara xəbərdarlıq göndərilmişdir ki, istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına 927.03 manat borcu vardır və onu ödəməlidir, əgər ödənilməsə, elektrik enerjisinin sərfiyyatı dayandırılacaqdır. O, hesablanmış məbləğlə razı olmasa da, həmin pulu ödəməyə məcbur olmuşdur ki, elektrik enerjisinin verilişini dayandırmasınlar. Əgər əvvəl istifadə edilən elektrik enerjisinin sərfiyyatı ilə sayğac dəyişiləndən sonra istifadə edilən elektrik enerjisinin sərfiyyatını müqayisə edilsə elə bir fərq yaranmaz. Qeyd olunanlara əsasən belə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən onlara hesablanmış işıq sərfiyyatı əsassız olaraq hesablandığından silinməli və "xxxx" ASC ilə abonent kimi onun arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2683/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiasının “İddiaçı ilə "xxxx" ASC arasında abonent kimi elektrik enerjisinin alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması” hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il qeydiyyat tarixli RX seriyalı **********56-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı rayonu, Qaraqaya kəndindində 0,47 ha olan torpaq sahəsində 191,4 kv.m. olan fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 27 fevral 2024-cü il tarixli 035859 nömrəli aktdan görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evini qidalandıran elektrik sayğacının baxış tablosunda sayğaca xüsusi maqnitlə müdaxilənin olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 712513 nömrəli protokoldan görünür ki, 035859 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş “sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli akt-protokolından görünür ki, yoxlama zamanı qüsur olaraq sayğacın proqram əlavəsi oxunan zaman sayğaca xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində maqnit vasitəsilə müdaxilə mütəmadi olaraq müdaxilə olunduğu müşahidə edilmiş və sayğacın istismara yararsız olması göstərilmişdir. İş materiallarında olan abonentin saldosuna əsasən **********00017 abonent kodu üzrə xx.xx.2024-cü il tarixdə EİQ pozulması səbəbi ilə 864,89 manat borc hesablanmışdır. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İsmayıllı rayonunun Qaraqaya kəndi ünvanı üzrə **********00017 abunə koduna hesablanmış 864 manat 89 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən məişət abonentinin iştirakı təmin edilməmiş, EİQ pozulması qeyd edilərək, əsassız borc məbləği hesablanmışdır. Digər tərəfdən, sayğac iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən, iddia qismən təmin edilməli, həmin akta əsasən hesablanmış 864 manat 89 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Məhkəmə iddia tələbinin “vəkil üçün ödədiyi 200 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qeyd edir ki, iddiaçı vəkilin hüquqi yardımından istifadə etmədən məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Bu iddiaçının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İsmayıllı rayonu, Qaraqaya kəndi ünvanı üzrə **********00017 abunə koduna hesablanmış 864 manat 89 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı abunə koduna hesablanmış 864 manat 89 qəpikdən daha çox əsassız borc hesablanmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı rayonu, Qaraqaya kəndi ünvanı üzrə **********00017 abunə koduna hesablanmış 864 manat 89 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2683/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2683/2024
04.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver