Məhkəmə qərarları › İş №e-2(006)-2730/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2730/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2730/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 950 manat ödənilməmiş əsas borc, 50 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində MOB03-4767 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından 999 manat dəyərində “X1 12 Pro+” markalı mobil telefon almışdır. Müqavilə 49 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə hər ay 84 manat ödəmək şərtilə bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə MOB03-4767 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 999 manat olan “X1 12 Pro+” markalı mobil telefon nisyə satılmış və alıcı ilkin olaraq 200 manat ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 84 manat, sonuncu ay 75 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə 950 manat ödənilməmiş hissə və 50 manat cərimə borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 950 manat ödənilməmiş əsas borcu və 50 manat dəbbə pulu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 950 manat ödənilməmiş əsas borc, 50 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı MMCyə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 950 manat ödənilməmiş əsas borc, 50 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1030 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar