Məhkəmə qərarları › İş №e-2(006)-2732/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2732/2023

19.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2732/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ("xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10.000 manat kreditin verilməsinə dair xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun adına xx.xx.2007-ci il tarixli kredit müqaviləsi əsasında yazılmış (bank əməliyyat sistemində daxil edilmiş) 10.000 manat əsas borcun və qətnamənin icra edildiyi ana qədər hesablanmış faiz (cərimə) borcunun silinməsi (bank əməliyyat sistemindən ləğv edilməsi) vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edəsiniz. Sonradan, əsl olmayan cavabdeh LPO Cavabdeh ASC əsl cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, eləcə də, "xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cari ilin aprel ayında bank sistemində işə düzəlmək üçün müraciət etdikdə ona sistemdə adına bağlanmamış kreditin olmasını bildirmişlər. İddiaçı dərhal ASAN xidmətə müraciət edərək "xxxx"ndan kredit tarixçəsi barədə xx.xx.2023-cü il tarixli çıxarış almışdır. "xxxx"ndan verilən xx.xx.2023-cü il tarixli çıxarışdan məlum olmuşdur ki, iddiaçıya guya Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2007-ci il tarixdə 10.000 manat məbləğində kredit verilib və hazırda həmin kredit üzrə 10.000 manat əsas borc, 1.944,43 manat faiz var. Həmçinin həm əsas və həm də faiz üzrə 1818 gün gecikmə var. Lakin iddiaçı ümumiyyətlə cavabdehdən kredit götürməmiş və qeyd edilən tarixdə kreditin götürülməsi ilə bağlı cavabdehə müraciət etməmiş və hər hansı müqavilə bağlamamışdır. Cavabdehin 16 may 2023-cü il tarixli məktubunu aldıqdan sonra məlum olmuşdur ki, onun adına cavabdehlə bağlanan kredit müqaviləsi var və bu müqavilə üzrə yuxarıda qeyd edilən öhdəlik yaranıb. İddiaçı bununla bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı qaydada müraciət edərək məsələyə aydınlıq gətirilməsini tələb etmişdir. Cavabdeh tərəfindən 16 may 2023-cü il tarixli yazılı cavab məktubu təqdim edilmişdir və həmin məktubda da qeyd edilmişdir ki, bank əməliyyat sistemində xx.xx.2023-cü il tarixə 10.000 manat əsas borc, 1.944,43 manat faiz mövcuddur. Həmçinin cavabdehin təqdim etdiyi hesabdan çıxarışa və iddiaçıya verilən şifahi məlumata əsasən məlum olur ki, iddiaçının adına rəsmiləşdirilmiş kredit üzrə xx.xx.2012-ci il tarixdə 10.700 manat məbləğində ödəniş edilib. İddiaçı bir daha məhkəmənin nəzərinə çatdırır ki, bank əməliyyat sistemində mövcud olan borc məbləği və onun yaranma səbəbi ona məlum deyil. Ümumiyyətlə cavabdehdən hər hansı kredit götürməyib və bununla bağlı müqavilə imzalamayıb. Qeyd edilən borcla bağlı qanunsuz və saxta müqavilənin mövcudluğundan cavabdehin 16 may 2022-ci il tarixli yazılı cavab məktubunu aldıqdan sonra məlumatı olub. İddiaçı hesab edir ki, xx.xx.2007-ci il tarixdə 10.000 manat məbləğində kredit götürülməsi ilə bağlı cavabdehlə bağlanan kredit müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə üzrə iddiaçının adına bank əməliyyat sistemində daxil edilmiş 10.000 manat əsas borcun və qətnamənin icra edildiyi ana qədər hesablanmış faizin silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bu səbəbdən, iddiaçı hüquqlarının qorunması və onun adına əsasız və qanunsuz yollarla rəsmiləşdirlmiş müqavilənin etibarsız hesab edilməsi və onun adına bank əməliyyat sisteminə daxil edilmiş məlumatların silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə bağlamadığı halda onun hər hansı öhdəliyi yarana bilməz. Bundan başqa, iddiaçı bu öhdəliyin mövcudluğundan ümumi şəkildə xx.xx.2023-cü il tarixdə, dəqiq şəkildə isə cavabdehin məktubunu aldığı anda məlumatlı olub. Həmçinin iddiaçıya verilən məlumatlara əsasən onun adına rəsmiləşdirlmiş həmin qanunsuz kredit üzrə xx.xx.2012-ci il tarixdə 10.700 manat məbləğində ödəniş edilib. İşin anlaşılmaz və iddiaçının adına rəsmiləşdirilən və sistemə daxil edilən müqavilənin və məlumatların qanunsuz və saxta olmasını təsdiq edən hallardan biri də, bu vaxtadək, yəni 14 ildən çox müddətdə iddiaçıya bu öhdəliklə bağlı hər hansı tələbin irəli sürülməməsi və bununla bağlı məlumatın verilməməsidir. Hətta iddiaçı hesab edir ki, işin digər hallarından asılı olmayaraq müddətin (öhdəliyin icrası ilə bağlı iddia müddətinin) ötürülməsi də nəzərə alınaraq iddia tələbi təmin edilməli və cavabdehə adına yazılmış borc və faizlərlə bağlı məlumatlar bank əməliyyat sistemindən silinməlidir. Göründüyü kimi, iddiaçının bağlanmasında iştirak etmədiyi və ümumiyyətlə mövcudluğundan xəbəri belə olmadığı, bu anadək məzmunundan belə xəbəri olmayan, ancaq onun üçün öhdəlik yaradan müqavilə məhkəmə qaydasında etibarsız hesab edilməli və həmin müqavilənin nəticəsi kimi, iddiaçının adına yaradılmış öhdəlik ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əlavə olunmuş 06 oktyabr 2023-cü il tarixli **********337 saylı maliyyə arayışında İddiaçı 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsi üzrə LPO Cavabdeh ASC-yə 29 sentyabr 2023-cü il tarixə 10.000 manat əsas borcu olduğu, həmin borca müqavilə üzrə 1.944 manat 43 qəpik faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla gecikdirilən vaxt üçün 7.355 manat 88 qəpik borcunun olması qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçının LPO Cavabdeh ASC qarşısında öhdəliyi və borcunun yaranmasına əsas verən müqavilənin əslinin təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəf məhkəməyə məktub göndərərək bildirmişdir ki, Cavabdeh ASC ilə Hüseynova (Həsənli) Lalə Vaqif qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin əslinin tələb edilməsi barədə Nəsimi rayon Məhkəməsinin 2(006)-2732/2023 saylı qərardadına ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Cavabdeh ASC ilə Hüseynova (Həsənli) Lalə Vaqif qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin əsli həmin LPO Bankın arxivində aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı ilə bank arasında bağlanması qeyd olunan kredit müqaviləsi mövcud deyil. Cavabdeh tərəf iddiaçının banka borclu olmasına dair təqdim etdiyi məlumatın əsası kimi tərəflər arasında bağlanması qeyd olunan 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsinə istinad etsə də, müqavilənin əsli, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə, hazırkı iddia qismən təmin edilməli, mövcud olmayan 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsi üzrə iddiaçının adına yazılmış 10.000 manat əsas borc, həmin borca müqavilə üzrə hesablanması qeyd olunan 1.944 manat 43 qəpik faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla gecikdirilən vaxt üçün hesablanması qeyd edilən 7.355 manat 88 qəpik borc silinməli; mövcud olmayan 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsinə istinad olunmaqla İddiaçı 10.000 manat əsas borcu, həmin borca müqavilə üzrə 1.944 manat 43 qəpik faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla gecikdirilən vaxt üçün 7.355 manat 88 qəpik borcunun mövcud olmasına dair məlumatlar bank əməliyyat sistemindən çıxarılmalı; həmin məlumatların bank əməliyyat sistemindən çıxarılması LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. İddia müqavilənin etibarsız hesab edilməsinə dair hissədə təmin edilə bilməz. Belə ki, etibarsız hesab edilməsi tələb edilən müqavilə mövcud deyil. Mövcud olmayan müqavilənin etibarsız hesab edilməsi isə hüquqi baxımdan mümkün deyil. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mövcud olmayan 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsi üzrə iddiaçının adına yazılmış 10.000 manat əsas borc, həmin borca müqavilə üzrə hesablanması qeyd olunan 1.944 manat 43 qəpik faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla gecikdirilən vaxt üçün hesablanması qeyd edilən 7.355 manat 88 qəpik borc silinməli; mövcud olmayan 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsinə istinad olunmaqla İddiaçı 10.000 manat əsas borcu, həmin borca müqavilə üzrə 1.944 manat 43 qəpik faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla gecikdirilən vaxt üçün 7.355 manat 88 qəpik borcunun mövcud olmasına dair məlumatlar bank əməliyyat sistemindən çıxarılmalı; həmin məlumatların bank əməliyyat sistemindən çıxarılması LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mövcud olmayan 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsi üzrə iddiaçının adına yazılmış 10.000 manat əsas borc, həmin borca müqavilə üzrə hesablanması qeyd olunan 1.944 manat 43 qəpik faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla gecikdirilən vaxt üçün hesablanması qeyd edilən 7.355 manat 88 qəpik borc silinsin. Mövcud olmayan 03 aprel 2007-ci il tarixli 1-21489-17 saylı kredit müqaviləsinə istinad olunmaqla İddiaçı 10.000 manat əsas borcu, həmin borca müqavilə üzrə 1.944 manat 43 qəpik faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla gecikdirilən vaxt üçün 7.355 manat 88 qəpik borcunun mövcud olmasına dair məlumatlar bank əməliyyat sistemindən çıxarılsın. Həmin məlumatların bank əməliyyat sistemindən çıxarılması LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar