Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2747/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən müqavilə üzrə 995 (doqquz yüz doxsan beş) manat qalıq borcu və 814,73 (səkkiz yüz on dörd manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 1809,73 (bir min səkkiz yüz doqquz manat yetmiş üç qəpik) manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 38,09 (otuz səkkiz manat doqquz qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, OK29176 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 999 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə Təhviltəslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, OK29176 saylı müqavilə üzrə qalıq borcu 995 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 4073.66 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 814.73 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, OK29176 saylı müqavilə üzrə 995 manat qalıq borcu, 814,73 manat cərimə borcu olmaqla, cəmi 1809,73 manat borcu yaranmışdır. Bildirilir ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, OK29176 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMCyə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci il tarixli, OK29176 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, OK29176 saylı Nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı Əlavə və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 999 (doqquz yüz doxsan doqquz) manat dəyəri olan malı cavabdehə nisyə satmağı, cavabdeh isə malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 01 saylı Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan xx.xx.2022-ci il tarixli 01 saylı Əlavənin surətindən görünür ki, "xxxx" MMC borclu Cavabdeh ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli, OK29176 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "X1 Olmayan Kredit Təşkilatı" MMC-yə güzəşt etmişdir. “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı və həmin tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borc üzrə 995 (doqquz yüz doxsan beş) manat, cərimə borcu üzrə 4073.66 manatın 30 faizini təşkil edərək 814,73 (səkkiz yüz on dörd manat yetmiş üç qəpik) manat olmaqla, cəmi 1809,73 (bir min səkkiz yüz doqquz manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcunu 3 (üç) gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№ **********) görünür ki, iddiaçı tərəfindən 38,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, OK29176 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 15 ay müddətinə aylıq 67 manat (sonuncu ay 61 manat olmaqla) ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 0,3% həcmində mübahisəsiz olaraq cərimə ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01№-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, OK29176 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyanı qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 99 manat məbləğinədək azaldılmalıdır. Çünki 995 manat əsas borc məbləğinə münasibətdə 99 manat məbləğində dəbbə pulunun tutulması daha məqsədəuyğundur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh yaranmış borc üzrə 995 (doqquz yüz doxsan beş) manat əsas borc və 99 (doxsan doqquz) manat cərimə borcu olmaqla, 1094 manat borc və dövlət rüsumu kimi ödənilmiş 38,09 (otuz səkkiz manat doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 995 (doqquz yüz doxsan beş) manat, cərimə borcu üzrə 99 (doxsan doqquz) manat olmaqla, cəmi borca görə 1094 (min doxsan dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 38,09 (otuz səkkiz manat doqquz qəpik) manat tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2747/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2747/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver