Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2749/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı iddiaçı "Meqa Sığorta” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta məbləğinin tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 457,84 (dörd yüz əlli yeddi manat, səksən dörd qəpik) manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, ümumilikdə 488,24 (dörd yüz səksən səkkiz manat, iyirmi dörd qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Cadillac SRX" markalı ** PB *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, H.Əliyev prospekti ilə hərəkət edən zaman yol hərəkəti qaydalarını pozmuş, nəticədə, "İveco Crealis" markalı ** JH *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarla "Cadillac SRX" markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Məmmədaş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "İveco Crealis" markalı ** JH *** dövlət nömrə nişanlı avtomobilə 457,84 (dörd yüz əlli yeddi manat, səksən dörd qəpik) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS220280 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 457,84 (dörd yüz əlli yeddi manat, səksən dörd qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalanan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi «Cadillac SRX» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq "xxxx" MMC-yə məxsus «İVECO CREALİS» markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtobus sahibinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin, iş materiallarından müəyyən olunmuşdur ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Cadillac SRX» minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat idarəsinə məxsusdur və yol-nəqliyyat hadisəsi vaxtı cavabdeh yüksək təhlükə mənbəyi olan avtomobili qanuni əsasla idarə etmişdir. Qeyd edilənlərə əsasən sığorta şirkəti cavabdehin baş vermiş yolnəqliyyat hadisəsi yerindən yayındığına istinad edərək sığortalı avtomobilə görə ödədiyi 457,84 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. AD N seriyalı, 450995 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Cadillac SRX» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsidir. AC N seriyalı, 353926 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İVECO CREALİS” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. xx.xx.2019-cu il tarixli, PME ********** nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat idarəsinə məxsus "Cadillac SRX" minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil «Meqa Sığorta” ASC tərəfindən xx.xx.2020-ci il tarixinə kimi sığortalanmışdır. xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 08:53-də «Cadillac SRX» minik markalı, **-PB-*** nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 6188 nömrəli zərər aktından görünür ki, “İVECO CREALİS” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 457,84 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, İAS220280 saylı sığorta ödənişi aktının və xx.xx.2022-ci il tarixli, 000400 saylı ödəniş tapşırığı surətindən görünür ki, "Meqa Sığorta” ASC tərəfindən "xxxx" ASC-dəki bank hesabına xx.xx.2022-ci il tarixli, İAS220280 saylı sığorta aktına əsasən "xxxx" MMC-nin xeyrinə 457,84 manat məbləğində pul köçürülmüşdür. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Cavabdeh hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, həyata keçirilmiş sığorta ödənişi olaraq 457,84 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 488,24 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Sığorta ödənişi olaraq 457,84 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 488,24 (dörd yüz səksən səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2749/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2749/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver