Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2824/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə əmlaka dəymiş zərərlə bağlı 36988 (otuz altı min doqquzyüz səksən səkkiz) manat sığorta ödənişi məbləğində, dəbbə pulu olaraq 3439,88 (üç min otuz doqquz manat, 88 qəpik) manat məbləğində, zərərin qiymətləndirilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1800 (bir min səkkiz yüz) manat məbləğində, mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində, ödənilmiş dövlət rüsumuna görə 235 (iki yüz otuz beş) manat məbləğində ümumilikdə 47962,88 (qırx yeddi min doqquz yüz altmış iki manat, səksən səkkiz qəpik) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında İMİ23002744 nömrəli, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” şəhadətnaməsi (bundan sonra “şəhadətnamə”) imzalanmışdır. Şəhadətnaməyə əsasən cavabdeh onun tərəfindən idarə olunan H793BA799 qeydiyyat nömrəli X7 Rover markalı nəqliyyat vasitəsi “nəqliyyat vasitəsinin məhv olması və ya zədələnməsi hallarından” 130000 manat sığorta məbləği həcmində 1 il müddətinə sığortalamış və tərəfindən ilkin ödəniş 1384 manat həyata keçirilmişdir. Daha sonra növbəti ödənişi həyata keçrimək istəsə də KİV-də yayılmış xəbərlərdə qeyd olunduğu kimi noyabr ayının əvvəllərindən etibarən cavabdehin fəaliyyətində baş vermiş müəyyən səbəblərdən problemlərə görə sığorta haqqı üzrə növbəti hissənin həyata keçirilməsi mümkün olmamışdır. Cavabdehin region üzrə nümayənələri, Bakı ofisi ilə dəfələrlə əlaqə saxlasa da sığorta haqqının ödənilməsini həyata keçirməyi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində şəhadətnamədə qeyd olunan nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə barədə dərhal sığorta şirkətinə məlumat vermiş və sığorta şirkəti tərəfindən hadisə yerinə əməkdaşlar cəlb edilmişdir. Hadisə ilə bağlı müraciəti zamanı “narahat olmayın, həll edəcəyik” deyilsə də bugün sabah deyərək heç bir tədbir görülməmişdir. Sığorta haqqının ödənilməsi ilə bağlı rastlaşdığı problemi bildirdikdə isə ona, məbləğin ona ödəniləcəyi, sığorta ödənişindən çıxarılacağı bildirilmişdir. Çox getgəldən sonra, sığorta bazarına nəzarət qurumu olan Mərkəzi Banka şikayətindən sonra nəhayət ki, xx.xx.2024-cü il tarixində sığorta ödənişdən imtina edilməsi barədə məktub təqdim olundu. Məktubda qeyd olunurdu ki, güya xx.xx.2023-cu il tarixində onunla cavabdeh arasında bağlanmış İMİ23002744 saylı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqı 4150 (dörd min yüz əlli) manat məbləğində muəyyənləşdirilmiş və onun hissəli şəkildə ödənilməsi razılaşdırılmamışdır. Tərəfindən cavabdehin bank hesabına xx.xx.2023-cü il tarixində 1384 (bir min üç yüz səksən dörd) manat məbləğində pul vəsaiti ödənilmiş və daha sonra hər hansı ödəniş həyata keçirilmədiyi qeyd olunmuşdur. Daha sonra isə sığorta haqqını tam ödəmədiyinə görə müqavilə qüvvəyə minməmiş, məhz qeyd olunan səbəbdən də sığorta hadisəsi üzrə sığorta ödənişindən imtina edilmişdir. Cavabdeh tərəfindən qeyd olunanların heç biri həqiqəti əks etdirməməkdədir. KİV-də çıxan yazıların hər biri, şikayətlərin hər biri qeyd olunanların yalan olduğunun əsasını təşkil edir. Cavabdeh tərəfindən sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən İMİ23002744 nömrəli, xx.xx.2023-cü il tarixli ona təqdim olunmuşdur. Bu isə o deməkdir ki, onunla cavabdeh arasında hüquqi münasibətlər yaranmış və sığorta haqqının ilkin hissəsi ödənildikdən sonra qüvvəyə minmişdir. Qeyd olunan müqavilənin qüvvəyə minmə faktını ilkin ödənişin həyata keçirildiyini təsdiq edən qəbz təsdiq edir. Odur ki, müqavilə xx.xx.2023-cü il saat 14:25-də bağlanmış və eyni gün saat 17:10-da qüvvəyə minmişdir. Qeyd olunan müqavilə üzrə təminat müddəti müqavilədə qeyd olunduğu kimi xx.xx.2023cü il saat 14:25-də başlamış və xx.xx.2024-cü il saat 14:25-də başa çatacağı nəzərdə tutulmuşdur. Sığorta haqqının ödənilməsi ilə bağlı ümumi normanın tələblərinə əsasən “sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.” Sığorta haqqı ödənilmədikdə cavabdeh ya müqaviləyə vaxtından əvvəl xitam verməli və ya sığorta haqqının ödənilməsi üçün əlavə müddət müəyyən etməlidir. Hazırki mübahisə üzrə cavabdeh nə müqaviləyə xitam vermişdir, nə də əlavə müddət müəyyən etməşdir. Buda ona əsas verir ki, tərəflərin iradəsi müqaviləni davam etdirmək istiqamətində olmuşdur. Halbuki qeyd olunan müqaviləyə xitam verilməmişdir, müqavilə bugünədək qüvvədədir. Cavabdeh müqaviləyə xitam verilməsində maraqlı olan tərəf olmasına baxmayaraq müqaviləyə xitam vermək niyyəti barədə iddiaçıya xəbərdarlıq etməyərək müqavilənin davam etdirilməsində maraqlı olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya heç bir xəbərdarlıq edilməmiş, hər hansı bildiriş göndərilməmişdir. Müqavilə qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermişdir. Onun sığortalı əmlakına 36988 manat zərər dəydiyi rəsmi servis olan "xxxx" MMC tərəfindən 500 manat xidmət haqqı qarşılığında müəyyən edilmişdir. Sığortanın mahiyyətindən də göründüyü kimi qanun normasını şərh etsək anlayarıq ki, sığorta hadisəsi baş verərsə və sığortalı (iddiaçı) vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini ödəməmiş olduqda belə sığortaçının sığorta ödənişini edərkən sığorta haqqını sığorta ödənişdən çıxmaqla həyata keçirə bilər. Tərəfindən sığorta hadisəsinin baş veridiyi barədə məlumat cavabdehə vaxtında bildirilmişdir. Sığorta hadisəsinin cavabdeh tərəfindən qeydiyyata alınaraq, onun xx.xx.2024-cü il tarixli məktubu ilə sığorta ödənişinin edilməsindən imtina qərarı verilməsi bunun bir sübutudur. Mübahisəli məqam yoxdur. Cavabdehə müraciət edilmiş və cavabdeh xx.xx.2024-cü il tarixində imtina qərara aldığı barədə məktub göndərmişdir. İddiaçı olaraq cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün sığorta ödənişinin xx.xx.2023-cü il tarixində həyata keçirilməli olduğunu nəzərə alaraq, ödənişin gecikdirildiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması üçün şərtsiz əsas yaradır. İmtinanın olunduğu tarixdən bugünədək 93 gün keçmişdir. Hesablanmış dəbbə pulunun məbləği 3439,88 manat təşkil edir. Qeyd etmək istəyir ki, qanun normasından aydın olduğu kimi sığorta haqqının ilk hissəsi onun tərəfindən ödənilmiş, lakin növbəti hissələri cavabdehin fəaliyyətində baş vermiş problemlərə görə həyata keçirilə bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı H793BA799 qeydiyyat nömrəli X7 Rover markalı avtomobilin sığortalanması ilə bağlı Şirkətə müraciət etmiş və bununla əlaqədar İMİ23002744 nömrəli, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” şəhadətnaməsi imzalanmışdır. Həmin şəhadətnamədə sığorta haqqı 4150 manat müəyyən edilmiş və sığorta haqqının tam ödənilməsi razılaşdırılmışdır. X7 Rover markalı, H793BA799 qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün iddiaçı Şirkətə müraciət etmişdir. İddiaçı tərəfindən şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşıdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə Şirkət arasında sığorta müqaviləsnin bağlanması ilə əlaqədar iddiaçıya təqdim olunmuş sığorta şəhadətnaməsində sığorta haqqı 4150 manat müəyyən edilməsinə baxmayaraq, sığorta haqqı tam ödənilməmişdir. Həmin sığorta şəhadətnaməsində sığorta haqqı iddiaçının iddia etdiyi kimi hissəli yox, tam şəkildə ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış sığorta haqqı tam ödənilmədiyindən müvafiq sığorta müqaviləsi qüvvəyə minməmiş və buna görə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, o, sığorta haqqının ödənilməsi üçün dəfələrlə Şirkətlə əlaqə saxlamağa çalışmış, lakin bu mümkün olmamışdır. Bundan əvvəlki məhkəmə iclasında isə tam əksini – sığorta agenti ilə əlaqə saxladığını Şirkətə müraciət etmədiyini bildirmişdir. İddiaçı gətirdiyi arqumentlərdən biri də whatsapp yazışmalarıdır. (Bu yazışmalar özü də şübhə altındadır, çünki yalnız ekran qeydləri olaraq məhkəməyə təqdim edilmişdir, həmin yazışmalarda şəxslərin əlaqə vasitələri yox, yalnız adlar görünür. Hər bir halda ekran qeydləri müdaxilə edilməsi asan, qeyri-mötəbərdir.) Qanunvericiliyin konkret tələbləri vardır. Sığorta müqaviləsinə dəyişiklik yalnız yazılı qaydada həyata keçirilir. Hansısa yazışma qanunvericiliyin tələblərindən üstün ola bilməz. Hadisə ilə bağlı Şirkətə müraciət olunmuş, qiymətləndirmə də aparılmışdır. Sığorta haqqının ödənilməməsi faktının Şirkətə gec məlum olması sığorta haqqının ödənilmədiyi faktını dəyişmir. Qanunvericliyin konkret tələbi vardır. Sığorta haqqı müəyyən edilmiş vaxt ərzində ödənilməlidir. Ödənilməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsasdır. İddiaçı iddia edir ki, sığorta haqqını ödəmək imkanı olmamışdır. Şirkət tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışda onlarla fiziki şəxsin sığorta haqqı ödədiyi əks olunur. İddiaçının vəsatəti ilə dindirilmiş şahidlə bağlı bildirilir ki, şahid sığorta müqaviləsinin hissəvi şəkildə razılaşdığını bildirsə də bunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Əgər şahid şifahi qaydada tərəfə hissəvi ödəniş barəsində razılıq olduğunu bildiribsə, bu şahidlə tərəf arasında olan mülki məsələdir, vurulmuş ziyanı ondan tələb edə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, şahid Şirkətin keçmiş əməkdaşıdır və işdən azad edilmişdir. Verdiyi izahatların obyektivliyi sual altındadır. Bundan başqa hazırda da sığorta sahəsində çalışır. Müştərilərlə olan münasibətlərin korlanmaması üçün də bu formada izahat verə bilər. Bundan başqa iddiaçı "xxxx" ASC ilə sığorta müqaviləsi bağlanan zaman həmin avtomobilin Şirkətdə də sığortalandığını "xxxx" ASC-yə bildirdiyini qeyd etmişdir. Lakin, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Oktyabr ayında Şirkətin ləğv olunması barədə heç kimdə məlumat olmadığı halda iddiaçı ikinci bir kasko sığorta müqaviləsi bağlamağa nə vadar etmişdir? Həmçinin iddiaçı məhkəmə iclasında "xxxx" ASC ilə bağlanmış müqavilənin qismən sığorta olduğunu, yəni sığorta məbləğinin (on min manat) tam yox, yalnız bir qisminin ödəniləcəyini bildirmişdir. Bununla bağlı qeyd edirik ki, Mülki Məcəllənin 896.1-ci maddəsinə əsasən, əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Göründüyü kimi Məcəllədə imperativ norma kimi müəyyən edilmişdir ki, qismən sığorta müqaviləsi bağlanırsa bu barədə müqavilədə müddəa olmalıdır. Formalaşmış məhkəmə praktikası da bu yöndədir. Qanunvericiliyin tələblərinə əsasən əgər qismən sığorta ilə bağlı müqavilədə müddəa yoxdursa, bu zaman müqavilə üzrə sığorta məbləği tam şəkildə ödənilir. “Kommersiya sirri haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. İddiaçı əməyin ödənilməsi formaları və məbləği barədə məlumatlar kommersiya sirri hesab edilən məlumatlar hesab edilmir, buna görə də işə əlavə etdiyi üzləşmə aktının kommersiya sirri təşkil etmədiyini bildirir. Bildiririk ki, həmin aktda Şirkətin hansı sığorta növlərində hansı məbləğlərdə yığımlar həyata keçirdiyi və hansı məbləğdə agentə komissiya ödədiyi öz əksini tapmışdır. Hansı ki, agentə ödənilən komissiyanın faizi sığorta şirkətləri arasında rəqabət mühitində əhəmiyyət kəsb edən məlumatdır. Şirkətlər verilən komissiyanın faizi ilə əlavə agentlər cəlb edərək satışlar edir. Digər şəxslərə Şirkətin razılığı olmadan bu məlumatların təqdim edilməsi yolverilməzdir. Hər bir halda bu barədə müvafiq qurum araşdırma aparıb, qiymət verməlidir. Məcəllənin konkret bir tələbi var. Sığorta haqqı ödənilməyibsə müqavilə qüvvəyə minməmişdir, sığorta ödənişi verilə bilməz. Hissəli ödəniş nəzərdə tutulduğu halda isə növbəti hissə ödənilməyibsə bu yenə sığorta ödənişinin verilməsindən imtina əsasıdır. Hazırki işdə sığorta haqqının tam şəkildə verilməsi razılaşdırılmışdır. Göründüyü kimi iddiaçı tərəflə bağlanmış sığorta müqaviləsində sığorta haqqının tam ödənilməsi nəzərdə tutulmasına baxmayaraq sığorta haqqını tam şəkildə ödəmədiyi üçün müqavilə ümumiyyətlə qüvvəyə minməmişdir. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İddiaçı ilə Şirkət arasında xx.xx.2023-cü il tarixdə sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixində iddiaçı sığortalanmış avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Əgər iddiaçının iddia etdiyi kimi sığorta haqqının ödənilməsi hissəvi şəkildə razılaşdırılsaydı belə (hansı ki, belə hal yoxdur) o sığorta haqqının növbəti hissəsini ən geci xx.xx.2023-cü il tarixində ödəməli idi. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığortaçı müvafiq hissənin ödənilməməsinə görə sığorta ödənişinin verilməsindən imtina edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz və mülahizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iclaslardaki izahatlarını nəzərə alaraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” şəhadətnaməsindən görünür ki, “X7 Rover” markalı, H793BA799 dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta məbləği 4150 manat məbləğində müəyyən edilmişdir. "ATASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Güvənli Kasko” Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, “X7 Rover” markalı, H793BA799 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 09/Ş-33/22 saylı imtina məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış sığorta şəhadətnaməsinə əsasən sığorta haqqı 4150 manat məbləğində müəyyənləşdirilmiş və onun hissəsi şəkildə ödənilməsi razılaşdırılmamışdır. Tərəfindən Şirkətin bank hesabına xx.xx.2023-cü il tarixdə 1384 manat məbləğində pul vəsaiti ödənilmiş, daha sonra hər hansı ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin məcəllənin 903.6-cı maddəsinə əsasən isə hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri ərazisində X4 məxsus olan və İddiaçı tərəfindən idarə olunan “X7 Rover” markalı, H793BA799 dövlət qeydiyyat nişanlı avtomobil yolnəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, İddiaçı tərəfindən sığorta haqqı Şirkətin hesabına tam ödənilmədiyi üçün bağlanmış sığorta müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvəyə minməmişdir. Bu səbəbdən baş vermiş yol-nəqliyyat hadisəsi üzrə ona Şirkət tərəfindən sığorta ödənişinin həyata keşirilməsi mümkün olmamışdır. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkəmə tərəfindən göndərilimiş sorğuya əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin adına açılmış 24 aktiv bank hesabı üzrə xx.xx.2023-cü il tarixdən bugünə kimi mədaxil əməliyyatları həyata keçirildiyi bildirilmişdir. İş materiallarında olan vatsapp yazışmalarından görünür ki, tərəflər arasında sığorta ödənişinin ödənilməsi ilə bağlı yazışmalar olmuşdur. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin Şəki-Zaqatala filialında çalışmışdır. Onun işlədiyi dövrdə ona zəng daxil olmuş, zərərçəkmiş vətəndaş barədə məlumat verilmiş və həmin vətəndaşı Şirkətin Şəki-Zaqatala filialına yönəltmişlər. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi barədə sığorta şirkətinə məlumat verildikdən sonra sığorta şirkəti tərəfindən hadisə yerinə əməkdaşlar cəlb edilmiş və maşına baxış keçirilmişdir. İddiaçı ilə Şirkət arasında İMİ23002744 nömrəli, xx.xx.2023cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” şəhadətnaməsi (bundan sonra “şəhadətnamə”) imzalanmışdır. Şəhadətnaməyə əsasən H793BA799 qeydiyyat nömrəli X7 Rover markalı nəqliyyat vasitəsi 1 il müddətinə sığortalamış və sığorta haqqı 4150 manat müəyyən edilmişdir. Şirkətin daxili qaydalarına əsasən həmin məbləğin 3 ay müddətinə hissəvi şəkildə ödənilməsi razılaşdırılmış və İddiaçı tərəfindən 1384 manat məbləğindən ilkin ödəniş həyata keçirilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, tərəflər arasında X7 Rover markalı, H793BA799 qeydiyyat nişanlı avtomobil ilə bağlı İMİ23002744 nömrəli, xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta” müqaviləsi imzalanmışdır. Həmin müqavilədə sığorta haqqı 4150 manat müəyyən edilmiş və sığorta haqqının tam ödənilməsi razılaşdırılmışdır. X7 Rover markalı, H793BA799 qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi üçün iddiaçı Şirkətə müraciət etmişdir. İddiaçı tərəfindən şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşıdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim olunmuş sığorta şəhadətnaməsində sığorta haqqı 4150 manat müəyyən edilməsinə baxmayaraq, sığorta haqqı tam ödənilməmişdir. Həmin sığorta şəhadətnaməsində sığorta haqqı iddiaçının iddia etdiyi kimi hissəli yox, tam şəkildə ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış sığorta haqqı tam ödənilmədiyindən müvafiq sığorta müqaviləsi qüvvəyə minməmiş və buna görə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, o, sığorta haqqının ödənilməsi üçün dəfələrlə Şirkətlə əlaqə saxlamağa çalışmış, lakin bu mümkün olmamışdır. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qanunvericilik öhdəliyin yaranmasının 2 əsasını müəyyən etmişdir:
1. Müqavilədən əmələ gələn öhdəliklər.
2. Qanundan əmələ gələn öhdəliklər. İşin araşdırılan hallarından göründüyü kimi tərəflər arasındakı münasibətlər sığorta müqaviləsindən irəli gələn münasibətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qanunun tələbinə əsasən sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında bağlanan ikitərəfli, müəyyən bir hadisənin baş verəcəyi halda gələcəkdə yaranacaq öhdəlik haqqında razılaşma olduğundan konsensual, sığortalının sığorta haqqı ödəməsi müqabilində sığorta ödənişi aldığından əvəzli müqavilədir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk—sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 927.1-ci və 927.2-ci maddələrinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir: - zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; - sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; - sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; - sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Mülki Məcəllənin 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Göründüyü kimi tərəflər bağlanmış sığorta müqaviləsində sığorta haqqının tam ödənilməsi nəzərdə tutulmasına baxmayaraq iddiaçı tərəfindən sığorta haqqını tam şəkildə ödənilmədiyi üçün müqavilə ümumiyyətlə qüvvəyə minməmişdir. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İş materiallarından görünür ku, iddiaçı ilə Şirkət arasında xx.xx.2023-cü il tarixdə sığorta müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixində isə iddiaçı sığortalanmış avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Əgər iddiaçının iddia etdiyi kimi sığorta haqqının ödənilməsi hissəvi şəkildə razılaşdırılsaydı belə (hansı ki, işin halları bunu təsdiq etmir) o sığorta haqqının növbəti hissəsini ən geci xx.xx.2023-cü il tarixində ödəməli idi. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığortaçı müvafiq hissənin ödənilməməsinə görə sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi sığortaçı hər iki halda Mülki Məcəllənin 935.1,9-cu maddəsinə əsasən sığorta ödənişindən imtina etmək hüququna malikdir. İddiaçının iddia tələbinin sığorta haqqının hissəvi şəkildə ödənilməsi barədə razılığın olduğunu lakin ikinci ödənişin etməmə səbəbinin Şirkətin ləğv edildiyi xəbərini aldığını və sığorta agentinin ona ödəniş etməməli olduğunu bildirdiyi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ölkə üzrə bir neçə sığorta şirkətlərinə bağlanmış müqavilələr barəsində sorğu ünvanlayıb və həmin sorğulara gələn cavablardan da göründüyü kimi tərəfin sığorta sahəsində kifayət qədər təcrübəsi və məlumatı var. Odur ki, iddiaçı bilir ki, sığorta agenti vasitəçidir, sığorta müqaviləsinin xitamı və s. barəsində sual doğuran hal varsa birbaşa Şirkətin baş ofisi ilə əlaqə saxlamalıdır. Sığorta müqaviləsinə istənilən dəyişiklik isə yazılı qaydada həyata keçirilməlidir. Lakin iddiaçı bu məsələ ilə bağlı isə Şirkətin baş ofisinə yaxınlaşıb ödənişin edilməsi ilə bağlı hər-hansı cəhd etməmişdir. İddiaçının sübut kimi göstərdiyi whatsapp yazışmaları ilə məhkəmə qeyd edir ki, bununla bağlı qanunvericiliyin konkret tələbləri vardır. Sığorta müqaviləsinə dəyişiklik yalnız yazılı qaydada həyata keçirilir. Göründüyü kimi hadisə ilə bağlı cavabdeh Şirkətə müraciət olunmuş, qiymətləndirmə də aparılmışdır. Qanunvericiliyin tələbinə əsasən Sığorta haqqı müəyyən edilmiş vaxt ərzində ödənilməlidir. Sığorta haqqının ödənilməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsasdır. İddiaçı iddia edir ki, sığorta haqqını ödəmək imkanı olmamışdır. Cavabdeh Şirkət tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışda onlarla fiziki şəxsin sığorta haqqı ödədiyi əks olunur. Həmçinin bu hal "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda öz əksini tapmışdır. İddiaçının vəsatəti ilə dindirilmiş şahidlə bağlı isə məhkəmə qeyd edir ki, şahid sığorta müqaviləsinin hissəvi şəkildə razılaşdığını bildirsə də bunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, şahid cavabadeh Şirkətin keçmiş əməkdaşıdır və işdən azad edilmişdir. Verdiyi izahatların obyektivliyi sual altındadır. Bundan başqa iddiaçı izahatında "xxxx" ASC ilə sığorta müqaviləsi bağlanan zaman həmin avtomobilin cavabdeh Şirkətdə də sığortalandığını "xxxx" ASC-yə bildirdiyini qeyd etmişdir. Lakin, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında "xxxx" ASC ilə bağlanmış müqavilənin qismən sığorta olduğunu, yəni sığorta məbləğinin (on min manat) tam yox, yalnız bir qisminin ödəniləcəyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 896.1-ci maddəsinə əsasən, əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Göründüyü kimi Məcəllədə imperativ norma kimi müəyyən edilmişdir ki, qismən sığorta müqaviləsi bağlanırsa bu barədə müqavilədə müddəa olmalıdır. Qanunvericiliyin tələblərinə əsasən əgər qismən sığorta ilə bağlı müqavilədə müddəa yoxdursa, bu zaman müqavilə üzrə sığorta məbləği tam şəkildə ödənilir. Məhkəmə işin araşdırılan halları ilə bağlı bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsindən də görünür ki, sığorta şəhadətnaməsi sığorta haqqı tam və ya razılaşdırılmış ilk hissəsi ödənildikdən sonra qüvvəyə minmiş hesab olunur. Həmin müqavilədə ödənişin hissəvi razılaşdırıldığı halda sığorta haqqının sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi sayılan sığorta haqqının ödəniş cədvəlinə əsasən ödənilməli olduğu da nəzərdə tutulmuşdur. Mülki işin materiallarında isə ödəniş cədvəli və ya hissəvi ödənişlə bağlı hər-hansı sübut əlavə edilməmişdir. Göründüyü kimni iddiaçı tərəflər arasında sığorta haqqının hissəvi ödənilməsinə razılıq verildiyini iddia etsə də məhkəməyə bunu təsdiq edən hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilən hallara əsasən belə qənaətə gəlir ki, hazırki işdə sığorta haqqının tam şəkildə verilməsi razılaşdırılmışdır. Sığorta haqqı tam ödənilməmiş və tərəflər arasında sığorta müqaviləsi qüvvəyə minməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Qeyd edilən qanunvericilik normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, sığorta müqaviləsi üzrə müəyyən olunmuş məbləğ iddiaçı tərəfindən tam şəkildə ödənilmədiyindən sığorta müqaviləsi qüvvəyə minməmiş bu səbəbdən iddiaçı pul tələbi üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən haqlı olmamışdır. Həmçinin iddiaçı tərəflər arasında sığorta haqqının hissəvi ödənilməsinə razılıq verildiyini iddia etsə də məhkəməyə bunu təsdiq edən hər-hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbinə hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət yoxdur, iddia bu hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddiasının rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.