Məhkəmə qərarları › İş №e-2(006)-2835/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2835/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2835/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMM-ə və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMM-ə və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ölümünə görə sığorta ödənişi məbləğinin cavabdehlər Cavabdeh1 MMM-dən və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 Cavabdeh1 MMM-də fəhlə işləyərkən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMĞ-nin Sumqayıt şəhəri Bulvar ərazisində inşa edilən «Bulvar Residence» yaşayış kompleksinin tikinti sahəsində 9-cu mərtəbədən yıxılaraq istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür. Qeyd olunan hadisə ilə bağlı X1nun işəgötürən müəssisəsi olan Cavabdeh1 MMM tərəfindən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığorta ödənişinin verilməsi üçün Cavabdeh2 Sığorta Şirkəti ASC-yə müraciət edilmiş, Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının vaxtında ödənilməməsi səbəbindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. X1 Cavabdeh1 MMM-də işə başladığı zaman sığorta olunan kimi Cavabdeh1 MMM ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında bağlanılmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə AH********** saylı sığorta müqaviləsinə əlavə edilmiş, lakin sığortalı Cavabdeh1 MMM tərəfindən müvafiq sığorta haqqı vaxtında deyil, sığorta hadisəsi baş verdikdən sonra ödənilmişdir. X1 öldükdən sonra «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq anası X10, atası X3 və qızları İddiaçı, X6 faydalanan şəxs hesab olunurlar. Faydalanan şəxslərdən X10, atası X3 və X6 digər faydalanan şəxs İddiaçı etibarnamə vermişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bədbəxt hadisə baş verəndən sonra mərhumun qardaşını izahat verməsi üçün araşdırma aparan hüquq-mühafizə orqanına çağırmışlar. Cavabdeh1 MMM tərəfindən mərhumun yaxınlarına kompensasiya yox, dəfn xərcləri verilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçının atası X7 02 noyabr 2021-ci il tarixdə saat 12:00-da bədbəxt hadisə nəticəsində vəfat etmişdir. İddiaçının atası S.Ə.Həsənalıyevin sığorta olunmasına dair Cavabdeh2 Sığorta Şirkəti ASC-yə müraciət S.Ə.Həsənalıyevin işəgötürəni Cavabdeh1 MMM tərəfindən bədbəxt hadisə baş verdikdən sonra 02 noyabr 2021-ci il saat 13:20-də olmuşdur. Nəticədə, S.Ə.Həsənalıyev AH**********/50 saylı sığorta müqaviləsinə əlavə üzrə sığorta olunmuş və sığorta təminatı 03 noyabr 2021-ci il tarixdən başlanmışdır. Göründüyü kimi, S.Ə.Həsənalıyev bədbəxt hadisə baş verən zaman «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» üzrə Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığorta olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1, 922.1, 922.2, 922.3, «Sığorta fəaliyyəti haqqında Qanun»un 1.1.18-ci maddələrinə əsasən məhkəmədən iddia ərizəsinin sığorta şirkətinə aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMM-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, Cavabdeh1 MMM podrat müqaviləsi bağlayaraq, tikinti işləri aparmışdır. İlk öncə işçinin əmək müqaviləsi bağlanır. Portalda müqavilə bağlandıqdan sonra sığortaya aid portalda müəyyən düzəlişlər edilir. Bədbəxt hadisə baş vermişdir. Baş vermiş bədbəxt hadisəyə görə Cavabdeh1 MMM məsuliyyət daşımır. Hadisə üzrə cinayət işinə xitam verilmişdir. İddia tələbini MMM-ə aid hissədə qəbul etmirlər. Şirkətin sahibi tərəfindən mərhumun yaxınlarına kompensasiya ödənilmişdir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMM-in nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın onlara aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə Cavabdeh1 MMM-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - «İstehsalatda bədbəxt hadisə haqqında» 01/2021 saylı aktdan görünür ki, Cavabdeh1 MMM tərəfindən Sumqayıt şəhəri Bulvar ünvanında tikilməkdə olan kompleksin 2-ci girişinin qeyri-yaşayış hissəsinin 9-cu mərtəbəsində usta işləyən X7 02 noyabr 2021-ci il tarixdə saat 12.00 radələrində ona verilmiş təhlükəsizlik kəmərinin qarmağını armatur millərə bağlanmış xüsusi kəndirə bərkitmədən taxta materialdan hazırlanmış «T» şəkilli dayağı ayağının altına qoyaraq ən küncdəki sütuna çıxıb körpü atmağa başlamışdır və yuxarıda qeyd edilən bədbəxt hadisə baş vermişdir. Hadisədən sonra S.Ə.Həsənalıyev müəssisənin avtomobili ilə Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparılsa da, reanimasiya şöbəsinə daxil olduqda həkimlər artıq onun öldüyünü bildirmişlər. - Sumqayıt Şəhər Prokurorluğunun 14 dekabr 2021-ci il tarixli «cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar»ından görünür ki, ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Sumqayıt şəhər, Bulvar ərazisində tikintisi davam edən «Bulvar Residence» yaşayış kompleksinin 2 saylı binasının 9-cu mərtəbəsində tikinti-quraşdırma işlərinin görülməsinə cəlb olunmuş, işə başlamazdan öncə təlimatlandırılmaqla mühafizə vasitələri ilə (konkret olaraq qoruyucu kəmər) təmin edilmiş X8 daimi təsirli təhlükəli iş sahəsində qəlib işlərini həyata keçirərkən qoruyucu kəmərdən istifadə etmədiyinə görə, onun tərəfindən «Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»-nın 2.26 bəndinin və «təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»-nın 11-ci bəndinin tələbləri pozulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı 16 may 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında icbari sığorta müqaviləsi bağlanılmış və S.Həsənalıyev istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmişdir. Bildirilir ki, S.Həsənalıyevin xx.xx.2021-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat materiallarının surəti **********1 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh2 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. Nəzərə çatdırılır ki, istehsalat qəzası nəticəsində xəsarət almış işçiyə sığorta ödənişlərinin verilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanunun tələblərinə müvafiq qaydada həyata keçirilir. - Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı 17 aprel 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh2 Sığorta Şirkəti ASC ilə Cavabdeh1 MMC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır və xx.xx.2021-ci il tarixdə həmin sığorta müqaviləsi üzrə nəzərdə tutulmuş sığorta haqqı ödənilmiş və müqavilə xx.xx.2021-ci il tarixdə, saat 00:01-dən etibarən qüvvəyə minmişdir. Görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və S.E.Həsənalıyev hadisə zamanı sığorta olunan olmamışdır. Bu səbəbdən baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. - Cavabdeh2 Sığorta Şirkəti ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankın və iddiaçıya ünvanladığı 13 aprel 2023-cü il tarixli məktubda göstərilmişdir ki, araşdırma nəticəsidə imtina üçün əsaslar müəyyən olunduğundan Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir. - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə xx.xx.2021-ci il tarixli AH**********/50 saylı Əlavədən görünür ki, Cavabdeh1 MMM xx.xx.1981-ci il təvəllüdlü X5 münasibətdə Cavabdeh2 Sığorta Şirkəti ASC-yə 3000 manat ödəniş etmiş, sığortanın məbləği 39402,59 manat təşkil edir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X7 Cavabdeh1 MMM tərəfindən Sumqayıt şəhəri Bulvar ünvanında tikilməkdə olan kompleksin 2-ci girişinin qeyri-yaşayış hissəsinin 9-cu mərtəbəsində usta kimi işə başladığı zaman sığorta olunan kimi Cavabdeh1 MMM ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında bağlanılmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə AH********** saylı sığorta müqaviləsinə əlavə edilmiş, 02 noyabr 2021-ci il tarixdə saat 12:00 radələrində üzərində dayandığı taxta materialdan hazırlanmış «T» şəkilli dayaq qırılmış və o, müvazinətini itirərək hündürlükdən binanın həyətinə yerə yıxılmış və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə 01/2021 saylı «İstehsalatda bədbəxt hadisə haqqında» aktda və “cinayət işinə xitam verilməsi haqqında” qərarda müfəssəl şəkildə təsvir edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan hadisə ilə bağlı X1nun işəgötürən müəssisəsi olan Cavabdeh1 MMM tərəfindən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığorta ödənişinin verilməsi üçün Cavabdeh2 Sığorta Şirkəti ASC-yə müraciət edilmiş, sığortalı Cavabdeh1 MMM tərəfindən müvafiq sığorta haqqı vaxtında deyil, sığorta hadisəsi baş verdikdən sonra ödənilməsi səbəbindən Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh1 MMM tərəfindən mərhumun yaxınlarına müəyyən məbləğ ödəməklə bunun kompensasiya olması göstərilsə də, iddiaçı bu ödənişin kompensasiya deyil, dəfn xərcləri üçün verilməsini göstərmiş, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq mərhumun anası X10, atası X3 və qızları X6 və özü faydalanan şəxs hesab olunduqları üçün ona verilmiş etibarnamə əsasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən sığorta ödənişinin onun xeyrinə tutulmasını iddia etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarından, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunvericilik 1.1 İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. Maddə 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.12. sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal; 2.0.14. sığorta haqqı – icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; 3.1. Aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); 3.1.3. məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); 3.1.4. istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; 3.1.5. müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; 3.1.6. təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; 3.1.7. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - 7.2. Sığortalının aşağıdakı vəzifələri vardır: 7.2.1. bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq; 7.3. Bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində aydın şəkildə görünür ki, sığorta, sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən hadisənin baş verməsi əsasında ödənilməsini nəzərdə tutulur. Başqa sözlə, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verə bilməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq məlum olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Normada məhz “risklər” sözündən istifadə olunması mümkün sığorta hadisəsinin baş vermə imkanın ehtimallar əsasında güman edilməsi ilə bağlıdır. Göründüyü kimi, sığorta hadisəsi o hadisə hesab edilir ki, onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericilik sığorta haqqının anlayışına münasibətdə yenə də eyni mövqedən çıxış etmişdir. Belə ki, sığorta haqqı MM-in 903.1-ci maddəsinə görə, risklərin qəbul edilməsi və ya bölüşdürülməsi, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.14-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Bu o deməkdir ki, sığortalı sığortaçıya sığorta haqqı ödəyərkən sığorta hadisəsi hələ baş verməmiş olur, lakin sığortalı gələcəkdə belə hadisənin baş verə biləcəyəni istisna etmədiyindən, bunun üçün müəyyən risklərin mövcud olduğunu güman etdiyindən özünü, əmlakını, işçisini və s. sığortaçıda sığortalamağa, buna görə də müəyyən məbləğdə sığorta haqqı ödəməyə qərar verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.5-ci maddəsinə görə, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. İddiaçı tərəf sığorta hadisəsi baş verdiyi və X1 Cavabdeh1 MMM-də işə başladığı zaman sığorta olunan kimi Cavabdeh1 MMM ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında bağlanılmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə AH********** saylı sığorta müqaviləsinə əlavə edilməsinə istinad edərək sığorta haqqının hər iki cavabdehdən tutulmasını iddia etsə də, iddiaçının özünün də göstərdiyi və iş materialları ilə də təsdiq olunduğu kimi hazırki iş üzrə sığorta müqaviləsi bədbəxt hadisə baş verəndən sonra, işəgötürən tərəfindən təqdim olunmuş siyahı üzrə bir neçə şəxsə münasibətdə bağlansa da, mərhuma münasibətdə müvafiq sığorta haqqı vaxtında deyil, sığorta hadisəsi baş verdikdən sonra ödənilmişdir. Məhkəmə qeyd edir ki, sığorta ödənişi hadisədən baş verməzdən bir neçə saat öncə həyata keçirilsə idi belə, mərhuma münasibətdə ümumi icbari sığorta müqaviləsi yalnız növbəti gün saat 00:00-dan qüvvəyə mindiyindən həmin hadisə hazırkı işdə sığorta hadisəsi hesab oluna bilməzdi. Məhkəmə daha sonra qeyd edir ki, sığorta haqqı vaxtında ödənildiyi halda, bədbəxt hadisədən sonra sığorta ödənişinin imtinası ilə bağlı cavabdehliyi yalnız sığorta şirkəti daşıya bilərdi. Belə ki, bədbəxt hadisənin sığorta hadisəsi hesab edilməsi üçün bu hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi zəruri şərtdir. Məhkəmə həmçinin qeyd etməyi də zəruri sayır ki, Cavabdeh1 MMM Cavabdeh2 Sığorta Şirkəti ASC ilə aralarında bağlanmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə AH********** saylı sığorta müqaviləsi üzrə sığorta haqqı hadisədən daha əvvəl ödənilməsi həyata keçirildiyi halda hazırda iddiaçı tərəfə məhz həmin müqavilə əsasında Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi verilərdi və bunun üçün tələb irəli sürməyə zərurət olmazdı. Təqdim olunmuş sənədlərdə mərhumun baş vermiş bədbəxt hadisə anınadək həmin yerdə yerinə yetirdiyi peşə (vəzifə) üzrə stajının xx.xx.2021-ci il tarixdən hesablandığı görünür. Göründüyü kimi, X1 Cavabdeh1 MMM-də işə başladığı zaman sığorta olunan kimi Cavabdeh1 MMM ilə Cavabdeh2 Sığorta Şirkəti ASC arasında bağlanılmış «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə AH********** saylı sığorta müqaviləsinə əlavə edilsə də, işəgötürən bədbəxt hadisənin baş verdiyi anadək keçən 1 ay 1 gün ərzində işçini sığorta etdirməmiş, bununla da, iddiaçı tərəfi sığorta ödənişi almaqdan məhrum etmişdir. Başqa sözlə, sığorta haqqı bədbəxt hadisənin baş verməsindən sonra ödənilmişdir ki, bu halda sığorta müqaviləsi qüvvəyə mindikdə artıq hadisə baş vermişdir. Buna görə də S.Ə.Həsənalıyev bədbəxt hadisə baş verən zaman «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» üzrə Cavabdeh2 Sığorta Şirkəti ASC-də sığorta olunmuş kimi qiymətləndirilmir. Beləliklə də, işin araşdırılmış halları ilə Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən iddiaçı tərəfin heç bir hüququnun pozulması müəyyən edilmir və məhkəmənin qənaətinə görə Cavabdeh2 Sığorta Şirkəti ASC-nin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.18-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 MMM-yə aid hissəsi ilə bağlı qeyd edir ki, sığorta ödənişinin verilməsi tələbi üzrə Cavabdeh1 MMM sığorta şirkəti olmadığı üçün ondan sığorta ödənişi qismində tutulmalar aparıla bilməz. Lakin müəyyən edilmişdir ki, Cavabdeh1 MMM tərəfindən bədbəxt hadisə nəticəsində xəsarət alan şəxsə münasibətdə işəgötürən özünün qanunla müəyyən edilən sığorta etdirmək vəzifəsini yerinə yetirməmiş, onu sığorta olunanlar siyahısına daxil etməmiş, onun əmək haqqı və peşə risk dərəcəsi barədə sığortaçıya məlumat verməmiş, bu səbəbdən ona münasibətdə sığorta haqqı müəyyən edilməmiş və ödənilməmişdir. Başqa sözlə mərhum icbari qaydada sığorta olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh MMM işçini sığorta etdirmək vəzifəsini vaxtında yerinə yetirmədiyi üçün sözügedən bədbəxt hadisəyə görə iddiaçı tərəf qarşısında işəgötürən öhdəlik daşıyır. Buna görə də Cavabdeh1 MMM bu hərəkəti ilə iddiaçı tərəfi sığorta ödənişi almaqdan məhrum edilməsi faktı baş verdiyi üçün sonuncuya məhz alınmasına ümid etdikləri və sığorta müqaviləsi vaxtında bağlandığı halda qanunvericiliyə əsasən ala biləcəyi sığorta məbləği həddində vurulmuş zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Hazırki halda iddia tələbi sığorta ödənişi ilə bağlıdır və yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 MMM-dən sığorta ödənişi tələbi əsaslı sayıla bilməz və buna görə də təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMM-ə və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar