Məhkəmə qərarları › İş №e-2(006)-2838/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2838/2025

03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2838/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1984-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. X6 tarix fakultəsini bitirdikdən sonra xx.xx.2007-ci il tarixdə öz istəyi ilə ehtiyat zabit hazırlıq kursuna getmiş, təlimlərdə iştirak edərək kursu bitirdikdən sonra leytenant rütbəsi alaraq hərbi xidmətə başlamışdır. Bir sıra hərbi hissələrdə xidmət etmiş, N il ərzində 1-ci Ordu Korpusuna tabe olan hərbi hissələrdə, o cümlədən 2012- 2014-cü illərdə Ağdamda yerləşən hərbi hissədə xidmətdə olmuşdur. Vətən müharibəsində fəal iştirak etmiş, 30 sentyabr 2020 tarixdə döyüşlər zamanı qəlpə yarası almışdır. Sonradan Şuşada yerləşən N saylı hərbi hissədə mayor rütbəsində hərbi xidmət keçmişdir. Hazırda Ağdamda yerləşən N nömrəli hərbi hissədə hərbi xidməti davam etdirir. İddiaçıya qarşı cinayət əməlləri törədilərkən ön xətdə yerləşən 2-ci Ordu Korpusunda (Beyləqan korpusu da adlanır) kapitan rütbəsində tabor komandirinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. 07 may 2017-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmiş, Bəyanatda göstərilmişdir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddimaraqları naminə hərbisirr təşkiledən məlumatlarıəldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və digər faktları üzrə 03 may 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlamışdır. Bütün bu hadisələr şərti olaraq “Tərtər işi” adını almışdır. İddiaçı da sözügedən iş çərçivəsində müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətdə olarkən çoxsaylı digər hərbi qulluqçularla birlikdə qanunsuz olaraq saxlanılmış, fiziki və psixi zorakılığa məruz qalmışdır. Belə ki, iddiaçı 2017-ci il may ayının 4-də 15 günlük məzuniyyətə çıxmışdır. Həyat yoldaşını xəstəxanaya aparmalı olduğundan həmin vaxt Bakıda olmuşdur. May ayının 9-da N saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Seymur Həbibullayev ona zəng edərək “sən xaricə kursa gedirsən, bu səbəblə diplomunu, sertifikatını və formanı götür, hərbi hissəyə gəl” demiş, iddiaçı Bakıda olduğunu, hərbi formasının və sənədlərinin isə yaşadığı Qazax rayonunda olduğunu bildirmişdir. Ondan gedib rayondan sənədlərini və formasını götürməsi, gecə də olsa, özünü hərbi hissəyə çatdırması istənilmiş, ona “səhər saat 8-də 2-ci Ordu Korpusunun qərargah rəisi Bəkir Orucovun qarşısına çıxacaqsan” deyilmişdir. İddiaçı evə zəng edərək rayondan hərbi formasını və sənədlərini göndərmələrini istəmiş, həmin əşyaları yolda götürmək üçün Bakını tərk edib təcili yola düşmüşdür. Qazaxdan gələn maşın əşyalarını Kürdəmir rayonunda kafedə qoymuş, iddiaçı əşyalarını oradan götürmüşdür. İddiaçı gecikəcəyindən ehtiyat etdiyi üçün dostu leytenant Vəfadar Umarova (hazırda N saylı hərbi hissədə xidmət edir) zəng edərək onun Ağdamın Quzanlı kəndinə gəlməsini, oradan onu maşınında Füzuliyə hərbi hissəyə aparmasını xahiş etmidir. Bir müddət sonra Seymur Həbibullayev iddiaçıya zəng edərək V.Umarovun Quzanlıda hərbi polis tərəfindən saxlanıldığını bildirmiş, iddiaçıdan həmin şəxsi onun çağırıb-çağırmadığını dəqiqləşdirmişdir. İddiaçı V.Umarovu onun çağırdığını, onu aparmaq üçün Quzanlıya gəlməsini xahiş etdiyini demişdir. S.Həbibullayev ondan Bərdə rayonunda hərbi polisə gedib məsələni aydınlaşdırmasını istəmişdir. İddiaçı Bərdə rayonunda hərbi polisə getmiş, növbətçi Ruhid Hüseynovdan V.Umarovun saxlanılmasının səbəbini soruşmuş, o isə bu suala cavab verə bilməyəcəyini demişdir. İddiaçı yuxarı rəhbərliyə məlumat verilməsini xahiş etmiş, R.Hüseynov ondan kənarlaşıb kiməsə zəng edəndən sonra iddiaçı içəri aparılmışdır. İçəri keçdikdə arxasınca qapılar dərhal bağlanmışdır. İddiaçı saxlanıldığını anlamış, R.Hüseynovdan bunun səbəbini soruşduqda o, belə bir göstəriş verildiyini bildirmişdir: “dedilər sənin əllərini və gözlərini bağlayıb bura salım, mən zabit kimi ancaq o köməyi edə bildim ki, səni bu şəkildə saxladım”. İddiaçı salındığı kamerada saxlanılmasına etiraz etmişdir. Gecə saatlarında hərbi polis rəisinin Qərargah rəisi mayor Ərəstun İsmayılov gəlmiş, iddiaçı ona məzuniyyətdə olan zabitin heç bir əsas olmadan haupvaxta salınmasının nə demək olduğunu soruşmuşdur. Ə.İsmayılov onun cinayət törətdiyinə işarə edərək “məzuniyyətdə olan zabiti niyə həbs edirlər, yaxşı bilirsən” cavabını vermişdir. İddiaçı buna etirazını bildirmiş, Ə.İsmayılovun dediklərinin məsuliyyətini daşımalı olduğunu bildirmişdir. O isə “səhər görəcəksən kim məsuliyyət daşıyır” cavabını vermişdir. İddiaçı may ayının 9-u gecə Bərdə rayonunun hərbi polisində qalmışdır. May ayının 10-da səhər saat 8-də hərbi polisin “Fiat Doblo” markalı avtomobili ilə 3 hərbi polisin müşaiyəti ilə Mingəçevirdə yerləşən N sayılı hərbi hissənin köhnə kazarmasına aparılmışdır. Ora çatanda qanunsuz süni səhra məhkəməsi yaradıldığını görmüş, bura gətirilən hərbi qulluqçuların sorğu-sual edildiyinin deyil, ah-nalələrinin, bağırtılarının, nərələrinin şahidi olmuşdur. İddiaçı 1-ci Ordu Korpusunun hüquqşünası mayor Fuad Ağayevin yanına aparılıb ona təhvil verilmişdir. F.Ağayev onun gözlərinin və əllərinin bağlanmasına göstəriş vermiş, qara maskalı şəxslər əmri icra etmişdir. Həmin gündən 3 gün ərzində - may ayının 12-ə qədər iddiaçı orada mütəmadi olaraq ağır işgəncələrə məruz qalmış, əl-ayaqla, müxtəlif vasitələrlə döyülmüş, bədəninin müxtəlif hissələrinə, cinsiyyət orqanına, o cümlədən dişlərinə elektrik naqili verilmişdir. Ondan ermənilərlə əlaqəsinin olduğunu etiraf etməsi tələb edilmiş, vaxtilə Ağdamda xidmət edərkən tabor komandiri, həmin vaxt mayor rütbəsində olan Cavid Ağayevin (2017-ci ilin mayında cənub zonasında yerləşən hərbi hissələrdən birində xidmət etsə də, o da qanunsuz saxlanılıb işgəncəyə məruz qalmışdır) erməniyə işləməsini təsdiqləməsi istənilmişdir. O isə buna etiraz etdiyi üçün dişi kəlbətinlə çəkilib çıxarılmışdır. Ona “oğlunu gətirib yan otaqda öldürəcəyik, görək ondan sonra da C.Ağayevi müdafiə edəcəksənmi?” deyilmiş, işgəncə verilməsi davam etdirilmişdir. 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənov da bu “sorğu-suallar”ın birində iştirak etmiş, iddiaçının başına silahı dirəyib “əgər təsdiqləməsən, başından vuracağam” deyərək onu hədələmişdir. İddiaçı həmin müddətdə başqa hərbi qulluqçulara da işgəncə verildiyini görmüş, işgəncələr dayandırılmamışdır. Həmçinin, bu müddət ərzində ac və susuz saxlanılmışdır. May ayının 12-də iddiaçı hərbi prokurorluğun müstəntiqlərinin yanına aparılmış, orada hərbi xidmət zamanı tanıdığı müstəntiq Emin Vəliyev onu tanımış, gözünü açdırmışdır. Ondan nə üçün ora gətirildiyini soruşmuş, o da “mənim özümə də qaranlıq qalıb ki, mən bura niyə gətirilmişəm” cavabını vermişdir. E.Vəliyev bunu aydınlaşdıracağını demiş, məlum olmuşdur ki, iddiaçının adını onunla əvvəllər Ağdamda birgə hərbi xidmət etmiş zabit Elvin Rəfiyev vermişdir. E.Rəfiyev iddiaçı ilə üzləşdirilmiş, ona verilən işgəncələrə dözməyərək məcbur olub yalandan iddiaçının əleyhinə ifadə verdiyini etiraf etmişdir. Bundan sonra fiziki işgəncələr dayandırılmış, lakin psixoloji təzyiq və təhqir daha bir həftə davam etmiş, şəxsiyyəti alçaldılmışdır. Mayın 19-da ona bildirilmişdir ki, 100 nəfər xoşbəxt adamın siyahısı gəlib, siyahıda olanların günahı yoxdur. İddiaçı kazarmadan çölə çıxarılıb sıraya düzülmüş, sırada olanların bir-bir adları çəkilmişdir. İddiaçının adı siyahı üzrə 96-cı olmuş, siyahı oxunub qurtardıqdan sonra adları çəkilən hərbi qulluqçuların gözləri açılmış, N saylı hərbi hissənin yeni kazarmalarına aparılmışlar. Orada onlara yuyunmalarına icazə verilmiş, yuyunarkən “trapa” su yerinə ancaq qan axıdılmışdır. Onlara köhnə paltarlar verilmiş, yenidən köhnə hərbi hissəyə qaytarılmışlar. İddiaçı may ayının 31-ə kimi orada qalmış, 2-ci Ordu Korpusunun komandiri general-mayor Mayis Bərxudarov təkidlə onu geri çağırdığı üçün həbs olunmaqdan qurtulmuş, onunla birlikdə gələn, 1-ci Ordu Korpusunda xidmət edən zabitlərin əksəriyyəti isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Mayın 31-də iddiaçını 706 nömrəli Hərbi Hissənin kadrlar rəisi mayor Arzu Tağıyev hərbi hissəyə aparmış, yolda ona “səni daha 10 gün saxlamaq istəyirdilər, lakin korpus komandiri Mais Barxudarov təkid edib ki, əgər onun barəsində heç bir sübut yoxdursa mənim zabitimi qaytarın” demişdir. İddiaçı həm Arzu Tağıyevə, həm də hərbi hissənin kadrlar şöbəsinə olanlardan sonra xidmət etmək istəmədiyini bildirmişdir. Bu korpus komandiri M.Bərxudarova çatdırılmış, o isə iddiaçıya vaxt lazım olduğunu bildirmiş və məzuniyyətə buraxılmasına göstəriş vermişdir. İyunun 3-də iddiaçı 15 günlük məzuniyyətə buraxılmışdır. İddiaçı evə qayıtdıqdan sonra baş verənlərlə bağlı Prezidentə, 1-ci Vitse-Prezidentə, Baş Prokurorluğa müraciətlər etmişdir. Prezidentə və 1-ci Vitse-Prezidentə ünvanladığı müraciətləri baxılması üçün Baş Prokurorluğa göndərilmiş, Baş Prokurorluq isə cavab məktubunda ona araşdırma aparıldığını bildirmişdir. Bu cavablardan sonra işgəncə verənlər təşvişə düşmüş, hətta 1-ci Ordu Korpusun komandiri H.Həsənovun o vaxtkı müavini polkovnik Babək Səmidli ona 15000 (on beş min) manat pul təklif etmişdir. O, iddiaçıya “bunlar kəsilən maaşın və digər xərclərin üçündür” demiş, o isə “öncə valideyinlərimdən üzr istəyin və lazimi təzminatı verin, ondan sonra söhbəti bağlayaq” cavabını vermiş, lakin B.Səmidli bu tələblərlə razılaşmamışdır. İddiaçı 15 günlük məzuniyyətdən qayıtdıqdan sonra yenə hərbi xidməti davam etdirmək istəmədiyini bildirmiş, onun 2-ci Ordu Korpusunun komandiri M.Bərxudarov öz sərəncamına götürmüş, iddiaçı hərbi hissəni tərk etmişdir. 2017-ci ilin oktyabrında istəyi nəzərə alınaraq N saylı hərbi hissəyə keçirilmişdir. 2018-ci ildə iddiaçı izahat vermək üçün Baş Prokurorluğa çağırılmış, qurumun Fərid Zamanov adlı müstəntiqi iddiaçıdan izahat almış, o, başına gələnləri danışmış, ona ağır işgəncələr verildiyini, zorakılıq göstərən 1-ci Ordu Korpusunun komandiri general-mayor Hikmət Həsənovun və 8 nəfər “SAT” əməkdaşlarından tanıdığı üç nəfərin - Tural Məmmədov, Rasim Əkbərov, Tərlan Mahmudovun adlarını çəkmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyivə Dövlət Təhlükəsizlik Xidməti “Tərtərişi” ilə əlaqədar 18 dekabr 2021ci il tarixdə birgə məlumatla çıxış etmişdir. Məlumatda bildirilmişdir ki, “zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi Qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin başvermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 16 dekabr 2021-ci ildə Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib”. İddiaçı da yenilənmiş icraat çərçivəsində prosesə cəlb edilmiş, izahatı alınmış, hazırda Bakı Hərbi Məhkəməsinin icraatında olan 1-1(093)-100/2023 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin, həmin iş üzrə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 7/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmələrinə dair məhkəmə aktı mövcuddur. “Tərtər hadisələri”nin üzərindən N ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçı orada eşitdiyi ah-nalələri, bağırtı səslərini hələ də unuda bilmir, həmin səsləri gecə yatanda da eşidir, hər dəfə xatırladıqda stres keçirir. İddiaçı gördüklərindən və keçirdiyi hisslərdən hələ də özünə gələ bilmir. Onun özünün yaşadıqları ilə yanaşı, ordumuzun digər hərbi qulluqçularının ağır işgəncəyə məruz qalması, onların “sındırılmasını” görməsi iddiaçıya ağır mənəzi iztirablar yaşatmışdır. Bundan başqa, həmin dövrdə yaşadığı yerdə hər kəs iddiaçını “Vətən xaini” hesab etmişdir. Mütəmadi davam edən ağır və dözülməz işgəncələr nəticəsində iddiaçının səhhətində ciddi problemlər İddiaçı zabit yoldaşları Ruslan Seyidəhmədov, Ziya Kərimli və başqalarından, eləcə də əmisi oğlundan aldığı borc hesabına müayinə və müalicələr almış, müalicə və müayinələrə iki il ərzində 8000 manat xərci çıxmışdır. Aldığı borcları qaytarmaq üçün 2019-cu ildə “Kapital Bank”dan kredit götürmüş, borclarını qaytarmışdır. İddiaçı sərəncamda olduğu zaman Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına göndərilmiş, lakin burada soyuq münasibət gördüyü üçün oranı vaxtından əvvəl tərk etməli olmuşdur. İki il ərzində əsasən dişlərindən, bağırsaqlarından müalicə almışdır. Ağır işgəncələr nəticəsində bədəninin hər yeri zərər görmüşdür. Hər iki ayaqlarında, bədənində, başında xəsarətin izləri qalıb, dişləri çıxarılıb. Baş verənlərə görə iddiaçın əsəbləri pozulub, danışığında qüsurlar əmələ gəlib, ən xırda şeylərə belə kəskin reaksiya verir və hər zaman həyəcan içindədir. “Vətən xaini” adı ilə aparılıb əsassız sorğu-suala, qeyri-insani və ləyaqəti alçaldan rəftara, ağır işgəncələrə məruz qalması, ailə üzvləri ilə əlaqə yaratmasına imkan verilməməsi, “Vətən xaini” olaraq tanıdılması onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaradıb. İddiaçının dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özünə deyil, ailə üzvlərinə də mənəvi iztirab yaşadıb. Belə ki, bu müddət ərzində atası X4 intihara cəhd edib və oğlunun adına yaxılmış belə bir ağır və bərpaolunmaz ləkəni qəbul edə bilməyib. Bundan əlavə ailə üzvlərinin onun barəsində günlərlə məlumatı olmayıb, yuxusuz gecələr keçirmişlər. Yaşadığı yerdə qonşular, qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılıb, bütün bu baş verənlər ona ağır mənəvi iztirablar yaşadıb. Bununla da iddiaçı təqsirləndirilən şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində maddi və mənəvi zərər çəkmiş, özü və ailəsi stres və sarsıntı keçirmişdir. Odur ki, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçı 2007-ci ildə 20 illik - 2027-ci ilə qədər könüllü bağlaşma bağlamışdır. Bağlaşma üzrə iddiaçının aylıq gəliri 1802,07 (min səkkiz yüz iki manat, yeddi qəpik) manat olmuşdur (ödəniş kartı üzrə çıxarış əlavə edilir). İddiaçı 09 may 2017-ci ildə qanunsuz saxlanılması nəticəsində həmin ay üzrə gəlirdən məhrum edilmişdir. Sərəncamda olduğu dövrdə əmək haqqını yalnız 2-ci Ordu Korpusunun komandirinin təşəbbüsü əsasında almışdır. Odur ki, 2017-ci ilin may ayı üzrə ödənilməmiş 1802,07 (min səkkiz yüz iki manat, yeddi qəpik) manat iddiaçıya qeyd edilən məbləğdə maddi ziyan ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri isə 500.000 (beş yüz min) manat məbləğində qiymətləndirir. Qeyd edilənlərə əsasən İddiaçı vurulmuş maddi ziyana görə 1802,07 (min səkkiz yüz iki manat, yeddi qəpik) manat, mənəvi zərərə görə 500.000 (beş yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi etiraz təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar 1802.07 manat məbləğində maddi ziyanın, 500.000 manat məbləğində mənəvi ziyanın, ümumilikdə 501.802,07 manatın ödənilməsi tələbi ilə çıxış edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən aidiyyəti dövlət orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi ziyana məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, həbs olunduğu günə qədər 10 ilin zabiti, komandada ikinci dərəcəli şəxs idi. Lakin bu hadisələrdən sonra anidən “heç kim”ə çevrildi. Həmin vaxt orduda hərb hissə komandiri vəzifəsinə qədər çalışan bir çox hərbçi haqsız yerə saxlanılmış, ağır işgəncələrə məruz qalmışdı. Dişləri çəkilmiş, başına silah dirənmiş, bədəninə elektrik naqili verilmişdi. Hikmət Həsənov onu 8 yaşlı oğlunu gözünün qabağında öldürməklə hədələyərək, bir zabitin ermənilər üçün çalışdığını deməyə məcbur etmişdi. Halbuki, belə bir hadisə heç vaxt yaşanmamış, həmin hərbçinin ölkənin əleyhinə fəaliyyət göstərdiyini heç bir zaman görməmişlər. Hazırda ürəyi xəstədir, əsəblərini idarə edə bilmir, hər gün dərman içməli olur, çəkilən dişlərini müalicə etdirməyə isə imkanı yoxdur. Hadisələrdən 2 il sonra Hərbi Prokurorluq tərəfindən üzərində ekspertiza keçirilmiş və onda 76 travma izi aşkar edilmişdir. Atası baş verənlərə dözə bilməyib intihar etməyə cəhd göstərmişdir. Vətənə xidmət borcunu yerinə yetirmiş, tank qarşısına tək silahla çıxmış, bu işgəncələrə rəğmən, 2-ci Qarabağ müharibəsində də səngərdə iştirak etmişdir. Zəhmətin qarşılığı olaraq işgəncəyə məruz qaldığı hər bir gün üçün 500 manatın verilməsini çox aşağı hesab edir, bu məbləğ onu heç cür qane etmir. Təəssüf ki, nə Bakı Hərbi Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsində ona işgəncə verən 4 şəxsin heç adı belə çəkilmədi, onlar hələ də yüksək vəzifədədirlər, əslində onlar heç vaxt düşmən qarşısına belə çıxmamışlar. O isə müharibə zamanı neçə əsgər yoldaşının şəhid olmasına şahid olmuş, travmalara görə 20 dəqiqə koma vəziyyətində qalmış, hər gün əsəb dərmanları içir, anidən 37 kilo kökəlmişdir. İndi korpus komandiri onu idman edə bilmədiyinə görə tənqid edir, o bunu ona işgəncə verərkən düşünməli idi. İşgəncə verənlər Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri olduğu halda, ölkənin maliyyə siyasətini Maliyyə Nazirliyi idarə etdiyinə görə, cavabdeh olaraq onu seçməyi haqlı hesab edir. Hesab edir ki, işgəncəyə məruz qaldığı günlər üçün ona nə qədər pul verilsə belə, yenə də azdır, əldə edəcəyi məbləği ailəsinin güzəranını yaxşılaşdırmaq üçün istifadə edəcəkdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə ona 22 gün işgəncə verildiyini, işlədiyi son ayın gəlirinin 1802 manat olduğunu, lakin 22 gün həbsdə olduğuna görə may ayında 300 manatdan aşağı məbləğ ödənildiyini, əmək haqqının hər növbəti ayın 5-i verildiyini, həbsdən çıxdıqdan sonra maaşının bərpa olunduğunu bildirmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1- 1(093)-7/2024 saylı Hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. 9.Sözügedən Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ...706 nömrəli hərbi hissənin 3-cü tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri birlikdə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemek saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 10 may 2017-ci il tarixdən 31 may 2017-ci il tarixədək, cəmi 21 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçıvə onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. 10.İş materiallarında olan xx.xx.2020-ci il tarixli Arayışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu, mayor İddiaçı Məhəmməd oğlu, xx.xx.2020-ci il tarixdə “Sol əlin İV barmağının və sol ayağın kor qəlpə yaralanması” diaqnozu ilə N nömrəli hərbi hissəyə müraciət etmiş və ambulator yardım göstərilmişdir. 11.İş materiallarında olan 9184 nömrəli arayışa əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 378 nömrəli göndəriş ilə xx.xx.2020-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi xidmətə müvəqqəti yararsız olması, xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməli olması nəzərdə tutulmuşdur. 12.İş materiallarında olan 16 may 2018-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərara əsasən İddiaçı ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 13.İş materiallarına həmçinin, İddiaçı məxsus “qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, 5210 nömrəli epikriz, fəxri fərman və məhkəmə sorğusuna əsasən təqdim edilən ödəniş kartı üzrə çıxarış məlumatları əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 10 may 2017-ci il tarixdən 31 may 2017-ci il tarixədək Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən ağır pisixi və fiziki işgəncələrə məruz qalmışdır. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. 14.Beləliklə, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən İddiaçı ağır pisixi və fiziki işgəncələrə məruz qalmasının” qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilməsi hazırkı iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz haldır. 15.Hazırda iddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən ona işgəncələr verilməsi nəticəsində 500.000 manat məbləğində mənəvi zərərə, həmçinin 2027-ci il tarixədək bağlaşma müqaviləsinin olmasına baxmayaraq, 2017-ci ilin may ayı üzrə aylıq 1802.07 manat məbləğində əmək haqqısından məhrum olduğuna görə 1802.07 manat məbləğində maddi zərərə məruz qaldığını bildirir və cavabdeh Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına həmin məbləğin ona ödənilməsini məhkəmədən xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 17.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 18.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 19.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 20.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 21.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 22.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 23.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 24.Hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. 25.Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 500.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. 26.Məhkəmə hesab edir ki, şəxsin hökmlə 10 may 2017-ci il tarixdən işgəncəyə məruz qalması qeyd edilsə də, iddiaçı 09 may 2017-ci il tarixdə axşam saatlarında tutulmuş və sonradan şiddətli işgəncələr məruz qalması da hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı müddətdə keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 12.000 manat məbləğdə müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. 27.Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, işin diqqətəlayiq hallarını, işgəncənin ağırlığını (gün ərzində saatlarla döyülməsi, işgəncə zamanı bədəninin müxtəlif nahiyələrinə tok verilməsi, dişlərinin kəlbətinlə çıxarılması, işgəncə zamanı ağrıdan 20 dəqiqə ərzində şokda olması, bədənində müxtəlif 76 travma izinin olması), eləcə də iddiaçının Vətən müharibəsi iştirakçısı olmasını (qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, fəxri fərmanlarla təltif edilmişdir), göstərdiyi şücaəti və vətənə sədaqətini nəzərə alaraq iddiaçının məruz qaldığı rəftara görə ona ağlabatan olaraq 12.000 manat məbləğin ödənilməsi ədalətli və ağlabatan hesab olunur. 28.Məhkəmə iddia tələbinin “1802.07 manat maddi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı tələbin bu hissəsini məhrum olduğu bir aylıq əmək haqqı ilə əsaslandırır. 29.İşin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi iddiaçı, qanunsuz olaraq azadlığı məhdudlaşdırıldığı dövrdə, yəni 2017-ci ilin may ayı üzrə aylıq əmək haqqının bir hissəsindən məhrum edilmişdir. Belə ki, iş materiallarına əlavə edilən ödəniş kartı üzrə çıxarış məlumatlarından göründüyü kimi iddiaçıya 2017-ci ilin 19 iyun tarixində (həmin ilin may ayı üzrə işlədiyi günlərə münasibətdə) cəmi 285.99 manat məbləğində əmək haqqı ödənilmişdir. Hazırda iddiaçı işlədiyi son ay üzrə gəlirinin 1802.07 manat olduğunu iddia edərək may ayı üzrə də məhrum olduğu həmin məbləğin ona ödənilməsini tələb edir. Halbuki, iş materiallarına əlavə edilən ödəniş kartı üzrə çıxarışdan da göründüyü kimi iddiaçıya may ayı üzrə artıq 285.99 manat ödənilmişdir, eləcə də iddiaçı da sonuncu məhkəmə iclası zamanı izahatında ona həmin ay üzrə 300 manata yaxın ödəniş edildiyini bildirmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində də əsaslı hesab edilərək qismən təmin edilməli və iddiaçının məhrum olduğu 1516.08 (1802.07-285.99=1516.08) manat məbləğində maddi ziyanın əvəzi ona ödənilməlidir. 30.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 1516.08 (min beş yüz on altı manat, səkkiz qəpik) manat məbləğində maddi və 12.000 (on iki min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 13.516.08 (on üç min beş yüz on altı manat, səkkiz qəpik) manat məbləğində pul ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 33.Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 1516.08 (min beş yüz on altı manat, səkkiz qəpik) manat məbləğində maddi və 12.000 (on iki min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 13.516.08 (on üç min beş yüz on altı manat, səkkiz qəpik) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar