Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2864/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı **********2 VÖEN ilə qeydiyyatdan keçmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh2 ********** VÖEN ilə qeydiyyatdan keçmişdir. Daxil olmuş iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçının bildirdiyinə görə o, "xxxx" MTK-nın 2018-ci ilədək payçısı olmuşdur. "xxxx" MTK-da payı 66,5 % təşkil edirdi. Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə Salatın Əsgərova, Şamil Əzizbəyov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yüksək mərtəbəli binaların inşa edilməsi üçün 0,63 ha torpaq sahəsi ayrılıb. Həmin Sərəncama əsasən, ərazidə yaşayan insanların əmlakları alqı-satqı edilməli və evlər sökülməlidir. Sərəncamın icrası üçün külli miqdarda pul vəsaiti tələb edildiyindən iş ortağı olunması üçün iş adamı Qədimbəyli Yusifə müraciət edilmişdir və birgə inşa işlərinin aparılmasına razılığı alınmışdır. Bundan sonra ərazidə yaşayan insanların bir hissəsi köçürülmüş və nəzərdə tutulmuş kvartalın bir binası inşa edilmişdir. Həmin bina təxminən 0,11 ha ərazini əhatə edir. Binaya sakinlər köçürüldükdən sonra digər işlərlə əlaqədar olaraq yerdə qalan 0,52 ha torpaq sahəsində inşaat işlərinin aparılmasından imtina etmişdir. Payının alınması üçün iş ortağı Qədimbəyli Yusifə müraciət etdikdə, o verməli olduğu məbləği yalnız digər binalar inşa edildikdən sonra ödəyə biləcəyini deyib. Aralarında olan razılaşmaya əsasən ona Qədimbəyli Yusif tərəfindən ******* manat ödənilməli idi. Məbləğin böyük olması və aralarındakı inamı nəzərə alaraq o şərtlə razılaşmışdır. Bundan sonra "xxxx" MTK-da həm özünə məxsus, həm də yaxın adamlarının adına qeydiyyatdan keçirdiyi digər payları Qədimbəyli Yusifin adına formal alqı-satqı müqaviləsi ilə keçirib. Payların alqı-satqı müqaviləsi 14 saylı Notariat ofisində imzalanmış və toplam dəyəri 28330 manat qeyd edilmişdir. Müqavilə formal imzalandığı üçün ona və digər satıcılara hər hansı bir vəsait ödənilməmişdir. Payların alqı-satqı müqaviləsi 18 iyul 2018-ci il tarixdə imzalanmış və 3M-782 nömrə ilə reyestrdə qeydiyyata alınmışıdır. Müqaviləni imzalayan zaman Qədimbəyli Yusif ona dərhal inşaat işlərinə və əhalinin köçürülməsinə başlayacağını desə də, bu baş verməmişdir. Hər dəfə ona müraciət etdikdə müxtəlif bəhanələr gətirərək vaxtı uzadırdı. Bir müddət öncə son müraciətində o konkret olaraq inşaat işləri aparmayacağını və ona hər hansı vəsait verməyəcəyini konkret olaraq demişdir. Beləliklə, Qədimbəyli Yusif aralarında olan razılaşmanı pozaraq öhdəliklərini icra etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə əsasən mövcud mübahisənin yaranmasına əsas tərəflər arasında bağlanmış formal alqı-satqı müqaviləsi ilə Qədimbəyli Yusif tərəfindən öhdəliklərin icrasından imtina edilməsi olmuşdur. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərinə də nəzər yetirilməlidir. Belə olan halda məhkəmə mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Bununla da, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2864/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2864/2025
18.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver