Məhkəmə qərarları › İş №e-2(006)-2906/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2906/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2906/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X7 "xxxx" X1 Müəssisəsinin (VÖEN:**********) 100% payla təsisçisi olmuşdur. X7 05 noyabr 2012-ci ildə vəfat etmiş və bu barədə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixli, AZ-İ № 585620 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 22 saylı notariat ofisində 58/2011 saylı, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış vərəsəlik işi açılmışdır. İddiaçıya məlum olmuşdur ki, qardaşı Maraqlı şəxs2 adına Bakı şəhəri 22 saylı notariat ofisində 58/2011 saylı, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış vərəsəlik işi açılmış və 24 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X3 məxsus "xxxx" X1 Müəssisəsindəki 100% pay qardaşı Maraqlı şəxs2 mülkiyyətinə keçmişdir. Həmin notariat ofisinə sorğu verilmiş və 29 noyabr 2023-cü il tarixli, 152/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, “xx.xx.2012-ci il tarixdə ölmüş X2 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işi açılmamış və xx.xx.2017-ci il tarixli, 2-V-1-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir.” Göründüyü kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə həmin şəhadətnaməni verən notariat ofisi kimi Bakı şəhəri 22 saylı notariat kontoru qeyd edilsə də, həmin şəhadətnamənin aşkar edilməməsi və mərhum X2 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işinin açılmaması elə həmin notariat ofisi tərəfindən təsdiq edilir. Fərz edilsə ki, həmin Şəhadətnamə qanunla müəyyən edilmiş qaydada verilmişdir, bu halda mərhum X2 vərəsələrinin dairəsi müəyyən edilməli idi və iddiaçının qardaşının xeyrinə miras əmlakdan imtina etməsi ilə bağlı yazılı iradə ifadəsi olmalı idi. Qeyd edilənlər iddiaçının qardaşı Maraqlı şəxs2 adına verilmiş həmin şəhadətnamənin saxta və qanunsuz olduğunu təsdiq edir. Hazırkı iddia tələbi ilə iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, sonradan məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(006)-1232/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iş üzrə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti MGBİ HŞDQİ-nin 06 aprel 2024-cü il tarixli, **********504300 saylı cavab məktubu ilə bildirilmişdir ki, “...hazırkı tarixə olan dövlət reyestr məlumatlarına əsasən Maraqlı şəxs1 22,5 manat, 75% pay hüququ ilə, Maraqlı şəxs3 7,5 manat, 25% pay hüququ ilə "xxxx" X1 Müəssisəsinin (VÖEN:**********) təsisçiləridir.” Həmçinin, AR Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 3-16-5/6-11-288/24 saylı cavab məktubundan görünür ki, “Bakı şəhəri 22 saylı notariat ofisində 2017-ci ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı Bakı şəhəri 22 saylı notariat ofisinə müraciət etməyiniz məqsədəmüvafiqdir.” Bakı şəhəri 22 saylı notariat ofisinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 60/2024 saylı cavab məktubundan görünür ki, “xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır.” Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı mərhum atasının sözügedən müəssisədə iştirak payının olmasından məlumatsız olmuşdur. Notariat ofisinin yuxarıda istinad edilən cavab məktubu ilə şəhadətnamənin etibarsızlığına əsas verən hal iddiaçıya məlum olmuşdur. Bu səbəbdən həmin Şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil2 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri 22 saylı notariat ofisində iddiaçının mərhum atası X2 adına açılmış 58/2011 saylı, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış vərəsəlik işi üzrə iddiaçının qardaşı Maraqlı şəxs2 adına verilmiş 24 yanvar 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və miras əmlaka payların İddiaçı 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ № 585620 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 05 noyabr 2012-ci ildə vəfat etmişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı atasının ölümündən 12 il keçdikdən sonra miras əmlaka pay hüququnun müəyyən edilməsi üçün müraciət etmişdir. İddiaçının qardaşı məhkəmə iclas zalında bildirmişdir ki, notariat ofisinə müraciət edərək rəsmi qaydada şəhadətnamə almış, daha sonra isə notarial qaydada alqısatqı edərək hüquqi şəxsi satmışdır. İddiaçının həmin şəhadətnamədən və satışdan məlumatlı olmaması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən iddia müddəti keçdiyi üçün iddianın təmin edilməməsi barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə bütün sübutlarını təqdim etdiklərini bildirmiş, işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 izahatında bildirmişdir ki, miras atasının adına olub, daha sonra onun adına keçmişdir. Atası 2012-ci ildə rəhmətə getmişdir. Daha sonra vərəsə kimi müraciət etmişdir. 2 dəfə notariusa gedib qol çəkmişdir: birinci, 2018-ci ildə ASAN xidmətdəki notariusa, daha sonra 20 Yanvardakı notariusa getmişdir. Qəhrəman və onun yoldaşı Samirə ilə uzaq qohumdurlar. Qəhrəman və onun yoldaşı Samirə ilə notariusa getmişdir. Cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna, üçüncü şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə gəlməyən tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil2 vəsatəti əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş Şahid bildirmişdir ki, hazırkı iş üzrə tərəflərdən heç kəsi tanımır. Bəlkə də ola bilər ki, tanımışdır, lakin hazırda xatırlamır. Nümayəndənin sualına cavab olaraq bildirir ki, yalnız Faiq Həbibovu xatırlayır ki, onunla 2017-ci ildə hüquq şirkətində birlikdə işləmişdir. İş materialları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, **********504300 saylı cavab məktubunun surətindən görünür ki, "xxxx" X1 Müəssisəsi (VÖEN:**********) dövlət qeydiyyatına alındığı xx.xx.1994-cü il tarixdə təsisçiləri X4, X5 və X6 olmuşdur. Daha sonra xx.xx.2012-ci il tarixli təsis payının alqısatqısı müqaviləsinə əsasən X7 xx.xx.2012-ci il tarixdən Müəssisənin tək təsisçisi olmuşdur. Qeydiyyat qovluğunda olan xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Maraqlı şəxs2 X2 vərəsəsi kimi xx.xx.2017-ci il tarixdən müəssisənin tək təsisçisi olmuşdur. xx.xx.2019-cu il təsis payının alqı-satqısı müqaviləsi əsasında Maraqlı şəxs1 xx.xx.2019-cu il tarixdə müəssisənin tək təsisçisi olmuşdur. xx.xx.2022-ci il tarixli təsis payının bağışlanması müqaviləsi əsasında Maraqlı şəxs3 7,5 manat 25% pay hüququ ilə xx.xx.2023-cü il tarixdən müəssisənin təsisçisindən biri olmuşdur. Hazırkı tarixə olan dövlət reyestr məlumatlarına əsasən Maraqlı şəxs1 22,5 manat, 75 % pay hüququ ilə, Maraqlı şəxs3 7,5 manat, 25 % pay hüququ ilə "xxxx" X1 Müəssisəsinin təsisçiləridir, X4 isə Müəssisənin qanuni təmsilçisidir. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı, 585620 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə vəfat etmişdir. Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu – Maraqlı şəxs2 Sahib oğludur. Şəhadətnamə verilən miras əmlak: ünvan 2 ünvanda yerləşən və Azərbaycan Respublikası Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.1994-cu il tarixdə qeydiyyatdan keçmiş **********567200 nömrəli çıxarışa əsasən "xxxx" İstehsalat X8 müəssisəsi mərhum X3 məxsus olan 100 (yüz) faizlik payından ibarətdir. Bakı şəhəri 22 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 152/2023 saylı cavab məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X2 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işi açılmamış və xx.xx.2017-ci il tarixli 2-V-1-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2024cü il tarixli, 3-16-5/6-11-288/24 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri 22 saylı notariat ofisində 2017-ci ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı Bakı şəhəri 22 saylı notariat ofisinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bakı şəhəri 22 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 60/2024 saylı cavab məktubundan görünür ki, xx.xx.2012-ci il tarixində vəfat etmiş X2 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Bakı şəhəri 22 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 184/2024 saylı məktubu ilə məhkəməyə göndərilmiş Bakı şəhəri 22 saylı notariat ofisində açılmış vərəsəlik işlərinin uçotu kitabından 2017-ci ilin yanvar-iyun aylarını əhatə edən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan müddət aralığında xx.xx.2012-ci il tarixdə ölmüş X2 adına Bakı şəhəri 22 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, **********863500 saylı məktubundan görünür ki, "xxxx" İstehsalat—X8 Müəssisəsi Maraqlı şəxs2 Sahib oğlunun qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 384.0.4-cü və 384.0.5-ci maddələrinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə və dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü bəndinin sonuncu hissəsinə əsasən, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakının aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Göründüyü kimi iddiaçıya atasından miras əmlak (müəssisə) qalması ilə bağlı iddiaçıya və digər vərəsə olan ailə üzvlərinə məlumat verilmədən digər vərəsənin yeganə vərəsə kimi qəbul edilərək adına qanun üzr vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və bu şəhadətnamə əsasında digər hüquqi nəticələrin yaranmış olması qanunvericinin qeyd edilən iradə ifadəsinə zidd olmuşdur. Məhkəmə iddia tələbinin əsaslılığı ilə bağlı qeyd edir ki, işin araşdırılmış hallarından bəlli oldu ki, Maraqlı şəxs2 tərəfindən vərəsəliyin qəbulu məqsədilə həyata keçirilmiş prosedurun əsassız olduğunu özü və bundan əlavə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər də bilmişlər. Belə ki, Maraqlı şəxs1 və iddiaçı uzaq qohumluq münasibətlərindədirlər. Sözsüz ki, Maraqlı şəxs2 onunla bərabər hüquqa malik vərəsələr olan qardaşını (İddiaçı) və bacısını (Maraqlı şəxs4) vərəsəlikdən kənar qoyaraq özünü yeganə vərəsə kimi təqdim etməklə əsassız davranış nümayiş etdirmiş, habelə Maraqlı şəxs1 sonradan miras əmlakda Maraqlı şəxs2 tam payını alqısatqı müqaviləsi əsasında əldə etdiyi zaman sonuncunun həmin miras əmlaka münasibətdə yeganə vərəsə olmadığından xəbərdar olmuşdur. Qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Bundan başqa işin araşdırılmış halları ilə Bakı şəhəri 22 saylı notariat ofisində X2 adına vərəsəlik işinin açılmadığı müəyyən olunur. Bu isə öz növbəsində həmin şəxsin qanun üzrə vərəsəsinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin həqiqiliyini şübhə altına almaqla, onu əsası olmayan sənəd hesab etməyə əsas verir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunla müəyyən edilmiş qaydada verilmiş olsa idi belə, bu halda mərhum X2 vərəsələrinin dairəsi müəyyən edilməli və qardaşının xeyrinə miras əmlakdan imtina etməsi ilə bağlı iddiaçının və habelə digər vərəsələrin yazılı iradə ifadəsi olmalı idi ki, bu hal da iş materialları ilə sübut olunmur. Göründüyü kimi notariat hərəkətləri aparılarkən (aparılmış olduğu halda) qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. (Konstitusiya Məhkəməsi Plenumunun 16.03.22-ci il tarixli Qərarı) İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Təqdim edilmiş ərizədə iddiaçının etibarsız hesab edilməsi tələb edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və sözügedən satışdan məlumatlı olmamasının mümkün olmadığı qeyd edilsə də, bu hal iş materialları ilə sübut olunmur. Məhkəmə xüsusilə vurğulayır ki, vərəsəlik hüquq münasibətləri mülkiyyət hüququndan törəmə olduğundan vərəsəlik hüququna münasibətdə iddia müddətinin tətbiqi yolverilməzdir. Mülki qanunvericiliyin tənzimlənməsinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsəlik hüquq münasibətlərinə münasibətdə müddətin tətbiqi aradan qaldırılmış hesab edilməlidir. Bu baxımdan iddiaçının vərəsəlik hüquq münasibətlərindən irəli gələn mülkiyyət hüquqlarının bərpasına dair tələbinə iddia müddəti tətbiq edilmir. Qeyd etmək lazımdır ki, əsassız olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Maraqlı şəxs2 tərəfindən fərdi-müəyyən əlamətlərə malik miras əmlakı – hüquqi şəxsi digər şəxsə alqı-satqı müqaviləsinə uyğun olaraq satması nəticəsində həmin əmlak şəxsin mülkiyyətçisinə keçmiş sayılmır. Belə olan halda həqiqi hüquqi vəziyyətinə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq iddia qaldırıldıqda belə tələblərə müddətin tətbiq edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 22 saylı notariat kontorunda iddiaçının mərhum atası X2 adına açılmış 58/2011 saylı vərəsəlik işi üzrə iddiaçının qardaşı Maraqlı şəxs2 adına verilmiş, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış 24 yanvar 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməli, həmin Şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələr ləğv edilməli və miras əmlaka paylar mərhum X2 qanun üzrə birinci növbə vərəsələri olan övladları - İddiaçı münasibətdə 1/3 hissə, Maraqlı şəxs2 münasibətdə 1/3 hissə və Maraqlı şəxs4 münasibətdə 1/3 hissə olmaqla müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 22 saylı notariat kontorunda X2 adına açılmış 58/2011 saylı vərəsəlik işi üzrə Maraqlı şəxs2 adına verilmiş, reyestrdə 2-V-1-02 nömrə ilə qeydə alınmış 24 yanvar 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında yaranmış bütün hüquqi nəticələr ləğv edilsin. Miras əmlak üzərində İddiaçı 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə və Maraqlı şəxs4 1/3 hissə olmaqla payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar