Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2917/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt-protokolun etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt-protokolun etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 22 fevral 2024-cü il tarixli 027877 nömrəli akt-protokolun etibarsız hesab edilməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev kçüəsi, 8-ci döngə, 49 nömrəli bağ evi ilə bağlı hesablanmış sayğacın dəyəri olaraq 4132 manat borc məbləğini silmək vəzifəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 aprel 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsi, 8-ci döngə, 49 nömrəli bağ evi İddiaçı mülkiyyətinə verilmişdir. Sözügedən bağ evində iddiaçının atası X2 yaşamaqla 38129336 nömrəli 3 fazlı sayğacdan istifadə etmişdir. Lakin, 17 noyabr 2018-ci il tarixdə iddiaçının atası öldükdən sonra demək olar ki, həmin bağda yaşayış olmamışdır. Sözügedən işıq sayğacı bağ evinin İddiaçı mülkiyyətinə və istifadəsinə keçməsindən qabaq cavabdeh təşkilatın işçiləri tərəfindən həmin bağ evində quraşdırılmışdır. Bundan iki il əvvəl İddiaçı elektrik sayğacında nasazlıq olduğunu hiss edib, bu barədə dərhal cavabdeh təşkilatın işçilərinə məlumat vermişdir. Lakin, cavabdeh təşkilatın nümayəndələri bu müraciətə baxmamış və onlar tərəfindən heç bir hərəkət icra olunmamışdır. Yaxın zamanlarda İddiaçı Azərişıq ASC-yə 4132 manat borcunun olduğunu və cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında akt-protokolun tərtib edildiyindən məlumatı olmuşdur. Belə ki, sayğacların və transformatorların yoxlanması haqqında 027877 nömrəli 22 fevral 2024-cü il tarixli akt-protokola əsasən dövlət yoxlamasından keçmiş 38129336 nömrəli 3 fazlı sayğac labaratoriya yoxlamasından keçmişdir və sayğacın daxili qüsur nəticəsində işləməməsi, istismara yararsız olması qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib olunmuş akt-protokolda sayğacın işləməməsinin səbəbi olaraq daxili qüsur göstərilmiş, bu isə o deməkdir ki, sayğac iddiaçının heç bir təqsiri olmadan istismara yararsız olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, həmin aktın tərtib olunmasında İddiaçı iştirak etməmişdir və aktın tərtib olunmasından iddiaçının heç bir məlumatı olmamışdır. Azərişıq ASC-nin 02 aprel 2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, **********600A1 nömrəli abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil edilmiş, xx.xx.2024-cü il tarixində protocol tərtib olunaraq, computer məlumatlar bazasında 1892 Kvt.S (208,12 manat) elektrik enerjisinin dəyərinə dürüstləşmə aparılmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, həm də iddiaçının qonşusudur. Bütün hadisələrə öz gözü ilə şahidi olub. İddiaçı bağ evinə yalnız yay aylarında gəlir. Həmçinin, onlarında evində qış fəsli zamanı yaşamaq üçün şərait yoxdur. Belə ki, 2011-ci ildə o dalana qaz xətti çəkilərkən onlar xətti evə qoşmamış və bu səbəbdən evlərində kombi də yoxdur. Ümumiyyətlə ev 70-80 m2-dir. Çox balacadır. Onlara yazılan məbləğ çoxdur. Belə ki, o məbləğin ¼ hissəsini heç 3 ildə istifadə etmiş ola bilməzlər.Ümumiyyətlə isə təxminən iki il əvvəl iddiaçı tərəfindən sayğacın işləməməsi müəyyən edilmiş və aidiyyəti üzrə müraciət edilmişdir. Lakin cavabdeh təşkilat həmin vaxt gəlib sayğacı dəyişməmişdir. Ötən il sayğac çıxarılıb aparılıb, bu il iddiaçıya məlumat verilib ki, sayğacda qüsur var və ona cərimə yazılıb.Bu cərimədən narazıdılar. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, belə ki, sayğac laboratoriyada yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçı elektrik enerjisindən uzun müddət sayğac işləmədən istifadə etmişdir. Hazırda iddiaçıya yazılmış cərimə onun tərəfindən sərf edilmiş elektrik enerjisinə görə hesablanmış borcdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 50 ildir ki, qonşudurlar. Şövkət, Fidan və rəhmətlik Vaqifi tanıyırdı. 1 ildir ki, Fidangil bağa getmirlər. Çox vaxt xaricdə olurlar. Özü İddiaçıla hasar qonşusudur. Hər il təxminən 3-4 ay bağda olurlar. Lakin, iddiaçı ən çoxu ildə 2 ay bağda olur. O da nadir hallarda. Səbəbi isə uşaqların bağda qalmaq istəməməsidir. Həm də bağ işləri onlara çətin gəlir. Belə ki, əvvəllər rəhmətlik Vaqif bağ işləri ilə məşğul olurdu. Fidanı son dəfə keçə il görmüşdür. Bu il 1 dəfə olsun bağa ayaq basmayıblar. Təxminən iki il əvvəl Şövkət uşaqlarla, keçən il isə Fidan uşaqlarla Türkiyəyə getmişlər. Fidanın "xxxx" ASC-yə müraciət etməsinin şahidi olmuşdur. Hətta tək Fidan yox, özü də Şövkət də müraciət etmişdir. Bütün kommunal ödənişlərini vaxtlı-vaxtında ödəmişlər. Belə ki, onlar bütün ödənişləri telefonla edirlər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o da İddiaçıla bağda qonşudur. Fidan axırıncı dəfə 2023-cü ildə bağda olub. Son zamanlarda az-az bağa gəlirdi. Vaqifin rəhmətə getməsi onlara çətin oldu. Çünki, bağa Vaqif qulluq edirdi. Fidangilin evində həmişə işıq olmuşdur. Amma işıqdan yalnız yayda istifadə etmişlər. İş materialları: "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-A- 3268-5/2024 nömrəli məktubdan görünür ki, **********600A1 nömrəli abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2024cü il tarixində protokol tərtib olunaraq, kompüter melumatlar bazasında 1892 kVt.s (208,12manat) elektrik enerjisinin dəyərinə dürüstləşmə aparılmışdır. "xxxx" ASC-nin sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli, 027877 nömrəli akt-protokolundan görünür ki, 662168 nömrəli protokola əsasən, 38129336 nömrəli 3 fazlı sayğac laboratoriya yoxlanmasından keçmişdir. Yoxlamanın nəticəsində məlum olmuşdur ki, sayğacın dövlət möhürü normaldır və daxili qüsur nəticəsində işləmədiyinə görə sayğac istismara yararsızdır. xx.xx.2011-ci il tarixli, **********78-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsi, 8-ci döngədə yerləşən 49 saylı bağ evinin tam mülkiyyətçisidir. "xxxx" ASC-nin abunə haqqında vərəqindən görünür ki, İddiaçı adına olan **********600A1 abunə kodu üzrə yaranmış borc məbləği 4132,66 (dörd min yüz otuz iki manat altmış altı qəpik) manat təşkil etmişdir. AZ-İ seriyalı 977033 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2018-ci il tarixdə 1845 nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 662868 nömrəli protokoldan görünür ki, 310702 nömrəli akta əsasən, İddiaçı məxsus 38129336 nömrəli sayğac 26284406 nömrəli sayğac ilə əvəz edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MXİ-0128 nömrəli razılaşma protokolunun surətindən görünür ki, abunə haqqında bildiriş vərəqələrinin təhlilini və Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli, 027877 saylı protokolunu, həmçinin quraşdırılmış 26284406 saylı elektrik hesabat sayğacının orta aylıq enerji sərfiyyatını nəzərə alaraq, abonentin debitor borcuna yenidən baxılmış və 4.345,42 manat cəriməyə 208,12 manat azaltma tətbiq edilərək, cərimə 4132 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 16-cı maddələrinin müddəalarına əsasən tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda təchizatçının adından hesab təqdim etmək, tikinti obyekti ötürücü şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 19.14-cü maddəsinin tələblərinə uyğun olaraq) ötürücü və paylayıcı sistem operatorunun vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə “Qaydalar” adlanacaq): 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş matereriallarını araşdıraraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsi, 8-ci döngə, 49 nömrəli bağ evində iddiaçıya məxsus olan yaşayış sahəsi üçün quraşdırılmış elektrik enerjisi sərfiyyatını ölçən sayğaca xx.xx.2024-cü il tarixdə keçirilən baxış zamanı daxili qüsur nəticəsində sayğacın sərfiyyat aparmaması müəyyən edilmişdir. Faktla bağlı müvafiq akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamamışdır. Bununla belə qeyd edilən qaydaların müddəalarına əsasən müəyyən edilmiş faktla bağlı videoçəkiliş aparılmamışdır. Tərtib edilmiş akta əsasən, cərimə məbləği 4.345,42 manat müəyyən edilmiş, daha sonra cəriməyə 208,12 manat azalma tətbiq edilərək, cərimə 4132 manat müəyyən edilmişdir. İddiaçı isə bildirir ki, o, ildə cəmi 2-3 ay sözügedən bağ evində olur, yalnız həmin müddətdə elektrik enerjisindən istifadə edilir və müddətin sonunda müvafiq ödənişlər edilir. Məhkəmə sayğacın daxili qüsur nəticəsində sərfiyyat aparmamasını nəzərə alaraq hesab edir ki, iddiaçıya münasibətdə borc məbləği onun 2022-ci ildə sərf etdiyi elektrik enerjisi sərfiyyatına uyğun hesablanmalıdır. Belə ki, 2023-cü ildə sayğac heç bir sərfiyyatı qeydə almamışdır. Abunə saldosundan müəyyən edilir ki, sayğacın xx.xx.2022-ci il tarixdə sərfiyyat göstəricisi 28610 kvt xx.xx.2023-cü il tarixədək, təxminən 8 ay müddətində dəyişilməz olaraq qalmışdır. Digər tərəfdən isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə sayğac göstəriciləri ümumiyyətlə mövcud deyildir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək elektrik enerjisindən istifadə edilməsi istisna olunmur. Qeyd edilməlidir ki, abunə saldosundan iddiaçının hər ilin daha çox yay aylarında elektrik enerjisindən istifadə etməsi tam aydındır. Odur ki, iddiaçının müvafiq olaraq xx.xx.2023-cü ildən etibarən yay mövsümündə elektrik enerjisindən sayğac qurğusunun işlək vəziyyətdə olmasından xəbərdar olmaqla istifadə etməsi nəzərə alınmaqla hazırda ona tənasübsüz şəkildə hesablanmış cərimə azaldılmalıdır. Belə ki, məhkəmə tərəfindən təhlil edilmiş abunə saldosu göstəricilərinə əsasən müvafiq abunə kodu üzrə 2021-ci ilin və 2022-ci ilin iyun, iyul, avqust, sentyabr ayları üçün limit və limitdən artıq sərfiyyatlara uyğun olaraq da 2023-cü ilin eyni aylarına münasibətdə, yəni məhkəmə borc məbləğinin (14,88 manat (xx.xx.2022) + 64,96 (xx.xx.2022) + 80,72 (xx.xx.2022) + 11,20 (xx.xx.2022) + 26,60 (xx.xx.2022) + 35,45 (xx.xx.2022)) 232,81 manat hesablanmasını ağlabatan hesab edir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi akt-protokolun etibarsız sayılması hissəsində əsaslı sayıla bilməz, digər hissədə isə hesablanmış cərimə müvafiq qaydada azaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zeynalabdin Tağıyev küçəsi, 8-ci döngə, 49 nömrəli bağ evinin mülkiyyətçisi İddiaçı adına olan **********600A1 saylı abunə koduna hesablanmış borc məbləği 232,81 (iki yüz otuz iki manat, səksən bir qəpik) manat müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2917/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2917/2024
27.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver