Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2965/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 1644.5 manat əsas borc, 246.6 manat cərimə və 38.91 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 2 ədəd "Samsung" markalı mobil telefon, smart saat, 1 ədəd akesuar, 3 ədəd "Xiaomi" markalı mobil telefon, 2 ədəd şarj aləti v ə "Apple" markalı qulaqcıqdan ibarət əşyalara görə 24 ay ödəniş cədvəli üzrə hər ay 150 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 150 manat ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək, müqavilə üzrə öhdəliklə bağlı yaranmış borcun ödənilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 3600 manat məbləğində 2 ədəd "Samsung" markalı mobil telefon, smart saat, 1 ədəd akesuar, 3 ədəd "Xiaomi" markalı mobil telefon, 2 ədəd şarj aləti v ə "Apple" markalı qulaqcıq Cavabdeh1 nisyə satılmış və alıcı 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 150 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 və zamin Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 1644.5 manat ödənilməmiş borcu və 246.6 manat cərimə borcu mövcuddur. İş materiallarından görünür ki, borcun ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh1 tərəfindən nisyə alğısatqı müqaviləlsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edilməmiş və onun iddiaçı qarşısında müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, əsas məbləğ hər iki cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, müqavilə üzrə cavabdehlərdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 1644.5 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 246.6 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 36.94 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, qalan 1.97 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 1644.5 manat əsas, 50 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 36.94 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1644.5 manat əsas, 50 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 36.94 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 38.91 manat dövlət rüsumunun qalan 1.97 manat hissəsi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2965/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2965/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver