Məhkəmə qərarları › İş №e-2(006)-2997/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2997/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2997/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində bağlanılmış müqavilələrə əsasən, Huawei Freebuds 4i qulaqlıq, Huawei Watch GT 3 qol saatı almış və nəticədə 188 (bir yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 235.8 manat (18 ay x 13.1 manat + 0 manat ilkin ödəniş) olan Huawei Freebuds 4i qulaqlıq üçün ümumilikdə, 57 manat olmaqla, ondan 51.9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.1 manat miqdarında cərimə; xx.xx.2022ci il tarixli digər müqaviləyə əsasən, alqı-satqı qiyməti 630 manat (12 ay x 52.5 manat + 0 manat ilkin ödəniş) olan Huawei Watch GT 3 qol saatı üçün ümumilikdə, 131 manat olmaqla, ondan 119.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 11.5 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 694.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanmış müqavilələr, onların əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Huawei Freebuds 4i qulaqlıq üçün 51.9 (əlli bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.1 (beş manat on qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Huawei Watch GT 3 qol saatı üçün 119.5 (bir yüz on doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 11.5 (on bir manat əlli qəpik) manat miqdarında cərimə borcu olmaqla, ümumilikdə 188 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24058729 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Huawei Freebuds 4i White” adlı məhsulu Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Əşyaların xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 24058729 nömrəli müqavilə üzrə “Huawei Freebuds 4i White” adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04251924 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Huawei Watch GT 3 Black 46MM” adlı məhsulu Cavabdeh satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Əşyaların xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 04251924 nömrəli müqavilə üzrə MMC “Huawei Watch GT 3 Black 46MM” adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci tarixli müqavilə üzrə 51.9 manat ödənilməmiş məbləğ, 5.1 manat cərimə borcu olmaqla, cəmi 57 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 119.5 manat ödənilməmiş məbləğ, 11.5 manat cərimə borcu olmaqla, cəmi 131 manat, ümumilikdə 188 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış 24058729 və xx.xx.2022-ci il tarixində bağlanmış 04251924 müqavilələrə və onlara əlavələrə əsasən, iddiaçı müxtəlif növ məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini müvafiq olaraq hissə-hissə 18 və 12 ay ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 574-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh: - xx.xx.2021-ci il tarixli 24058729 nömrəli müqavilə üzrə 51,90 manat ödənilməmiş hissə, 5,10 manat cərimə borcu, cəmi 57 manat; - xx.xx.2022-ci il tarixli, 04251924 nömrəli müqavilə üzrə isə 119,50 manat ödənilməmiş hissə, 11,50 manat cərimə borcu olmaqla, cəmi 131 manat; ümumilikdə 188 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 51,90 (əlli bir manat doxsan qəpik) manat ödənilməmiş hissə, 5,10 (beş manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 57 (əlli yeddi) manat; - xx.xx.2022-ci il tarixli müqavilə üzrə 119,50 (bir yüz on doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 11,50 (on bir manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 131 (bir yüz otuz bir) manat; ümumilikdə 188 (bir yüz səksən səkkiz) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar