Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3009/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Nmazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulmasına dair tərtib olunmuş 30.11.2020-ci il tarixli, 197274 nömrəli aktın ləğv olunması, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 11.128 manat 65 qəpik borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin əməmkdaşları tərəfindən 30.11.2020-ci il tarixində Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə sahədə yerləşən ev 0243, mənzil 1281-də elektrik enejisi uçotu və Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasına dair yoxlama keçirilmiş və bu yoxlamanın nəticəsi olaraq 197274 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən əraziyə enerji verilişi tam dayandırılmışdır. Əlavə olaraq “xxxx” ASC-nin bildirişinə əsasən 11.128,64 manat ödənilməmiş borcun olduğu müəyyən edilmişdir. Lakin tərtib olunan bu akt və bildiriş qanunsuz və əsassızdır. Belə ki, “xxxx” ASC-nin əməkdaşlarının 30.11.2020-ci ildə həmin ünvanda apardıqları yoxlama əsassızdır. Çünki həmin əməkdaşların heç bir yoxlanış sənədləri olmamış, yoxlanışın düzgün və obyektiv aparılmasının təmin edilməsi məqsədilə laboratoriya təşkil edilməmişdir və elektrik enerjisi verilməsinin dayandırılması onların fəaliyyətini məhdudlaşdırmışdır. Cavabdeh “xxxx” ASC-nin əməmkdaşlarının tərtib etdikləri 20.11.2020-ci il tarixli aktda qeyd olunur ki, “abonent bildirçin sexinə sayğacdan kənar xətt çəkmiş və bu xəttin üstü örtülərək qonşuların həyətyanı sahəsindən keçirilərək həmin sexə aparılmışdır.” Belə bir sayğacdan kənar xəttin mövcudluğu ilə əlaqədar irəli sürülən iddia tamamilə əsassızdır. Əgər həqiqətən də sexə kənar elektrik enerjisi xətti çəkilmiş olsaydı cavabdeh “xxxx” ASC-nin əməmkdaşları həmin xəttə baxış keçirməli, həmin məsələ ilə əlaqədar rəy tərtib etməli və laboratoriya müayinəsi təşkil etməli idilər. Lakin bütün bunların heç biri həyata keçirilməmi və qanunsuz akt tərtib olunmuşdur. Cavabdeh təşkilat tərəfindən onların bildirçin sexinə kənar elektrik enerji xətti çəkmələri ilə bağlı iddiası heç bir əsasa söykənmir və bununla bağlı heç bir rəy və laboratoriya müayinəsi təşkil edilmədiyi üçün həmin akt qanunsuzdur və bu akt 11.128 manat 56 qəpik borcun hesablanması üçün əsas ola bilməz. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi 30.11.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********31281) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar 30.11.2020-ci il tarixli 197274 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 11128,65 manat əlavə ödəniş hesablanmışdır. Həmin aktdan göründüyü kimi qüsur aşkar edilmiş sayğacın yerləşdiyi obyektin fəaliyyət növü “bildirçin sexi” kimi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, obyektin sahibi İddiaçı fərdi sahibkar olmaqla (VÖEN **********) sahibliyində olan torpaq sahəsindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yuridiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3009/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3009/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver