Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3016/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və cavabdeh X14 nümayəndəsi və vəkili X25 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "məcburi payın tamamlanması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "məcburi payın tamamlanması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzil hesabına onun məcburi payının tamamlanması barədə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilin üzərində onun 50 (əlli) faiz həcmində məcburi payının tanınması barədə və ya tamamlanmamış hissənin dəyəri, habelə hazırki iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 (bir yüz manat qırx qəpik) manat və MTT ərizələrinin verilməsinə görə ödənilmiş 20,80 (iyirmi manat səksən qəpik) manat və vəkil qonorarı üçün ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzil hesabına onun məcburi payının tamamlanması və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilin ½ hissəsinə onun məcburi payının tanınması barədə, habelə hazırki iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 (bir yüz manat qırx qəpik) manat və MTT ərizələrinin verilməsinə görə ödənilmiş 20,80 (iyirmi manat səksən qəpik) manat və vəkil qonorarı üçün ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26 nömrəli evin 26 nömrəli mənzil xx.xx.1995-ci ildə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mərhum atası X20 oğlunun xüsusi mülkiyyətində olmuşdur. 1935-ci il təvəllüdlü atasının ahıl və xəstə olmasından sui-istifadə edən onun qardaşı oğlu Cavabdeh1 oğlu xx.xx.2014cü il tarixində mərhum atasından etibarnamə almış və bir həftədən sonra xx.xx.2014-cü il tarixində atasının mülkiyyətində olan mənzili öz oğlu Cavabdeh2 bağışlamışdır. O isə öz növbəsində mənzilə dair DƏDRX-dən öz adına RX seriyalı ******* nömrəli çıxarış almışdır. Atası bu barədə məlumat aldıqda dərhal 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Cavabdeh1 oğluna verdiyi xx.xx.2014-cü il tarixli 24060 reyestrli etibarnaməni xx.xx.2019-cu il tarixində ləğv etmiş və məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-209/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mərhum atası – iddiaçı X20 oğlunun Cavabdeh2 oğluna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh2 oğlu ilə X20 oğlunun adından Cavabdeh1 oğlu arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********09-05301-093023 reyestr nömrəli çıxarış ləğv edılməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-385/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 oğlu ilə X20 oğlunun adından Cavabdeh1 oğlu arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4512/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 oğlunun kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-385/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 340/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 oğlunun apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-209/2020 saylı qətnaməsi ləğv edilmiş, mərhum atası – iddiaçı X20 oğlunun Cavabdeh2 oğluna qarşı bagışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3714/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə atasının hüquqi varisi kimi verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-340/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Atası X20 oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Vəfat etməmişdən əvvəl atası özünə məxsus bütün əmlaklarını Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. X4 və X16 Bakı şəhəri 14 saylı Notariat ofisində verdikləri xx.xx.2021-ci il tarixində verdikləri ərizələrə əsasən miras əmlakda özlərinə çatan paydan onun xeyrinə imtina etmişlər. Bundan başqa, atası vəfat edənə kimi onunla birlikdə ünvan 1 ünvanında yaşamış, atasının vəfatından sonra onun dəfnini təşkil etmiş və yas mərasimlərinin xərclərini çəkmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizə göndərərək bildirmişdir ki, göründüyü kimi İddiaçı Nurəddin qızı mərhum atası X5 mirasına münasibətdə onun övladı kimi həm də məcburi pay sahibi olmuşdur. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3714/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının təsviri hissəsindən göründüyü kimi miras qoyan tərəfindən hələ miras açılmamışdan əvvəl və onun sağlığında onun özü tərəfindən ünvan 2 ünvanında ümumi sahəsi 42.5 kv.m , yaşayış sahəsi 29.6 kv.m olan 2 otaqlı mübahisəli mənzilə dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırılmışdır. Həmin icraatda şahid qismində iştirak etmiş və sözügedən bağışlama müqaviləsini etibarsız əqd kimi xarakterizə etmiş hazırki iş üzrə İddiaçı daha sonra miras qoyan N.Abdullayev vəfat etdiyindən prosesin sonrakı gedişatında və növbəti məhkəmə instansiyalarında iddiaçının hüquqi varisi qismində tanınaraq sonrakı prosessual hərəkətləri davam etdirmiş və sözügedən bağışlama müqaviləsinin ümumiyyətlə etibarsız hesab edilməsini və əhəmiyyətsiz əqd kimi doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir. Belə olan halda, iddiaçını hüquqi varis qismində təmsil etdiyi bir məhkəmə icraatında eyni əqdi, yəni xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edən İddiaçı digər tərəfdən də həmin etibarsız əqdin doğurduğu nəticələri tanıyaraq onun əsasında Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş məcburi payın tamamlanması barədə iddia qaldırması bir-birini mahiyyət etibarilə təkzib edən, maddi hüquqi baxımdan və mahiyyət etibarilə paradoksal xarakter daşıyan iddia tələbi olardı. Başqa sözlə, Mülki Məcəllənin 1200-cü maddəsində vərəsənin etibarsız əqd əsasında deyil məhz etibarlı, qanuni əqd bağışlama müqaviləsi əsasında bağışlanılmış hədiyyədən öz məcbur payının tamamlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Çünki, həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onsuz da onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Hazırki iş üzrə İddiaçı isə xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə iddiaçının hüquqi varisi qismində həmin bağışlamanın etibarsız əqd hesab olunması və doğruduğu hüquqi nəticə kimi DƏDRX-dən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbini müdafiə etdiyindən digər tərəfdən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamaq münasibətdə öz məcburi payının tamamlanmasını tələb etməsi dolayısı ilə əqdin etibarsızlığı tələb ilə bağlı hüquqi varis qismində iştirak etdiyi ilkin iddia icraatı üzrə müdafiə etdiyi iddia tələbin dolayısı ilə təkzib etmiş olardı və həmin bağışlamanı dolayısı ilə həm də legitim əqd kimi tanımış olardı. Beləliklə, İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımaq olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zidd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmamışdır. Belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilərdi ki, bu da prosessual tərəfin hüquqi varisi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd idi. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Eyni zamanda, qeyd olunduğu kimi, onsuz da mərhum miras qoyan N.Abdullayev və onu hüquqi varisi və hazırki iş üzrə İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırılmaqla nəinki sözügedən mənzilin bir hissəsinə və ya ondakı hər hansı bir paya, ümumilikdə mahiyyət etibarilə mənzilin bütövlükdə tələb olunması bağlı iddia qaldırılmışdı. Həmin iddia tələbi yekun məhkəmə aktına əsasən təmin edilmiş olsa həmin bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə həm də onun doğurduğu hüquqi nəticə kimi əldə edilənlərin geri qaytarılması, yəni mənzilin miras qoyanın mülkiyyətinə qayıtması buradan isə miras qoyanın yeganə hüquqi varisi kimi (digər övladları iddiaçının xeyrinə imtina etməyə dair ərizə təqdim etmişdilər) İddiaçı vərəsəlik əsasında mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdi. Başqa sözlə, Abşeron rayon məhkəməsinin icraatında olmuş 2(012)-209/202 nömrəli iş üzrə iddia tələbi çərçivəsində bilavasitə sözügedən mənzilin bütövlükdə cavabdehdən geri alınması nəzərdə tutulduğundan onun hansısa bir hissəsi üzrə məcburi payın tamamlanma tələbinin irəli sürülməsi prosesual qənaət prinsipinə ziddi olardı. Başqa sözlə, iddiaçının eyni tərəflər arasında bir məhkəmə mübahisəsində eyni predmeti bütövlükdə cavabdehdən tələb etməsi, digər məhkəmə icraatında isə eyni predmetin müəyyən bir hissəsini və ilkin iddia tələbinin əsaslarını təkzib edən əsaslar müəyyən bir hissəsinin tələb etməsi həm də məntiqə ziddi idi. Qeyd edilənlərə əsasən iddia müddətinin buraxılmamış hesab olunmaqla və ya bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin və iddianın dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdeh X14 nümayəndəsi və vəkili X34 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbində qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi , ev 26-da yerləşən 26 saylı mənzil xx.xx.1995-ci ildən mərhum atasının xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh1 atasını aldatmış xx.xx.2024-cü il tarixdə etibarnamə alaraq mənzili öz oğlu Cavidana bağışlamışdır. Sonuncu DƏDRX-dən mülkiyyətə dair çıxarış almışdır. 5 il keçəndən sonra atası bu barədə bilib məhkəməyə müraciət etmiş, etibarnaməyə xitam vermişdir. (xx.xx.2019). Məhkəmə mübahisələri "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi" predmeti üzrə başlamış, mübahisələrin davam etdiyi zaman mərhum atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə mübahisələri qeyd etdiyi iddia predmeti üzrə sona çatmış, məhkəmə qərarları qəbul edilmiş, iddia tələbləri rədd edilmişdir. İddiaçı hüquqi varis kimi məhkəmələrdə iştirak etmişdir. Bütün imkanlardan istifadə edən iddiaçı çıxış yolu olaraq hazırki qərəzli iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddia tələbləri əsassızdır. İddia ərizəsinə əlavə olunan sənədlər sırasında xx.xx.2020-ci il tarixli Vəsiyyətnamə diqqəti cəlb edir. Vəsiyyətnaməyə istinad edən iddiaçı məcburi payın tamamlanmasını gündəmə gətirmiş, eyni zamanda Mülki Məcəllənin 1193 və 1200-cü maddələrinə istinad etmişdir. Miras qoyan şəxsin vəsiyyətnamə qoyduğu zaman hansı mülkiyyəti olmuşdur? (heç bir mülkiyyəti olmamışdır). Vəsiyyətnamədə olan imza mərhum X8 məxsus deyildir. Digər baxımdan X11 tərəfindən qoyulmuş Vəsiyyətnamədə bütün əmlak qızı Lətafətə vəsiyyət edilmişdir. Vəsiyyətnamə qoyulduğu zaman X6 heç bir daşınmaz əmlakı, mülkiyyəti olmamışdır. 2014-cü ildə bağışlanmış əmlak artıq mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. 14 saylı Notariat ofisi vəsiyyətnamə qoyulduğu zaman hansı mülkiyyət sənədinə istinad etmişdir? sualı əsasında notariat sənədləri məhkəməyə təqdim edilməlidir. İddiaçı özü də təsdiq edir ki, mənzil 2014-cü ildə ona bağışlanmış, bundan sonra 5 il keçəndən sonra bağışlanma mübahisələndirilsə də, məhkəmə qərarları vasitəsilə bir daha təsdiq olunmuşdur ki, bağışlamanın etibarsız hesab edilməsi əsasları mövcud olmamışdır. İddiaçının güman etdiyi miras əmlak 2014-cü ildən hal-hazıradək cavabdehin mülkiyyətindədir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda əks olunmuş faktlar iddiaçının fikirlərini təkzib edir. Hesab edir ki, iddiaçının iddia tələbləri əsassızdır, yalnız məhkəmə süründürməçiliyinə rəvac vermə baxımından irəli sürülmüşdür. İlkin olaraq iddia ərizəsinə etirazda qeyd olunanlara əsasən məhkəmədən iddiaçının "məcburi payın tamamlanması tələbinə dair" iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X14 nümayəndəsi və vəkili X34 məhkəməyə yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, iddia tələbində iddiaçı Mülki Məcəllənin 1193-cü maddəsinə istinad edir. Normaya görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. MM-nin 1151.1-ci maddəsinə əsasən miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras toplusu) daxildir. Miras qoyan X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə qədər miras qoyan öz sağlığında mülkiyyətində olan əmlak üzərində sərəncam vermiş, iddiaçının iddia etdiyi mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh2 Rmiz oğlunun mülkiyyətinə keçmiş və Cavabdeh2 bu hüququnu xx.xx.2014-cü il tarixli mülkiyyət çıxarışı ilə rəsmiləşdirmişdir. Yəni ki, miras qoyanın ölüm anınadək iddia olunan mülkiyyəti olmamışdır. Miras qoyan xx.xx.2020-ci il tarixdə bütün əmlakını hazırki iddiaçıya vəsiyyət etmişdir. Miras qoyanın digər daşınmaz əmlakının olub-olmaması, həmin əmlaklara dair vərəsəlik hüququ üzrə şəhadətnamələrin alınmasına dair mülki işə heç bir sübut əlavə edilməmişdir. Mülki Məcəllənin 1224.0.2-ci maddəsinə əsasən vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninlkiləşdirldikdə qoyulmuş vəsiyyətnamə qüvvədən düşmüş sayılır. (baxmayaraq ki, miras qoyan şəxs konkret olaraq hazırki mübahisəli mənzili vəsiyyətnamədə göstərməmişdir). Digər baxımdan Müelki Məcəllənin 1200-cü maddəsinin tələbinə uyğun olaraq, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda ... əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmışdır. Yəni ki, məcburi pay almaq hüququ olan şəxsin bağışlanmış əşyaya görə məcburi payın artmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır. Qanunun məntiqinə görə bu vaxt ötürülərsə, onda hədiyyədən məcburi pay almaq hüququ yaranmır. İddiaçı mülahizəsində iddia müddətinin ötürülməmiş hesab olunmasını qeyd edir və bu halı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı ilə sübut etməyə cəhd edir. Hazırki tələb üzrə iddianın verilib-verilməməsinə iddia müddətinin tətbiqi barədə mülahizəni əsasız hesab edirlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Elektron notariat” X2 edilən Çıxarışdan görünür ki, X1 Ramiz Oruc oğluna verdiyi etibarnaməyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-209/2020 saylı qətnaməsinə əsasən Cavabdeh2 oğlu ilə X20 oğlunun adından Cavabdeh1 oğlu arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********09-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edılməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 385/2021 saylı qətnaməsinə əsasən Cavabdeh2 oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 oğlu ilə X20 oğlunun adından Cavabdeh1 oğlu arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4512/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 oğlunun kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-385/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 340/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X6 Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pulun iddiaçının hüquqi varisi İddiaçı Nurəddin qızından alınaraq SAP (XİİS) hesabı X15 kod 210005 VÖEN **********1 müxbir hesab AZ41NABZ******************** SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3714/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının prosessual hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-340/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 24№-li Arayışdan görünür ki, İddiaçı Nurəddin qızı atası X12 1991-ci ildən dünyasını dəyişdiyi xx.xx.2020-ci ilə kimi Bakı şəhəri, Nəsimi rayonu, 4-ü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 26-cı evin 26-cı mənzilində yaşamışdır və dünyasını dəyişmişdir. Mərhumun qızı İddiaçı Nurəddin qızı atası X7 dəfnini təşkil etmişdir və mərasimlə bağlı xərcləri özü çəkmişdir. - xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş vəsiyyətnamədən görünür ki, X11 bütün əmlakını İddiaçı Nurəddin qızına vəsiyyət etmişdir. - xx.xx.2020-ci il tarixli, AZ-İİ № 122095 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri 14 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş X17 və X23 tərəfindən verilən **********703 və **********704 nömrəli ərizələrdən görünür ki, onlar xx.xx.2020-ci ildə ölmüş atası X3 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatası hissəsindən imtina etmişlər. - xx.xx.1961-ci il tarixdə verilən 100760 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, atası X9r. - xx.xx.1962-ci il tarixdə verilən 812739 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1962-ci il tarixdə anadan olmuş, atası X9r. - xx.xx.1977-ci il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1977-ci il tarixdə anadan olmuş, atası X9r. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki işin araşdırılmış halları, eləcə də iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallardan görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cəbiyev küçəsində yerləşən 26 nömrəli evin 26 nömrəli mənzili X6 adına xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş 7E-24060 reyestr nömrəli etibarnamə ilə X1 Ramiz Oruc oğluna bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “hədiyyə verən” X6 adından nümayəndəsi Cavabdeh1 ilə “hədiyyə alan” Cavabdeh2 orlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən ünvan 2 ünvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzili hədiyyə alana bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nümrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 26 nömrəli evin yaşayış sahəsi 29.6 kv.m, yardımçı sahəsi 12.9 kv.m., ümumi sahəsi 42.5 kv.m olan 2 otaqlı 26 nömrəli mənzili Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-ci il tarixdə qeydiyyata alınmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin “Elektron notariat” X2 çıxarışa əsasən X11 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2014-ci il tarixli 24060 reyestrli etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. X11 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında iddiaçının adından cavabdeh ilə bağlanmış ünvan 2 ünvanında ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 29,6 kv.m olan 2 otaqlı mübahisəli mənzilə dair 13 iyul 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iddia üzrə dəfələrlə məhkəmə çəkişmələri olmuş, bu çəkişmələr dövründə X11 15 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Qaldırılmış iddia üzrə İddiaçı prosesin sonrakı gedişatında və növbəti məhkəmə instansiyalarında iddiaçının hüquqi varisi qismində tanınaraq sonrakı prosessual hərəkətləri davam etdirmiş və sözügedən bağışlama müqaviləsinin ümumiyyətlə etibarsız hesab edilməsini və əhəmiyyətsiz əqd kimi doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir. Məhkəmə çəkişmələri iddianın əsassız olması əsası ilə rədd edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli etibarnamə ilə iddiaçı Cavabdeh1 digər hüquqlarla yanaşı mübahisə predmeti olan evi 3-cü şəxslərə bağışlamaq hüququnu da etibar etmişdir. Yəni, iddiaçı Cavabdeh1 etibarnamə verildiyi tarixdən sonra mübahisə predmeti olan mənzil barəsində sonuncunun istənilən sərəncam verəcəyini, o cümlədən mənzilin bağışlana biləcəyini istisna etməmişdir. Həmçinin də xx.xx.2014-cü il tarixli etibarnaməni Cavabdeh1 mübahisə predmeti olan evin təmiri məqsədi ilə bankdan kredit götürülməsi üçün verilməsinə dair təqdim edilmiş şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilməmişdir. Başqa sözlə, məhkəmə qərarları ilə təsdiq olunmuşdur ki, bağışlamanın etibarsız hesab edilməsi əsasları mövcud olmamışdır. Beləliklə də, mübahisəli mənzilin xx.xx.2014-cü il tarixində atasının mülkiyyətində olan mənzili öz oğlu Cavabdeh2 xüsusi mülkiyyətində olmasına və bu halın qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edilməsinə baxmayaraq iddiaçı atası X20 oğlu xx.xx.2020-ci il tarixində vəfat etməmişdən əvvəl özünə məxsus bütün əmlaklarını Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etməsinə, X4 və X19 Bakı şəhəri 14 saylı Notariat ofisində verdikləri xx.xx.2021-ci il tarixində verdikləri ərizələrdə miras əmlakda özlərinə çatan paydan onun xeyrinə imtina etmələrinə, atası vəfat edənə kimi onunla birlikdə ünvan 1 ünvanında yaşamasına, atasının vəfatından sonra onun dəfnini təşkil etmiş və yas mərasimlərinin xərclərini çəkməsini göstərməklə Mülki Məcəllənin 1193-cü, 1200-ci, eləcə maddələrinə, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad etməklə Cavabdeh2 bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzil hesabına onun məcburi payının tamamlanması və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilin ½ hissəsinə onun məcburi payının tanınmasını iddia etmişdir. Qeyd edilən Mülki Məcəllənin 1193-cü maddəyə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. MM-nin 1151.1-ci maddəsinə əsasən miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras toplusu) daxildir. İşin materiallarından görünür ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm anınadək iddia olunan mülkiyyəti olmadığı halda xx.xx.2020-ci il tarixdə bütün əmlakını hazırki iddiaçıya vəsiyyət etmişdir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi atasının verdiyi vəsiyyətnaməni sübut kimi qəbul etmir və qeyd edir ki, Mülki Məcəllənin 1224.0.2-ci maddəsinə əsasən vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninlkiləşdirildikdə qoyulmuş vəsiyyətnamə qüvvədən düşmüş sayılır. Məhkəmə bu qənaətə gələrkən N.M.Abdullayevin öz sağlığında mülkiyyətində olan əmlak üzərində sərəncam verməsini, iddiaçının iddia etdiyi mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçmiş və sonuncu bu hüququnu xx.xx.2014-cü il tarixli mülkiyyət çıxarışı ilə rəsmiləşdirməsini və onun bu hüququnun qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənməsini nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərildiyi kimi, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. İşin materiallarından görünür ki, iddiaçı mərhum atasının İ növbə vərəsəsi olmasına baxmayaraq mübahisəli əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə alınmasına dair heç bir sübut təqdim etməsə də, tələbi əsasən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamağa münasibətdə öz məcburi payının tamamlanması üzərində qurmuşdur. Həmin normada məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərildiyi kimi, Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu qərarında MM-nin 1200-ci maddəsinin tətbiq edilməsi ilə bağlı normanın tələbi üzrə tələb edilən 4 şərtin 3-nün hazırki iş üzrə mövcud olmasını qeyd etməklə hesab edir ki, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli şərtinə iddiaçı tərəfindən riayət edilməmişdir. İddiaçı tərəf müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizəsində İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımaq olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zidd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmaması və belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilməsi, bunun da prosessual tərəfin hüquqi varisi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd olması ilə əsaslandırsa da, məhkəmə bu dəlilləri əsassız və tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirir və qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən məcburi pay almaq hüququ olan şəxsin bağışlanmış əşyaya görə məcburi payın artmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır. Yəni, bu vaxt imperativdir və ötürülərsə, onda hədiyyədən məcburi pay almaq hüququ yaranmır. İşin materiallarından görünür ki, iddiaçı özü də təsdiq edir ki, mənzil 2014-cü ildə ona bağışlanmış, bundan sonra 5 il keçəndən sonra bağışlanma mübahisələndirilmiş, hətta özü bununla bağlı məhkəmə çəkişmələrində şahid qismində də ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalngz tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə gürə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsi ilə mğəyyən edilir ki, məhkəmə üz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının əsassız olması nəticəsinə gəlir. Azərbaycan Respublikasg MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmənin xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunmadığından dövlət rüsumu ilə bağlı tələb də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "məcburi payın tamamlanması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3016/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3016/2023
09.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver