Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3018/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, X1 küçəsində yerləşən Nicat Apayev adına 4 saylı orta məktəbin həyətində yerləşən binanın otaqlarının biri faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsindədir. Həmin bina 1993-cü ildən etibarən məcburi köçkünlərin istifadəsindədir. Sonradan hər bir ailəyə aid işıq sayğacları quraşdırılmışdır. İddiaçı aid olan ünvan abonent kodu (**********81729) olmaqla cavabdeh "xxxx" ASC tərəfindən işıqla təmin olunmaqdadır. Smart kart sistemli sayğac yüklənən zaman "xxxx" ASC-nin əmkdaşları məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin tələblərini nəzərə almadan abonentə 1200 AZN (bir min iki yüz manat) borc yazmış, iddiaçı yazılmış borcun düzgün hesablanmadığını bilsə də, ödənişləri qəbul etmiş və vaxtaşırı ödəniş edərək borc məbləğinin 600 (altı yüz manat) AZN-ə çatdırılmasına nail olmuşdur. Abonentə məxsus smart kartda texniki problem yarandığı üçün abonent xx.xx.2025-ci ildə Azərişıq ASC-ni Qəbələ rayon şöbəsinə yaxınlaşmış və ona 1200 manat borcu olduğu bildirilmişdir. 600 AZN borcun yaranmasını əsas olan guya kənar xəttin qoşulmasının aşkarlanması ilə bağlı xx.xx.2025-ci il tarixli akt abonentə təqdim edilmişdir. Qeyd edilir ki İddiaçı həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim onun yaşadığı ünvana gəlməmiş və harasa dəvət olunmamışdır. 600 manat pul borc kimi onun adına qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edilir ki, əsassız olaraq "xxxx" ASC tərəfindən borc kimi iddiaçıya yazılmış olan 600 manatın silinməsi barədə qətnamə qəbul olunmalıdır. Əgər doğurdan da həmin tarixlərdə sayğaca qanunsuz müdaxilə olunsaydı, bu barədə məlumatlandırılardı və barəsində qəbul olunan akt ona təqdim olunardı. Bildirlir ki, indiyə qədər işıq enerjisinə görə yaranmış borcla bağlı hər hansı mübahisə yaşanmamışdır. Bundan başqa mənzilin xaricində olan işıq sayğacına onun və ya ailə üzvləri tərəfindən heç bir müdaxilə və ya digər təsir aşkar edilməmişdir. Göstərilənlərə əsasən Qəbələ rayonu, X1 küçəsində yerləşən Nicat Apayev adına 4 saylı orta məktəbin həyətində yerləşən binanın (abonent kodu **********81729) əsassız olaraq "xxxx" ASC tərəfindən hesablanmış 600 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qəbələ rayonu, X1 küçəsində yerləşən Nicat Apayev adına 4 saylı orta məktəbin həyətində yerləşən binada İddiaçı məxsus abonent kodu **********81729 olan sayğaca cavabdeh tərəfindən əsassız hesablanmış 671,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilən 25 oktyabr 2024-cü il tarixli, R № 359616 nömrəli aktdan görünür ki, Qəbələ rayonunda, istehlakçı İddiaçı məxsus, abonent kodu **********81729 olan sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və E.E.İ.Q-na uyğun sayğaclarının uçot dəst sisteminə baxış keçirən zaman məlum olmuşdur ki, abonentin fərdi yaşayış evinə sayğacdan kənar xətt daxil olur. Kənar xətdən keçən günə ölçü aparılmışdır. 8.Mülki işin materiallarında olan 25 oktyabr 2024-cü il tarixli, R № 359616 nömrəli akt əsasında verilən 29 oktyabr 2024-cü il tarixli əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair icra vərəqəsinə əsasən 4,52 A x 0,22 kV x 24 s x 0,7 x 365 gün=6098 kVt.s üçün 671,09 manat məbləğində borc hesablanmışdır. 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, abonent kodu **********81729 olan sayğaca xx.xx.2024-cü il tarixdə R 359616 nömrəli akt üzrə ümumilikdə 622,41 manat məbləğində borc hesablanmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus abonent kodu **********81729 olan sayğaca baxış keçirilən zaman cavabdeh "xxxx" ASCnin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, R 359616 saylı akta əsasən xx.xx.2024cü il tarixə 622,41 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borcun ona məxsus abunə hesabından silinməsini tələb edir. Cavabdeh isə iddia tələbi ilə razı deyildir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 12.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır 13.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 14.Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 15.“Eletroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 19.16cı maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. 16.Məhkəmə, mülki mübahisəyə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan borcun əsasını - enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən akt əsasında abonentin (iddiaçının) abunə hesabına hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübutetmə yükü cavabdehin üzərinə düşür 17.Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi xx.xx.2024-cü il tarixli tərtib edilmiş akta görə, abonentin fərdi yaşayış evinə sayğacdan kənar xətt daxil olur. 18.Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin, işin hallarından da müəyyən edilmişdir ki, sayğac çöldə quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. 19.Sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də hesablanmış borc məbləği əsassız hesab edilməklə iddiaçıya məxsus abunə hesabından silinməlidir. 20.Lakin, məhkəmə qeyd edir ki, iddiaçı, cavabdeh tərəfindən əsassız olaraq 671,09 manat məbləğində borcun hesablandığını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, R 359616 saylı akta əsasən xx.xx.2024-cü il tarixə 622,41 manat məbləğində borc hesablanmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməklə, xx.xx.2024-cü il tarixli akt əsasında Qəbələ rayonu, X1 küçəsi, Nicat Apayev adına 4 saylı orta məktəbin həyətində yerləşən binada İddiaçı məxsus (abonent kodu: **********81729) sayğaca hesablanmış 622,41 (altı yüz iyirmi iki manat, qırx bir qəpik) manat məbləğində borc "xxxx" ASC tərəfindən **********81729 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 21.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 22.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli akt əsasında Qəbələ rayonu, X1 küçəsi, Nicat Apayev adına 4 saylı orta məktəbin həyətində yerləşən binada İddiaçı məxsus (abonent kodu: **********81729) sayğaca hesablanmış 622,41 (altı yüz iyirmi iki manat, qırx bir qəpik) manat məbləğində borc "xxxx" ASC tərəfindən **********81729 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3018/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3018/2025
05.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver