Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3026/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.2024-ci il tarixli, 7070/603 saylı Kirayə müqaviləsinə əsasən cavabdeh tərəfindən 8428.74 AZN (səkkiz min dörd yüziyirmi səkkiz manat 74 qəpik) borcunun və iddia ərizəsinin verilməsinə görə MMC tərəfindən ödənilmiş 104.29 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 8533.03 AZN (səkkiz min beş yüz otuz üç manat 03 qəpik) məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (carəyə verən) ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Füzuli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən “X9” binasının 6-cı mərtəbəsində 125 kv.m. sahəsi olan 603 saylı mənzilin kirayə verilməsinə dair xx.xx.2024-ci il tarixli № 7070/603 saylı Kirayə müqaviləsi imzalanmışdır. xx.xx.2024-ci il tarixli, 7070/603 saylı Kirayə müqaviləsinin 1 saylı Əlavəsinə əsasən kirayənin müddəti xx.xx.2024 - xx.xx.2025-ci illəri əhatə edir. Buna baxmayaraq cavabdeh tərəfindən kirayə müqaviləsinin 3.9-cu bəndinin tələbi pozularaq, yəni 603 saylı mənzil Kirayəçinin razılığı olmadan üçüncü şəxslərə kirayə verilmiş və cavabdehə yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq bu halı israrla davam etdirmişdir. Belə ki, cavabdehə lazımı qaydada xx.xx.2024-cü il tarixli 00/705 saylı bildiriş göndərilərək müqaviləyə xx.xx.2024-cü il tarixdən etibarən birtərəfli qaydada xitam olunduğu elan edilmiş və müqavilə üzrə öhdəliklərinin icra olunması tələb olunmuşdur. xx.xx.2024-ci il tarixli, 7070/603 saylı Kirayə müqaviləsinin 3.1-ci bəndinə əsasən, tərəflər ən azı 2 (iki) ay əvvəldən electron bildiriş verməklə kirayə münasibətlərinə xitam verə bilər. 3.5-ci bəndinə əsasən, müqavilənin ləğvi Kirayəçini Müqavilə üzrə yaranmış öhdəliklərindən icrasından azad etmir. Kirayəçi ləğv tarixinə qədər hesablanmış kirayə və ya xidmət haqqını, yaxud sayğac göstəricilərinə əsasən kommunal xidmətlərin haqqını və ya hər hansı digər ödənişləri Kirayə verənə ödəməlidir. 3.9-cu bəndinə əsasən Kirayəçi Əmlakı Kirayəyə verənin icazəsi olmadan üçüncü şəxs(lər)ə subkirayəyə verdikdə, yaxud Əmlakın yerləşdiyi binada Kirayəyə verən tərəfindən təqdimedilən “Kirayəçinin davranış qaydaları”nı, “Rieltorlar üçün Standart Əməliyyat (İcarə) Proseduru”nu kobud və ya mütəmadi olaraq pozduqda Kirayəyə verən bu pozuntular ona məlum olduğu andan Kirayəçini xəbərdar edərək bu Müqaviləni dərhal ləğv edə bilər. 3.10-cu bəndinə əsasən, bu Müqavilənin 3.8-ci və ya 3.9-cu bənddəki şərtlərdən ən az biri pozulduqda Kirayəçi Kirayəyə verənə bu Müqavilənin 3.1-ci bəndində göstərilən müddət üçün Müqaviləyə Əlavə №1-də göstərilən məbləğdə kirayə haqqını, xidmət haqqını, həmçinin əlavə olaraq 1 (bir) aylıq Kirayə haqqı məbləğində vurduğu zərər üçün kompensasiya ödəyəcək. 9-cu bəndinə əsasən, Kirayə verən tərəfindən təchiz edilmiş bütün mebel avadanlıqlar və digər əşyalar Müqaviləyə xitam verildikdən sonra təhvil verildiyi vaxt olduğu vəziyyətdə (təbii aşınma nəzərə alınaraq) Kirayə verənə qaytarılacaq. Cavabdehə xx.xx.2025-ci il tarixli 00/764 saylı bildiriş göndərilərək yazılı xəbərdarlıq edilmiş, 603 saylı mənzilin dərhal təhvil verilməsi, xx.xx.2024-ci il tarixli № 7070/603 saylı Kirayə Müqavilənin 3.10-cu bəndinə əsasən, Müqavilənin 3.1-ci bəndində göstərilən müddət (2 ay) üçün Əlavə № 1-də göstərilən 2213 manat (2213x2) kirayə haqqının, xidmət haqqının, yəni 252 manat (252x2) və həmçinin 1 aylıq əlavə kirayə haqqı məbləğində vurduğu zərər üçün kompensasiyanın ödənilməli olduğundan müqavilə üzrə ümumilikdə 8428.74 manat (2213x2 + 252x2 + 2213 + 18%ƏDV = 8428.74 manat) cavabdehin borcu yaranmışdır. Əlavə olaraq, xx.xx.2025-ci il tarixli 00/798 saylı pretenziya məktubuna baxmayaraq cavabdeh tərəfindən heç bir reaksiya göstərilməmiş, bugünədək öhdəlikləri icra olunmamışdır. Göründüyü kimi, iddiaçı şirkət müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş, kirayə predmetini təhvil vermiş və xidmətləri göstərmişdir, lakin cavabdeh Müqavilə şərtlərini kobud surətdə pozaraq mənzili üçüncü şəxslərə sub-kirayəyə vermiş və israrla bu günə qədər həmin şərtləri pozmaqda davam edir.
3. Cavabdeh vəkili-nümayəndəsi Vəkil mülahizə-etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli 7070/603 saylı kirayə müqaviləsinin 3.9-cu bəndinin tələbinin pozulduğunu, yəni 603 saylı mənzilin Kirayə verənin razılığı olmadan üçüncü şəxslərə kirayəyə verilməsini iddia etmişdir. Lakin, bu arqumentasiya, əslində, hüquqi əsaslardan məhrum olan və heç bir inandırıcı sübutla təsdiqlənməyən subyektiv qənaətdən ibarətdir. Qeyd olunan 3.9-cu bəndin əsas məqsədi kirayəçinin istifadə hüquqlarının və yaşayış sahəsinin istifadə rejiminin qorunmasını təmin etməkdən ibarətdir. Lakin, bu müddəa yalnız faktiki, davamlı və razılaşdırılmamış üçüncü şəxslər tərəfindən istifadə halında tətbiq edilə bilər. Bu mənada, kirayəyə verənin razılığı olmadan mənzilin üçüncü şəxslərə subkirayəyə verilməsi iddiası, hüquqi nəticə doğurmaq üçün yetərli sübutlarla dəstəklənməmiş, iddiaçı cavabdehin 603 saylı mənzili, həqiqətən, üçüncü şəxslərə kirayəyə verməsini sübuta yetirə bilməmişdir. MPM-in müvafiq maddələrinə və məhkəmə təcrübəsində formalaşmış mövqeyə əsasən tərəfin irəli sürdüyü istənilən iddianın yalnız fərziyyə və ehtimallara deyil, konkret və obyektiv sübutlarla təsdiqlənməsi zəruridir. İş materiallarına əlavə edilmiş və 06 dekabr 2024-cü il tarixli, 00/705 nömrəli sənədlə rəsmiləşdirilmiş “Müqaviləyə xitam verilməsi barədə bildiriş”ə əsasən, İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2024-cü il tarixində bağlanmış 603 saylı yaşayış sahəsinin kirayəyə verilməsinə dair 7070/603 saylı kirayə müqaviləsinə 12 dekabr 2024-cü il tarixindən etibarən birtərəfli qaydada xitam verildiyi rəsmən bəyan olunmuşdur. Cavabdeh bu bildirişi nəzərə alaraq, müqavilə öhdəliklərinə tam sadiqlik nümayiş etdirmiş və müvafiq razılaşma müddətində - yəni, müqavilənin qüvvədə olduğu dövrdə öz maliyyə öhdəliklərini tam və vaxtında yerinə yetirmişdir. Belə ki, müqaviləyə xitamın 12 dekabr 2024-cü il tarixindən qüvvəyə minəcəyi nəzərə alınmaqla, cavabdeh ümumilikdə, 2 ayın kirayə ödənişini – hər ay üçün 2213 manat olmaqla, cəmi 4426 manat məbləğində ödənişi həyata keçirmişdir. Bundan əlavə, xidmət haqqı üzrə 2 ay üçün hər ay 252 manat olmaqla, cəmi 504 manat məbləğində ödəniş edilmiş və bütün bu məbləğlərin üzərinə əlavə dəyər vergisi (ƏDV) olaraq hesablanmış 887,40 manat da daxil edilmişdir. Nəticə etibarilə, cavabdeh, ümumilikdə, 5817,40 manat məbləğində ödənişi müqavilə üzrə kirayəyə verənin (iddiaçının) bank hesabına tam şəkildə köçürmüşdür. Sözügedən ödənişi təsdiq edən 29 oktyabr 2024-cü il tarixli, **********1 nömrəli bank qəbzi sübut kimi iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş 06 dekabr 2024-cü il tarixli, 00/705 nömrali Müqavilayə xitam verilməsi barədə bildirişin məzmunundan da açıq şəkildə göründüyü kimi, tərəflər arasında 21 oktyabr 2024-cü il tarixində bağlanmış 7070/603 saylı kirayə müqavilasinə 12 dekabr 2024-cü il tarixindən etibarən birtərəfli qaydada bildiriş vasitəsilə xitam verilmişdir. Daha sonra iddiaçı tərəfindən 07 fevral 2025-ci il tarixindo 00/764 saylı bildirişlə yenidən cavabdehə müraciət edilərək tərəflər arasında imzalanmış sözügedən kirayə müqaviləsinin xx.xx.2024-cü il tarixindən birtərəfli qaydada xitam olunmuş sayıldığı qeyd edilmişdir. Cavabdeh, həmin müqavilənin qüvvədə olduğu dövr ərzində, yəni xitam tarixinədək, müqavilə ilə üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla va tam şəkildə icra etmiş, aylıq kirayə ödənişləri və xidmət haqlarının ödənişini vaxtında həyata keçirmişdir. Bu hallar cavabdehin müqavilə intizamına riayət etdiyini va öhdəliklərini pozmadan münasibətlərini qanuni əsaslarla başa çatdırdığını bir daha sübut edir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı, müqavilə münasibətlərinə xitam verildikdən sonra – yəni artıq tərəflər arasında har hansı hüquq va vəzifə doğuran müqaviləvi əlaqə mövcud olmadığı bir dövrdə hüquqi əsasdan tamamilə məhrum şəkildə cavabdehdan əlavə ödənişlər, konkret olaraq, müqaviləyə xitam verildikdən sonra gələn növbəti iki ay (yanvar və fevral 2025-ci il) üçün kirayə ödənişi və digər xərcləri tələb etməkdədir. Həmçinin, iddiaçı tərəfindən cavabdehin konkret olaraq yanvar va fevral ayı üçün hansı əsasla və niyə ödəniş etməli olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıdan kirayə münasibətləri çərçivəsində ƏDV üzrə ödənişin həyata keçirilməsi də tələb olunmuşdur. Lakin qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kirayə müqavilasi iddiaçının şəxsi ehtiyaclarını ödəmək məqsədilə imzalanmış va bu münasibət heç bir şəkildə sahibkarlıq va ya kommersiya fəaliyyətini əhatə etməmişdir. Tərəflər arasında imzalanmış kirayə müqaviləsinin heç bir bəndində va ona əlavə edilmiş 21 oktyabr 2024-cü il tarixli 1 nömrəli Əlavədə də ƏDV-yə dair hər hansı məbləğə va ya hesablamaya yer verilməmişdir. Bu hal tərəflərin iradəsini va hüquqi niyyətini aydin sakilda aks etdirir va homin müqavila münasibatlori corçivesinda ODV-nin hesablanmasi vo ödənilməsi kimi bir öhdəliyin irəli sürülmədiyini təsdiqləyir. Nəticə etibarilə, müqaviladə X6n ayrıca göstərilməməsi və tərəflər arasında bu istiqamətdə qarşılıqlı razılığın olmaması şəraitində, iddiaçı tərəfindən cavabdehdən 18% ƏDV məbləğinin tələb olunması hüquqi əsasa malik deyil və bu tələb hüquqi cəhətdən əsassız va qanunsuz hesab edilməlidir. AR MM-nin 679-cu maddəsinə əsasən, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqa, kirayəyə verən ödəməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 7070/603 saylı kirayə müqavilasinin heç bir bəndində dövlət vergilərini müqavilə tərəflərinin hansının ödəməli oldugu qeyd edilməmişdir. Odur ki, müqavilə üzrə tərəflər öz iradə ifadələri əsasında Mülki Məcəllənin yuxarıda qeyd edilən dispozitiv normasını dəyişməmişlər. Müqavilə hüququnun təməl prinsiplərinə əsasən, mövcud münasibət müqavilədə tənzimlənmədikdə, həmin münasibətin tənzimlədiyi qanunvericilik aktının norması tətbiq edilməlidir. Yəni, MM-nin qeyd edilən maddəsinə əsasən, dövlət vergilərini, o cümlədən, X6 (ƏDV) ödəmək Kirayəyə verənin öhdəliyidir. Hazırki mübahisə üzrə iddiaçı (kirayaya verən) öz öhdəliyinin icrasını iddiaçıdan (kirayəçidən) tələb edir. Bu isə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına müvafiq olaraq qanunsuz ve əsassızdır. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən Müqavilənin 3.10-cu bəndinə istinad olunaraq, kiraya münasibətlərinə dair müqavilanin birtərəfli qaydada ləğv edilməsi ilə yanaşı, əlavə olaraq 1 (bir) ayliq kirayə haqqı cərimə xarakterli tələb kimi irəli sürülmüşdür. MM-nin 688.4-cü maddəsinə əsasən, yaşayış otağını kirayəyə verənin kirayəçidən dəbbə pulu ödənilməsi barədə öhdəlik almasına əsas verən razılaşmanın qüvvəsi yoxdur. Bu maddənin mahiyyətindən aydın şəkildə görünür ki, yasayış sahəsinin kirayəsi üzrə münasibətlərdə kirayəçidən cərimə, dəbbə pulu və digər bu qəbildən olan əlavə ödənişlərin tələb olunması qanunla qadağandır. Qanunverici burada kirayəçinin hüquqlarını müdafiə etməklə, onun üzərinə həddindən artıq maliyyə yükü qoyulmasının qarşısını almışdır. Həmin hüquqi norma imperativ xarakter daşıyır və tərəflərin razılığı ilə belə, onun əksinə hər hansı şərtin müqaviləyə daxil edilməsi bu şərtin hüquqi qüvvəyə malik olmamasına səbəb olur. Beləliklə, müqavilənin 3.10-cu bəndində hər hansı formada cərimə xarakterli öhdəlik nəzərdə tutulmuş olsa belə, bu bənd MM-nin 688.4-cü maddəsinə zidd olduğu üçün hüquqi qüvvədən məhrumdur və icra olunmamalıdır. Nəticə etibarilə, iddiaçının əlavə 1 (bir) aylıq kirayə haqqının cərimə kimi tələb olunması barədə irəli sürdüyü tələbin hüquqi əsası yoxdur va bu tələb əsassız hesab edilməlidir. AR Mülki Məcəlləsinin 687-ci maddəsinə əsasən, yaşayış otağını kirayəyə verənə müqavilənin ləğvi müddətini gözləmədən müqaviləni qanunda göstərilən əsaslardan savayı, başqa əsaslarla ləğv etmək hüququ verən razılaşmanın qüvvəsi yoxdur. Həmçinin, həmin Məcəllənin 692.1-ci maddəsinə əsasən, kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. Belə ki, qeyd olunan maddəyə əsasən, kirayəyə verən şəxsin, müqavilənin ləğvini qanunda müəyyən edilmiş əsaslardan fərqli əsaslarla və müqavilədə bu barədə xüsusi qeyd olunmaqla həyata keçirməsinə dair razılaşma hüquqi cəhətdən etibarsız hesab edilir. Bu müddəa, əmlak münasibətlərinin tərəflər arasında balanslı şəkildə tənzimlənməsi vo kirayəçinin hüquqlarının müdafiəsi məqsədi daşıyır. "Əsaslı maraq" anlayışı isə, müvafiq hüquq münasibətlərinin davam etdirilməsinin kirayəyə verən üçün mümkün va ya məqsədəuyğun olmaması ile bağlı obyektiv va əsaslandırılmış səbəbləri əhatə etməlidir. Belə olan halda, kirayə müqaviləsinin ləğvi üçün yalnız qanunvericilikdə açıq şəkildə göstərilən əsasların mövcudluğu hüquqi baxımdan əsas ola bilər. Tərəflər arasında bağlanmış müqavilədə kirayəyə verənə hər hansı digər – yəni Mülki Məcəllədə nəzərdə tutulmayan hallarda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququnun verilməsi isə, yuxarıda qeyd edilən qanun normalarına zidd olmaqla, hüquqi qüvvədən məhrumdur. Nəticə etibarilə, əgər konkret halda AR MM-də nəzərdə tutulan müqavilənin ləğv edilməsinə dair qanuni əsaslar mövcud deyilsə, kirayəyə verən şəxsin birtərəfli qaydada müqaviləyə xitam verməsi hüquqi cəhətdən əsassız hesab edilməlidir. Müvafiq olaraq, tərəflər arasında imzalanmış müqavilə əsasında kirayəyə verənə belə bir səlahiyyətin verilməsi hüquqi nəticələr doğurmur va Mülki Məcəllənin tələblərinə zidd olduğundan etibarsız sayılmalıdır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun 3-cü maddəsinə əsasən, istehlakçının əsas hüquqlarından biri də malların, (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməkdir. Bu hüquqa uyğun olaraq, istehlakçı təqdim edilən məhsul va ya xidmətin qiyməti, keyfiyyəti, tərkibi, vergi yükləri və digər mühüm xüsusiyyətləri barədə aydın va şəffaf məlumat əldə etmək imkanına malik olmalıdır. Eyni zamanda, X5 (ƏDV) cəlb olunan malların va xidmətlərin satışında ƏDV məbləği satış qiymətinə ayrıca göstərilməli və istehlakçı bu barədə məlumatlandırılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7070/603 saylı kirayə müqaviləsində təqdim olunan xidmətin və ya məhusulun qiymətinin ayrılıqda ƏDV məbləği ilə göstərilməməsi, istehlakçının maliyyə yükünün tam məzmununu anlamasına mane olur, nəticə etibarilə isə onun qanunla qorunan məlumat almaq hüququ pozulur.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı MMC iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, cavabdeh aralarında bağlanmış kirayə müqaviləsinin şərtlərini pozmuş, mənzili turistlərə subkirayəyə vermişdir. Bunu binanın resepsiyasında qeydə alınan qeydiyyat kartları (registration form) təsdiq edir. Belə ki, eyni zaman aralığında ərəb, ukraynalı turistlər gəlmiş, eyni zaman aralığında da binadan çıxmışlar. Qeydiyyat kartınada həmin şəxslərin 603 nömrəli mənzilə gəldikləri qeyd edilmişdir. Bu qədər xarici vətəndaşın cavabdehin qonağı olması mümkün deyildir. Cavabdeh onları, çox güman ki, heç tanımır və adlarını da çəkə bilməz. Üstəlik, qonaqların giriş-çıxışını cavabdeh deyil, özünü telefon danışıqlarında və yazışmalarda iddiaçı tərəfin nümayəndlərinə Afaq kimi təqdim edən başqa bir şəxs idarə etmişdir. Həmçinin əlavə etmişdir ki, girişdə qonaqlar qeydiyyata alınır və fərz edilir ki, ən tez bir ay ərzində çıxacaq. Belə olduqda, müqavilə şərti pozulmuş hesab edilmir. Subkirayəyə vermək üçün iddiaçının xüsusi razılığına ehtiyac yoxdur, sadəcə müqavilə şərtində göstərilən müddətin pozulmaması kifayət edir. Buna görə də, həmin şəxslər binaya daxil olarkən və 603 nömrəli mənzildə qalmaq məqsədilə resepsiyadan qeydiyyatdan keçərkən pozuntu ilə bağlı xəbərdarlıq edilməmişdir. Lakin, həmin şəxslər sadəcə 1-2 gün sonra mənzildən çıxmışlar. Bu cür qısa müddətə subkirayəyə icazə verilməməsində məqsəd qeyri-etik halların qarşısının alınması, iddiaçının brendinə və reputasiyasına xələl gəlməməsidir.
8. Məhkəmənin əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, təmin edilməsini xahiş edərək bildirmişdir ki, mənzil subkirayəyə verilmək məqsədilə verilməmişdirsə, həmin mənzilə qonaq gəlməsində və qalmasında heç bir problem yoxdur. Qonaqların sayında limit də nəzərdə tutulmamışdır. Lakin, qeydiyyat kartında adı qeyd edilən xarici turistlərin hamısının birdən qonaq kimi qalması mümkün deyildir. Belə ki, heç evdə ona uyğun şərait də yoxdur, ev 2 + 1 (iki yataq otağı + qonaq otağından ibarət) mənzildir. Bu qədər xarici turistin qısa müddətə gəlib qalması iddiaçı şirkətin reputasiyasına təsir edir, binanın digər sakinləri də onların hərəkətlərindən və səs-küyündən narazılıq etmişlər. Həmçinin əlavə etmişdir ki, qeydiyyat kartlarının bəzilərində giriş və çıxış müddəti arasındakı vaxt bir ay göstərilsə də, əslində həmin şəxslər də bir-neçə gün qalmışlar. Sadəcə, əvvəllər çıxış tarixinə şəxsin giriş edərkən çıxacağını bildirdiyi vaxt qeyd edilirdi. Qonaqlar çıxış vaxtı kimi həmin tarixi qeyd etsələr də, mənzildən daha əvvəl ayrılmışlar. Sonradan, bu halların qarşısını almaq məqsədi ilə qayda dəyişdirilmiş, binaya daxil olan şəxslərin həm girişdə, həm də faktiki çıxdıqları zaman imza etmələri təmin olunmuşdur. İddiaçının nümayəndəsi, həmçinin, bildirdi ki, binaya və ya mənzilə giriş-çıxışla bağlı videogörünütülər ötən ilə aid olduğundan məhkəməyə təqdim edə bilmirlər.
9. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil mülahizəsini müdafiə edərək bildirdi ki, iddiaçının cabadehin mənzili subkirayəyə verməsi ilə bağlı təqdim etdiyi sübutlar mübahisəlidir. Bundan əlavə, cavabdeh evi kirayəyə götürmüşdür və qonaq dəvət etməyə haqqı vardır. Bu cavabdehin şəxsi həyatıdır və heç kim buna müdaxilə edə bilməz. Cavabdeh evi kirayəyə götürdüyü müddət ərzində heç bir müqavilə öhdəliyini pozmamış, 2 aylıq kirayə haqqı, xidmət haqqı və ƏDV daxil olmaqla, ümumilikdə, 5817 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə, kirayəçiyə cərimə xarakterli tələb irəli sürməsi mülki qanunvericiliyə ziddir və belə bir razılaşmanın hüquqi qüvvəsi yoxdur. Cavabdehin vəkili-nümayəndəsi iddianı qəbul etməyib, iddia tələbinin hüquqi və qanuni əsasının olmadığını, iddia tələbinin dəlillərinin sübuta yetirilmədiyini bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun evinə qonaqlar gəlmişdir, lakin, onlar gecə qalmayıblar. Cavabdeh ölkəxaricində olan zaman rəfiqəsi onun uşaqlarına baxmaq üçün gəlmiş, gecə öz evinə qayıtmışdır.
11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
12. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 7070/603 saylı Kirayə müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Kirayəyə verən bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən mənzili əşyaları və avadanlıqları ilə birlikdə (“Əmlak”) yalnız yaşayış sahəsi qismində Kirayəçinin (işçiləri və aidiyyatı şəxslərinin) istifadəsinə verir. Kirayəçi isə bunun müqabilində həmin əlavədə müəyyən edilmiş kirayə haqqını Kirayəyə verənə ödəyir.
13. Həmin Kirayə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Fizuli və Səməd Vurğun küçələrinin kəsişməsində, bina “X9”də yerləşən 603 nömrəli mənzil cavabdehə kirayəyə verilmiş, kirayə haqqı olaraq aylıq 2213 manat, xidmət haqqı olaraq 252 manat ödənilməsi razılaşdırılmışdır.
14. Həmin Kirayə müqaviləsinin 3.8-ci bəndindən görünür ki, həmin müqavilənin 5.1-ci bəndinə riayət edilmək şərtilə və Tərəflərin razılaşmasında açıq şəkildə başqa cür göstərilmədiyi halda, İcarəçi Əmlakı 5 (beş) gündən az olmamaqla ailəsi ilə qalmaq üçün, yaxud 1 (bir) aydan az olmamaq şərtilə ailə münasibətləri olmayan şəxslərlə birlikdə və ya tək istifadə üçün üçüncü şəxs(lər)ə subkirayəyə verə bilər. İcarəçi bu barədə bu müqavilə imzalanmadan İcarəyə verənə niyyətini açıq şəkildə bildirməlidir.
15. Həmin Kirayə müqaviləsinin 3.9-cu bəndindən görünür ki, Kirayəçi Əmlakı Kirayəyə verənin icazəsi olmadan üçüncü şəxs(lər)ə subkirayəyə verdikdə, yaxud Əmlakın yerləşdiyi binada Kirayəyə verən tərəfindən təqdim edilən “kirayəçinin davranış qaydaları”nı, “Rieltorlar üçün Standart Əməliyyat (İcarə) Proseduru”nu kobud və ya mütəmadi olaraq pozduqda Kirayəyə verən bu pozuntular ona məlum olduğu andan Kirayəçini xəbərdar edərək bu Müqaviləni dərhal ləğv edə bilər, Əmlakın subkirayəyə verildiyi üçüncü şəxs(lər)i dərhal və ya ən gec 2 (iki) təqvim günü ərzində Əmlakdan çıxara bilər.
16. Həmin Kirayə müqaviləsinin 3.10-cu bəndindən görünür ki, Müqavilənin 3.8-ci və ya 3.9cu bənddəki şərtlərdən ən az biri pozulduqda Kirayəçi Kirayəyə verənə bu Müqavilənin 3.1-ci bəndində göstərilən müddət üçün Müqaviləyə Əlavə №1-də göstərilən məbləğdə kirayə haqqını, xidmət haqqını, həmçinin əlavə olaraq 1 (bir) aylıq Kirayə haqqı məbləğində vurduğu zərər üçün kompensasiya ödəyəcək.
17. Həmin Kirayə müqaviləsinin 3.1-ci bəndindən görünür ki, Tərəflər ən azı 2 (iki) ay əvvəldən elektron bildiriş verməklə kirayə münasibətlərinə xitam verə bilər.
18. Həmin Kirayə müqaviləsinin 5.1-ci bəndindən görünür ki, Kirayə verənin əvvəlcədən alınmış yazılı razılığı olmadan Kirayəçi Əmlakı əvəzli və ya əvəzsiz subkirayəyə verə bilməz.
19. 06 dekabr 2024-cü il tarixli, 00/705 saylı müqaviləyə xitam barədə bildirişdən görünür ki, İcarə müqaviləsinin 3.9-cu bəndini pozulması səbəbindən, İcarə müqaviləsinin xx.xx.2024-cü il tarixindən birtərəfli qaydada xitam olunmuş sayılması barədə İcarəçi Cavabdeh bildiriş göndərilmişdir.
20. 07 fevral 2025-ci il tarixli, 00/764 saylı müqaviləyə xitam barədə bildirişdən görünür ki, Müqavilənin 3.10-cu bəndinə əsasən, Cavabdeh 7,143 manat məbləğində kompensasiya ödənilməsi tələb olunmuşdur.
21. xx.xx.2025-ci il tarixli Mənzil təhvil vermə forması adlı sənəddən görünür ki, həmin tarixdə Cavabdeh mənzilin açarlarını və digər vacib əşyaları İddiaçı MMC-nin nümayəndəsinə təhvil vermişdir.
22. 17 mart 2025-ci il tarixli, 00/798 saylı pretenziyadan görünür ki, Cavabdeh 10 gün ərzində 7,143 manat məbləğində kompensasiya ödənilməsi tələb olunmuş, əks halda pul tələbi ilə iddia qaldırılaraq, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
23. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 104,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X8 hesabına 5817,40 manat ödəniş edilmişdir.
25. İş materiallarına iddiaçı tərəfindən 10 nəfər xarici ölkə vətəndaşının pasportları və “X9”in resepsiyası tərəfindən tərtib olunmuş qeydiyyat kartları daxil edilmişdir.
26. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-2837/25 nömrəli sorğuya cavabından görünür ki, Alazmi Khathlah S F S (pasport nömrəsi: P********) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2025, mənzil 603 qeyd edilmişdir.
27. Həmin sorğuya cavabdan görünür ki, X11 M F (pasport nömrəsi: P********) xx.xx.2024cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2025, mənzil 603 qeyd edilmişdir.
28. Həmin sorğuya cavabdan görünür ki, X12 (pasport nömrəsi: LR3395353) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2024, mənzil 603 qeyd edilmişdir.
29. Həmin sorğuya cavabdan görünür ki, X13 M F xx.xx.2025-ci ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2025, mənzil 603 qeyd edilmişdir.
30. Həmin sorğuya cavabdan görünür ki, Kokaia Beka (pasport nömrəsi: 22AB10154) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2024, mənzil 603 (başqa rəqəm üzərində düzəliş edilməklə) qeyd edilmişdir.
31. Həmin sorğuya cavabdan görünür ki, Murjikneli Giorgi (pasport nömrəsi: 18AG00343) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2024, mənzil 603 (başqa rəqəm üzərində düzəliş edilməklə) qeyd edilmişdir.
32. Həmin sorğuya cavabdan görünür ki, X2 H (pasport nömrəsi: Z432258) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2025, mənzil 603 qeyd edilmişdir.
33. Həmin sorğuya cavabdan görünür ki, X4 H (pasport nömrəsi: V229288) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2025, mənzil 603 qeyd edilmişdir.
34. Həmin sorğuya cavabdan görünür ki, Marchenko Daria (pasport nömrəsi: GF289759) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2024, mənzil 603 qeyd edilmişdir.
35. Həmin sorğuya cavabdan görünür ki, Movenko Yuliia (pasport nömrəsi: PU699432) xx.xx.2024-cü ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Qeydiyyat kartında gəliş-gediş tarixləri xx.xx.2024-xx.xx.2024, mənzil 603 qeyd edilmişdir.
36. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, yuxarıda adları qeyd edilən xarici vətəndaşların müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətləri qeydə alınmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 309 saylı məhəllə, Fizuli və Səməd Vurğun küçələrinin kəsişməsində “X9”də yerləşən 603 nömrəli mənzil xx.xx.2024-cü il tarixli Kirayə müqaviləsi əsasında Cavabdeh istifadəsinə verilmişdir.
27. İddiaçı 06 dekabr 2024-cü il tarixində cavabdehə “müqaviləyə xitam barədə bildiriş” göndərərək, müqavilənin xx.xx.2024-cü il tarixindən birtərəfli qaydada xitam olunmuş sayılmasını Cavabdeh bildirmişdir. Səbəb kimi müqavilənin 3.9-cu bəndini pozulması göstərilmişdir. xx.xx.2025ci il tarixdə Cavabdeh mənzilin açarlarını və digər vacib əşyaları İddiaçı MMC-nin nümayəndəsinə təhvil vermişdir.
28. Cavabdeh 5817,40 manat məbləğində kirayə və xidmət haqqını, habelə X6 ödəmişdir. Tərəflər arasında bu hissədə mübahisə yoxdur.
29. Hazırda iddiaçı cavabdehin kirayə müqaviləsinin predmeti olan mənzili iddiaçı tərəfindən pasportları iş materiallarına əlavə edilmiş xarici ölkə vətəndaşlarına subkirayəyə verdiyini, bununla da müqavilənin 3.8-ci və 3.9-cu bəndlərinin şərtini pozduğunu, buna görə də müqavilənin 3.10-cu bəndində nəzərdə tutulan vurulmuş zərər üçün kompensasiyanın – 2 aylıq kirayə haqqı və xidmət haqqı, həmçinin 1 aylıq kirayə haqqı və onlara hesablanmış ƏDV olmaqla, ümumilikdə, 8428,74 manat məbləğində pulun və məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini; cavabdeh isə iddia tələbinin əsassız və qanunsuz olduğunu, iddiaçının dəlillərinin sübutlarla təsdiqlənmədiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
30. İş materiallarına iddiaçı tərəfindən pasportları əlavə edilmiş xarici ölkə vətəndaşlarından – Alazmi Khathlah S F S, X11 M F, X12, Kokaia Beka, Murjikneli Giorgi, X2 H, X4 H, Marchenko Daria və Movenko Yuliianın ölkəyə giriş tarixləri iddiaçının qeydiyyat kartlarında qeyd etdiyi giriş tarixlərinə uyğun gəlir.
c) Məhkəmənin mövqeyi:
34. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddia tələbinin dəlilləri sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
35. Belə ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları – mənzilin subkirayəyə verildiyini iddia etdiyi xarici ölkə vətəndaşlarının, həqiqətən də, cavabdehin istifadəsində olan 603 nömrəli mənzilə daxil olduqlarını, orada 5 gündən az müddətdə qaldıqlarını və həmin şəxslərlə cavabdeh arasında subkirayə münasibətlərinin olmasını sübuta yetirməmişdir. İddiaçı tərəf sübut qismində yalnızca xarici ölkə vətəndaşlarına məxsus pasportların fotolarını və iddiaçı tərəfindən birtərəfli qaydada tərtib olunmuş və üzərində həmin pasportların rekvizitlərinin qeyd edildiyi qeydiyyat kartlarını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, bu pasport fotolarının necə və haradan əldə olunması, mənbəyi məlum deyildir, qeydiyyat kartları isə birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edilmişdir və orada istənilən məlumat qeyd edilə bilərdi. Üstəlik, görünür ki, onsuz da kartlarda bəzi dəyişikliklər edilmiş, bəzi yerlərdə mənzil xanasında “606” rəqəmi “603”lə əvəz edilmiş, mənzildə 3 gündən az müddətdə qaldıqları iddia edilən üçüncü şəxslərin gəliş-gediş tarixləri bir çoxunda bir ay göstərilmişdir. Qeydiyyat kartlarının tərtib olunduğu tarixi, atılmış imzaların isə kimə məxsus olmasını müəyyən etmək mümkün deyil. Belə olan halda, məhkəmə bu sənədləri mötəbər sübut kimi qəbul edilə bilməz.
36. Həmçinin, qeyd edilən xarici ölkə vətəndaşlarının kirayə müqaviləsinin qüvvədə olduğu müddətdə ölkə ərazisində olması faktı, məhz cavabdehin istifadəsində olan mənzildə qalmaları ilə bağlı özlüyündə heç bir sübut ehtiva etmir.
36. Beləliklə, iddiaçı cavabdehin istifadəsində olan mənzili üçüncü şəxslərə subkirayəyə verməsi, ümumiyyətlə, hər hansı formada üçüncü şəxslərin istifadəsinə verməsi barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla da mülki prosessual qanunvericiliyin hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıması barədə göstəşirinə əsasən sübutetmə yükünü daşıyan iddiaçı sübutetmə üzrə vəzifəsini yerinə yetirməmişdir.
39. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalı və iddia rədd edilməlidir. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında iddia edilən (və ya daha az) məbləğdə öhdəliyinin yaranması üçün heç bir əsas müəyyən edilmədiyindən, hazırkı iddia tələbi təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 14.1, 14.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. - Başqa şəxsə zərər vurulması. - Əsassız varlanma. - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. 692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
45. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
46. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
48. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə çəkilmiş məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilməlidir.
Nəticə:
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova