Məhkəmə qərarları › İş №e-2(006)-3031/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3031/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3031/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 (X11), Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu Ali Mustafayev küçəsi 21 saylı evin 8 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 154940 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququ xx.xx.1998-ci il tarixdə 974 saylı reyestr kitabında 146225 səhifədə 30992 nömrə ilə qeydə alınmışdır. X1 adına Yasamal rayonu ərazisində mənzil vardır və həmin mənzildə iş üzrə cavabdehlər qeydiyyatda olmuşlar. Atası həmin mənzili satıb Bakı şəhəri Nəsimi rayonu X8 küçəsi 1061-ci məhəllə ev 5 mənzil 4 (yeni qaydalarla: ünvan 1 ünvanda yeni yaşayış binasından ev almışdır. Yeni alınan mənzilə dair mülkiyyət hüquqları qeydiyyata alınmadığı üçün iş üzrə cavabdehləri atası yeni mənzilə qeydiyyata sala bilməmiş və satdığı mənzildən də qeydiyyatdan çıxarılmaq zərurəti yaranmışdır. Bu səbəbdən atası ondan xahiş etmişdir ki, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 2-də yerləşən evinə cavabdehləri və atasını qeydiyyta salmağa razılıq versin. Atasının xahişi ilə iş üzrə cavabdehləri qeydiyyata salmışdır. Sonradan X13 Bakı şəhəri Nəsimi rayonu X8 küçəsi 1061-ci məhəllə ev 5 mənzil 4-də yerləşən evinə dair mülkiyyət hüququnu qeydə aldırmış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən həmin mənzili cavabdehlər Cavabdeh1 Etton oğlu və Cavabdeh2 arasında 1/2 hissədə paylarını müəyyən edərək bölmüşdür. X13 öz ərizəsi ilə onun mənzilindən qeydiyyatdan çıxmış, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 qeydiyyatdan çıxmağa razı olsalar da, bacısı Cavabdeh2 öz razılığı ilə qeydiyyatdan çıxmır. Atası bacısı Ceyla ilə danışdıqdan sonra 2023-cü il tarixdə Ceyla yaşadığı X2 Ohayo ştatının Franklin dairəsindən icazə ərizəsi yazaraq, qeydiyyatda olduğu ünvan 2 ünvandan çıxıb, mülkiyyət hüququ olan Bakı şəhəri Nəsimi rayonu X8 küçəsi 1061-ci məhəllə ev 5 mənzil 4 ünvana pasport qeydiyyatına düşməyə razılıq vermişdir. Lakin cavabdehin özü olmadığından sonuncunu qeydiyyatdan çıxara bilməmişdir. Belə ki, Cavabdeh2 X2 vətəndaşlığını qəbul etmişdir və 20 ildən artıqdır ki, ailəsilə birlikdə orada yaşayır. Cavabdeh2 hazırda qeydiyyatda olduğu mənzilin harada yerləşməsindən belə məlumatı yoxdur. Ümumiyyətlə cavabdeh ünvan 2-dən istifadə etməmiş və həmin mənzildə yaşamamışdır. Bundan əlavə qeyd edir ki, bacısı, iş üzrə Cavabdeh2 X2 vətəndaşlığını qəbul etdiyindən X11 soyadını götürmüş və uzun müddətdir orada yaşadığından «Yaşayış yeri haqqında» qanunun 9-cü maddəsinin 2-ci bəndinə əsasən qeydiyyatdan çıxarılmalı idi. Lakin bu günə kimi müvafiq icra hakimiyyəti orqanı bu məlumatları təqdim etməmişdir. Həmçinin də, cavabdehlərin sözügedən əmlakda pasport qeydiyyatları formal xarakter daşıdığından, onların istifadə hüququna faktiki olaraq özlərinin hərəkətləri nəticəsində, yəni heç kimin maneə olmadığı halda öz istəkləri ilə mənzildə yaşamamaları, başqa mənzildə yaşamaları səbəbindən xitam verildiyindən kompensasiya ilə bağlı hər hansı tələb də mümkün deyil. Bir sözlə, cavabdehlərin formal xarakter daşıyan istifadə hüquqları və pasport qeydiyyatları onun əmlaka sahiblik, istifadə, beynəlxalq və yerli qanunvericiliklə gözlənilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən də, cavabdehlərin ünvan 2 ünvanda yerləşən ona məxsus danışmaz əmlaka olan istifadə hüquqlarına xitam verilməsi zəruridir. Əks yanaşma aidiyyəti qanunvericilik normalarının tələblərinin kobud şəkildə pozulması deməkdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, iddia tələbində qeyd olunan mənzildə yaşamamışdır. Bir dəfə babasını görmək üçün həmin mənzilə getmişdir. O, anası ilə birlikdə Nardaranda, Ləhic bağlarında yaşayır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, o, oğlu və bacısı iddia tələbində qeyd olunan mənzildə yaşamamışlar. Həmin mənzil nənəsinin mənzili olmuşdur. Nənəsi həmin mənzili iddiaçıya vəsiyyət etmişdir. O, həmin mənzildə bir dəfə olmuşdur, amma yaşamamışdır. O, öz evində yaşayır, ev Nardaranda yerləşir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Cavabdeh2 məlumat verilmişdir. Cavabdeh2 ABŞ vətəndaşı olmaqla, Ohayo ştatında yaşadığından, məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Onun tərəfindən məhkəmədə təmsil olunması üçün heç kimə etibarnamə verilməmiş, yaxud vəkillə müqavilə bağlanmamışdır. Cavabdeh2 iddia tələbi ilə bağlı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən məhkəmə mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar 14 iyun 2024-cü il tarixdən sonrakı məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 23 avqust 2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 21 saylı evin 8 saylı mənzili xx.xx.1998-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məktuba 061932 saylı müqavilə və Balaxanı Neft NQÇİ-nin MKTS-in xx.xx.1998-ci il tarixli 2 saylı forma üzrə arayışı əlavə olunmuşdur. - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli MH seriyalı 154940 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 21 saylı evin 8 saylı mənzili mülkiyyət hüququ üzrə X4 adına hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 974 saylı reyestr kitabının 146225 saylı səhifəsində müvafiq qeydiyyat aparılmışdır. - xx.xx.2016-cı il tarixli 124286 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 4 ünvanda qeydiyyatdadırlar. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ak. Həsən Əliyev küçəsi 1061-ci məhəllə 5 saylı evin 4 saylı mənzili (yeni qaydalarla: AZ 1078 ünvan 1 paylı mülkiyyət hüququ üzrə 1/2 pay hissəsində Cavabdeh1, 1/2 pay hissəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X6 ünvan 5 ünvanda qeydiyyatdadır. - 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş 17 fevral 2020-ci il tarixli 8İ-8280 reyestr saylı ərizədən görünür ki, Cavabdeh3 X5 məxsus olan Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 21 saylı evin 8 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmişdir. - 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş 03 mart 2022-ci il tarixli 8İ-7533 reyestr saylı ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu, X5 məxsus olan Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 21 saylı evin 8 saylı mənzilinin satılmasına etiraz etmədiyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. - ABŞ Ohayo ştatının Franklin dairəsinin səlahiyyətli notariusu (səlahiyyətləri 18 dekabr 2024-cü il tarixdə başa çatır) Beverli Barri (Beverly Barry) tərəfindən təsdiq edilmiş 16 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 (hazırda X11) X5 öz mənzilini satmağa icazə verdiyini, bütün iddialarından imtina etdiyini bildirmiş, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi 21 saylı evin 8 saylı mənzilinə olan qeydiyyatının ləğv edilməsini və qeydiyyatının ünvan 7 ünvandakı evinə köçürmək üçün bütün müvafiq sənədləşmə işlərini aparmasına icazə vermişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hala – cavabdehlərin onun mənzilindən istifadə hüququnun olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi, cavabdehlərin iddiaçının mənzilindən istifadə hüququ yaranmamışdır, mənzilə sadəcə olaraq qeydiyyata alınmışlar və yaranmamış hüquqa xitam verilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Hazırki qətnamə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar