Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3035/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 622 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 96 saylı evin 30 saylı mənzili xx.xx.2019-cu il tarixində “"xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh Həmid oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzildən su axması nəticəsində X2 məxsus 30 saylı mənzilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 11 avqust 2020-ci il tarixində akt tərtib olunmuşdur. Müstəqil sığorta eksperti tərəfindən tərtib olunmuş qüsur aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 96 saylı evin 30 saylı mənzilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 872 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 250 manat azadolma çıxılmaqla 622 manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və əlavə olaraq izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, onun evindən su sızmamışdır. Hətta onun evinə baxış keçirilməmişdir. Əgər su həqiqətən də onun evindən sızmış olsaydı o, öz vəsaiti hesabına daha az xərc çəkib təmir işlərini apara bilərdi. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 70 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 30 saylı mənzilinin sahibəsi X3 şikayət ərizəsi əsasında onun mənzilinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 6-cı mərtəbədə yerləşən 32 saylı mənzildən su axıntısı nəticəsində 30 saylı mənzilin mətbəxi yararsız hala düşmüşdür. Belə ki, 30 saylı mənzlinin mətbəxinin tavanı, döşəməsi yararsız hala düşmüşdür. Mətbəx mebeli, həmçinin elektrik naqilləri sıradan çıxmışdır. 6-cı mərtəbədə yerləşən 32 saylı mənzilin sahibi Cavabdeh xəbərdarlıq edilsə də, o, buna əhəmiyyət verməmişdir. Ümumiyyətlə mənzilin mətbəxi pis vəziyyətdədir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli BB119962 saylı zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 96 saylı evin 30 saylı sığortalanmış mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 872 manat pul vəsaiti tələb olunur. İş materiallarında olan xx.xx.2020-c il tarixli sığorta aktından görünür ki, yuxarıda qeyd olunan sığorta hadisəsi ilə bağlı sığorta aktı tərtib edilərək, müvafiq rəsmiləşdirilmə aparılmışdır. Akta əsasən zərər məbləği 872 manat məbləğində müəyyən edilmiş, 250 manat azadolma məbləği çıxılmaqla, ödəniləcək sığorta ödənişi 622 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən mənzilə vurulmuş zərərə görə 622 manat pul vəsaiti X1 hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanunun 35.2-ci maddəsinə əsasən bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Qanunun 35.4-ci maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Qanunun 36.1, 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı mənzilə vurulmuş zərər həcmində subroqasiya qaydasında tələb etmə hüququ yaranmışdır. Cavabdeh mənzilin daha az vəsait hesabına keyfiyyətli təmir edilə biləcəyinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, göndərməmişdir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında köçürülmüş 622 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya qaydasında köçürülmüş 622 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3035/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3035/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver