Məhkəmə qərarları › İş №e-2(006)-3038/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3038/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3038/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 604,50 manat sığorta ödənişinin, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** PH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TO *** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Tərəfindən müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** TO *** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4 885,00 (dörd min səkkiz yüz səksən beş) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 4 885,00 (dörd min səkkiz yüz səksən beş) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası olan "xxxx" ASC tərəfindən 4 280,50 (dörd min iki yüz səksən manat əlli qəpik) manat "xxxx" ASC-nin hesabına ödənilmişdir. Ödənilmiş sığorta məbləğindən 4 280,50 (dörd min iki yüz səksən manat əlli qəpik) manat çıxılmış və 604,50 (altı yüz dörd manat əlli qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdeh(lər)dən xahiş etmiş, cavabdeh(lər) tələb olunan məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalanan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. AD N seriyalı, 536714 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TO-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı avtomobilin sahibi X1r. AD N seriyalı, 866794 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PH-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry minik” markalı avtomobilin sahibi "xxxx" MMC-dir. İ-MİC-2546/19 nömrəli “Avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, X3 məxsus avtomobil xx.xx.2019-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi tam sığortalanmış, əmlakın dəyəri 22.000 manat, sığorta məbləği isə 22.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 23:30-da ** PH *** dövlət qeydiyyat nişanlı, “Toyota Camry minik” markalı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, X3 məxsus olan **-TO-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın ümumi məbləği 5.235 manat məbləğində müəyyən edilmiş və 4.885 manat sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına köşürülməlidir. xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 bank hesabına 4.885 manat məbləğində pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-yə ünvanlanmış məktubun surətindən görünür ki, PAA********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmış **- PH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 4.885,00 manat subroqasiya tələbinin 7 iş günü müddətində "xxxx" ASC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, sonuncu sığorta borcunun olması barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh "xxxx" MMC-yə məsxus “Toyota Camry minik” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmaqla X3 məxsus və "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Kia Optima” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə zərər dəymişdir. Dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 5.235 manat məbləğində qiymətləndirilmiş və şərtsiz azadolma məbləği çıxılmaqla zərər çəkən şəxsə 4.885 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sığorta ödənişi edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı olan "xxxx" ASC tərəfindən 4.280,50 manat məbləğində pul "xxxx" ASC-nin hesabına ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Sığortaçı sığortalıya (faydalanan şəxsə) əmlak sığortası üzrə sığorta ödənişini həyata keçirdiyindən, həmin ödəniş məbləğində zərər vuran şəxsin özünə qarşı subroqasiya hüququna malikdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, həyata keçirilmiş sığorta ödənişi olaraq 604,50 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 634,90 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 604,50 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 634,90 (altı yüz otuz dörd manat, doxsan qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar