Məhkəmə qərarları › İş №e-2(006)-3043/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3043/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3043/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi CCC oğlunun və cavabdeh BBB oğlunun iştirakları ilə İddiaçı «***» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh BBB oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «***» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh BBB oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh BBB oğlu «***» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələlərə əsasən İMEİ kodu **********53580 olan Samsung Galaxy Note 10 markalı telefon, LG LED TV, İMEİ kodu **********06340 olan Samsung Galaxy Tab S5E markalı telefon, İMEİ kodu **********76774 olan HUAWEİ P30 PRO markalı telefon almış və nəticədə onun 5959 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə onun xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2440 manat olan Samsung Galaxy Note 10 markalı telefon üçün ümumilikdə 2256,5 manat olmaqla, ondan 1730 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 526,5 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1785,4 manat olan LG LED TV üçün ümumilikdə 2041,80 manat olmaqla, ondan 1571,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 470 dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2440 manat olan Samsung Galaxy Tab S5E markalı telefon üçün ümumilikdə 674 manat olmaqla, ondan 515,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 158,4 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2322 manat olan HUAWEİ P30 PRO markalı telefon üçün ümumilikdə 986,7 manat olmaqla, ondan 754,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 232,2 manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində İMEİ kodu **********76774 olan HUAWEİ P30 PRO markalı telefondan imtina etmiş və məhsul 850 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli müqavilələlər üzrə cəmi ödədiyi məbləğ 1470 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 717,5 təşkil etmişdir. Cavabdehlə bağlanılmış xx.xx.2019, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06340 olan Samsung Galaxy Tab S5E markalı telefon üçün 515,6 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53580 olan Samsung Galaxy Note 10 markalı telefon üçün 1730 manat ödənilməmiş hissə, 526,5 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76774 olan HUAWEİ P30 PRO markalı telefon üçün 754,5 manat ödənilməmiş hissə 232,20 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 1571,8 manat ödənilməmiş hissə, 470 manat dəbbə, 158,4 manat dəbbə olmaqla, ümumilikdə 5959 manat borcun və 79,59 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh BBB oğlundan tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi CCC oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh BBB oğlu iddia tələbini qismən qəbul edərək, iddia tələbini əsas borc məbləği hissəsində qəbul etdiyini, dəbbə pulu ilə razılaşmadığını bildirmiş və qanunamüvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Belə ki, «***» MMC ilə BBB oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01004008 saylı müqavilədən görünür ki, «***» MMC Samsung Galaxy Tab S5E markalı telefonu cavabdeh BBB oğluna satmış, cavabdeh BBB oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 88 manat ödəməyi öhdəsinə götürmüşdür. «***» MMC ilə BBB oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01044006 saylı müqavilədən görünür ki, «***» MMC Samsung Galaxy Note 10 markalı telefonu cavabdeh BBB oğluna satmış, cavabdeh BBB oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 135 manat ödəməyi öhdəsinə götürmüşdür. «***» MMC ilə BBB oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20064977 saylı müqavilədən görünür ki, «***» MMC HUAWEİ P30 PRO markalı telefonu cavabdeh BBB oğluna satmış, cavabdeh BBB oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 129 manat ödəməyi öhdəsinə götürmüşdür. «***» MMC ilə BBB oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20201963 saylı müqavilədən görünür ki, «***» MMC LG LED TV-ni cavabdeh BBB oğluna satmış, cavabdeh BBB oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 98,3 manat ödəməyi öhdəsinə götürmüşdür. «***» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 12 iyun 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh BBB oğlunun «***» MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 515,6 manat əsas borc, 158,4 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1730 manat əsas borc, 526,5 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 754,5 manat əsas borc, 232,2 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1571,8 manat əsas borc, 470 manat cərimə borcu, cəmi 4571,9 manat əsas borc, 1387,1 manat cərimə borcu olmaqla, ümumilikdə 5959 manat borcu vardır. «***» MMC tərəfindən BBB oğluna ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «***» MMC ilə BBB oğlu arasında xx.xx.2019-cu il tarixli, 01004008 saylı, xx.xx.2019-cu il tarixli, 01044006 saylı, xx.xx.2020ci il tarixli, 20064977 saylı və xx.xx.2020-ci il tarixli, 20201963 saylı əşyanın nisyə alqısatqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən «***» MMC Samsung Galaxy Note 10 markalı telefonu, LG LED TV-ni, Samsung Galaxy Tab S5E markalı telefonu və HUAWEİ P30 PRO markalı telefonu cavabdeh BBB oğluna satmış, cavabdeh BBB oğlu isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «***» MMC-yə ödənilməmiş 4571,9 manat əsas borc, 1387,1 manat cərimə borcu olmaqla, ümumilikdə 5959 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, fasiləsiz video-audio yazının aparıldığı məhkəmə iclasında cavabdeh BBB oğlu əsas borc məbləği hissəsində iddia tələbini qəbul etmişdir. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, hesablanmış dəbbə pulu azaldılmaqla xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 25 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat cərimə borcu tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh BBB oğlundan xx.xx.2019-cu il tarixli müqavilə üzrə 515,6 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1730 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 754,5 manat əsas borc, 25 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1571,8 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 4716,9 manat məbləğində borc və 67,16 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «***» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 12,43 manat hissəsi iddiaçı «***» MMC-nin özünə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh BBB oğlundan xx.xx.2019-cu il tarixli müqavilə üzrə 515,6 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1730 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 754,5 manat əsas borc, 25 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1571,8 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 4716,9 manat məbləğində borc və 67,16 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «***» MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 12,43 manat hissəsi iddiaçı «***» MMC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar