Məhkəmə qərarları › İş №e-2(006)-3056/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3056/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3056/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kod **********61949 Samsung Galaxy S23 FE, X1qlıq, Samsung Charger, Paket XXXL xidməti Zəmanət + 3 il xidməti, 6 ədəd stul - Vento, Deluks – qonaq – masa almış və nəticədə 2968.19 (iki min doqquz yüz altmış səkkiz zmanat, 19 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1940.04 (bir min doqquz yüz qırx manat, 4 qəpik) manat (18 ay x 107.78 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********61949 Samsung Galaxy S23 FE, X1qlıq, Samsung Charger, Paket XXXL xidməti, Zəmanət + 3 il xidməti üçün ümumilikdə, 1209.18 (bir min iki yüz doqquz manat 18 qəpik) manat olmaqla ondan, 1077.8 (bir min yetmiş yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 107.78 (yüz yeddi manat, 78 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1744.8 (bir min yeddi yüz qırx dörd manat, 80 qəpik) manat (24 ay x 72.7 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd stul - Vento, Deluks – qonaq – masa üçün ümumilikdə, 1759.01 (bir min yeddi yüz əlli doqquz manat, 1 qəpik) manat olmaqla ondan, 1599.1 (bir min beş yüz doxsan doqquz manat, 10 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 159.91 (yüz əlli doqquz manat, 91 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1007.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilədən, onun əlavəsindən, bildirişdən, əşyaların təhvil-təslim aktından və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da iddiaçı “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, olan İMEİ kod **********61949 Samsung Galaxy S23 FE, X1qlıq, Samsung Charger, Paket XXXL xidməti Zəmanət + 3 il xidməti üçün 1077.8 (bir min yetmiş yeddi manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 107.78 (yüz yeddi manat, 78 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 6 ədəd stul - Vento, Deluks – qonaq – masa üçün 1599.1 (bir min beş yüz doxsan doqquz manat, 10 qəpik) manat ödənilməmiş hissə, 159.91 (yüz əlli doqquz manat, 91 qəpik) manat cərimə olmaqla, ümumilikdə 2968.19 manat borc, 49.69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada poçt vasitəsilə göndərilməklə yanaşı, iş yeri olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutuna məxsus elektron kabinetə yerləşdirilmiş (AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində) və onun xahişinə əsasən, istifadəsində olan “+994-55- 200-10-46” nömrəsinə də “PDF” formatda göndərilmiş, lakin cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı 6 ədəd Vento markalı stul və Deluks markalı qonaq masasını Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində cəmi 1744,8 manat pul məbləğini hissə-hissə, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

7. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ********* nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18682779 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı İMEİ kod **********61949 Samsung Galaxy S23 FE, X1qlıq, Samsung Charger, Paket XXXL xidməti və 3 il Zəmanət xidməti satmış, Cavabdeh alınmış əşyaların əvəzində cəmi 1940,09 manat pul məbləğini hissə-hissə, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

9. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 18682779 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.

10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. "xxxx" QSC ilə İddiaçı MMC tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, MMC-nin alış – kreditə verilən İMEİ-lər və açıq-bağlı əməliyyatlara görə xx.xx.2025-ci il tarixinə QSC-yə olan borcunun məbləği 72.439,61 AZN təşkil edir.

12. xx.xx.2025-c il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovatov Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir.

13. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1077,8 manat ödənilməmiş əsas, 107,28 manat cərimə və 23,6 manat İnnovatov Layihələr Mərkəzinə ödənilən rüsum borcu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1599,1 manat ödənilməmiş əsas, 159,91 manat cərimə borcu olmaqla, ümumilikdə müqavilələr üzrə 2968,19 manat borcu vardır.

14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 49,69 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən 6 ədəd Vento markalı stul və Deluks markalı qonaq masasını cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində 1744,8 manat pul məbləğini hissə-hissə, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, həmçinin onlar arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18682779 nömrəli müqaviləyə əsasən İMEİ kod **********61949 Samsung Galaxy S23 FE, X1qlıq, Samsung Charger, Paket XXXL xidməti və 3 il Zəmanət xidməti satmış, cavabdeh isə alınmış əşyaların əvəzində cəmi 1940,09 manat pul məbləğini hissə-hissə, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə satılmış mobil telefonun açılıb-bağlanılması xidmətinə görə "xxxx" QSC-yə 23,60 manat pul vəsaiti ödəmişdir.

16. Lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır.

c) Məhkəmənin mövqeyi:

17. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.

18. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

19. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələr üzrə əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilələr üzrə tələb edilən cərimələrin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb edilən 107,78 manat cərimənin məbləği 30 manat məbləğinədək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tələb edilən 159,91 manat cərimənin məbləği isə 50 manat məbləğinədək azaldılmalıdır.

20. İddia tələbinin “İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun cavabdehdən tutulması” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi kimi bu pul məbləğinin cavabdehdən tutulması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmaqla, qanunvericiliyin tələblərinə zidd deyildir. Buna görə də tələb bu hissədə təmin edilməlidir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-443.2-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddə. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-448.2-ci maddə. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 601.1-ci maddə. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddə. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddə. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.1-ci maddə. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Mülki Prosessual Məcəllə: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1077,80 manat ödənilməmiş məbləğ, 30 manat dəbbə və 23,60 (iyirmi üç manat altmış qəpik) İMEİ kodunun bağlanması üçün ödənilmiş rüsum (müqavilədə nəzərdə tutulmuş xərclər); - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1599,10 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu olmaqla, cəmi 2780,50 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

23. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 46 (qırx altı) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1077,80 (bir min yetmiş yeddi manat səksən qəpik) manat ödənilməmiş məbləğ, 30 (otuz) manat dəbbə və 23,60 (iyirmi üç manat altmış qəpik) İMEİ kodunun bağlanması üçün ödənilmiş rüsum (müqavilədə nəzərdə tutulmuş xərclər); xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1599,10 (bir min beş yüz doxsan doqquz manat on qəpik) manat ödənilməmiş məbləğ, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 2780,50 (iki min yeddi yüz səksən manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 46 (qırx altı) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar