Məhkəmə qərarları › İş №e-2(006)-3062/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3062/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3062/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 9.901.0000220 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 576 manat əsas, 50 manat cərimə borcun, ümumilikdə 626 manat vəsaitin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 9.********** nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 779.90 (yeddi yüz yetmiş doqquz) manat 80 qəpik dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 119,90 manat ödəniş etmiş, qalıq qalmış 660 manatı 12 ay müddətində hər ay 55 (əlli beş) manat olmaqla ödəməyi öhdəsinə götürmüş, həmin borcdan xx.xx.2022-ci il tarixində 84 (səksən dörd) manat ödəniş etsə də, 576 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, xx.xx.2023-cü il tarixli 21 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarından görünür ki: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 779.90 manat təşkil edən məişət avadanlıqlarının alqı-satqısına dair müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3%-i həcmində “Müştəri” cərimə ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 9.901.0000220 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh cəmi 779.90 manat dəyərində məişət avadanlıqları 12 ay müddətinə, aylıq 55 manat hissə-hissə ödəmək şərti ilə satılmışdır. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 9.901.0000220 saylı alqı-satqı müqaviləsi üzrə məişət avadanlıqları tam qüsursuz halda təhvil verilmişdir. İddiaçı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli 9.901.0000220 saylı “nisyə alqı-satqı müqaviləsi”nə əsasən 576 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müqavilələrin 2.3-cü bəndinə əsasən bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə müəyyən edilmiş müddətdə satıcıya ödəməlidir. Müqavilələrin 4.2.3-cü bəndinə əsasən alıcı əmlakın dəyərini vaxtı-vaxtında ödəməlidir. Satıcı əmlakı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əmlakın dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 576 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 426.1, 426.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla nisyə alqı-satqı müqavilələri üzrə 20 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəf olduğu xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 576 manat, cərimə borcu üzrə 20 manat, cəmi 596 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 576 (beş yüz yetmiş altı) manat, cərimə borcu üzrə 20 (iyirmi) manat, cəmi 596 (beş yüz doxsan altı) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar