Məhkəmə qərarları › İş №e-2(006)-3069/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3069/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3069/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinthisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olmaqla, Cavabdehnə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinthisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olmaqla, Cavabdehnə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 284,99 ABŞ dolları aldığı malın dəyərinin, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 2015-ci ildən etibarən Türkiyə, ABŞ və digər xarici ölkələrdən malların Azərbaycan Respublikasına çatdırılmasını həyata keçirir. Daşıma xidməti cavabdehin özünün yaratdığı “mover.az” saytı vasitəsilə fiziki və hüquqi şəxslərin sifarişi əsasında həyata keçirilir. Mövcud şərtlərə əsasən, sifarişçi yuxarıda qeyd olunan internet saytına daxil olaraq özünə elektron kabinet yaradır, sonra təklif olunan xarici ölkələrdən birindən özünün seçdiyi məhsulu sifariş verir, daha sonra isə həmin məhsulun dəyərini onlayn ödəniş yolu ilə ödəyir. Həmin xidmətdən istifadə etmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi, “mover.az” saytından çıxarışlardan da göründüyü kimi, xx.xx.2022-ci il tarixdə “amazon.com” saytı vasitəsilə özümə ümumi dəyəri 284,99 ABŞ dolları olan fərdi kompüter üçün ehtiyat hissəsi almışdır. Hesab fakturadan da görünür ki, həmin tarixdə məhsulun bütün dəyərini ödəmişdir. Məhsulun satıcısı xx.xx.2022-ci il tarixdə məhsulu cavabdehin xarici anbarına çatdırsa da, həmin tarixdən indiyə qədər cavabdeh dəyərini ödədiyi kompüter ehtiyat hissəsini ona çatdırmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Ödəniş çekindən görünür ki, iddiaçı tərəfindən Amazon.com saytından sifariş verilmiş məhsulun dəyəri daşınma haqqı ilə birlikdə 284,99 ABŞ dolları təşkil etmiş, məhsulun Mover izləmə kodu MVRM**********, daxili izləmə kodu TBA**********55 olmuşdur. #3141910 kodlu bağlama məlumatından görünür ki, sifariş xx.xx.2022-ci il tarixdə verilmiş, məhsul xx.xx.2022-ci il tarixdə xarici anbarda olmuşdur. Amazon.com saytından çıxarışdan görünür ki, Amazon tərəfindən izləmə kodu TBA**********55 olan məhsul 601 CORNELL DR, STE G11 H344046, WİLMİNGTON, DE 19801-5789 ünvanına çatdırılmışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, iddiaçı dostudur. Məhsulu, yəni videokartı o sifariş vermişdir. Cavabdeh sadəcə karqo şirkətidir, məhsul Amazon.com saytından Amazondan sifariş edilir və orada da karqo şirkəti ilə bağlı məlumatları qeyd edirlər. Məhsulu 09 dekabr tarixində sifariş vermiş, lakin hələ də məhsulu gətirməmişdir və ödədiyləri pul da geri qaytarılmamışdır. Məhsul sifariş edildikdən bir həftə və ya on gün ərzində onlara gəlməli idi. Cavabdehin nümayəndələri ilə əlaqə saxlamağa çalışsalar da, onlar zənglərinə cavab verməmişlər. Cavabdehin yerləşdiyi ofisə də yaxınlaşmışdır. İlk vaxtlar zənglərə cavab verirdilər, lakin hazırda zənglərə cavab vermirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Məhkəmə tədqiqatı zamanı müəyyən olunduki, iddiaçı tərəfindən Amazon.com onlayn mağazasından daşınma haqqı ilə birlikdə 284,99 ABŞ dolları dəyərində videokart xx.xx.2022-ci il tarixdə sifariş verilmiş, malın dəyəri iddiaçı tərəfindən ödənilmiş, məhsulun Mover izləmə kodu MVRM**********, daxili izləmə kodu TBA**********55 olmuşdur. Amazon tərəfindən izləmə kodu TBA**********55 olan məhsul 601 CORNELL DR, STE G11 H344046, WİLMİNGTON, DE 19801-5789 ünvanına çatdırılmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, onun sifariş etdiyi mal cavabdehin ona təqdim etdiyi ünvana çatdırılmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaya qəbul edilmiş mal iddiaçıya 9 aydan artıq müddət keçməsinə baxmayaraq iddiaçıya çatdırılmamışdır. Bu halda məhkəmə hesab edir ki, həmin mal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən itirilmiş hesab edildiyindən onun tam dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 284,99 ABŞ dolları məbləğində alınmış malın dəyəri Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar