Məhkəmə qərarları › İş №e-2(006)-3080/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3080/2022

02.06.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3080/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi və icraya yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi və icraya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya təşkilatında 14.05.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 09.06.2010-cu il tarixində bağlanmış nikahlarına xitam verilməsi hissəsində təsdiq edilməsi və barışıq sazişinin nikaha xitam verilməsi hissəsində icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı Maraqlı şəxs ilə 09.06.2010cu il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 19.03.2011-ci il təvəllüdlü X3 və 29.06.2013-cü il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan bir müddət sonra münasibətləri pisləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmışdır. Tərəflər 14.05.2022-ci il tarixində Bakı 6 saylı Mediasiya təşkilatına müraciət etmişlər. Mediasiya prosesi nəticəsində tərəflər arasında 09.06.2010-cu il tarixli AZ-İ 580030 nömrəli nikah şəhgadətnaməsinə əsasən qeydə alınmış nikahın pozulmasına, birgə nikahdan olan 19.03.2011-ci il təvəllüdlü X3 və 29.06.2013-cü il təvəllüdlü X2 ərizəçi İddiaçı yanında saxlanılmasına və maraqlı tərəf Maraqlı şəxs 19.03.2011-ci il təvəllüdlü X3 və 29.06.2013-cü il təvəllüdlü X1 üçün hər ay əmək haqqı və digər gəlirlərin 1/3 hissəsi miqdarında aliment ərizəçi İddiaçı verilməsi öhdəliyin götürülməsinə dair razılığa gəlinmə ilə əlaqədar barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. Tərəflər onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkləri barəsində razılığa gəliblər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 31.05.2022-ci il tarixdə teleqram ünvanlayaraq məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiadan imtina olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 09.06.2010-cu il tarixli, AZ-İ № 580030 seriyalı nikah haqqında şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs ilə X5 09.06.2010-cu il tarixdə rəsmi nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06.09.2010-cu il tarixdə 779 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 09.04.2011-ci il tarixli, AZ-İİ № 641989 seriyalı doğum haqqında şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 19.03.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 13.07.2013-cü il tarixli, AZ-İİİ № 144344 seriyalı doğum haqqında şəhadətnamənin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 29.06.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası İddiaçıdır. İş materiallarında olan 14.05.2022-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər qarşılıqlı surətdə razılaşırlar ki, 09.06.2010-cu il tarixli AZ-İ 580030 nömrəli nikah şəhadətnaməsinə əsasən nikahı pozurlar. Tərəflər razılaşır ki, birgə nikahdan olan 19.03.2011-ci il təvəllüdlü X3 və 29.06.2013-cü il təvəllüdlü X4 1-ci tərəf olan İddiaçı yanında (himayədə) saxlanılır. 2-ci tərəf olan Maraqlı şəxs razılaşır ki, 19.03.2011-ci il təvəllüdlü X3 və 29.06.2013-cü il təvəllüdlü X1 üçün hər ay əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimenti 1-ci tərəf olan İddiaçı verilməsi öhdəliyini götürür. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 09 iyun 2010-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Tərəflər məhkəməyə müraciət etməzdən öncə nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair mediasiya təşkilatına müraciət etmiş və bununla bağlı barışıq sazişi bağlanılmışdır. Hal-hazırda ərizəçi həmin barışıq sazişinin məhkəmədə təsdiq olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır və iddiadan imtina edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-26-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi nikah ya nikahın bağlandığı qeydiyyat şöbəsi tərəfindən, ya da məhkəmə vasitəsilə pozula bilər. Mediasiya vasitəsilə nikahın pozulmasına dair barışıq sazişinin məhkəmədə təsdiq edilməsi qanunvericilik əsasında yol verilməzdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiadan imtina edilməlidir. Şərh edilənlərə əsasənAzərbaycan Respublikası MPM-nin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi İddiaçı və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya təşkilatında 14.05.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 09.06.2010-cu il tarixində bağlanmış nikahlarına xitam verilməsi hissəsində icraya yönəldilməsi barədə qətnamə çıxarılmasından imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar