Məhkəmə qərarları › İş №e-2(006)-3094/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3094/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3094/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 956 manat ödənilməmiş əsas borc, 194 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində STN14-2037 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından 1.156 manat dəyərində “PlayStation CFİ- 1108A” almışdır. Müqavilə 200 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə hər ay 97 manat ödəmək şərtilə bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə STN14-2037 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 1356 manat olan “PlayStation CFİ-1108A” nisyə satılmış və alıcı ilkin olaraq 200 manat ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 97 manat, sonuncu ay 89 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə 956 manat ödənilməmiş hissə və 194 manat cərimə borcu mövcuddur. İş materiallarında olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 956 manat ödənilməmiş əsas borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 956 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 194 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. İş materiallarından müəyyən olunur ki, iddianın qiyməti ümumilikdə 1150 manat təşkil etməklə iddiaçı tərəfindən 31.5 manat dövlət rüsumu ödənilməli olduğu halda 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, 1.5 manat kəsr cavabdehə aid edilməklə Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 956 manat ödənilməmiş əsas borc, 50 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 20 manat alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 1.5 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 manatı İddiaçı MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 956 manat ödənilməmiş əsas borc, 50 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 1026 (bir min iyirmi altı) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 1.5 (bir manat əlli qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar