Məhkəmə qərarları › İş №e-2(006)-3096/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3096/2024

10.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3096/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X2 Services LTD” Şirkətinin Filialına qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X2 Services LTD” Şirkətinin Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialından iddiaçıya ödənilməmiş əmək haqqına görə 66907 manat, əmək haqqının gecikdirilməsinə görə 24957 manat və iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manat, cəmi 101864 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin, iddiaçı ilə 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. Fazil Muradov (iddia ərizəsində yazıldığı kimi) 2019-cu ilin may ayından 2023-cü ilin noyabr ayına qədər Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-07:00-dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Buna baxmayaraq, iddiaçıya əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra, iddiaçı şənbə günləri və iş vatxından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin ona hər hansı verəcəyi qalmamışdır. İddiaçı Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında 2019-cu ilin avqust ayından 2023-cü ilin avqust ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 06:00-dan 20:00-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işlədiyi müddət hesablansa, cavabdeh tərəfindən ona əlavə iş saatına görə 47070 (4707 saatX10AZN=47070 AZN) manat, qeyri iş günlərinə görə 19837 (2019-cu il 52 gün, 2020-ci il 52 gün, 2021-ci il 52 gün, 2022-ci il 52 gün və 2023-cü il 31 gün qeyri iş günləri) manat olmaqla, ümumilikdə cavabdeh iddiaçıya 66907 manat məbləğində əlavə iş saatları və qeyri iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. Əmək Məcəlləsinin 9-cu maddəsinin ”e” bəndinə əsasən işçinin hüququ vardır ki, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etsin. Maddədən də göründüyü kimi, İddiaçı iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqı ödənişini tələb etmiş, lakin “X1 Services LTD” Şirkətinnin filialı tərəfindən imtina edilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı xx.xx.1977-ci il tarixdə adına açılmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə “X2 Services LTD” Şirkətinin Filialına sürücü (1-ci dərəcə) vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə “X2 Services LTD” Şirkətinin Bakı Filialına sürücü (1-ci dərəcə) vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 22-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış DR-19/069 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə işçinin 1 ay müddətinə şirkətə sürücü vəzifəsinə işə qəbul edilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndində həmçinin göstərilmişdir ki, işəgötürən işçiyə hər ay vergilər daxil olmaqla 978,55 manat məbləğində əmək haqqı ödəyir. Həmin müqavilənin 4.8-ci bəndində həmçinin göstərilmişdir ki, işçi gündə 8 saatdan, həftə ərində isə 40 saatdan çox olmayaraq işləyir. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Əlavə №1”-də işəgötürənin işçiyə hər ay vergilər daxil olmaqla 1174,26 manat məbləğində əmək haqqı ödəməsinə dair dəyişiklik edilmişdir. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Əlavə №2”-də əsas müqavilənin 4.8-ci bəndinə “İş saatlarının hesablanmasında cəmlənmiş uçot tətbiq olunur. Uçot dövrü 1 aydır. İşçi uçot dövrü ərzində qanunla müəyyən olunmuş iş saatı normasından çox olmayaraq işləyir; 4.9. İş rejimi növbəlidir. İş və istirahət vaxtı növbə cədvəli ilə təmzimlənir; 4.10. İşçiyə iş vaxtından artıq işə, iş günü hesab edilməyən bayram günlərində axşam və gecə saatlarında görülən işlərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada əlavə ödəniş olunur; 4.11. Nahar vaxtı iş növbəsi ərzində 1 saat, 2 dəfə 10 dəqiqəlik çay fasiləsi.” dəyişiklikləri edilmişdir. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Filialı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Əlavə №2”-də əsas müqavilənin 6.2-ci bəndinə “İşçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, məcburi dövlət sosial sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta hüququ təmin edilir.” dəyişiklikləri edilmişdir. İş materiallarında olan işçi İddiaçı adına 2019 cu il yanvar ayı tarixdən 2023-cü il iyul tarixinə qədər tərtib edilmiş ödəniş cədvəllərindən görünür ki, “İstirahət və bayram günləri” bəndində müxtəlif sayda əlavə iş günləri qeyd edilməklə cəmi məbləğin alınmasını düz olduğu imza edilməklə təsdiqlənmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “X2 Services LTD” Şirkətinin Filialına ünvanladığı xx.xx.2024-cü il tarixli arayışı ilə əməkdaş İddiaçı əmək haqqı hesabına icra edilmiş ödənişlərin çıxarışı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmr №074 DR/T/23 dən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixli sonuncu iş günü olmaqla, şirkətin filialında tutduğu sürücü (dərəcə 1) vəzifəsindən azad edilmiş və həmin gündən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Məhkəmə iddianın “iddiaçıya ödənilməmiş əmək haqqına görə 61494 manat, əmək haqqının gecikdirilməsinə görə 24597 manat” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbinin sübutu kimi iddia ərizəsinə özü tərəfindən tərtib edilmiş cədvəl əlavə etmiş, bu cədvəl əsasında hesab etmişdir cavabdeh ona əlavə pul ödəməlidir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. Digər tərəfdən, mübahisələndirilən məsələnin əsasını təşkil edən halı, yəni işçinin iş vaxtından artıq işləməsini cavabdehin təqdim etdiyi bir neçə sənədlə təsdiq edir. Belə ki, müxtəlif aylarda əlavə iş vaxtları üzrə əlavə ödənişlərin hesablanması və ödənişlərin cəmi miqdarının bu səbəbdən hər ay üçün müxtəlif olması cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəllərində görünür. Qeyd olunan hesablamalar və yekun məbləğ cədvəldə “Alıb düz olduğunu imzam ilə təsdiq edirəm” qeydinə imza edilməklə təsdiq olunmuşdur. Məhkəmə iclasında iddiaçının nüməyəndəsi və vəkili həmin imzaların iddiaçıya məxsus olmasının yoxlanılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərək həmin sənədlərdə imzaların iddiaçıya məxsus olmadığı dəllilərini irəli sürmüşdür. Məhkəmə tərəfindən vəsatət təmin edilməyərkən işəgötürənin işçiyə əmək haqqı və digər ödənişlərin bank hesabına köçürmə vasitəsi ilə edildiyini və bankın təqdim etdiyi hesab çıxarışında işçinin ödəniş cədvəlinə uyğun vəsaitlərin köçürülməsinin aparıldığını nəzərə alınaraq, işçinin bu vəsaitlərin hər ay üçün fərqli olmasına baxmayaraq mübahisələndirməməsi halını əsas götürülmüşdür. Belə ki, iddiaçının əmək haqqı hesabına mütəmadi olaraq qeyri sabit məbləğdə əmək haqqı ödənilmişdir ki, iddiaçı bu məbləğləri qəbul edərkən onların fərqli olmasının səbəb və əsasını araşdırmamaqla bu fərqin məhz iş vaxtından artıq işləməsinə görə yarandığı barədə məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “iddiaçıya vurulmuş mənəvi ziyana görə 10.000 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilmədi. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “X2 Services LTD” Şirkətinin Filialına qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar