Məhkəmə qərarları › İş №e-2(006)-3114/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3114/2023

05.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3114/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evi 1988-ci ildə Ermənistan Respublikasından köçərkən dəyişdirilmə yolu ilə almışdır. Bununla bağlı xx.xx.1993-cü il tarixdə 30/12201 saylı qeydiyyat şəhadətnaməsi əldə etmişdir. Həmin tarixdən etibarən həmin mənzil onun xüsusi mülkiyyətindədir. xx.xx.1998-ci il tarixdən Cavabdeh nikaha girmişdir. Bu tarixdən həmin ünvanda qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh Haşim qızı arasında olan nikah pozulmuşdur. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Daha sonra Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhər 1 saylı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində 2701 saylı nömrə ilə nikahları qeydə alınmışdır. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla Cavabdeh Haşim qızı arasında olan nikah pozulmuşdur. Cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili ipoteka ilə yüklü etmək istədikdə, özgəninkiləşdirmək istədikdə, cavabdehdən notarial qaydada razılığın alınması onun üçün əlavə çətinliklər yarada bilər. Qeyd edilənlərə əsasən, Cavabdeh iddiaçı tərəfindən 3.000 manat məbləğində pul kompensasiyası ödənilməklə Cavabdeh ünvan 1 ünvanda yerləşən 2 otaqlı evə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, qarşı tərəf İddiaçı onun əri olub, lakin bir müddət ilk dəfə ondan xəbərsiz nikahın pozulması iddiasını qaldırdı və ona gələn məktubları ona göstərmədən məhkəməyə yalan məlumat verirdi ki, guya onun məhkəmədən xəbəri var amma gəlmir məhkəməyə, halbuki xəbəri yox idi. Sonra barışdılar nikahı bağladılar. Bu yaxınlarda yenidən iddia qaldırdı, onda apelyasiya şikayəti etmədi, çünki bu insan onun ona illərlə əsl arvadı olaraq əsl dost kimi əsl sirdaş kimi baxmağını qulluq etməyini nəzərə almadan onu boşayırsa, nə mənası var apelyasiya şikayəti etməyi, özü işləmiş, ailəni dolandırmış, amma heçnəyi nəzərə almadı, illərlə bunu əri bilib insan bilib inanıb həm pulunu, həm sirrini bölmüşdür. Bu yaşda belə hərəkət etməyi ya beyin pozğunluğundan irəli gəlir ya bu yaşda eşqə düşüb ya da hansısa ya qohumları ya tanışları onun mülkünü ələ keçirmək məqsədi ilə ona düşman kimi təqdim edərək beynin doldurur ki öz tərəfinə çəksin, amma yenə də bunun hamısı psixoloji pozğuntulardan irəli gəlir, çünki illərlə ona insan kimi qulluq edəni əgər unudur başqasına bel bağlayırsa, demək burda nəsə unutqanlıq var (qocalıq sklirozu). İndidə yaşadığı qadın var. O arvad bunu mülkünə görə aldadır, buda arvadı aldadır ki mülk verəcək. O, 27 il qulluq edə-edə ona belə edirsə, 5 günün qadınına nə edər? İllərlə müalicələrini o etmiş, kommunal xərclərini o ödəmiş. Üstəlik qonşuları, ərazi üzrə MKİS MKTB və DVX şahiddir ki o həm bu evdə (torpağı özəlləşməyən həyət evi – mənzil) 2009-cu ildən qabağ həm yaşayır, həm də təxmini 2012-ci ildən də sahibkarlıqla məşquldur. İddia əsassızdır, çünki : 1) 2009-cu ildən qabağ qeydiyyatda olmuş şəxsə mülkiyyət hüququna xitam verilməsini xahiş edəndə 10.000 azn təzminat verilir 1 illik kirayə haqqı olaraq, 2) ən əsası da bir işə 2 dəfə baxılmır yəni eyni predmetli eyni məzmunlu işə 1 dəfədən çox təkrar baxılmır (nikahın pozulması istisna olmaqla). Qeyd edir ki, bu işə 2021-ci ildə baxaraq xx.xx.2021-ci il tarixdə iddiaçının onu qeydiyyatdan çıxartma barədə iddiası rədd olunaraq 2(006)- 6409/2021 saylı qətnamə qət edildi və eyni hakim tərəfindən. Göstərilənlərə əsasən, İddiaçı ona qarşı qaldırdığı iddiasının təmin edilməməsi, tamamilə rədd edilməsi və bu barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(006)-2054/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 17 may 1997-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 280 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-6409/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(006)-348/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 15 noyabr 2021-ci il tarixdə 2701 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Mülki işin materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı evdə İddiaçı xx.xx.1988-ci il tarixdən, Cavabdeh xx.xx.1998-ci il tarixdən daimi qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 6533892№-li Arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış məktubdan görünür ki, o, xx.xx.2002-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Arayışın surətindən görünür ki, Cavabdeh N.Nəsibbəyli küçəsi, 15/5 saylı evdə xx.xx.1998-ci ildən qeydiyyatdadır və yaşayır. Mülki işin materiallarında olan Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0970410№-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 15/5 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2016-cı il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0571256№-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan Yaşayış massivi, 2-ci kvartal, ev 35V xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2015-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan X1 Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli rəydən görünür ki, araşdırmalaraq, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 15/5 ünvanında yerləşən 49 kv.m sahədən ibarət mənzilin qiymətləndirmə tarixinə orta aylıq kirayə haqqı 150-200 manat təşkil edir. Mülki işin materiallarında olan Bakı 12 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər (Mediator:L.Məmmədov). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarından görünür ki, hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yaransa da, həmin münasibətlərə sentyabr ayının 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə hesab edir ki, iddiaçının hazırda cavabdehə təklif etdiyi məbləğdə kompensasiya iddiaçının hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar