Məhkəmə qərarları › İş №e-2(006)-3128/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3128/2025

02.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3128/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 32 saylı Dövlət Notariat Ofisinə qarşı X10 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1 və X11 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 6 saylı Notaiat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 7E-4247 saylı etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə 0.12 ha torpaq sahəsinə dair satıcı Cavabdeh1 ilə alıcı X15 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 İddiaçı2 ilə 18 noyabr 1998-ci ildə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahda olduğu zaman iddiaçının adına Buzovna qəsəbəsi, 400 saylı sahədə 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-18439D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının və cavabdeh-iddiaçının qardaşı olan Cavabdeh1 ilə torpaq sahələri qonşu həmsərhəd olmuşdur. Sonradan iddiaçı və cavabdeh qardaşı arasında mübahisə yarandığından Cavabdeh1 iddiaçının məlumatı olmadan saxta yollarla Bakı şəhəri 6 saylı Notaiat Kontorunda İddiaçı1 adından etibarnamə (xx.xx.2005-ci il tarixli, 7E-4247 saylı) əldə etmiş, həmin etibarnamə əsasında alıcı digər cavabdeh X11 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat Kontorunda alğı-satqı müqaviləsi (xx.xx.2005-ci il tarixli, 4Ə-1/71 reyestrdə qeyd edilmiş) bağlamaqla Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə 0.12 ha torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsi satılarkən iddiaçının və arvadının məlumatı olmadan satılmışdır. Belə ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinin adına Çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən həmin torpaq sahəsinin satılmasından 30 may 2024-cü il tarixində məlumatı olmuşdur. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti əsasında alğı-satqı müqaviləsi, iddiaçı tərəfindən imzalanmamış etibarnamə surəti əldə edilmişdir. İddiaçının adında olan torpaq sahəsi (torpağın mülkiyyətə verilməsinə dair JN-18439D nömrəli şəhadətnamə) notarial qaydada alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının evli olmağı barədə məlumat gizlədilmiş, rəsmi nikahda olan arvadının razılığı olmadan torpaq sahəsi qanuna zidd qaydada satılmışdır. İddiaçının uzun müddət ölkə hüdudları kənarında yaşamağından istifadə edən qardaşı Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini satmaqla əsassız olaraq varlanmış və gəlir əldə etmişdir. Göründüyü kimi, Cavabdeh1 saxtakarlıq yolu ilə iddiaçının adına etibarnamə əldə etməklə, hətta iddiaçının subay olmağı barədə ərizədə qeyd etməklə iddiaçıya məxsus torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsi iddiaçının əlindən qanuna zidd qaydada alınmaqla digər şəxslərin adına rəsmiləşdirilmişdir. Bu səbəbdən hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X6 əsl cavabdeh Bakı şəhəri 32 saylı Notariat Kontoru ilə əvəz edilməsini, X6 isə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin iddiaçıların nümayəndəsi (vəkili) tələblərin və dəlillərin dəqiqləşdirilməsi ilə bağlı bildirmişdir ki, İddiaçı1 tələbinin əsasında onun qardaşına heç bir zaman etibarnamə verməməsi dayanır. İddiaçı2 dəlili isə ondan ibarətdir ki, qeyd edilən müqavilə bağlanarkən onun razılığı alınmamışdır. İddiaçı2 məhkəməyə ünvanlandığı ərizəsində qeyd etmişdir ki, məhkəmə prosesi zamanı məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, 6 saylı Notaiat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 7E-4247 saylı etibarnamədə imza əri İddiaçı1 məxsusdur. Halbuki, əri cavabdeh qardaşı Cavabdeh1 hər hansı bir etibarnamə verməmiş və ona məxsus olan torpaq sahəsi satılmasını etibarnamə ilə ifadə etməmişdir. Onun özünün də iddiaçı kimi həmin torpaq sahəsinə mülkiyyət hüququ var. Belə ki, o, əri İddiaçı1 ilə xx.xx.1998-ci ildə Sabirabad rayon qeydiyyat şöbəsində nikahı rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi də birgə nikah dövründə əldə edildiyindən onun həmin torpaq sahəsinə mülkiyyət hüququ var. Əri İddiaçı1la olan nikahı xx.xx.2013-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahı pozulması qeydə alınmışdır. Onun əri ilə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi nədən və hansı əsaslarla cavabdeh qaynı Cavabdeh1 tərəfindən satılarkən iddiaçının evli olması gizlədilmiş, ərinin subay olması və bununla da mübahisə yarandığı zaman məsuliyyəti öz üzərinə götürdüyü barədə yazılmış ərizədə qeyd olunması məhkəmədə araşdırılmalıdır. Cavabdeh1 ona guya əri tərəfindən verilmiş etibarnamə əsasında torpaq sahəsini satmasını göstərmiş, etibarnamə əsasında torpaq sahəsini satmasına qardaşının etibarnamə verməsini, hətta həmin torpaq sahəsinin Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli, 1750 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 400 saylı sahədə yerləşən torpaq sahəsi və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağları mülkiyyətinə verilib (JN18439D, KOD********) torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamənin əvəzsiz əqd olmasını əsaslanmaqla birgə nikah dövründə əldə olunmayan əmlak kimi qiymətləndirilməsini, burda iddiaçının birgə mülkiyyətinin yaranmamasına əsaslanmaqla məhkəməni səhv nəticəyə yönəltməyə çalışır. Cavabdeh1 onunla nikahda olan şəxsə fərdi yaşayış evin tikintisi üçün ayrılmış topraq sahəsinin əvəzsiz əqd adlandırmaqla onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun olmamasını əsaslandırmağa çalışır. Halbuki, cavabdeh Konstitusiya Məhkəməsinin qərarına özünə uyğun şəkildə şərh verməklə məhkəmənin yekun qərar qəbul etməsinə təsir etmiş olur. Həmin qərarın məzmununda aydın olur ki, əvəzsiz əqd nədir? Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1750 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 400 saylı sahədə yerləşən torpaq sahəsi və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağları mülkiyyətinə verilib, (JN18439D, KOD********) torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə əvəzsiz əqd sayıla bilməz. Mülki qanunvericiliyin tələblərindən aydındır ki, əvəzsiz əqd müqavilədən əmələ gələn öhdəlik münasibətləridir. İcra hakimiyyəti orqanın verdiyi Sərəncam (Qərar) müqavilə anlayışı daşımır, inzibati akt hesab olunur. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1750 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 400 saylı sahədə yerləşən torpaq sahəsi və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağları mülkiyyətinə verilib (JN18439D, KOD********) torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamənin özündə hansı məqsəd üçün torpaq sahəsinin ayrılmasını birbaşa göstərilmişdir. Sual yaranır? İcra hakimiyyəti orqanın ailə tərkibi kimi iddiaçılara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsini cavabdeh tərəfindən alğı-satqı müqaviləsi bağladığı zaman nədən əvəzsiz əqd kimi göstərməmiş, 04 fevral 2005-ci il tarixli alğı-satqı müqaviləsində 49.000000 (qırx doqquz milyon) manata satılması öz əksini tapmışdır. Əvəzsiz əqd alğı-satqı müqaviləsi bağlanarkən əvəzli olur. Bakı şəhəri 32 saylı Dövlət Notariat Ofisində aparılmış 04 fevral 2005-ci il tarixdə, 4Ə-1-171 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notarial işdə cavabdeh onun əri ilə olan nikahını gizlətmiş, qardaşının subay olmasına inadırmaqla alğı-satqı etmiş və hətta adından ərizə yazaraq bütün məsuliyyəti və iddiaları öz üzərinə götürməklə yazılı öhdəlik götürmüşdür. İddiaçıların bir ailə kimi ayrılmış topaq sahəsini satmaq fikri və düşüncəsi belə olmayıbdır. İddiaçı1 torpaq sahəsini satmaq fikri olsaydı belə 04 fevral 2005-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat Ofisində etibarnamə vermədən özü birbaşa alğı-satqı müqaviləsi bağlamaqla torpaq sahəsini özgənikləşdirə bilərdi. İddiaçı1 heç bir etibarnamə imzalamamış, cavabdeh tərəfindən aldadılaraq etibarnaməni imzalasa belə onun torpaq sahəsini satmaq fikri olmayıb. Alğı-satqı müqaviləsi məhz etibarnamə verildiyi tarixdə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat Ofsisində deyil, 04 fevral 2005-ci il tarixdə 32 saylı Notariat Ofisinə gedərək alğı-satqı müqaviləsinin bağlanmasının, iddiaçının subay olması göstərilməklə satılması məhz məhkəmə araşdırması tələb olunan hallardır. Bundan başqa onun iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasına gəlincə onun həmin torpaq sahəsinə payı var, alğı-satqı müqaviləsi bağlanarkən onun məlumatı olmamış, yazılı razılığı olmamış, mülkiyyətçi kimi hüquqları pozulmuşdur. İddia müddətinin ötməsinə gəlincə o, həmin torpaq sahəsini əri aidiyyatı orqana müraciət olunarkən həmin torpaq sahəsinin artıq satılmasından əri Ariz Qəhrmanov vasitəsilə məlumatı olmuşdur. Belə ki, onlar rəsmi nikaha xitam versələr də, faktiki nikah münasibtələrində olmaqla birgə ailə təsərrüfatı aparmışlar. Daim birgə yaşamışlar və ayrılmamışlar, bunu şahid ifadələri ilə də təsdiq edə bilər. Məhkəmə iclasında İddiaçı1 izahatında bildirmişdir ki, digər qardaşları ilə birlikdə mübahisəli ərazidə torpaq sahəsi əldə etmişlər. Digər qardaşları kimi onun payı ayrılmış, lakin o, həmin torpaq sahəsində hər hansı tikinti aparmamışdır. Uzun müddət ölkə xaricində olmuş, ölkəyə qayıtdıqdan sonra oğlu ilə birlikdə həmin torpağı sənədləşdirmək və orada ev tikmək qərarına gəlmişlər. Lakin özündə həmin torpağa dair heç bir sənəd qalmamışdır. Bu illər ərzində həmin torpaq sahəsi ilə maraqlanmamışdır, düşünmüşdür ki, torpaq yerindədir, nə vaxt lazım olsa, öz toprağından istifadə edər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, xx.xx.2005-ci il tarixdə İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı X14rdaşı Cavabdeh1 Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, sair müqaviləni imzalamağı, bu taşpırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və s. hərəkətlər etmək hüququ verən ƏN-İ № 048881 saylı etibarnamə vermişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2008-ci il tarixədək qüvvədə olmuşdur. Sonradan qardaşı İddiaçı1 guya verdiyi hazırkı iddiada həmin etibarnamədəki imzanın ona məxsus olmaması, etibarnamənin verilməsindən məlumatının olmamasını bildirdiyindən həmin xüsusatın aydınlaşdırılması məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 26 avqust 2025-ci il tarixli 4/1233 saylı rəydə göstərilmişdir ki, "Ekspertizaya təqdim olunmuş, Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2005-cı il tarixdə 7E-4247 nömrə ilə qeydə alınmış ƏN-1 №048881 saylı etibarnamədə "İmza" qrafasındakı imza və "QəhrəmanoB" əlyazması İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertin rəyi ilə bir daha sübuta yetirilmişdir ki, İddiaçı1 səmimi deyil və iddia qaldırarkən bu barədə məhkəməyə yalan məlumat vermişdir. Belə olan halda onun adına olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə X4, elə həmin il qeyd edilən ərazidə tikilmiş hasarı, hündürmərtəbəli fərdi yaşayış evi və ya obyekti, aparılmış geniş abadlıq-quruculuq işlərini 20 ildən sonra görməsi və ya məlumatının olması nəinki inandırıcı deyil, sadəcə gülünc səslənir, keçən bu uzun müddət ərzində yuxarıda qeyd edilən əqdin qanunsuzluğu və ləğv edilməsi ilə əlaqədar özü və ya arvadı olmuş İddiaçı2 tərəfindən iddia qaldırmamaları heç bir məntiqə uyğun deyil. İddiaçı1 iddiasında bunu uzun müddət xaricdə - Rusiya Federasiyasında olması ilə əlaqələndirir. Belə olan halda İddiaçı1 qardaşı Cavabdeh1 Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda xx.xx.2005-ci il tarixli 7E-4247 nömrə ilə qeydə alınmış ƏN-1 № 048881 saylı etibarnamə verdiyindən (etibarnamədə Bakı şəhəri, Buzovna qəsəbəsi 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, sair müqavilələri imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, hərəkətləri etməyi etibar etmişdir) həmin vaxt təmsil etdiyi İddiaçı1 mülki hüquq və vəzifələrini bilavasitə yaratmış, dəyişdirmiş və ona xitam vermişdir. Odur ki, hazırda İddiaçı1 adına olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin etibarnamə verdiyi Cavabdeh1 tərəfindən xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə X4 ilə əlaqədar əqdin ləğv edilməsinə dair onu təmsil etmiş Cavabdeh1 qarşı iddia qaldırmaq hüququ yoxdur. İddiaçı1 adına olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi qardaşı X12 verdiyi - Bakı şəhəri altıncı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə reyestrdə 7E- 4247 nömrə ilə qeydə alınmış ƏN-İN№ 048881 saylı etibarnamə əsasında Bakı şəhəri otuz ikinci Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə reyestrdə 40-1/71 nömrə ilə qeydə alınmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə X1 və qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün heç bir mötəbər dəlil təqdim etməmişdir. Vəkil sorğusuna cavab olaraq Sabirabad regional "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsindən daxil olmuş 21 iyul 2025-ci il tarixli 3-16-5/7-16-1346/2025 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 arasında 18 noyabr 1998-ci il tarixdə bağlanmış 64 nömrəli aktla qeyd edilmiş Vİ-JQ № 499840 saylı nikah Bakı şəhəri, Nizami rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə 299 №-li akt qeydinə əsasən pozulmuşdur. Qeyd edilməlidir ki, mülki işə əlavə edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsinə dair YN-18439D KOD 00301016 saylı şəhadətnamədən görünür ki, həmin torpaq sahəsi ona Əzizbəyov rayon (hazırkı Xəzər) İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1750 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmiş, Şəhadətnamə iki nüsxədən ibarət tərtib olunmuş və 16054 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi İddiaçı1 verilmiş, ikinci nüsxə isə Bakı şəhər şöbəsində saxlanmışdır. Verilmiş torpaq sahəsinin cizgiləri şəhadətnaməyə əlavə edilmişdir. Əzizbəyov rayon (hazırkı Xəzər) İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1750 saylı Sərancamı ilə fərdi yaşayış evi tikintisi üçün İddiaçı1 həmin 0,12 ha torpaq sahəsi mülkiyyət kimi əvəzsiz əqd üzrə verilmişdir, yəni o, həmin torpaq sahəsinə görə dövlətə pul ödəməmişdir, əgər ödəmişdirsə, bu barədə olan ödəmə sənədini məhkəməyə təqdim edə bilər. Şərh olunanlardan belə qənaət hasil olur ki, Bakı şəhəri Əzizbəyov rayon (hazırkı Xəzər) İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1750 saylı Sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı1 əvəzsiz əqdlə verildiyindən, qeyd edilən torpaq sahəsi həmin vaxt onunla nikahda olan arvadı İddiaçı2 ilə birlikdə, yəni ər-arvad kimi ümumi gəlirləri hesabına əldə edilmədiyindən, yəni birgə mülkiyyətə daxil olmadığından sonuncunun həmin torpaq sahəsi ilə əlaqədar nəinki qaynı olmuş Cavabdeh1, heç əri olmuş İddiaçı1 qarşı da iddia qaldırmaq hüququ yoxdur. Odur ki, İddiaçı1 iddia müddətinin keçməsini uzun müddət xarici dövlətdə olması ilə əlaqələndirdiyindən qeyd edilən xüsusatın aydınlaşdırılması məqsədi ilə İddiaçı1 "Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin altsistemindən Azərbaycan Respublikası ərazisinə sərhədkeçmə məlumatlarını götürülməsini və təhlil edilməklə bu barədə göstərdiklərinin ağlabatan və inandırıcı olmasına, İddiaçı1 adına olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinin etibarnamə verdiyi Cavabdeh1 tərəfindən xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə X4 ilə əlaqədar əqdin ləğv edilməsinə dair onu təmsil etmiş Cavabdeh1 qarşı iddia qaldırmaq hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini, İddiaçı1 adına olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi qardaşı Cavabdeh1 verdiyi Bakı şəhəri Altıncı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə reyestrdə 7E-4247 nömrə ilə qeydə alınmış ƏN-İ№ 048881 saylı etibarnamə əsasında Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə reyestrdə 48-1/71 nömrə ilə qeydə alınmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə X2 və qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün heç bir mötəbər dəlil təqdim etmədiyindən verdiyi 22 iyul 2025-ci il tarixli ərizəsinə baxılmasını, buraxılmış prosessual müddətin bərpasından imtina barədə qərardad çıxarılmasını və ya iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini, Bakı şəhəri Əzizbəyov rayon (hazırkı Xəzər) İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1750 saylı Sərancamı ilə Bakı şəhərı, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı1 əvəzsiz əqdlə verildiyindən, qeyd edilən torpaq sahəsi həmin vaxt onunla nikahda olan arvadı İddiaçı2 ilə birlikdə, yəni ər-arvad kimi ümumi gəlirləri hesabına əldə edilmədiyindən, yəni birgə mülkiyyətə daxil olmadığından sonuncunun həmin topaq sahəsi ilə əlaqədar qaynı olmuş Cavabdeh1 qarşı iddia qaldırmaq hüququnun olmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 32 saylı Notariat Kontoru ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbinin faktiki əsasını təşkil edən müqavilə 2005-ci ilin fevral ayında bağlanmışdır. Müqavilənin bağlandığı tarixdən 20 il keçdikdən sonra iddiaçılar həmin müqavilənin etibarlılığını mübahisələndirmişlər. Yəni cavabdehlər Mülki Məcəllədə qeyd olunmuş iddia müddətindən 14 il keçdikdən sonra əqdi mübahisələndirmişlər. Mülki Məcəllədə qeyd olunan iddia müddətlərinin əsas məqsədi mülki dövriyyənin sabitliyinin təmin edilməsindən ibarətdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 19 iyun 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Odur ki, hazırkı iş üzrə iddia müddətinə dair qanunvericiliyin tələblərinin tətbiq edilməsini və iş üzrə iddia müddəti keçdiyindən iddia müddətinə dair qanunvericiliyin tələbləri əsasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsininin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, Arizlə uzun illər məhəllə qonşusu olmuşdur. O, Babək prospekti 99-da, Ariz isə 95 ünvanında qalırdı. Bir-birlərinin evinə gedib gələrdilər. İndinin özündə də həyat yoldaşları rəfiqədirlər. Onun həyat yoldaşı 10 nömrəli məktəbdə müəllimə işləyirdi. 1998-99-cu illərdə Arizin ailəli olduğunu bilirdi. 2014-cü ildən həmin ərazidən köçmüşdür, özü gəmiçi olduğundan 8 ay-1 il evdə olmurdu və gələndən sonra görüşürdülər. İndi xəbəri olub ki, Arizgil boşanıblar. Axırıncı dəfə Keşlədəki evlərində olub. 2010-cu ildə ailəvi şəkildə onun oğlunun toyunda iştirak ediblər. Bununla bağlı “CD” disk də var. O, özü də təqribi yay aylarında Arizin oğlu Əlinin ad günündə iştirak edib. Hal-hazırda dostluq münasibətindədirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, İddiaçı1 oğlu Əli Qəhrəmanovla dost olublar. 10 ilə yaxın həm qonşuluq, həm də dostluq münasibətləri olub. İndi Binəqədidə qalırlar. Arizin valideynlərinin evli olduqların bilirdi, ayrıldıqlarını yaxın zamanlarda öyrənib. Uşaq vaxtı onlara gedib-gələndə həmişə bir yerdə olublar. İş materialları: Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 32 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə-1-71 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X6 adına JN 18922E nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamənin özgəninkiləşdirilməsi barədə məlumat (sənəd) aşkar edilməmişdir. elektron baza məlumatına əsasən sözügedən şəhadətnamənin aid olduğu torpaq sahəsi digər torpaq sahələri ilə birləşmiş və üzərində inşa edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, 44 saylı fərdi yaşayış evi X18 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, notariat qaydasında təsdiq edilmiş etibarnamələr arxivə təhvil verilmir və məhv edilənədək rəsmiləşdirildiyi notariat ofislərində saxlanılır. Bakı şəhəri 6 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixədək rəsmiləşdirilmiş etibarnamələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən aktlaşdırılaraq məhv edilmişdir. Bakı şəhəri 32 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 2005-ci il tarixdə rəsmiləşdirilmiş alğı-satqı müqavilələri Dövlət Notariat Arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən kitab № 16054, JN-18439D, kod 00301016, xx.xx.2005-ci il tarixdə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, həmin əmlak İddiaçı1 məxsusdur. İddiaçı1 xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı X14rdaşı Cavabdeh1 verdiyi ƏN-İ № 048881 saylı etibarnamədən görünür ki, iddiaçı, qardaşına Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, sair müqaviləni imzalamağı, bu taşpırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və s. hərəkətlər etmək səlahiyyətləri vermiş və həmin etibarnamə 3 il müddətinə verilməklə xx.xx.2008-ci il tarixədək qüvvədə olmuşdur. Dövlət Notariat Arxivi tərəfindən Bakı şəhəri 32 saylı Notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə1-71 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində olan 04 fevral 2005-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, İddiaçı1 əvəzinə xx.xx.2005-ci il tarixdə 6-cı BŞNK tərəfindən verilmiş 7E-4247 №-li etibarnamə əsasında Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, 7525 nömrəli arayışa əsasən, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0.12 hektar torpaq sahəsini X11 49.000.000 (qırx doqquz milyon) manata satmışdır. İddiaçı1 nümayəndəsi qardaşı Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 İddiaçı1 subay olduğunu, heç kimlə rəsmi nikah qeydiyyatının olmadığını, gələcəkdə torpaqla bağlı hər hansı mübahisə olarsa, məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Qəhrəmanova” soyadı verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı1 adına Buzovna qəsəbəsi, 400 saylı sahədə 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-18439D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhədətnamə verilmişdir. Sözügedən əmlak Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 48/105 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Vətəndaşlıq X8 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı1 ilə X5 nikahının xx.xx.1998-ci ildə Sabirabad rayon qeydiyyat şöbəsində rəsmiləşdirildiyi və həmin nikahın pozulmasının xx.xx.2013cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. İddiaçı1 xx.xx.2005-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ölkə sərhədlərini keçməsi və ölkəyə daxil olması barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, İddiaçı1 2011-ci ildə Gürcüstana getmiş, həmin il Gürcüstandan ölkəyə daxil olmuş, 2015-ci ildə İrana getmiş, həmin il İrandan ölkəyə daxil olmuş, 2021-ci ildə Ukrayna istiqamətində ölkədən çıxmış və 2023-cü ildə Almaniyadan ölkəyə qayıtmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 326 avqust 2025-ci il tarixli 4/1233 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 7E-4247 nömrə ilə qeydə alınmış ƏN-İ №048881 saylı etibarnamədə İmza:" qrafasındakı imza və "ГəнрəманоВ" əlyazması İddiaçı1 tərəfindən icra olunmuşdur (Ekspert tədqiqatının dəyəri 127 manat təşkil edir). ********** saylı, xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə görə əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi ilfərətxoç) əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 mart 2016-cı il tarixli qərarı: “…həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.” “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın dəlilləri nəzərə alınmaqla iddia tələbi araşdırılaraq hüquqi qiymət verilməli, yəni sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq iddia tələbinin hüquqi əsası tapılmalıdır. İddia tələbinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, iddianın dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar nikah münasibətlərində olmuş, həmin müddətdə İddiaçı1 Bakı şəhərı, Buzovna qəsəbəsi, 400 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak İddiaçı1 qardaşı – Cavabdeh1 tərəfindən etibarnamə əsasında X3. İddiaçı1 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onu əsas gətirmişdir ki, o, əmlakın satılması üçün qardaşına etibarnamə verməmişdir. Lakin məhkəmə tərəfindən verilmiş sorğular əsasında etibarnamənin əsli əldə edilərək imzaların İddiaçı1 məxsus olub-olmamasının yoxlanılması üçün ekspertiza təyin edilmişdir. Aparılmış ekspert tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 7E-4247 nömrə ilə qeydə alınmış ƏN-İ №048881 saylı etibarnamədə “İmza:” qrafasındakı imza və "ГəнрəманоВ" əlyazması İddiaçı1 tərəfindən icra olunmuşdur. İddiaçının digər dəlili ondan ibarət olmuşdur ki, o, etibarnamə verilən vaxtda Azərbaycanda olmamış, etibarnamə verilməsindən və əmlakın satılmasından məlumatsız olmuşdur. Lakin məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatlarla müəyyən edilmişdir ki, etibarnamənin verildiyi və əmlakın satıldığı 2005-ci ildən çox sonrakı dövrdə - 2011-ci ildə ölkəni tərk etmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) bildirmişdir ki, etibarnamə və alğı-satqı eyni gündə rəsmiləşdirilsə də, etibarnamə bir notariat ofisində, alğı-satqı isə başqa yerdə bağlanmışdır. Əgər iddiaçının həmin əmlakı satmaq niyyəti olsa idi, etibarnamə verməsinə zərurət qalmaz, elə özü həmin torpağı satardı. Lakin məhkəmə iddiaçının istinad etdiyi halı iddianın təmin edilməsi üçün kifayət hesab etmir. İddiaçıların vəsatəti əsasında dindirilmiş şahidlər iddiaçıların nikah münasibətlərini, habelə birgə təsərrüfat aparmalarını təsdiq etsələr də, iddiaçıların həmin müddətdə rəsmi nikahda olmaları və birgə təsərrüfat aparmaları İddiaçı1 qardaşı Cavabdeh1 torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün etibarnamə verməsinə və sonuncunun da qardaşının nikahda olmasını inkar etməsinə mane olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı1 özü də bildirmişdir ki, həmin ərazidə onun kimi digər qardaşlarına da torpaq sahələrinə pay ayrılmışdır. Üstəlik də İddiaçı1 qardaşına verdiyi etibarnamədə məhz mübahisəli torpaq sahəsi üzrə səlahiyyətlərin icrasını həvalə etmişdir. Yuxarıda istinad edilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı1 həqiqətən də sözügedən əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qardaşı Cavabdeh1 etibarnamə vermişdir. Belə ki, İddiaçı1 iddiasının əsasını təşkil edən hallar məhkəmə iclasında tədqiq edilən sübutlarla təkzib edilmişdir. Bu səbəbdən məhkəmə iddianı Bakı şəhəri, 6 saylı Notaiat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 7E-4247 saylı etibarnamənin etibarsız hesab edilməsi hissəsində əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Digər İddiaçı2 dəlilləri ondan ibarət olmuşdur ki, əmlakın özgəninkiləşdirilməsi nəticəsində o, həmin əmlakda olan payından məhrum olmuş və mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə İddiaçı2 qeyd etdiyi hallara münasibətdə bildirir ki, həmin əmlak birgə nikah dövründə, birgə vəsait hesabına əldə edilmiş əmlak hesab olunursa, iddiaçı hazırkı iddia tələbini onun yazılı razılığı olmadan torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün qardaşına etibarnamə verən digər İddiaçı1 qarşı qaldırmalı idi. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı2 cavabdehlər Cavabdeh1 və 32 saylı Dövlət Notariat Ofisindən etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və qeydiyyatın ləğvini tələb etməkdə haqlı deyildir. Nə qədər ki, etibarnamənin etibarsız hesab edilməsi hissəsində iddia öz təsdiqini tapmır, iddia tələbi həmin etibarnamə əsasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 400 saylı sahədə 0.12 ha torpaq sahəsinə dair satıcı Cavabdeh1 ilə alıcı X15 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyatın ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi (vəkili) Nümayəndə hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiqi ilə bağlı ərizələrinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan həmin ərizələrə qiymət verilməsi və iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. Odur ki, məhkəmə həmin ərizələrə qiymət verilmədən qətnamə qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Lakin bununla yanaşı məhkəmə iddiaçıların öz əmlakları hesab etdikləri torpaq sahəsinə dair ötən 20 il ərzində hər hansı bir tələblə çıxış etməmələrinə, həqiqətən də özlərinin hesab etdikləri mülkiyyətə qarşı etinasız münasibətlərinə tənqidi yanaşır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, İddiaçı1 dəlilləri sübutlarla təkzib olunduğundan, İddiaçı2 iddia tələbi həm İddiaçı1 iddia tələbindən irəli gəldiyindən və həmçinin düzgün olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 32 saylı Dövlət Notariat Ofisinə qarşı X10 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 manat xərc iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 32 saylı Dövlət Notariat Ofisinə qarşı X10 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat xərc iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X9, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar