Məhkəmə qərarları › İş №e-2(006)-314/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-314/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-314/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi iştirakı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Füzuli oğlu arasında bağlanılmış xx.xx.2020 və xx.xx.2021-ci il tarixli müqavilələr əsasında KİA Sportage markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi sonuncuya kirayəyə verilmişdir. Həmin müqavilələr əsasında cavabdehin 24787 (iyirmi yeddi min yeddi yüz səksən yeddi) manat məbləğində iddiaçıya borcu yaranmışdır. Lakin razılaşdırılmış vaxtdan xeyli müddət (xx.xx.2021-ci il tarixdən 690 gün) keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü məsuliyyətdən yayınaraq müqavilə şərtlərini icra etməmiş və öhdəliklərini kobud şəkildə pozmuşdur. Tərəflər arasında dəfələrlə aparılmış danışıqlara baxmayaraq, cavabdeh hər dəfə fərqli bəhanələr irəli sürərək müqavilədən yaranan öhdəliyini bugünə kimi icra etməmişdir. Hətta müqavilənin icrasına dair tərəflərindən göndərilmiş pretenziya məktubunu almaqdan imtina etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh Füzuli oğlundan 24.787 (iyirmi dörd min yeddi yüz səksən yeddi) manat məbləğində əsas borcun, öhdəliklərinin icrasını gecikdirdyinə görə 2.342 (iki min üç yüz qırx iki) manat məbləğində gecikmə faizinin və 171,39 (bir yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra ididaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh müqavilə öhdəliklərinə əsasən 16.800 manat, maşından istifadə zamanı delikt öhdəliklərinə görə 7.987 manat, öhdəliklərinin icrasını gecikdirdiyinə görə gecikmə faizi qismində 2.342 manat və ödənilmiş dövlət rüsumu qismində 171,39 manat məbləğində vəsaitin məcburi qaydada tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020 və xx.xx.2021ci il tarixlki müqavilələr əsasında Kia Sportage markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi sonuncuya kirayəyə verilmişdir. Həmin müqavilələr əsasında cavabdehin maşınların kirayəsinə görə 16.800 manat borcu yaranmışdır. Ayrıca maşını düzgün istismar etmədiyinə görə onun sahiblik və istifadəsində olduğu dövrdə cavabdehin maşına vurduğu ziyanın məbləği 3.785 manat, habelə maşının istifadəsi zamanı cavabdehin yol hərəkəti qaydalarını pozmaqla törətdiyi inzibati xətalara görə hesablanmış və iddiaçı tərəfindən ödənilmiş cərimələrin məbləği 4.350 manat təşkil edir. Cavabdehin keçən bu dövrdə müəyyən ödənişlərini də nəzərə alaraq, kirayə müqavilələrinə əsasən 16.800 manat, maşından istifadə zamanı delikt öhdəliklərinə görə 7.987 manat olmaqla, cəmi 24.787 manat məbləğində iddiaçıya borcu yaranmışdır. Lakin razılaşdırılmış vaxtdan xeyli müddət xx.xx.2021-ci il tarixdən 585 gün küçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü məsuliyyətdən yayınaraq müqavilə şərtlərini icra etməmiş və öhdəlikləri kobud şəkildə pozmuşdur. Müqavilə üzrə gecikdirilmiş məbləğə münasibətdə 2342.88 manat məbləğində pul vəsaiti də cavabdehdən gecikmə faizi qismində tutulmalıdır.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, iddia tələbinin gecikmə faizi qismində tələb olunan 2.342 manat məbləğindən imtina etdiklərini bildirmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh Füzuli oğlu arasında bağlanılmış xx.xx.2020 və xx.xx.2021-ci il tarixli müqavilələr əsasında KİA Sportage markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi sonuncuya kirayəyə verilmişdir. Həmin müqavilələr əsasında cavabdehin 24.787 manat məbləğində iddiaçıya borcu yaranmışdır. Lakin razılaşdırılmış vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü məsuliyyətdən yayınaraq müqavilə şərtlərini icra etməmiş və öhdəliklərini kobud şəkildə pozmuşdur. Tərəflər arasında dəfələrlə aparılmış danışıqlara baxmayaraq, cavabdeh hər dəfə fərqli bəhanələr irəli sürərək müqavilədən yaranan öhdəliyini bugünə kimi icra etməmişdir. Hətta müqavilənin icrasına dair tərəflərindən göndərilmiş pretenziya məktubunu almaqdan imtina etmişdir. Odur ki, bu halları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasın xahiş etmişdir.

7. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2020 və xx.xx.2021-ci il tarixli müqavilələr əsasında İddiaçı MMC tərəfindən “Kia Sportage” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh icarəyə verilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır, eyni zamanda onun istifadəsində olduğu zaman maşına ziyan dəymişdir. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun, maşından istifadə zamanı delikt öhdəliklərinə görə yaranmış borcun və həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh Füzuli oğluna ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, onun tərəfindən hər iki müqavilə üzrə yekun 24.787 manat məbləğində borcun ödənilməsi təmin edilməmişdir. Həmin bocun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məsələ ilə bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdeh qabaqcadan xəbərdar edilmişdir.

11. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən 01 noyabr 2021-ci il tarixli Qüsur aktından görünür ki, İddiaçı MMC şirkəti xx.xx.2020-ci il tarixdə Kia Sportage markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsini icarəyə Cavabdeh icarəyə vermişdir. Müqavilənin öhdəliklərini lazımi qaydada Cavabdeh tərəfindən icra olunmadığına görə yuxarıda göstərilən nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə geri təhvil verilmişdir. Kia Sportage markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi təhvil alınaraq qüsurlar aşkar edilmişdir. Qüsurlar hamısı hesablanaraq 3785 manat təşkil etmişdir.

12. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən Cavabdeh məxsus çıxarışlardan görünür ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtı-vaxtında icra edilməməsinə görə ümumilikdə 16.800 manat məbləğində borcu yaranmışdır.

13. Mülki işin materiallarında olan qəbzlərdən görünür ki, Kia Sportage markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi cavabdehin istifadəsində olduğu müddət ərzində cavabdeh tərəfindən dəfələrlə yol hərəkəti qaydaları pozulmuş və bunun nəticəsində də ümumilikdə 4.350 manat məbləğində cərimə məbləği ödənilmişdir.

14. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9152 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan İddiaçı MMC tərəfindəm tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı mühərrikin həcmi 1988 sm3, “Kia Sportage” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3080 manat müəyyən edilir. O cümlədən:dəyişilməli hissələrin qiyməti-1860 manat, təmir-bərpa işlərinin qiyməti-1220 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.

15. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Kia” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bir neçə dəfə yol hərəkəti qayda pozuntuları törədilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

21. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Hazırki iş üzrə işin hallarından göründüyü kimi, bağlanmış müqavilələr əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Odur ki, iddia tələbi müqavilələr üzrə yaranmış borcun cavabdehdən tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməli və 16.800 (on altı min səkkiz yüz) manat məbləğində əsas borc Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

23. Bundan başqa, məhkəmə iddia tələbinin delikt öhdəliklərinə görə yaranmış 7.987 manat məbləğində borcun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və qismən təmin edilməlidir.

24. Belə ki, iş materiallarında olan yol hərəkəti qaydalarının pozulmasına dair tətbiq edilən cərimə məbləğlərinə dair çıxarışlardan göründüyü kimi cavabdehin yol verdiyi pozuntulara görə ümumilikdə 4.350 manat məbləğində cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə həmçinin cərimə məbləğlərinin iddiaçı tərəfindən 5535,90 manat göstərilsə də, bu qeyd edilən qəbzlər üzrə tam olaraq öz təsdiqini tapmamış, təqdim edilmiş qəbzlər üzrə yalnız 4350 manat olması müəyyən edilmişdir.

25. Bundan başqa, tərəflər arasında bağlanan müqavilənin predmeti olan avtomobil cavabdehin istifadəsində olduğu müddət dövründə avtomobilə maddi ziyan dəymiş və bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş materialında olan İddiaçı MMC tərəfindəm tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı mühərrikin həcmi 1988 sm3, “Kia Sportage” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3080 manat müəyyən edilmişdir.

26. Məhkəmə qeyd edir ki, iş materiallarında olan yol hərəkəti qaydalarının pozulmasına dair tətbiq edilən cərimə məbləğlərinə dair çıxarışlar və eyni zamanda, xx.xx.2024-cü il tarixli, 9/9152 nömrəli ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

27. Məhkəmə iddia tələbinin delikt hissəsinə münasibətdə sübut olaraq təqdim etdiyi qüsur aktına dair qeyd etməyi zəruri hesab edir ki, hazırda həmin qüsur aktı yox, xx.xx.2024-cü il tarixli, 9/9152 nömrəli ekspert rəyi həmin tələb üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

28. Belə ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

33. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia avtomobilə dəymiş ziyan hissəsində qismən təmin olunmaqla, Cavabdeh İddiaçı MMC-nin xeyrinə avtomobilinə dəymiş zərər: cərimə məbləğləri üzrə 4.350 manat + dəymiş ziyana görə 3.080 manat olmaqla, cəmi 7.430 manat məbləğində pul vəsaiti tutulmalıdır.

35. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizini təşkil edir.

37. Məhkəmə iddia tələbinin 171,39 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə isə münasibətdə qeyd edir ki, hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 171,39 AZN-nin 162,69 AZN-i Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

38. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh müqavilə öhdəliklərinə görə 16.800 AZN (on altı min səkkiz yüz manat) əsas borc, delikt öhdəliklərinə görə 7.430 AZN (yeddi min dörd yüz otuz manat) məbləğində borc olmaqla, cəmi 24.230 AZN (iyirmi dörd min iki yüz otuz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 171,39 AZN-nin 162,69 AZN-i Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iddia qalan hissədə rədd edilməlidir.

39. Bundan başqa, iş üzrə keçirilmiş iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh müqavilə öhdəliklərinə görə 16.800 AZN (on altı min səkkiz yüz manat) əsas borc, delikt öhdəliklərinə görə 7.430 AZN (yeddi min dörd yüz otuz manat) məbləğində borc olmaqla, cəmi 24.230 AZN (iyirmi dörd min iki yüz otuz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 171,39 AZN-nin 162,69 AZN-i Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar