Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3174/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə anadan olmuş oğlu X1 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyət qabiliyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işdən görünür ki, ərizə xx.xx.2024-cü il tarixdə İddiaçı vəkili qismində Vəkil1 tərəfindən imzalansa da, vəkilin onun adından iddia ərizəsini imzalamaq hüququnu müəyyən edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Bununla da müvafiq ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İşdən görünür ki, məhkəməyə ünvanlanan müvafiq müraciət iddia ərizəsi formasında verilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edən şəxs iddiaçı, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyumluq və Himayəçilik Komissiyası isə cavabdeh qismində göstərilmişdir. Halbuki qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulmuşdur. Xüsusi icraat qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi deyil, ərizə ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) və üçüncü şəxslər iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcud olurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30 - 40-7-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Qanunverciliyin tələbindən göründüyü kimi iddiaçı və cavabdeh xüsusi icraatda deyil, iddia icraatı qaydasında iddiaçının verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. Xüsusi icraatda proses iştirakçılarının iddiaçı və cavabdeh qismində göstərilməsi ərizənin forma və məzmununa uyğun deyildir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalandığından, habelə ərizənin forma və məzmunu ilə bağlı tələblər pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3174/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3174/2024
27.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver