Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3204/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D062 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən-iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak lizinq dəyəri 120000 ABŞ dolları, lizinq mükafatı illik 22 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə lizinqə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə lizinq alan 11 ay ərzində hər ay 4583 ABŞ dolları məbləğində, 12-ci ay isə 92,925 ABŞ dolları məbləğində ödəniş etməli idi. Lizinq alan cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuş öhdəlikləri vaxtında və lazimi qaydada yerinə yetirməməklə müqavilənin şərtlərini pozmuş və odur ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv olunması, lizinq obyektinin qaytarılması və lizinq obyektinin cavabdehin istifadəsində olduğu 6 aylıq müddət üçün hesablanmış 20.439 ABŞ dolları həcmində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia üzrə iş Məhkəməyə xx.xx.2021-ci il tarixində daxil olaraq qeydiyyata alınmışdır. Məhkəmə icraatı zamanı yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh xx.xx.2021ci il tarixində 21.235,29 ABŞ dolları məbləğində ödəniş etmişdir. Mübahisəni həll edən məhkəmə gecikmədə olan borcun cavabdeh tərəfindən ödəndiyini nəzərə almış və Nəsimi Rayon Məhkəməsinin 2(006)-203/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hazırda lizinq müddəti də bitmişdir. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməkdən, hesablanmış borcu ödəməkdən boyun qaçırır. Cavabdeh müqavilə müddəti başa çatanadək 143,338 ABŞ dolları məbləğində ödəniş etməli idi. Hazırki tarixə qədər isə lizinq alan tərəfindən cəmi 21.235 ABŞ dolları məbləğində ödəniş edilmişdir ki, bunun da 5000 ABŞ dolları məbləğində olan hissəsi müqavilə üzrə hesablanmış cərimənin, 10.998 ABŞ dolları məbləğində hesablanmış lizinq mükafatının və 5237 ABŞ dolları məbləğində əsas lizinq borcunun silinməsinə yönəldilmişdir. Olunan ödənişlər nəzərə alınmaqla, cavabdehin bugünə hesablanmış 25177 ABŞ dolları məbləğində lizinq mükafatı üzrə borcu və müqavilə müddətinin sonunadək hesablanmış 31.621 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 56798 ABŞ dolları məbləğində borcu vardır. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli D062 saylı daxili lizinq müqaviləsinə əsasən, cavabdehin istifadəsinə və sahibliyinə verilmiş ünvan 2 ünvanında yerləşən əmlakın Cavabdeh istifadəsindən və sahibliyindən alınaraq İddiaçı MMC-yə qaytarılması, Cavabdeh cəmi 56798 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manat ekvivalentinin, həmçinin ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X1 iddia tələbinə etiraz edərək, tələbin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 (Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 2, M11, m4 İddiaçı MMC-nin xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3570 nömrəli reyestr kitabının 334947 nömrəli vərəqində **********7 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-203/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı 21.235,29 ABŞ dolları məbləğində ödəniş edildiyini və bununla da ona münasibətdə əvvəlki rəftara ümüd etdiyi nəzərə alaraq hesab edir ki, iddiaçı hazırda şərtlərin əhəmiyyətli dərəcədə dəyişdirildiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı MMC-yə məxsus mənzilə olan istifadə hüququnun itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edərkən öz hüququndan sui-istifadə etməsinə yol verir. İş materiallarında olan İddiaçı MMC-nin 23 may 2022-ci il tarixli, 0205/22 saylı arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 25.177 ABŞ dolları lizinq mükafatı və gecikdirilmiş günlər üzrə müqavilə bitən günə qədər 31.621 ABŞ dolları cərimə, ümumilikdə 56.798 ABŞ dolları məbləğində borcu vardır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC Cavabdeh tərəfindən seçilmiş əmlakı öz mülkiyyətinə əldə etmiş və lizinq obyekti qismində Cavabdeh müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, hazırda onun 25.177 ABŞ dolları lizinq mükafatı və gecikdirilmiş günlər üzrə müqavilə bitən günə qədər 31.621 ABŞ dolları cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Daxili lizinq müqaviləsinin 6.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). İşin materiallarından və iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə (cərimə) pulu hissəsində qismən təmin edilərək dəbbə pulu 1000 (bir min) ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D062 saylı daxili lizinq müqaviləsinə əsasən, Cavabdeh istifadəsinə və sahibliyinə verilmiş ünvan 2 ünvanında yerləşən əmlak Cavabdeh istifadəsindən və sahibliyindən alınaraq İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh 25.177 (iyirmi beş min yüz yetmiş yeddi) ABŞ dolları lizinq mükafatı üzrə borc və 1000 (bir min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26.177 (irimi altı min yüz yetmiş yeddi) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 380 (üç yüz səksən) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D062 saylı daxili lizinq müqaviləsinə əsasən, Cavabdeh istifadəsinə və sahibliyinə verilmiş ünvan 2 ünvanında yerləşən əmlak Cavabdeh istifadəsindən və sahibliyindən alınaraq İddiaçı MMC-yə qaytarılsın Cavabdeh 25.177 (iyirmi beş min yüz yetmiş yeddi) ABŞ dolları lizinq mükafatı üzrə borc və 1000 (bir min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26.177 (irimi altı min yüz yetmiş yeddi) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 380 (üç yüz səksən) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3204/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3204/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver