Məhkəmə qərarları › İş №e-2(006)-3206/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3206/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3206/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2024 cü il axşam saat 17:30 radələrində yaşadığı Mehdiabad qəsəbəsindən Binəqədi şosesi ilə Azadlıq prospekti istiqamətində hərəkət edərkən, havanın kəskin dəyişməsi nəticəsində, güclü yağışlar başlamış, yolun tıxaclı olması səbəsindən avtomobili su basmasına məruz qalmışdır. Həmin gün heç bir əlamət bilinməmiş, xx.xx.2024 cü il səhər saat 09:40 radələrində işləri ilə əlaqədər Bakı şəhərinə getmiş, saat 10-11 arası avtomobili Gənclik metrosu ərazisində saxlayıb getmişdir. 15/20 dəqiqə sonra qayıdıb avtomobili işə saldıqda problem yarandığını görmüş, zəng edib usta ilə danışdıqda sükan mexanizminin mühərrikinin yanmasını ona bildirmişdir. Evakuator çağırıb avtomobili ustanın yanına aparmış, söküb baxdıqda tam əminliklə mühərrik olduğunu bildirmişdir. Dostu ona demişdir ki, avtomobil sığortalıdır, sığortaya müraciət etsin. Həmin vaxt sığorta şirkətinə zəng vuraraq problemi bildirmiş, ona bunun subasmaya aid olmadığını bildirmişlər. Sabahısı gün Mərkəzi Bankın Sığortalara nəzarət şirkətinə şikayət etmiş, sığorta şirkəti ona geri dönüş edərək onu servisə yönləndirmişlər. Servisə getmiş, avtomobilə baxış edib, ona xəbər edəcəklərini demişdilər. 3 gün sonra mesaj göndərərək ona 1120 manat ayırdıqlarını bildirmişdilər. İddiaçı sığorta şirkətinə zəng edərək həmin qiymətlə razı olmadığını bildirmiş, bu zəngdən sonra işini araşdırmağa göndərmişdilər. Mərkəzi Bank ona Binəqədi Rayon DYP şöbəsinə müraciət etməyini bildirmiş, müraciət edib həmin gün barəsində arayış alaraq Mərkəzi Banka təqdim etmişdir. Və beləliklə, bu məsələ aylarla uzanmışdır. Cavabdeh aylar sonra ona rəsmi məktub göndərərək imtina etdiyini bildirmişdir. AR Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsas gətirərək əmlakına qəsd etdiyini bildirir. Yəni iddiaçı guya hadisənin qarşısını ala bilərdi. Halbuki, həmin zaman iddiaçı yol hərəkətini pozub qarşı yola çıxsa da, yenə su içində qalır. Avtomobili kənara çəkib saxlasa da, yenə suda qalır. Sığorta şirkəti müxtəlif bəhanələr gətirərək ona dəymiş maddi və mənəvi ziyanı ödəməkdən boyun qaçırır. İddiaçıya dəyən ziyan 2000 manat təşkil edir. Sükanın mexanizmi və mühərriki. Təkər topları, ustanın zəhmət haqqı. Göstərilənlərə əsasən iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 2.000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, avtomobilin mülkiyyətçisi olmasa da, onu etibarnamə ilə idarə edir. Sığorta ödənişlərini hər zaman özü ödəmişdir. Avtomobilə vurulmuş ziyanla bağlı qiymətləndirmə də həyata keçirilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə ona 2000 manat məbləğində dəymiş ziyanla bağlı sübutlarının-rəsmi qəbzlərinin olmadığını, ancaq kartdan ödəniş etməyi ilə bağlı çıxarış təqdim edə biləcəyini, dəymiş ziyanla bağlı ilk öncə 1200 manat, daha sonra isə 300 manat xərc çəkdiyini bildirmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə bağlanmış İ-MİC-2502/24 saylı sığorta müqaviləsinə əsasən ** MM *** dövlət qeydiyyat nişanlı, BMW 528İ markalı avtonəqliyyat vasitəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. Sığortalı İddiaçı Cəmiyyətə müraciət edərək sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəyməsi barəsində məlumat vermişdir. Cəmiyyətə müraciət daxil olan kimi sığorta araşdırmasına başlanılmışdır. Eyni anda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci maddəsinin tələbini nəzərə alaraq avtonəqliyyat vasitəsi dəymiş zərərin miqdarının müəyyən edilməsi məqsədi ilə “Gold Servis”ə yönləndirilmişdir. Sığorta araşdırması nəticəsində məlum olmuşdur ki, xx.xx.2024-cii il tarixində sığortalı yağışın əmələ gətirdiyi su gölməçəsinə daxil olaraq onu keçməyə cəhd etmiş, məhz bunun nəticəsində avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə sığorta təminatına daxil olmadığına görə İddiaçı xx.xx.2025-ci il tarixli 0540/C nömrəli sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş göndərilmişdir. Sığortalı yağışın əmələ gətirdiyi su gölməçəsini görmüş, lakin buna rəğmən bu gölməçəyə daxil olmuşdur. Su gölməçəsinə daxil olmayaraq avtomobilə dəyə biləcək zərərin qarşısını almaq iqtidarında olduğu halda qəsdən bunu etməmişdir. Hadisədə heç bir təsadüfilik olmamışdır. Sığortalı su gölməçəsini əvvəlcədən görmüş və onu keçməyə cəhd etmişdir. Avtomobil “sedan” tiplidir, yəni aşağı şassiyə malikdir, hamıya bəllidir ki, su ilə bu kimi təmas avtomobilə zərər vurur. Göründüyü kimi sığorta ödənişinin verilməsindən imtina etməkdə tam haqlı olmuşdur. Bundan əlavə, avtomobilin mülkiyyətçisi və sığorta müqaviləsi üzrə faydalanan şəxs X1r. İddiaçı "xxxx" ASC-dən pul formasında sığorta ödənişini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı iddiasının tamamilə rədd olunmasını xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan fiziki şəxslərə edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsinə əsasən ** MM *** dövlət qeydiyyat nişanlı, BMW 528İ markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən İddiaçı sığortalı qismində müəyyən edilməklə sığortalanmışdır. 7.Mülki işin materiallarında olan "xxxx" ASC-yə iddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə əsasən iddiaçı sığorta ödənişinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. 8.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** MM *** dövlət qeydiyyat nişanlı, BMW 528İ markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər ümumilikdə 1120 manat həcmində qiymətləndirilmişdir. 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 0540/C nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə yağışın əmələ gətirdiyi su gölməçəsinə daxil olmuş və hərəkəti davam etdirmiş, yəni su gölməçəsinə daxil olmamaqla sığortalı avtomobilə dəyə biləcək zərərin qarşısını almaq iqtidarında olduğu halda bunu qəsdən etməmiş, buna görə də qarşı tərəfin xx.xx.2024-cü il tarixli müraciət ilə əlaqədar məsuliyyətli yaranmamışdır. 10.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən X2 tərəfindən ** MM *** dövlət qeydiyyat nişanlı, BMW 528İ markalı avtonəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən göndərilən 05 noyabr tarixli məktuba dair çıxarışdan görünür ki, əmlaka dəymiş zərər 1120 manat olaraq müəyyən edilmişdir. 12.Mülki işin materiallarına həmçinin, nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış, avtonəqliyyat vasitələrinin tam kasko sığortası üzrə təkliflər və cavab məktubları əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə müəyyən etdi ki, etibarnamə əsasında iddiaçı tərəfindən idarə edilən ** MM *** dövlət qeydiyyat nişanlı, BMW 528İ markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Fiziki şəxslərə edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi”nə əsasən sığortalanmış, xx.xx.2024-cü il tarixdə iddiaçı avtomobili idarə etdiyi zaman yağış yağması səbəbilə subasma nəticəsində avtomobilin sükan mexanizmi sıradan çıxmış, qiymətləndirmə nəticəsində avtomobilə ümumilikdə 1120 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. 14.Hazırda iddiaçı ona ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəydiyini iddia edərək, həmin məbləğin sığorta şirkəti tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçının su gölməçəsinə qəsdən daxil olduğunu, qarşısını ala biləcəyi halda bunu etmədiyini, eyni zamanda iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 926-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir; 935.1, 935.1.4-cü maddələrinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: - Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 16.Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, işin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi iddiaçının idarə etdiyi avtomobil aramsız leysan yağışları nəticəsində yaranmış su gölməçələri ilə hərəkət etdiyi üçün sükan mexanizmi sıradan çıxmış və avtomobilə təmir xərcləri ilə birlikdə ümumilikdə 1120 manat məbləğində ziyan dəymişdir. Bu, işin müəyyən edilən mübahisəsiz halıdır. İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə avtomobilin sığortalandığı sığorta şirkətinə, yəni cavabdehə müraciət etsə də, şirkət sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdehin sığorta ödənişini həyata keçirməyə imtina verməsinin səbəbi iddiaçının baş verə biləcək zərərin qarşısını almaq iqtidarının olmasına baxmayaraq bunu etməməsi, su gölməçəsini gördüyü halda qəsdən oradan keçməyə cəhd etməsi olmuşdur. Cavabdeh məhz “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortası” Qaydalarının 23.1.4cü maddəsinə əsasən iddiaçıya imtina vermişdir. 17.Məhkəmə qeyd edir ki, iddiaçının yolun su yığılan hissəsindən keçməsi onun avtomobilə qəsdən ziyan vurmaq istəyinin olduğunu sübut etmir. Belə ki, işin müəyyən edilən hallarına əsasən iddiaçının idarə etdiyi həmin avtomobilin ban növü “sedan”dır və su yığılan hissədən keçməsi nəticəsində ona ziyan dəyməsi faktı ağlabatan hesab edilir (və ya iddiaçının bilə-bilə avtomobilə zərər dəyməsi üçün su gölməçəsindən hərəkət etməsi ağlabatan hesab edilmir). Məhkəmə cavabdeh tərəfin iddiaçının baş verə biləcək zərərin qarşısını almaq iqtidarının olmasına baxmayaraq bunu etməməsi, su gölməçəsini gördüyü halda qəsdən oradan keçməyə cəhd etməsi dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, avtomobilin hərəkət etdiyi yolda suyun hansı səviyyədə olması, həmin avtomobillə yanaşı digər avtomobillərin yolda olub-olmaması, yəni iddiaçının kənardan avtomobil keçməməsinə baxmayaraq bilə-bilə həmin su gölməçəsindən keçməsinin, “avtomobillərin hərəkəti qadağandır, yol təhlükəlidir” yol nişanlarının olub-olmaması, olduğu halda iddiaçının həmin nişanlara əməl etmədən yoldan keçməsi və s. hallarının müəyyən edilməsi məqsədilə məhkəmə cavabdehdən hadisənin videogörüntülərini tələb etmiş və bunun üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq cavabdeh tərəf həmin videogörüntüləri, yəni dəlillərini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçının məhkəmə iclası zamanı vermiş olduğu izahatından da aydın görünür ki, yağıntı (həmin an hamıya məlum olan hal olmuşdur) instensiz xarakter daşımış və su hovuzunun yaranması anidən baş vermişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı maşının suya düşməsində maraqlı olmamış, hadisənin həmin an qarşısının alınması qeyri-mümkün olmuşdur. 18.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 20.Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 21.Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 22.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 23.Göründüyü kimi cavabdeh o vaxt haqlı olardı ki, avtomobilin oradan keçə bilməyəcəyinə dair iddiaçıda kifayət qədər məlumat olsun, lakin buna baxmayaraq yenə də iddiaçı həmin yoldan keçməyə cəhd etsin. Hazırki vəziyyətdə isə cavabdeh tərəfin qeyd etdiyi dəlillər heç bir sübuta əsaslanmayan, eləcə də kifayət qədər absurd olmaqla yanaşı, dolayısı ilə mülki münasibətlərin əsas məqsədi olan mülki dövriyyənin davamlı inkişafına zərər yetirən dəlillərdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçının subroqasiya hüququnun yaranmaması sığorta ödənişini həyata keçirməməsi üçün əsas deyil. 24.Nəzərə alınmalıdır ki, hazırkı sığorta hadisəsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortası” Qaydalarında nəzərdə tutulmuş sığorta təminatına məhdudiyyətlər və ya əlavə məhdudiyyətlər kateqoriyasına aid deyil. İşin faktiki halları araşdırıldıqda iddiaçının hərəkətlərində qəsd və ya kobud formada ehtiyatsızlığın olmadığı, hadisənin təsadüfən baş verdiyi və ehitmal edilməsi mümkün olan, lakin hadisənin baş verə biləcəyinə əsas olan kifayət qədər əsasın olmadığı aşkar olunur. Leysan yağışlar – təbiət hadisəsi nəticəsində yola su yığıldığı və iddiaçının alternativ yolu olmadığını, digər avtomobillərin də oradan keçdiyini nəzərə almaqla, məhkəmə iddiaçının tələbini haqlı, cavabdehin imtinasını əsassız hesab edir. 25.Beləliklə, sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi faktı hazırkı iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapan, işin mübahisəsiz halıdır. Zərərin məbləği isə cavabdeh tərəfindən qabaqcadan müəyyən edilərək hesabat tərtib edilmişdir ki, həmin hesabata əsasən dəyən zərərin məbləği 1120 (bir min yüz iyirmi) manat həcmində qiymətləndirilmişdir. Bu hissədə məhkəmə, avtonəqliyyat vasitələrinin tam kasko sığortası üzrə 100 manat məbləğində azadolma məbləğini nəzərə almaqla hesab edir ki, vurulmuş zərərin əvəzi kimi qalan 1020 (bir min iyirmi) manat məbləğində sığorta ödəniş tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin qalan hissəsinə, hansı ki, iddiaçının 1120 manatdan əlavə ödəmiş olduğu məbləğlərin cavabdehdən tutulması hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı həmin məbləğlərə dair sübutlarını məhkəməyə təqdim etməmiş, yəni bu hissədə iddiaçının tələbi formal mülahizələrə əsaslanmışdır. İddiaçının özü də məhkəmə iclasında buna dair qəbzlərinin olmadığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 26.Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1020 (min iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 27.Həmçinin, məhkəmə cavabdeh tərəfin iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması dəlilinə münasibətdə isə qeyd edir ki, sığorta hadisəsi baş verən zaman 99MM749 dövlət qeydiyyat nişanlı, BMW 528İ markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi üçüncü şəxs-X2 olsa da, o, avtomobili etibarnamə əsasında hazırki iş üzrə iddiaçının istifadəsinə vermiş və hadisə baş verən zaman avtomobili idarə edən şəxs iddiaçının özü olmuşdur və buna görə də sığorta ödənişinin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 30.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1.020 (bir min iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar