Məhkəmə qərarları › İş №e-2(006)-322/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-322/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-322/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Rəhman qızına qarşı "lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının və cərimə borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh Rəhman qızı və X2 qarşı "lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının və cərimə borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MİDAS CO “ MMC ilə Cavabdeh Rəhman qızı arasında imzalanmış MLİZ-00043-05\19A saylı, xx.xx.2019-cu il tarixli “X6 müqaviləsi”nə əsasən, “Hyundai Tucson” markalı, qəhvəyi metalik rəngli nəqliyyat vasitəsi cəmi 24059 AZN 36 aylıq müüdətə lizinq alanın istifadəsinə verilmişdir. Bu müqavilə üzrə lizinq alan xx.xx.2021-ci il tarixində sığorta hadisəsi-qəza törətmiş, daha sonra sığorta şirkətinə sığorta ödənişi almaq üçün müraciət etmişdir. Sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri üçün Cavabdeh Rəhman qızının hesabına ödənilmişdir. Lakin bu hadisədən sonra Cavabdeh Rəhman qızı nəinki nəqliyyat vasitəsini təmir etdirməmiş, müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmış, sonda isə nəqliyyat vasitəsini ehtiyat hissələrinə bölüb satmaq üçün digər şəxslərə satmışdır. İddiaçı əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində nəqliyyat vasitəsi Binəqədi rayonu, 6 mikrorayon ərazisində yerləşən dayanacaqda tanınmaz halda aşkarlanmış, yerində şəkilləri çəkilib aktlaşdırılmışdır. Bundan sonra İddiaçı tərəfindən həmin nəqliyyat vasitəsi təmir edilməsi üçün "xxxx" MMC-ə təqdim edilmişdir. Lizinq obyektinin təmiri və bərpası üçün 19452 AZN vəsait xərclənmişdir. Eyni zamanda Cavabdeh Rəhman qızının İddiaçınə müqavilə üzrə 4263,85 AZN əsas borcu, 1249,40 AZN lizinq mükafatı, 1519,93 AZN cərimə borcu, 19452,85 AZN dəymiş zərər olmaqla, cəmi 26485 AZN borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh Rəhman qızı arasında imzalanmış MLİZ-00043-05\19A saylı, xx.xx.2019-cu il tarixli “X5 müqaviləsi”nə xitam verilməsi, lizinq müqaviləsinin vaxtında icra edilməsi nəticəsində lizinq verənə müqavilə üzrə xx.xx.2022-ci il tarixinə ödənilməli olan 4263,85 AZN əsas borcu, 1249,40 AZN lizinq mükafatı, 1519,93 AZN cərimə borcu, 19452,85 AZN dəymiş zərər olmaqla, cəmi 26485 AZN borcun, 170 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Rəhman qızından tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra xx.xx.2022-ci il tarixində məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi hazırlanarkən texniki xətaya yol verilmiş və işlə heç bir əlaqəsi olmayan X3 digər cavabdeh kimi gösətrilmişdir. Həmin şəxsə qarşı heç bir tələb yoxdur. Qeyd olunanları nəzərə alaraq elektron iddia ərizəsində düzəliş edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiq və müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh Rəhman qızının nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə həyat yoldaşı Cavabdeh Rəhman qızı arasında bağlanmış lizinq müqaviləsinə əsasən “Hyundai Tucson” markalı nəqliyyat vasitəsi həyat yodaşının istifadəsinə verilmişdir. İddia ərizəsində qeyd edilən yolnəqliyyat hadisəsi baş verənə qədər bütün lizing ödənişləri onlar tərəfinizdən tam şəkildə öənilmiş və heç bir gecikmə olmamışdır. Qeyd edilən lizinqlə bağlı borclar yalnız maşının təmir olunması üçün servisə verdildiyi aylarda yaranmışdır. Maşın qəbul edilərkən onun 100% həcmində kasko sığortası olduğu deyildiyi halda, xx.xx.2021-ci il tarixində qəza baş verdikdən sonra onlara məlum olmuşdur ki, maşının yalnız 70%-lik kasko sığortası vardır. Qeyd edilən yol-nəqliyyat hadisəsindən sonra 4000 manat civarındakı sığorta ödənişi iddiaçı şirkət tərəfindən onlara təqdim olunmuş və maşının təmir olunmasına xərclənmişdir. Lakin həmin məbləğ maşının təmir olunması üçün yetərli olmamışdır. Bundan sonra iddiaçı şirkət onlara heç bir məlumat vermədən maşını ustadan götürərək aparmış, geri qaytarılması ilə bağlı müraciət etsələr də, bundan imtina olunmuşdur.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh Rəhman qızı arasında bağlanmış MLİZ-00043-05\19A saylı, xx.xx.2019-cu il tarixli “X6 müqaviləsi”ndən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, alqısatqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin “Hyundai Tucson” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilinin icarə müddəti 36 ay, qiyməti isə 17500 manat təşkil edir.

10. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh Rəhman qızı lizinq müqaviləsinə əsasən bağlanan 1 illik kasko sığortasının müddətinin bitməsinə qədər müqavilə müddətinə uyğun olaraq növbəti illərin sığorta ödənişini ilbəil ödəcəyinə söz vermiş və öz iması ilə təsdiq etmişdir.

11. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh Rəhman qızı xx.xx.2019-cu il tarixində bağlanan MLİZ-00043-05\19A saylı lizinq müqaviləsində göstərilən öhdəlik bitənə qədər sığorta hadisəsi baş verdikdə yaranan çətinliklər – sığorta şirkəti və ya servis ilə bağlı naraılığın bank qarşısında olan aylıq öhdəliyinə heç bir təsir etməyəcəyinə söz vermiş və öz imzası ilə təsdiq etmişdir.

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD 672135 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PD *** qeydiyyat nişanlı “Hyundai Tucson” minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır.

13. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçınə məxsus MLİZ-00043-05\19A saylı, xx.xx.2019-cu il tarixli “X6 müqaviləsi”ndə gösətərilən lizinq obyekti müqaviləyə əsasən Cavabdeh Rəhman qızının istifadəsinə və sahibliyinə verilmişdir. Bu aktı imzalamaqla lizinq obyekti müqavilənin şərtlərinə tam uyğunluğunu və lizinq obyektində hər-hansı çatışmamalığın olmamasını təsdiq etmişdir.

14. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Rəhman qızının İddiaçınə lizinq müqaviləsinin qrafiki üzrə 4263,85 AZN əsas borcu, 1249,40 AZN lizinq mükafatı, 1519,93 AZN cərimə borcu, 19452 AZN dəymiş zərər olmaqla, ümumilikdə 26485,18 AZN məbləğində borcu vardır.

15. Mülki işin materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixli pretenziya məktublarından görünür ki, cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.

16. Mülki işin materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktından görünür ki, nəqliyyat vasitəsinə vizual baxış edilmiş və su radiatoru, hava baçoku, yan güzgülər, ön faralar, ön bufer, kapot, sağ qanad, sol qanad, alt bufer, orta setka aşkar edilməmişdir. Həmçinin padpresdə çat aşkar edilmiş, kondisionerin kompressoru çıxarılmışdır və təkərlər yararsız, maşın yarı astar vurulmuş vəziyyətdə aşkar edilmişdir. Eyni zamanda maşının ötürücü qutusu çıxarılmışdır. Açar sistemi çalışmır. Nəqliyyat vasitəsinin özünün hərəkət etmək imkanı yoxdur.

17. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, MV-C(L)00167-19 nömrəli avtomobillərin tam sığortası şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən İddiaçınə məxsus “Hyundai Tucson” markalı, ** PD *** qeydiyyat nişanlı avtomobil Kasko növü üzrə xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. Həmin müqavilə üzrə sığorta dəyəri 24500 AZN məbləğində müəyyən edilmişdir.

18. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 19452 AZN vəsait hesablanmışdır.

19. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, ZA-2110/ME saylı ilkin rəydən görünür ki, İddiaçı uyğun metodların tətbiqi, eyni zamanda, etibarlı mənbələrdən alınmış məlimatların təhlili nəticəsində apardığı hesablamalara uyğun olaraq “Hyundai Tucson” markalı, ** PD *** qeydiyyat nişanlı olan, İddiaçınə məxsus nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin həcmi 20902 AZN təşkil edir.

20. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8838 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Tucson” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12420 AZN müəyyən edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

21. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı öz mülkiyyətindəki əmlakı lizinq obyekti qismində Cavabdeh Rəhman qızına haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, həmçinin qəza törətmiş, avtomobil yararsız vəziyyətə düşmüşdür. İddiaçı tərəfindən həmin nəqliyyat vasitəsi Binəqədi rayonu ərazisində yerləşən dayanacaqdan götürülərək təmir edilməsi üçün servisə təqdim edilmişdir. Hazırda cavabdehin 4263,85 AZN əsas borcu, 1249,40 AZN lizinq mükafatı, 1519,93 AZN cərimə borcu, 19452,85 AZN dəymiş zərər olmaqla, ümumilikdə 26485 AZN borcu mövcuddur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

24. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Məhkəmə qeyd edir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

28. Daxili lizinq müqaviləsinin 6.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

30. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.

31. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).

32. İşin materiallarından, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarından da göründüyü kimi cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Bu halda lizinq verən İddiaçı pul məbləğini geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, lizinq müqaviləsi ləğv edilərək yaranmış borc tutulmalıdır.

33. Həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

34. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə (cərimə) pulu hissəsində qismən təmin edilərək dəbbə pulu 400 AZN (dörd yüz manat) məbləğində müəyyən olunmalıdır.

35. Bundan əlavə, iş materiallarından göründüyü kimi cavabdeh onun müvəqqəti istifadəsinə verilmiş avtomobili yararsız vəziyyətə salmış və məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəticədə avtomobilə 12.420 AZN məbləğində ziyan vurulmuşdur.

36. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.

37. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

38. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

39. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

41. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

42. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 12.420 AZN (on iki min dörd yüz iyirmi manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

43. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh Rəhman qızı arasında bağlanmış MLİZ-00043-05\19A saylı, xx.xx.2019-cu il tarixli “X6” müqaviləsi ləğv edilməli, Cavabdeh Rəhman qızından əsas borc üzrə 4263,85 AZN (dörd min iki yüz altmış üç manat,səksən beş qəpik), 1249,40 AZN (bir min iki yüz qırx doqquz manat, qırx qəpik) lizinq mükafatı məbləği, 400 AZN (dörd yüz manat) cərimə, 12.420 AZN (on iki min dörd yüz iyirmi manat) ziyanın əvəzi olmaqla, ümumilikdə 18.333,25 AZN (on səkkiz min üç yüz otuz üç manat, iyirmi beş qəpik) məbləğində pul alınaraq İddiaçınə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. 44.Həmçinin Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 70%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir.

46. Dövlət rüsumu kimi ödənilmiş 170 manatın 119 manatı Cavabdeh Rəhman qızından tutularaq İddiaçı xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 30 manatı İddiaçındən, 70 manatı isə Cavabdeh Rəhman qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir.

47. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Rəhman qızı arasında bağlanmış MLİZ-00043-05\19A saylı, xx.xx.2019-cu il tarixli “X6” müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 4263,85 AZN (dörd min iki yüz altmış üç manat,səksən beş qəpik), 1249,40 AZN (bir min iki yüz qırx doqquz manat, qırx qəpik) lizinq mükafatı məbləği, 400 AZN (dörd yüz manat) cərimə, 12420 AZN (on iki min dörd yüz iyirmi manat) ziyanın əvəzi olmaqla, ümumilikdə 18333,25 AZN (on səkkiz min üç yüz otuz üç manat, iyirmi beş qəpik) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 170 AZN (bir yüz yetmiş manatın) 119 (bir yüz on doqquz manatı) Cavabdeh Rəhman qızından tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 AZN-nin (bir yüz manatın) 30 AZN-i (otuz manatı) İddiaçındən, 70 AZN-i (yetmiş manatı) isə Cavabdeh Rəhman qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar