Məhkəmə qərarları › İş №e-2(006)-3228/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3228/2024

13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3228/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cаvabdeh Cavabdeh müqavilə üzrə 609,48 manat məbləğində kommunal haqqın və 34 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 643-ün yerləşdiyi çoxmənzilli bina İddiaçı tərəfindən idarə edilir. İddiaçı Nizamnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir. MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması fəaliyyətini həyata keçirir. MMMC-nin ümumi yığıncağın qərarı ilə çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləği 0,40 (qırx qəpik) manat təyin edilməsi qərara alınmışdır. Cavabdehlə “X1” ASC arasında 29 may 2010-cu il tarixdə müqavilə bağlanmış, 11 yanvar 2012-ci il tarixli aktla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, bina 8, mənzil 643-də yerləşən 130,70 kv.m. sahə Cavabdeh təhvil verilmişdir. Təqdim edilmiş kommunal ödəniş və borc cədvəllərindən də görünür ki, cavabdeh tərəfindən ödənişlər aparılsa belə, onun borcu yaranmışdır və bu günə kimi ödənilməmiş qalmaqdadır. Cavabdeh mənzil ona təhvil verildiyi andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməlidir, MMMC isə bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Tərəflər arasında müqavilə imzalanmışdır, cavabdeh kommunal xidmətlərdən yararlanmış və bu günə kimi də yararlanmaqdadır. xx.xx.2022-ci il tarixli çoxmənzilli binanın idarə edilməsinə dair Müqavilənin 4.1-ci bəndinə əsasən, Bu Müqavilə ilə nəzərdə tutulan yaşayış sahəsinin saxlanması və təmiri üzrə ödəniş haqları bu müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlərin və işlərin həcminə uyğun olaraq formalaşır. Müqaviləyə edilmiş əlavəyə əsasən, xidmətin dəyəri sahənin hər kv.metrinə görə 0.40 AZN məbləğində müəyyən edilmişdir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən müqavilə üzrə müəyyən edilmiş hər ay üzrə ödəniş haqları həmin aydan sonra gələn ayın 15-dək ödənilir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək ödəniş haqlarının ödənilməsini gecikdirmişdir. Hazırda Müqavilə üzrə 609,48 (altı yüz doqquz manat qırx səkkiz qəpik) manat məbləğində kommunal haqqı ödənilməmişdir. Bununla da Cavabdeh iddiaçı qarşısında olan borcu 609,48 AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin bugünədək heç bir ödəniş edilməmişdir. Həmin məktubda aprel ayının aylıq ödəniş məbləği nəzərə alınmamışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində olmuşdur. Ona görə də müqavilə üzrə 609,48 manat məbləğində kommunal haqqın, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı MMMC-nin nümayəndəsi X2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün iddiaçı tərəfin iştirakı olmadan işə baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Satıcı “X6” ASC ilə alıcı Cavabdeh arasında bağlanmış mənzilin xx.xx.2010-cu il tarixli, 12016 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhərində Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Ə.Əliyev küçəsində inşa etdirdiyi 8 saylı binanın, 6-cı blok, 736 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 130.7 kv.m olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. “X1” ASC-nin səlahiyyətli nümayəndələri ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 130,70 m2 olan mənzil 643 Cavabdeh təhvil verilmişdir. İdarəedici təşkilat İddiaçı MMMC ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2022-ci il tarixli, 643 nömrəli müqavilədən görünür ki, idarəedici təşkilat Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1937-ci məhəllə, ev 8, mənzil 643-ün yerləşdiyi çoxmənzilli binanın idarə edilməsini, binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmiri üzrə bu Müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeydiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür (2.1-ci bənd). Bu müqavilə ilə müəyyən olunmuş hər ay üzrə ödəniş haqlarını İdarəedici təşkilat tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödəmək mülkiyyətçinin vəzifəsidir (3.4.3-cü bənd). İddiaçı MMMC-nin Ümumi Yığıncağının idarə heyətinin xx.xx.2022-ci il tarixli iclasının qərarından görünür ki, kommunal xidmətlərin haqqı xx.xx.2023-cü il tarixdən 1 kv.m. üçün 0.40 AZN müəyyən olunmuşdur. Çoxmənzilli binanın idarəetmə müqaviləsinə xx.xx.2023-cü il tarixli 3 nömrəli əlavədən görünür ki, çoxmənzilli binanın saxlanması və təmiri üzrə xidmət və işlər mənzilin 1 kv.m-i üçün 0.40 AZN müəyyən edilmişdir. Tranzaksiya adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh tərəfindən cəmi 780 manat məbləğində ödəniş edilmiş, 609,48 manat ödənilməmiş məbləğ qalmışdır. İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, kommunal xidmətlərə görə yaranmış 609,48 manat məbləğində borcun 3 təqvim günü müddətində ödənilməsi ona təklif edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı MMMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən “X3”nin 6-cı blok, 12-ci mərtəbə, 643-cü mənzil mülkiyyətçisi olan Cavabdeh İddiaçınə ümumi əmlakın saxlanılması üçün nəzərdə tutulan 2022/2023-cü illərin hesabat dövrü üçün 1 (bir) kvadrat metr üçün 0,35 AZN-dən 552,94 AZN (beş yüz əlli iki manat doxsan dörd qəpik) 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixlərinin hesabat dövrü üçün 1 (bir) kvadrat metr üçün 0,40 AZN-dən 836,48 AZN (səkkiz yüz otuz altı manat qırx səkkiz qəpik), ümumilikdə isə 1389,42 AZN (bir min üç yüz səksən doqquz manat qırx iki qəpik) borc yaranmışdır. Həmin borcun bir hissəsi, yəni 780 (yeddi yüz səksən) manat ödənilmiş, 609,48 AZN (altı yüz doqquz manat qırx səkkiz qəpik) borc qalmışdır. "xxxx" ASC tərəfindən İddiaçı MMMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 185 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, bina 8, blok 6, 643 (köhnə 736) saylı mənzilə dair Cavabdeh ilə 12016 saylı, xx.xx.2010-cu il tarixli müqavilə imzalanmışdır. Həmin mənzil hazırda Cavabdeh adındadır. İddia ərizəsinə, həmçinin, İddiaçı MMMC-nin ümumi xərclərin təyinatı və məbləği barədə cədvəl əlavə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “X6” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Ə.Əliyev küçəsi, 8 saylı binada ümumi sahəsi 130.7 kv.m. olan mənzil cavabdehə satılmış, xx.xx.2012-ci il tarixli aktla həmin mənzil cavabdehə təhvil verilmiş, hazırda mənzil cavabdehin mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMMC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı binanın idarə edilməsi ilə bağlı öhdəlikləri, cavabdeh isə hər ay üzrə ödəniş haqlarını iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın 15-dək ödəməyə dair öhdəlikləri öz üzərlərinə götürmüşlər. İddiaçı tərəfindən göstərilmiş kommunal xidmətlərə görə haqq əvvəllər hər 1 kv.m. üçün 0,35 manat olsa da, xx.xx.2023-cü il tarixdən hər 1 kv.m. üçün 0,40 manat məbləğində müəyyən edilmiş, həmçinin, xx.xx.2023-cü ildə iddiaçı ilə cavabdeh arasında müqaviləyə əlavə imzalanaraq, kommunal xidmətlərin haqqının 0,40 manat olması barədə razılığa gəlinmişdir. Cavabdeh əvvəllər aylıq ödənişləri ödəsə də, sonralar mütəmadi olaraq ödəməmiş, buna görə də iddiaçı tərəfindən borcunun ödənilməsi ilə bağlı ona pretenziya məktubu ünvanlanmışdır. Lakin cavabdeh iddiaçıya yaranmış borcunu tam ödəmədiyindən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı göstərilmiş kommunal xidmətlərə görə cavabdehin ona yaranmış 609,48 manat məbləğində borcunun və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə görə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını cavabdehdən tələb etməkdə qismən haqlıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Cavabdehə məxsus mənzilin yerləşdiyi binanın idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunması, tərəflər arasında müvafiq müqavilənin (və ona əlavələrin) olması, çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi cavabdehin kommunal xidmətlərə görə haqları iddiaçıya ödəməli olması və hətta əvvəllər müəyyən məbləğdə aylıq ödənişlər etməsi, hazırda da mənzilin cavabdehin mülkiyyətində olması məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Deməli, cavabdehin ümumi binanın saxlanmasına çəkilən xərclərə görə iddiaçıya müəyyənləşdirilmiş məbləğdə ödəniş etməsi onun həm qanundan, həm də müqavilədən irəli gələn vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərlə bağlı yaranmış borcu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə ilə cavabdehə verilmiş mənzilin sahəsinin 130,70 m2 olması müəyyən edildiyindən, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək (10 ay ərzində) hər ay cavabdeh iddiaçıya 45,74 (130,70 x 0,35 AZN), xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək isə (16 ay ərzində) hər ay 52,28 manat (130,70 x 0,40 AZN) məbləğində olmaqla, cəmi 1.293,93 manat (10 ay x 45,74 + 16 ay x 52,28) ödəniş etməli idi. Cavabdeh isə həmin dövr ərzində cəmi 780 manat ödəniş etmiş, bununla da, öhdəliyini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdehin iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan 2 il 2 ay müddət ərzində cəmi borcu 513,93 manat (1.293,93 – 780) təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, tələb qismən təmin edilməli, Cavabdeh 513,93 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hazırki mübahisəyə aşağıdakı hüquq normalarını tətbiq edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 777.1-777.2-ci maddələrinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-783.3-cü maddələrinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 6.0, 6.0.8, 6.0.10-cu maddəsindən görünür ki, mənzil qanunvericiliyi çoxmənzilli binaların idarə edilməsi; kommunal xidmətlərin göstərilməsi; yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 38.1-38.2-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2 və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq; 136.3-136.4-cü maddəsinə görə, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.9-137.10-cu maddələrinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; 141.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir; 142.1-142.2-ci maddələrinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. 142.8-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə dəyişiklik edilməsi və ya ona xitam verilməsi mülki qanunvericilikdə və müqavilədə müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər; Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 513,93 (beş yüz on üç manat doxsan üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 579,28 (beş yüz yetmiş doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar