Məhkəmə qərarları › İş №e-2(006)-3249/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3249/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3249/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/268/19-N saylı, 14 oktyabr 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 532,08 manat, dəbbə pulu 55 manat, cəmi 587,08 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 14 oktyabr 2019-cu il tarixdə 01/268/19-N saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 3.321,10 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 532,08 manat, dəbbə pulu 55,00 manat olmaqla, cəmi 587,08 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 1201 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh3 və "xxxx" MMC 14 oktyabr 2019-cu il tarixli 01/268/19-N-Z2 və 01/268/19-N-Z3 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, onlar həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Nisyə alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən: 10.1. Alıcı müəyyən edilmiş müddətlərdə bu Müqavilə ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Satıcı ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş ödənişin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər, Alıcı isə həmin dəbbə pulunu Satıcı tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. 10.2. Bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və/və ya penya) ödənilməsi Alıcını ödənilməmiş ödənişlərin ödənilməsindən, bu Müqavilənin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. 10.3. Bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi Satıcının yazılı tələbnaməsinə əsasən həyata keçirilir. Alıcı dəbbə pulunu Satıcının müvafiq yazılı tələbnaməsini aldığı gündən 5 (beş) iş günü ərzində ödəməlidir. Satıcı, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdən başqa, bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi tələbinə əsas verən hadisənin baş verməsindən sonra Alıcıya dəbbə pulunun ödənilməsinə dair tələbnamənin göndərilməsi üçün hər hansı müddətlərlə məhdudlaşdırılmır”. Həmin müqavilənin 12-ci bəndinə əsasən: “12.1. Alıcı tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, Satıcı müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 12.1.3. Alıcı müqavilə üzrə ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib. 12.2. Alıcı Satıcının tələbində göstərilmiş müddət ərzində Satıcıya Əmlakı və onun ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. 12.3. Satıcının müəyyən etdiyi müddət ərzində Əmlak, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Satıcıya təhvil verilməyibsə, Satıcı Əmlakı məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün Əmlakın cari dəyərinin 0,5% (sıfr tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 12.10. Alıcı bu müqavilənin 13.7.ci bəndində göstərilən hallarda bu Müqavilənin ləğv edilməsi nəticəsində Satıcının çəkdiyi bütün xərclərin və zərərin əvəzini ödəməlidir”. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, NAS-01/268/19-N saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC bir dəst 2018-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə Cavabdeh1 satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə, hər ay 184,51 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 01/268/19-N-Z2 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC, Cavabdeh1 öhdəliklərinin icrasına "xxxx" MMC qarşısında zamin durmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 01/268/19-N-Z3 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh1 öhdəliklərinin icrasına "xxxx" MMC qarşısında zamin durmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" MMC-yə 14 oktyabr 2019-cu il tarixli, NAS-01/268/19-N saylı nisyə alqısatqı müqaviləsi üzrə 532,08 manat əsas borc, 55 manat cərimə olmaqla, cəmi 587,08 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə mal almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə dəbbə pulu hesablanmışdır. Xəbərdarlıqdan və tələb məktublarından görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, cavabdeh tərəfdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NAS-01/268/19-N saylı nisyə alqı-satqı müqaviləsi üzrə 532,08 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 552,08 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NAS- 01/268/19-N saylı nisyə alqı-satqı müqaviləsi üzrə 532,08 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 552,08 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar