Məhkəmə qərarları › İş №e-2(006)-3276/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3276/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3276/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, 1.050 manat sığorta ödənişi, 30,50 manat dövlət rüsumu olmaqla, cəmi 1.080,50 manat pul vəsaitinin Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli e2(006)- 3276/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5.4-cü maddələrinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan, X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-də «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq «Daşınmaz əmlakın icbari sığortası» növü üzrə sığortalanmış Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə cavabdehə məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 20 saylı evin 1 saylı mənzilindən su axıdılması nəticəsində maddi ziyan vurulmuşdur. Ziyanın cavabdehə məxsus olan mənzildən su axıdılması nəticəsində vurulması 49 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda öz təsdiqini tapmışdır. Dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1.050 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, 2018-ci ildən bu vaxta kimi ona heç bir xəbərdarlıq gəlməmişdir. 7 ildən sonra ondan pul tələb olunur. Onlar 2018-ci ildə sığorta şirkətinə getdikdə onlara özləri ilə danışmalı olduqlarını bildirmişlər. Sonuncular isə heç bir problemin olmadığını demişlər. Hazırda iddia tələbində qeyd edilən məbləği ödəməyə etiraz etmir. Sadəcə olaraq, həmin məbləği bir dəfəyə ödəmək iqtidarında deyil. Həmin məbləği hissə-hissə ödəyə bilər. Bu səbəbdən, qətnamə çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə 3-cü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 21.07.2017-ci il tarixli RAZ********** nömrəli icbari sığorta müqaviləsindən (şəhadətnamədən) görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 13 ünvanda yerləşən qeyri-yaşayış sahəsi «Daşınmaz əmlakın icbari sığortası» növü üzrə sığortalanmışdır. - xx.xx.2018-ci il tarixli aktdan görünür ki, 49 saylı MKİS-in rəisi, mühəndisi və sahə nəzarətçisi 28 May küçəsi 20 saylı evin 1 saylı mənzilinin sahibi X2 müraciəti ilə əlaqədar olaraq onun mənzilinə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, 28 May küçəsi 20 saylı evin 3 saylı mənzilindən su axıdılaraq aşağı mərtəbədə olan 1 saylı mənzilin tavan hissəsini, döşəməni və elektrik sistemini yararsız hala salmışdır. Su axıntısı nəticəsində mənzildə olan bəzi əşyalar sıradan çıxmışdır. Belə ki, dolab və telefon aksessuarları yararsız hala düşmüşdür. Su axıntısı hadisəsi xx.xx.2018-ci il tarixdə baş vermişdir. Sözügedən mənzilin sahibi Cavabdeh Yusif qızının səhlənkarlığı ucbatından baş vermişdir. - X4 "xxxx" ASC-yə yazdığı xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Azadlıq prospekti 31c ünvanda telefon aksessuarları və kompüter texnikası mağazasında üst qonşunun dəfələrlə su buraxması nəticəsində iki mərtəbəli obyektin tavanı, divarı, laminatı, elektrik sistemi və təhlükəsizlik ip kameraları tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu dəfə su buraxma nəticəsində zərərin çox olması səbəbindən sığorta şirkətinə müraciət etməli olmuşdur. Ərizənin nəzərə alınması, ona dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Təqdim olunmuş fotoşəkillərdən görünür ki, aktda qeyd edilən su sızıntısı nəticəsində əmələ gəlmiş izlər açıq-aydın şəkildə müşahidə edilir. - 10.07.2018-ci il tarixli 1337 saylı qiymətləndirmə rəyindən və dəymiş zərərin xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, əmlaka dəymiş zərər 1.200 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 3214/CFİ140/2018-2019 saylı sığorta aktından görünür ki, baş vermiş sığorta hadisəsi ilə bağlı müvafiq prosedur qaydalarına uyğun olaraq aktı tərtib edilmiş, sığorta hadisəsinə aid məlumatlar və sığorta ödənişinin məbləği (zərərin məbləği 1.200 manat, franşiza (azadolma məbləği) 150 manat, ödənilməli sığorta ödənişi 1.050 manat) əks olunmuşdur. - 27.02.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərər çəkmiş şəxs X5 1.050 manat sığorta ödənişi həyata keçirilmişdir. - Pretenziya məktubundan görünür ki, "xxxx" ASC Cavabdeh mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə müraciət etmiş, dəymiş zərərə görə ödənilmiş sığorta məbləğinin ödənilməsini xahiş etmiş, əks təqdirdə sığorta ödənişinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Göründüyü kimi, iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1. 1096.2. 1097.1. 1097.3. 448.4-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.050 manat məbləğində sığorta ödənişi, 30,50 manat dövlət rüsumu olmaqla, cəmi 1.080,50 manat pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.050 manat məbləğində sığorta ödənişi, 30,50 manat dövlət rüsumu olmaqla, cəmi 1.080,50 manat pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar