Məhkəmə qərarları › İş №e-2(006)-3278/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3278/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3278/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Qasımova (Məmmədova) Vüsalə İsa qızına qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qasımova (Məmmədova) Vüsalə İsa qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********93232 Samsung Galaxy S22 markalı telefon almış və nəticədə 586 (beş yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1778.96 (min yeddi yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat (yəni 12 ay x 106.58 manat + 500 manat ilkin ödəniş) olan İmei kod **********93232 Samsung Galaxy S22 markalı telefon üçün ümumilikdə, 586 (beş yüz səksən altı) manat olmaqla ondan 532.9 (beş yüz otuz iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53.1 (əlli üç manat on qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1246.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********93232 Samsung Galaxy S22 markalı telefon üçün 532.9 (beş yüz otuz iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, 53.1 (əlli üç manat on qəpik) manat cərimə, ümumilikdə 586 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Məmmədova (Qasımova) Vüsalə İsa qızından alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə heç bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Qasımova (Məmmədova) Vüsalə İsa qızı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 11984149 saylı müqavilədən görünür ki, İddiaçı MMC İmei kod **********93232 Samsung Galaxy S22 markalı telefonu cavabdeh Qasımova (Məmmədova) Vüsalə İsa qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 500 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 106.58 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 20 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Qasımova (Məmmədova) Vüsalə İsa qızının İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 532.9 AZN (beş yüz otuz iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 53.1 AZN (əlli üç manat, on qəpik) cərimə borcu olmaqla, ümumilikdə 586 AZN (beş yüz səksən altı) məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Qasımova (Məmmədova) Vüsalə İsa qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Qasımova (Məmmədova) Vüsalə İsa qızı İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli, 11984149 saylı müqaviləyə əsasən İmei kod **********93232 Samsung Galaxy S22 markalı telefonu almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə xx.xx.2023-cü il tarixli, 11984149 saylı müqavilə üzrə 532.9 AZN (beş yüz otuz iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 53.1 AZN (əlli üç manat, on qəpik) cərimə borcu olmaqla, ümumilikdə 586 AZN (beş yüz səksən altı) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Qasımova (Məmmədova) Vüsalə İsa qızından xx.xx.2023-cü il tarixli müqavilə üzrə 532.9 AZN (beş yüz otuz iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 53.1 AZN (əlli üç manat, on qəpik) cərimə borcu olmaqla, ümumilikdə 586 AZN (beş yüz səksən altı) məbləğində borc tutularaq İddiaçı MMC-yə verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Qasımova (Məmmədova) Vüsalə İsa qızından xx.xx.2023-cü il tarixli müqavilə üzrə 532.90 AZN (beş yüz otuz iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 53.10 AZN (əlli üç manat, on qəpik) cərimə borcu olmaqla, ümumilikdə 586 AZN (beş yüz səksən altı manat) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar