Məhkəmə qərarları › İş №e-2(006)-3295/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3295/2024

25.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3295/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Bakı şəhəri 29 saylı Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanda yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 27 mart 2024-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətdən istifadə və sahiblik hüququna yaradılan maneənin cavabdehlərə qadağan edilməsi, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: ünvan 1 ünvanında yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsi iddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Cavabdehə dəfələrlə şifahi şəkildə ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin naturada bölünməsi təklif etsə də, bundan imtina etmişdir. Hətta hazırda onun razılığı olmadan başqa şəxslərlə əlbir olub, mülkiyyətini özünün istəyi kimi təmir və bölməyə çalışdığına görə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Eyni zamanda müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizəsi təmin olunmuşdur. Qərardadın icrası ilə bağlı qeyri-yaşayış sahəsində olanda məlum olmuşdur ki, Cavabdeh2 onun razılığı və məlumatı olmadan ünvan 1 ünvanda yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh1 ilə 27 mart 2024-cü il tarixli icarə müqaviləsi bağlamışdır. Hazırda cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsində meyvə satışı ilə məşğuldurlar, mülkiyyətinə giriş-çıxışını və mülkiyyətindən istifadə etməyi qeyri-mümkün ediblər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, o, heç kimlə əlbir olmamışdır. İddiaçının buna dair hər hansı bir sübutu varsa, məhkəməyə təqdim etsin. İddiaçının özünün qeyd etdiyi kimi ünvan 1 ünvanında yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsi onların ümumi birgə mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış sahəsinə sərmayə qoymuşdur. Onlar qeyri yaşayış sahəsini alanda sütun və divarlardan başqa heç nə yox idi, təmirə ehtiyac var idi. Dəfələrlə iddiaçıya şifahi şəkildə oranı təmir edib, ya özlərinin istifadə etməsi ya da başqa şəxslərə kirayə verməyi təklif etmişdir. Lakin o, hər dəfə bir bəhanə taparaq müraciətindən yayınmışdır. Neçə illərdir ki, birgə mülkiyyətində olan 1213.1 kv.m qeyri-yaşayış sahəsi istifadəsiz qalmışdır. Məcburiyyət qarşısında qalaraq, iddiaçı ölkə xaricində olduğu üçün, onun valideyni ilə qohumluq əlaqəsi olduğuna görə anasına müraciət edərək, oğlunun gəlib bu işlərə köməklik göstərməsini xahiş etmişdir. Bir neçə dəfə belə müraciətləri olmuşdur, cavabında “bizim sözümüzə qulaq asmır, özünüz bilərsiz” demişdir. Məcburiyyət qarşısında qalaraq obyekti kirayə vermək məcburiyyətində qalmışdır. Müştəri tapıb, ayda 1000 manat olmaqla müqavilə bağlamışdır. Aldığı kirayədən iddiaçının payına düşən, kirayə haqqını onun üçün ayırmışdır. Kirayədə olan, Cavabdeh1 ilə obyekti təmir etdirməklə işə başlamağa razılaşmışlar. Odur ki, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 və İddiaçı birgə alıblar. Cavabdeh2 icarə müqaviləsi əsasında aldığı icarə haqqıdan iddiaçıya heç bir məbləğ vermir. Cavabdehlərə və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 123.1 kv.m olan qeyri-yaşayış sahəsinin birgə mülkiyət üzrə ona məxsus hissəsini Cavabdeh1 xx.xx.2025-ci il tarixədək, icarə haqqı 1000 manat olmaqla icarəyə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-234/2024 saylı xx.xx.2024-cü il tarixli müvəqqəti təmint tədbiri növündə qərardadına əsasən, ünvan 2 ünvanında yerləşən 123.1 kv.m qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılmasının Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi qərar alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-234/2024 saylı xx.xx.2024-cü il tarixli müvəqqəti təmint tədbiri növündə qərardadına əsasən, ərizəçi İddiaçı ünvan 1 ünvanda yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh1 və digər şəxslərin girişçıxışının qadağan edilməsi növündə müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. «İnsan Hüquqlarının və X1 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən, 123.1 kv.m qeyri-yaşayış sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Cavabdeh2 digər Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə notarial qaydada icarə müqaviləsi bağlayaraq həmin qeyri-yaşayış sahəsini aylıq 1000 manat icarə haqqı müəyyənləşdirməklə sonuncunun icarəsinə vermişdir. Cavabdeh1 da icarəyə verənlə qarşılıqlı razılıq əsasında icarə predmeti olan qeyri-yaşayış sahəsini vicdanlı olaraq istifadə etməkdədir. Hazırda İddiaçı cavabdehlər arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətdən istifadə və sahiblik hüququna yaradılan maneənin cavabdehlərə qadağan edilməsi, Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsini xahiş edir və iddiasını Cavabdeh2 onun razılığı olmadan ümumi birgə mülkiyyətdə olan əmlakını başqa şəxsə icarəyə verməsi ilə əsaslandırmışdır. Cavabdeh2 isə iddiaya etiraz edərək sözügedən qeyri-yaşayış sahəsinin təmirə ehtiyacı olduğundan onun təmirinə sərmayə qoyduğunu, dəfələrlə iddiaçıya şifahi şəkildə oranı təmir edib, ya özlərinin istifadə etməsi ya da başqa şəxslərə kirayə verməklə bağlı təkliflərindən iddiaçının yayınması, nəticədə qeyri-yaşayış sahəsinin uzun illərdir istifadəsiz qalmasını, iddiaçı ölkə xaricində olduğu üçün, qeyri-yaşayış sahəsini icarəyə vermək məcburiyyətində olmasını və aldığı icarə haqqından iddiaçının payına düşən hissəni onun üçün ayırdığını əsas gətirərək iddianın rədd olunmasını xahiş edir. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən icarə müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Əhəmiyyətsiz əqdlər isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Baxılan iş üzrə iddiaçı mübahisələndirdiyi əqdin bağlanması üçün onun razılığının tələb olunduğuna və icarə müqaviləsinin razılığı olmadan bağlandığına istinad edərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin məhkəmə qeyd edirki, hazırkı işdə mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsızlıq halı müəyyən edilməmişdir. Mülki Məcəllənin “birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi” ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Məhkəmə qeyd edir ki, hazırkı işdə söhbət sərəncamçılıqdan deyil, birgə mülkiyyətdə olan əmlakdan istifadədən və ona sahiblikdən gedir ki, qanunvericiliyə əsasən əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 700.1-ci maddəsinin mənasına əsasən, icarə müqaviləsindən yaranan hüquqlar tələb hüququna aiddir. İcarə müqaviləsi, öhdəlik əmələ gətirən digər qarşılıqlı müqavilələrdə olduğu kimi, onun tərəfləri üçün tələb hüquqları və şəxsi öhdəliklər əmələ gətirir. İcarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində “sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət etibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur. Beləliklə, icarə müqaviləsi ilə ötürülən hüquqlar əşya hüququna deyil, tələb hüququna aid olduğundan Mülki Məcəllədə əmlakı icarəyə verərkən birgə mülkiyyətçilərin razılığının alınmasına dair imperativ norma mövcud deyildir və belə olan halda iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Ona görə də icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməməlidir. Məhkəmə iddianın qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu tələblər icarə müqaviləsinin etibarsızlığı tələbi ilə bağlıdır və məhkəmə həmin tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Məhkəmə izah edir ki, iddiaçı birgə mülkiyyətçi kimi icarə müqaviləsinin bağlandığı tarixdən sonrakı dövrlər üçün ödənilmiş icarə haqqının yarısını (əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa) Cavabdeh2 ayrıca məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Eyni zamanda birgə mülkiyyətdə olan əmlakdan istifadə, sahibliklə bağlı mübahisə olduğu təqdirdə, iddiaçının Mülki Məcəllənin 223-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ya mülkiyyətçilərdən birinin payının ayrılmasını tələb etmək hüququ da vardır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar