Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3322/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3072.86 manat ödənilməmiş hissə, 307.14 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 506.48 manat ödəniməmiş hissə, 50.52 manat cərimə, ümumilikdə 3937 manat məbləğində pul və 59.37 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, cavabdeh, “İphone Pro MAX” markalı əşya və “Samsung Galaxy A51” markalı tablet almış, həmin müqavilələr üzrə cəmi 997.7 manat ödəniş etmiş, müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 3937 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etmiş, lakin rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3954.96 manat olan “İphone Pro MAX” X2 nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 219.72 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 622.08 manat olan “Samsung Galaxy Tab7” X2 nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 34.56 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3072.86 manat ödənilməmiş hissə, 307.14 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 506.48 manat ödəniməmiş hissə, 50.52 manat cərimə, ümumilikdə 3937 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında müqavilələr üzrə ödənilməmiş borcu qalmışdır. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə hesab edir ki, müqavilələr üzrə cavabdehdən yüksək məbləğdə cərimə tələb olunduğundan həmin cərimələr azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış 506.48 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 50.52 manat cərimə pulunun, xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış 3072.86 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 307.14 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqavilə üzrə 20 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 50 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə qismən aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 56 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 3.37 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə 3072.86 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə 506.48 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla ümumilikdə 3649.34 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 56 manat alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalı, ödənilmiş 59.37 manat məbləğində dövlət rüsumunun qalan 3.37 manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə 3072.86 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə 506.48 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla ümumilikdə 3649.34 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 56 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 59.37 manat məbləğində dövlət rüsumunun qalan 3.37 manatı iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3322/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3322/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver