Məhkəmə qərarları › İş №e-2(006)-3332/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3332/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3332/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTK arasında bağlanmış 08 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfin qarşılıqlı razılaşma yolu ilə ondan aldığı 150 m sahəsi olan mağazanı və onun altında yerləşən 55 m sahəsi olan zirzəminin əvəzinə inşa edilən yüksək mərtəbəli yaşayış binasının M.Qaşqay küçəsi tərəfindən (yəni mağazanın və zirzəminin yerləşdiyi yerdən) 1-ci mərtəbədən qeyri-yaşayış (mağaza) sahəsindən 150 m sahənin, həmin mağazanın altında yerləşən zirzəmi sahəsindən isə 55 m sahənin və yaxud xx.xx.2013-cü il tarixli müqavilələr üzrə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın zirzəmisində (H:J) oxları ilə (1:4) oxlarının arasında yerləşən 150 m² qeyri-yaşayış sahəsinin və 55 m² qeyri-yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür; 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir; 20-ci bəndinə müvafiq olaraq, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Hazırki iş üzrə məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər İddiaçı (VÖEN: **********) və Cavabdeh MTK (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyicisidirlər. Belə ki, İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, Cavabdeh MTK isə kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi – iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan münasibətlərə və hazırkı mübahisənin predmeti ilə əlaqədar isə qeyd edilməlidir ki, göründüyü kimi, iddiaçı iddia ərizəsində 08 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfin qarşılıqlı razılaşma yolu ilə ondan aldığı qeyriyaşayış sahəsinin əvəzinə inşa edilən yüksək mərtəbəli yaşayış binasının M.Qaşqay küçəsi tərəfindən (yəni mağazanın və zirzəminin yerləşdiyi yerdən) 1-ci mərtəbədən qeyriyaşayış (mağaza) sahəsindən 150 m sahənin, həmin mağazanın altında yerləşən zirzəmi sahəsindən isə 55 m sahənin və yaxud xx.xx.2013-cü il tarixli müqavilələr üzrə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişdiyi ünvanda yerləşən binanın zirzəmisində (H:J) oxları ilə (1:4) oxlarının arasında yerləşən 150 m² qeyri-yaşayış sahəsinin və 55 m² qeyri-yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsini tələb edir. Göründüyü kimi tərəflər arasında bağlanan müqavilə qeyri-yaşayış sahəsinə dair olmuşdur. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinin (mağazanın) cavabdehə verilməsi əvəzində cavabdeh tərəfindən inşa edilən yüksəkmərtəbəli binada qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilə bağlanmışdır ki, bu müqavilənin bağlanmasında da məqsəd hər iki tərəfin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur. Tərəflər arasında olan mübahisənin subyektiv tərkibi, predmeti və hüquq münasibətlərinə əsasən məhkəmənin gəldiyi qənaətə görə, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir. Məhkəmə eyni zamanda İddiaçı VÖEN statusu ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış olmasına münasibətdə qeyd edir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir (İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarı). Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 402.3-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Yuxarıda qeyd edilənlər əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar