Məhkəmə qərarları › İş №e-2(006)-3335/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3335/2023

12.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3335/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi - X3 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yevlax şəhər fililalı tərəfindən X4 və Aşurova Sabrina Ruslan qızının hər iki valideyinlərinin itirilməsi ilə əlaqədar onlara ödənilmiş iki aylıq 400 manat məbləğində sosial müavinətin qanunsuz tutulması ilə əlaqədar həmin məbləğin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının 15 iyul 2022-ci il tarixli sərəncamına əsasən bacısının nəvələri X5 və Aşurova Sabrina Ruslan qızına qəyyum təyin edilmişdir. Uşaqlar onun yanında yaşayırlar. Uşaqların onun qəyyumluğuna verilməsinin əsas səbəbi onların hər iki valideyinin ataları X6 2010-cu il tarixində, anaları X2 xx.xx.2022-ci il tarixində vəfat etmələri səbəbi ilə verilmişdir. Hər uşaq üçün onların valideyinlərinin hər ikisinin itirilməsi ilə bağlı onlara 100 manat müavinət təyin edilmişdir. 200 manat müavinətlə hər iki uşağı saxlamalı, yedirtməli, geyindirməli xüsusi olaraq qayğısına qalmalıdır. Qeyd etdiyi kimi bu uşaqların valideyinlərinin vaxtından əvvəl onların körpə yaşında vəfat etməsi səbəbindən Azərbaycan dövləti onların qismən saxlanılması üçün bu sosial müavinəti onlara təyin etmişdir. Bu sosial müavinəti Azərbaycan Prezidenti onlara təyin etmişdir. Bu 2005-ci il təvəllüdlü Ömərin, 2008-ci il təvəllüdlü Sabrinanın dövlətin himayəsində yaşaması üçün bu məbləğ onlara təyin edilib. Hazırki cavabdeh bu iki yetim uşağın sosial müavinətinə göz dikərək 2 ay onları yeməksiz içməksiz qoymuşdur. Ən biyabırçı hal odur ki, tanınan bir bankın uşağın son çörəyini əlindən alması aylarla gedib-gəlməyinə baxmayaraq bu pulu bu günə qədər uşaqlara qaytarmaması onu bir qəyyum olaraq mənəvi cəhətdən üzmüşdür. Cavabdeh bank hər iki valideyinlərini itirmiş iki azyaşlı uşağın sosial müavinətini hər ay, yəni xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 200 manat ümumilikdə 400 manat olmaqla saxlamış, uşaqların valideyininin kredit borcuna həmin pulu uşaqları ac saxlamaqla əllərindən almışdır. Bu sözləri deməyə mənəvi əziyyət çəkir. Ananın vəfatı ilə əlaqədar üzərində qalan kredit borcu onun valideyinlərsiz qalmış uşaqlarının sosial pensiyasından tutulması nə qədər ədalətli və qanunidir. Müraciətləri əsasında iki azyaşlının pensiyası özünə qaytarılsaydı bəlkədə bu sözlərinə heç bir zərurət qalmazdı. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə Bankdan tutulması tələb edilən 400 manat məbləğində pul vəsaiti iş məhkəməyə daxil olmamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə X1 hesabına geri qaytarılmış və həmin kart hesabından qeyd olunan vəsait xx.xx.2023-cü il tarixdə kart vasitəsi ilə ATM-də nağdlaşdırılmışdır, yəni məxaric edilmişdir Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 105 saylı Sərəncamından görünür ki, İddiaçı, bacısı nəvələri X4 və Aşurova Sabrina Ruslan qızının üzərində qəyyum təyin edilmişdir. 21 sentyabr 2022-ci il tarixli **********1 saylı arayışdan görünür ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.02022-ci il tarixdə 200 manat X4 və Aşurova Sabrina Ruslan qızının sosial müavinətləri ödənilmişdir. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 200 manat nağdsız mədaxil olmuş, həmin tarixdə 172,26 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, xx.xx.2022-ci il tarixdə 200 manat kart hesabına mədaxil olmuş, həmin tarixdə 173,48 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, xx.xx.2023-cü il tarixdə 400 manat karta geri qaytarılmış, xx.xx.2023-cü il tarixdə kart vasitəsi ilə ATM-də məxaric edilməklə nağdlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi 400 manat məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə iddiaçının kart hesabına geri qaytarılmış və həmin pul vəsaiti xx.xx.2023-cü il tarixdə kart vasitəsi ilə ATM-də məxaric edilməklə nağdlaşdırılmışdır. Qeyd olunan xüsusatın əksi barədə iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan şərtlər hazırki mübahisə üzrə mövcud olmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar